Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


VI MÖVZU Azərbaycan Elxanilər (Hülakülər) dövlətinin tərkibində



Yüklə 332,19 Kb.
səhifə6/27
tarix02.01.2022
ölçüsü332,19 Kb.
#39777
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   27
1-1Az tarixi

VI MÖVZU

Azərbaycan Elxanilər (Hülakülər) dövlətinin tərkibində.

P L A N

1.XIII əsrin başlanğıcında Azərbaycanda ictimai-siyasi vəziyyət. Monqolların hücumlarinin başlanmasi.

2.Elxanilər dövlətinin yaranması.

3.XIII əsrdə təssərüfat həyatı.Şəhərlər və mədəniyyət.



Ədəbiyyat.

1.Azərbaycan tarixi.VII cilddə,III cild,B,2005,səh.14-76.

2.Azərbaycan tarixi üzrə qaynaqlar.B,1989,səh.121-137.

3.Azərbaycan tarixi.B,1994,səh.322-348.

4.Bakıxanov A.Gülüstani-İrəm.B,1991.

5..Piriyev V.Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə.(1316-1360-cı illər). Bakı. 1978.

6.Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

XIII əsrin əvvəllərində Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan Monqol dövlətinin qonşu ölkələrə yürüşləri bu ölkələri böyük təhlükə qarşısında qoydu. Monqollar arasında tatarlar, noymonlar, kareitlər, mer-kitlər, tayciutlər, onkutlar adlanan tayfa birləşmələri var idi. Çingiz xanın (1206-1227) başçılığı ilə təşkil edilmiş monqol feodal dövləti qonşu vila-yətləri zəbt etməyə başladı. Bu ölkələrdə feodal pərakəndəliyinin (Çin, Xa-rəzm,İran) olması monqolların işğalları üçün əlverişli şərait yaratdı.

Monqollar 1215-ci ildə Pekini, 1219-cu ildə isə Xarəzmi işğal edərək qərbə doğru yürüşə başladılar.

Monqol yürüşləri ərəfəsində Azərbaycanın daxili vəziyyəti çox acına-caqlı idi. Bu dövrdə Azərbaycan ərazisində vahid mərkəzləşmiş dövlət yox idi və burada feodal pərakəndəliyi hökm sürürdü. Azərbaycanda 3 dövlət –Atəbəylər, Şirvanşahlar və Marağada Ağsunqurilər (1108-1227) dövlətləri mövcud idi.

Artıq XII əsrin sonlarında Eldənizlər dövləti əvvəlki qüdrətini itirmiş-di.Sülalə arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Atəbəylərin son nü-mayəndəsi Atəbəy Özbək feodalların əlində bir oyuncağa çevrilmişdi.

Belə bir vəziyyətdə monqollar ilk dəfə 1220-ci ildə Azərbaycana yürüş etdilər. Monqol sərkərdələri Cəbə və Subatay Zəncanı, Ərdəbili, Sərabı və başqa şəhərləri talan edərək Təbrizə yaxınlaşdılar. Şəhər möhkəm qala divarları ilə əhatə olunmuşdu. Lakin Atəbəy Özbək ehtiyat edərək monqol-larla danışıqlar aparmağı lazım bildi. Monqollar çoxlu xərac aldıqdan sonra qışlamaq üçün Muğana yollandılar və oradan da Gürcüstana basqın etdilər.

1221-ci ilin əvvəlində Cəbə və Subutay Azərbaycana dönərək, yenidən Təbrizə hücum etdilər. Təbriz hakimi Şəmsəddin Tuğrayi yenə xərac ver-məklə şəhəri talandan qurtardı. Bundan sonra monqollar qəflətən Marağaya hücum etsələr də xalq şəhəri qəhrəmanlıqla müdafiə etdi. Lakin çox çəkmədi ki, şəhər təslim oldu və yerlə-yeksan edildi. Bundan sonra monqollar Həmədan və Ərdəbili yenidən talan edərək üçüncü dəfə Təbrizə hücum etdilər. Bu zaman Atəbəy Özbək Naxçıvana qaçaraq orada gizlənir. Şəhər hakiminin başçılığı altında xalq şəhərin müdafiəsinə qalxdı. Şəhəri ala bil-məyəcəklərini görən monqollar xərac almaqla kifayətlənib oradan uzaq-laşdılar.

Monqollar Azərbaycanın şimal torpaqlarına soxuldular. Onlar Beyləqanı alaraq yandırdılar.1221-ci ildə Gəncəni mühasirəyə aldılar, xərac alaraq yenidən Gürcüstana yollandılar və oranı qarət etdilər.

1222-ci ildə Şirvana soxulan monqollar Şamaxını mühasirəyə aldılar. Şəhərin mərd müdafiəçiləri düşməndən qorxmayaraq, ölümü üstün tutub doğma şəhərlərini müdafiəyə qalxdılar. Lakin sayca üstün olan monqollar şəhərə daxil oldular, şəhərdə əhalinin kökünü kəsdilər.(İbn əl-Əsir)

Monqollar 1222-ci ildə Şamaxıdan şimala tərəf yönəldilər. Onlar Dərbənd keçidindən keçərək, 1223-cü ildə Kalka çayı üzərində rus-qıpçaq qoşunlarını məğlub etdilər. Monqollar Xəzərin şimalı ilə Monqolustana qa-yıtdılar.

1223-cü ildə Eldənizlərin zəifliyindən istifadə edən Qıpçaq tayfaları Dərbəndi keçərək Şirvan, Gəncə, Qəbələyə qədər gəlib çıxdılar, böyük talanlar törətdilər. Belə bir vəziyyətdən Gürcü feodalları da istifadə etmək məqsədilə 1225-ci ildə Gəncəyə basqın etdilər.

1225-ci ildə Azərbaycan monqol hücumları nəticəsində hakimiyyətdən məhrum olmuş Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qaldı. Cəlaləddn Xəzərin cənubundan keçərək Marağanı tutdu. Az sonra Təbrizə hücum etdi.Atabəy Özbək ailəsi ilə Gəncəyə,oradan isə Əlincəyə qaçdı və az sonra orada öldü.Bununla da Atabəylər dövləti süqut etdi (1225).

Təbrizlilər Şəmsəddin Tuğrainin qardaşı oğlu Nizaməddinin başçılığı altında şəhəri müdafiəyə qalxdılar. Müdafiəçilər 7 gün mərdliklə vuruşdular. Lakin şəhər əyanlarınn satqınlığı üzündən şəhər təslim oldu. Daha sonra Gəncə, Beyləqan, Bərdə, Şəmkir və başqa şəhərlər də istila olundu. Marağanın tutulması ilə Ağsunqurilər dövləti də süqut etdi. Şirvanşahlar da ildə 100 min dinar vermək şərti ilə Cəlaləddinin vassalına çevrildilər.

Azərbaycanın idarəçiliyi Cəlaləddinin vəziri Şərəf Əl Mülkin ixtiyarına verildi. Onun Təbrizdə qeyri-qanuni vergilər toplaması şəhər əhalisinin üs-yanına səbəb oldu. Gürcüstan yürüşündə olan Cəlaləddin Təbrizə gələrək üs-yanı yatırmış və şəhər rəisi Nizaməddin Tuğraini edamı etdirmişdi. Bir qədər sonra Təbriz əhalisi Yarbəyin başçılığı altında üsyana qalxmışdı.Tezliklə xalq hərakatı bütün Azərbaycanı bürümüşdü.

1231-ci ildə Gəncə üsyanı xalq hərakatının ən yüksək pilləsi oldu. Sənət-kar Bəndərin başçılığı ilə gəncəlilər şəhər hakiminin sarayını ələ keçirərək şəhərdəki özbək qarnizonunu məhv etdilər. Şəhər üsyançıların əlinə keçdi. Bunu görən Cəlaləddin üsyançıalarla danışığa girib təslim olunmalarını tələb etdi. Lakin üsyançılar mübarizədən əl çəkməyərək, şəhərdən çıxdılar və sul-tan ordusuna hücum etdilər. Lakin qanlı döyüşdən sonra üsyançılar şəhərə doğru geri çəkildilər. Bunların ardınca Cəlaləddin də şəhərə soxularaq üsyanı yatırdı. 30 min nəfəri Cəlaləddin edam etdirdi, Bəndəri isə tikə-tikə doğratdı.

Azərbaycanın Xoy, Mərənd, Naxçıvan və başqa şəhərlərində də Cəla-ləddinə qarşı xalq üsyanları baş vermişdi.

Üsyandan az sonra Monqollar ikinci dəfə Azərbaycan ərazisinə yürüşə başladılar. 1231-ci ildə Çingiz xanın üçüncü oğlu Büyük xaqan Üqedey sərkərdə Çormoğonun başçılığı ilə 30 minlik qoşunu Azərbaycan üzərinə yürüşə göndərdi. Bunu görən Xorəzmşah Cəlaləddin cənuba doğru qaçaraq Diyarbəkr ərazisində dağlarda həlak oldu.

Monqollar yenə Marağanı talan edib Təbrizə doğru hərəkət etdilər. Yenə də şəhər əyanları satqınlıq edərək şəhəri təslim etdilər.Təbrizin bir çox sənət-karları Qaraqoruma göndərildilər.

1235-ci ldə Monqollar Gəncəni mühasirəyə aldılar. Uzunmüddətli müha-sirədən sonra şəhər alındı və yerlə -yeksan edildi. İbn-Əl_Əsirin yazdığına görə “Gəncə 4 il müddətinə xaraba vəziyətdə qaldı”. Şəmkir şəhəri də alına-raq yandırıldı və əhalisi qılıncdan keçirildi. Az sonra Bakı,Tovuz şəhərləri iş-ğal olundu. 1239-cu ildə Dərbəndin tutulması ilə bütün Azərbaycan monqol-lar tərəfindən istila olundu.

İlk yürüşdən fərqli olaraq monqolların ikinci yürüşdə əsas məqsədi işğal etdikləri ərazilərdə möhkəmlənməkdən ibarət idi. Odur ki, onlar qələbə çal-dıqdan sonra Monqolustana qayıtmadılar və yeni ərazilərdə məskunlaşdılar.

Azərbaycan və eləcə də Ön Qafqaz ərazisi 1239-1256-cı illərdə ali monqol xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu. İlk canişin Arqun ağanın yeritdiyi əsas siyasət yerli feodalların monqol əyanlarından asılılığını təmin etməkdən ibarət idi.

Monqol xaqanlığının Ön Asiya, Cənubu Qafqaz və Kiçik Asiyanı ələ keçirməsinə baxmayaraq XIII əsrin ortalarında həmin vilayətlərdə iri feodal malikanələri hələ də öz müstəqilliyini itirməmişdi.

Ali monqol xaqanı Münke istilaları davam etdirmək məqsədilə 1253-cü ildə Ön Asiyaya qoşun göndərdi. Yürüşə Münkenin qardaşı Hülakü xan rəhbərlik edirdi. O, 1256-cı ildə Amu-Dəryanı keçərək Xəzərin cənubu ilə hərəkətə başladı. Həmin il İsmalilərin Ələmut qalası süquta uğradı. 1258-ci ilin fevralında Hülakünün sərkərdəsi Baqu Bağdadi ələ keçirərək 500 il hökmranlıq etmiş Abbasilər Xilafətinə son qoydu.

Zəbt edilmiş ərazilər hesabına yeni Monqol ulusu (dövləti ) Hülakülər dövləti yarandı. Bu dövlət Azərbaycanda bir əsrə qədər (1357) fəaliyyət gös-tərmişdir. Azərbaycan dövlətin siyasi-inzibati mərkəzinə çevrildi. Əvvəlcə Marağa, sonra isə Təbriz paytaxt oldu.

Hülakülər dövlətinin tərkibinə Azərbaycan, İraqi- Ərəb, İraqi-Əcəm, Kir-man, Gürcüstan , Kiçik Asiya, Fars, Xuzistan, Xorasan vilayətləri daxil idi.

Hülakü xan oturaq əhalinin və yerli feodalların istismarı və sıxışdırması nəticəsində güclü mərkəzləşmiş dövlət yaratdı. Yalnız Şirvanşahlar öz daxili müstəqilliklərini qoruyub saxlaya bilmişdilər.

Hülakü xanın ölümündən sonra (1265) hakimiyyətə Abaqa xan (1265-1282) keçdi.Onun hakimiyyətinin son dövrlərində mərkəzi hakimiyyətə qarşı narazılıqlar artdı. 1275-ci ildə ona qarşı hətta Aranda üsyan baş verdi, lakin üsyan çətinliklə də olsa, yatırıldı. Abaqa xandan sonra hakimiyyətə gələn Əhməd xan (1282-1284) cəmi iki il ölkəni idarə edə bildi.O, feodalların səyi ilə taxtdan salındı və Arqun xan (1284-1291), sonra isə Göyxatu xan (1291-1295) hakimiyyətə gəlsə də bir neçə ay taxtda oturdu.

Hülakulər sarayında baş verən çevriliş və çəkişmələr mərkəzi hakimiyyəti olduqca zəiflətmişdi. Bundan istifadə edən Qızıl Ordalılar 1263,1265, 1288 və 1290 -cı illərdə Azərbaycan torpaqlarına basqın edərək talanlar törətmişdilər. Qızıl Ordalılarla Hülakulər arasında müharibələr fasilələrlə 100 ilə qədər davam etmişdir. Bu müharibələr xalqı tamamilə var-yoxdan çıxarmışdı.

1295-ci ildə Hülakulər taxtına Qazan xan (1295-1304) yiyələndi.O, öz siyasətində yerli feodallarla əlaqənin möhkəmlənməsi siyasəti yeridirdi. Hətta o,islam dinini də qəbul edərək məscid tikdirdi.Köçəri monqol əyanları ona qarşı çıxsalar da O,yerli feodallara arxalanaraq narazılıqları yatıra bildi. Mərkəzi hakimiyyəti möhkəmləndirdi. Ölkədə nisbətən sabit vəziyyət yarandı. Ulcaytu xanın dövründə də (1304-1316) bu sabitlik pozulmadı. Lakin 12 yaşlı Əbu Səidin hakimiyyətə gəlməsilə (1316-1335) feodal ara çəkişmələri yenidən qızışdı. Faktiki olaraq hakimiyyətin Sulduzilər nəslindən olan Əmir Çobanın əlində cəmlənməsi bir çox feodalların narazılığına səbəb oldu. 1319,1320,1322-ci illərdə dövlətin müxtəlif ərazilərində iğtişaşlar qalxdı. Lakin həmin iğtişaşlar Əmir Çobanın səyi nəticəsində yatırıldı. Bundan sonra Əmir Çoban artıq dövlətin faktiki hakimi kimi fəaliyyət göstərməyə başladı. Bundan narazı olan Əbu Səid 1328-ci ildə Əmir Çobanı və bir neçə oğlunu öldürtdürdü.

1335-ci ildə Qızıl Orda xanı Özbək yenidən Azərbaycana soxuldu. Elə bu zaman Əbu Səid feodal ara çəkişmələri nəticəsində öldürüldü. Qısa müddət ərzində hakimiyyətdə Arpa xan (1335-1336), Musa xan (1336), Məhəmməd xan (1336-1338) bir-birini əvəz etdi. Bu vəziyyətdən istifadə edən bir sıra əyyanlar və nəsillər müstəqilləşməyə meyl etməyə başladılar. Belə qüvvələrdən Çobaniləri, Cəlariləri və Xorasan əmirlərini göstərmək olar.

Çobanilər hakimiyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal qruplarından idi .Əmir Çobaninin nəvəsi Şeyx Həsən Çobani 1338-ciildə cə-lairlilərə qalib gələrək Ulcaytu (Məhəmməd Xudavəndə) xanın qızı Satıbəy Xatunu padşah elan edib dövləti onun adından idarə eməyə başladı.1340-cı ildə ildə Şeyx Həsən Satıbəyi hakimiyyətdən kənarlaşdırıb Süleyman xanı padşah elan etdi. (1340-1344) 1344-cü ildə hakimiyyət Məlik Əşrəfin əlinə keçir. Əşrəfin qəddarlığından cana doyan əhali Qazı Məhiyəddin Bərdəinin başçılığı ilə üsyan etdilər. Hətta onlar Qızıl Orda xanı Cani Bəyi köməyə çağırdılar. 1357-ci ildə Cani bəy Azərbaycana gəlir və hakimiyyəti ələ keçi-rir. Əşrəf Çobani isə ələ keçirilərək edam edildi. Beləliklə, həm də Hülakülər dövlətinin varlığına son qoyuldu.

Hakimiyyəti ələ keçirən Cani bəy oğlu Bərdi bəyi Təbrizdə səltənətə ot-urtdu. 2 ay sonra atasının ölüm xəbərini alan Bərdi bəy Qızıl Orduya qayıtdı.

Bundan istifadə edən Cəlairi əmir Şeyx Uveys (1359-1374) 1358-ci ildə Azərbaycana yürüş etdi və hakimiyyətə yiyələndi. Azərbaycan Cəlairlər dövlətinin tərkibinə daxil oldu. Təbriz dövlətin paytaxtı idi. 1367 –ci ildə Cəlairilər Şirvani zəbt etdilər. Şeyx Uveysin dövründə mərkəzi idarəetmə aparatı möhkəmləndi, iqtisadiyyatda müəyyən canlanma baş verdi. Lakin Cəlairi Sultan Hüseynin dövründə (1374-1382) ölkədə feodal dağınıqlığı gücləndi, mərkəzi hakimiyyətə qarşı mübarizə şiddətləndi.

Hakimiyyəti ələ almağa can atan Cəlairli Sultan Əhməd yerli feodalların narazılığından öz xeyrinə istifadə edərək 1382-ci ildə Sultan Hüseyni öldürtdürür. Hakimiyyətə Sultan Əhməd keçir (1382-1410). Onun hakimiy-yətinə isə Əmir Teymurun yürüşləri son qoysa da 1410-cu ildə Qaraqoyunlu Qara Yusif tərəfindən öldürülərək Cəlairlər sülaləsinə son qoyur.

Monqol zülmü Azərbaycanda təsərrüfat həyatını dərin tənəzzülə uğratmışdı. Dağılmış şəhər və kəndlər uzun müddət xarabazarlıq halında qalmışdı. Kənd təsərrüfatı, sənətkarlıq, ticarətin inkişafı ləngimişdi. Baxmayaraq ki, XIII əsrin əvvəllərində (1303) Qazan xan Mahmud bir sıra islahat keçirdi və bu islahatların müsbət təsiri oldu, lakin tənəzzül XIII əsrin sonu –XVəsrin əvvəlinədək davam etdi.

Tarixçi Həmdullah Qəzvininin verdiyi məlumata görə Azərbaycanın cənubunda buğda, çəltik, pambıq, meyvə və üzüm becərilirdi. Bir sıra şəhərlərdə sənətkarlıq istehsalı dirçəlməyə başlamışdı. Ərdəbildə zolaqlı və alabəzək parçalar, Bərzənddə ipək örtüklər, Şəmkirdə yun paltar hazırlanır, Qəbələdə xan ipək istehsal olunurdu. XIII əsrin sonlarında ticarət də müəyyən qədər canlanmışdı. Azərbaycanın Şərq və Avropa ilə geniş ticarət əlaqələri tədricən bərpa edilirdi. Ən mühüm ticarət yollarında karvansaralar tikilirdi. Karvansaralar müəyyən dərəcədə qala istehkamlar şəklində tikilirdi. Çünki tacirlər tez-tez basqınlara məruz qalırdılar.Məsələn, Minəcik, Sanqaçal, Beş-Barmaq dağları yaxınlığında indi də qalmaqda olan karvan-saralar qalaları xatırladır.

XIII-XIV əsrlərdə Qərblə Şərq arasındakı ticarətdə Venetsiyalı və Genuyalı tacirlər böyük rol oynayırdılar. Onlar Azərbaycana xəz, kətan, mahud, qalay gətirir, buradan isə ipək, ədviyyat, daş-qaş və sair aparırdılar. Ticarətdə Təbriz şəhəri əsas rol oynayırdı. Elxanilər dövründə Təbriz çox böyümüşdü. Lakin digər şəhərlər monqolların vurduqları ziyan nəticəsində uzun müddət dirçələ bilmədi. Məsələn Gəncə, Beyləqan və s.

Mənbələrin məlumatına görə Təbrizdə 200 min ev, 1 milyona yaxın əhali yaşayırdı.

Monqol işğalı Azərbaycanın mədəniyyətinə də böyük ziyan vuraraq bir müddət elm, mədəniyyət və incəsənətin inkişafını ləngitdi. İşğalçılar əsarətə alınmış xalqların əsrlərdən bəri yaratdıqları mədəniyyət xəzinələrini dağıdıb məhv edirdilər. Lakin bütün bunlara baxmayaraq Azərbaycan xalqı öz mədəniyyətinin inkişafını davam etdirirdi. Hətta monqolların dövründə də Azərbaycan şərqin ən mühüm mədəni mərkəzlərindən biri olmuşdur.

Həmin dövrdə Övhədi Marağai, Zülfiqar Şirvani, İzzəddin Həsənoğlu kimi şairlər yazıb yaratmışdılar.

Övhədi Marağainın yazdığı, “Dəhnamə” (on məktub) poeması Azərbay-can şairlərinin əsərləri içərisində xüsusilə seçilirdi. Poemada feodalların amansız zülmü və ruhanilərin ziyanlığı ifşa olunurdu.

Azərbaycan –türk dilinin əhəmiyyətinin artması ilə əlaqədar olaraq hə-min dildə yazılan əsrlərin sayı da çoxalmışdı. Elmi əsərlər isə əvvələrdə ol-duğu kimi ərəb və fars dillərində yazılırdı. Türk dili dövlət dili səviyyəsinə qaldırıldı. Məhəmməd Naxçıvani qeyd edir ki, mühüm dövlət sənədləri əha-liyə 3 dildə -türk, ərəb və fars dillərində çatdırılırdı. Alim İbn Mühənna ilk dəfə Azərbaycan sözləri tərtib etmişdi. 1233-cü ildə şair Əli türk dilində “Yusif dastanı” əsərini yazmışdı.

Azərbaycan dilində yazan şairlərdən biri də İzzəddin Həsənoğlu idi. Onun Azərbaycan dilində yazılmış “Divani”böyük şöhrət tapmışdır. Həmin poemada coşqun və sədaqətli məhəbbət tərənnüm edilir.O, öz nigarına mü-raciət edərək deyir:

Həsənoğlu sənə gərçi duaçidir, vəli sadiq

Nə sadiq, sadiqi bəndə, nə bəndə, bəndeyi-çakər.

Göstərilən dövrdə memarlıq da inkişaf edirdi. Abşeronda. Naxçıvanda, Təbrizdə memarlığın gözəl abidələri-qalalar, qullələr, məqbərələr, məscidlər, karvansaralar və s. indidə qalmaqdadır.

Məsələn, Mərdəkan, Nardaran, Ramana qalaları həmin dövrdə tikilmiş-dir. Təbrizin Ərk qalası, Naxçıvanın Qarabağlar memarlıq kompleksləri indi də öz gözəlliyini saxlayırlar.

Azərbaycanda astronomiya (nücum), riyyaziyyat, tibb, fəlsəfə, tarix, coğrafiya və sair elmlər üzrə əhəmiyyətli kəşflər edildi, əsərlər yazıldı.

Görkəmli Alim Nəsrəddin Tusinin rəhbərliyi ilə 1259-cu ildə açılmış Marağa rəsədxanası və eləcə də XIV əsrin əvvəlində Şamqazanda tikilmiş rəsədxana Şərqdə astronomiya elminin mərkəzinə çevrilmişdi. Burada dünyanın bir çox ölkələrindən görkəmli alimlər çalışırdılar. Ən yaxşı cihazlarla təchiz olunmuş bu rəsədxanada elmi əsərlər, ulduzlu göyün xəritəsi, astronomiya cədvəlləri yaranmış və hətta həmin əsərlər Yunan dilinə tərcümə edilmişdi. Təbabətin inkişafında mühüm naiyyətlər əldə olunmuşdu. XIV əsrin əvvələrində Təbrizdə “Dar-əş Şəfa” (Şəfa evi) yaradılmışdı. Hətta orada universitetə oxşar bir məktəb var idi. Burada təbiətşünaslığı, fəlsəfəni, məntiqi, tarixi, təbabəti, ilahiyyatı öyrənmək üçün Şərqin müxtəlif ölkələ-rindən gəlmiş 6-7 min tələbə təhsil alırdı.

Həmin dövrdə riyaziyyat , fəlsəfə, tarix və başqa elm sahələrində gör-kəmli alimlər yetişmişdi. Azərbaycanın məhşur riyaziyyatçısı “Risalətül-he-sab”əsərinin müəllifi Ubeyd Təbrizi və görkəmli filosof Mahmud Şəbüstəri “Gülşəniraz”, “Səadətnamə” kimi qiymətli elmi əsərlər yazmışlar.

Tarixçi Məhəmməd Naxçıvaninin yazdığı “Dəstül Əl-Kitab” (qanunlar kitabı) o dövrün ictimai-siyasi həyatını canlandırır. Tarixçi Rəşidəddinin əsərləri “Şərq tarixşünaslığının qızıl əsərləri”hesab olunur. Onun “Came ət təvarix” əsəri hələ də qiymətli tarixi əsər sayılır.

Bu dövrdə Azərbaycanda elmin və ədəbiyyatın inkişafı ilə əlaqədar husn-xətt sənəti geniş yayılmışdı. Bütün kitabları xəttatlar gözəl xətlərlə yazıb köçürürdülər.

Musiqi sahəsində Səfiəddin Urməvinin xidmətləri çox böyük olmuşdur. O, özünün “Dövlət kitabı” əsərində musiqi nəzəriyyəsinə və not sənətinə aid qiyməli fikirlər söyləmişdir. O, not yazısının banisi sayılır. Səfiəddin Urməvi hətta bir neçə klassik muğam yaratmışdır.

Beləliklə Hülakülər dövründə baxmayaraq ki, işğalşılar Azərbaycan mədəniyyətinin obyektiv inkişafını ləngidir və maneçilik göstərirdilər, lakin xalq öz mədəniyyətini qoruyub saxlayır və inkişaf etdirirdi.




Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin