Vilhelm Yozef Şellinq (1775-1854) klassik alman fəlsəfəsinin nümayəndələrindən biridir. Şellinqin əsas əsərlərindən "Naturfəlsəfə sisteminin ilk cizgiləri" (1799) və "Transsendental idealizm sistemi" (1800) adlarını çəkmək olar.
Şellinq öz fəaliyyətinə Fixte fəlsəfəsinin davamçısı kimi başlamışdır. Lakin o, tezliklə Fixtenin subyektiv idealizminə qarşı çıxmış və özünün obyektiv idealizm sistemini yaratmağa başlamışdır. O, ruh və təbiətin, subyekt və obyektin eyniliyinə dair özünün obyektiv idealizm fəlsəfəsini yaratmışdır. Şellinqin fəlsəfi sistemində bütün mövcudatın əzəli başlanğıcı nə materiyadır, nə də fərdin şüuru. Onun fikrincə, hər şeyin mənbəyi əbədi ağıl, zəka və mütləq "Mən"dir. Şellinqə görə, bütün dünyanın ruhu var. Aləmin müxtəlif formaları ruhun, ağılın ifadəsi və əyani təzahürüdür. Mütləq ağıl, mə"nəvi və maddinin, subyektin və obyektin ilkin əsası və mənbəyidir. Şellinq materiyanın, təbiətin ruhdan, şüurdan kənarda və ondan asılı olmadan mövcud olması fikrini qəbul etmirdi. O deyirdi ki, materiya yalnız mütləq ruhun, ağılın xüsusi halıdır. Şellinqin fikrincə, materiya ilə ruhu qarşı-qarşıya qoymaq olmaz, çünki onlar mahiyyət e"tibarilə eynidirlər. Materiya və ruh eyni bir mütləq ağılın müxtəlif vəziyyətləridir. O, subyektlə obyektin, mə"nəvi ilə maddinin idealistcəsinə eyniləşdirilməsi haqqında öz tə"liminə əsaslanaraq mahiyyət e"tibarilə maddini mə"nəvidə əritmişdir.
4. Georgi Hegelin fəlsəfi sistemi(1770-1831) klassik alman fəlsəfəsinin ən böyük nümayəndəsi idi. Hegelin fəlsəfi təlimi obyektiv idealizm sisteminin və idealist dialektikanın inkişafının ən yüksək mərhələsi kimi qiymətləndirilməlidir.
Bəşəriyyətin fəlsəfi təfəkkürünün inkişafı tarixində Hegelin ən böyük xidməti dünyanın dialektik anlayışını, gerçəkliyin öyrənilməsinə dialektikcəsinə yanaşmağın prinsiplərini sistem halında işləyib hazırlamaqdan ibarətdir. Əlbəttə, Hegel dialektikanın banisi deyildir. Dialektik fikirlər hələ qədim Şarq ölkələrində - Hindistanda, Azərbaycanda meydana gəlmiş və Antik Yunamstanda daha da inkişaf etdirilmişdir. Lakin idealist əsaslar üzərində olsa da, Hegel tarixdə ilk dəfə olaraq aləmin dialektik anlaşılması metodunu, dialektik məntiq sistemini, dialektik təfəkkür üsulunun əsas prinsiplərini işləyib hazırlamışdır. O, şeylərə metafizik baxışı əsaslı tənqid edərək, dialektikanin əsas qanunlarını formulə etmişdir. Lakin o, bir idealist kimi gerçəkliyin inkişafının qanunauyğunluqlarına materialistcəsinə yanaşa bilməmişdi.
Deməli, Hegel tə"liminin əsas məsələlərindən biri - inkişaf haqqında tə"lim olan dialektika və idrakın əzəmətinə dərin inam idi.
Hegel obyektiv idealist idi. Onun fikrincə, bütün mövcudatın ilkin səbəbi "Mütləq ideya"dır. Bu ilkin ruhi başlanğıc guya insandan kənarda və ondan asılı olmayaraq mövcuddur. O, cəmiyyətdəki bütün təzahürləri doğurur və müəyyən edir. Beləliklə, Hegel fəlsəfəsi dialektik idealizm sistemidir. Onun fikrincə, təfəkkür bütün şeylərin daxili mahiyyətini təşkil edir. Hegel təfəkkürlə-əql, zəka ilə obyektiv gerçəkliyi eyniləşdirirdi. O belə bir fantastik nəticəyə gəlirdi ki, guya insana xas olan təfəkkür isandan kənarda mövcud olan Mütləq ideyanın təzahürlərindən biridir. Hegel özü də bunu gizlətmədən deyirdi ki, bu "Mütləq jeya" Allah anlayışıdır. Lakin Hegel tə"limindəki Allah-dinin ona şamil etdiyi insani keyfiyyətlərə malik deyildir.
Hegelin fəlsəfi sistemi aşağıdakı 3 hissədən ibarətdir: 1. Məntiq; 2. Təbiət fəlsəfəsi; 3. Ruh fəlsəfəsi.
Məntiq Hegelin fəlsəfi sisteminin ən mühüm tərkib hissəsini təşkil edir. Bu hissənin şərhi onun "Məntiq elmi" əsərində verilmişdir. Burada dialektikanın əsas problemləri hərtərəfli araşdırılmışdır. Bu əsərdə dialektika bir inkişaf nəzəriyyəsi və gerçəkliyin dərk olunmasının elmi metodu kimi təhlil olunur. Hegel göstərirdi ki, məntiq elminin məşğul olduğu təfəkkür qanunları bütün varlığın - həm təbiətin, həm bəşər tarixinin, həm də idrakın əsas qanunlarıdır.
Məntiq elmi üçün mühüm problemlər olan anlayış, mühakimə, əqli nəticə kimi məsələlərdən başqa, Hegel məntiq tə"limində gerçəkliyin özünün qanunauyğunluqları, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi, fəlsəfi kateqoriyaların münasibəti, mexaniki, kimyəvi hərəkətlərin və digər proseslərin təbiəti haqqında məsələləri də ətraflı araşdırmışdır. Buna görə də məntiq elminin məşğul olduğu problemlərin zənginləşdirilməsi, yeni, dialektik məntiqin zəruriliyi məsələsinin irəli sürülməsi Hegelin mühüm tarixi xidməti hesab edilməlidir. O, özünün "Məntiq elmi" əsərində varlıq, heçlik, təşəkkül-tapmakeyfiyyət, kəmiyyət, ölçü, mahiyyət, eynilik, fərq, ziddiyyət, zərurət və təsadüf, imkan və gerçəklik kimi ümumi anlayışları hərtərəfli araşdırmışdır. O göstərmişdir ki, bütün bunlar bir-biri ilə əlaqədardır və idrakın müxtəlif pillələrini əks etdirirlər.
Hegel sisteminin 2-ci hissəsini təbiət fəlsəfəsi təşkil edir. Hegelə görə, təbiət fəlsəfəsi qeyri-varlıq, yə"ni təbiət formasında olan ideyalar haqqında tə"limdir. Onun fikrincə, təbiət başqa formaya girmiş ideyadır. Onun nöqtəyi-nəzərincə, "Mütləq ideya"nın təbiətdə əsas təzahürləri mexanika, fizika və orqanikadan ibarətdir. Ona görə də Hegel təbiət fəlsəfəsini 3 hissəyə bölmüşdür: birinci hissə mexanika adlanır. Burada Hegel məkan, zaman, materiya, hərəkət, ümumdünya cazibəsi məsələlərini araşdırır.
Fizika hissəsində Hegel səma cisimlərini, işığı, istiliyi, kimyəvi prosesləri və s. araşdırır və bu proseslər arasındakı əlaqələri açıb göstərməyə çalışırdı.
Təbiət fəlsəfəsinin 3-cü hissəsi olan orqanika - geologiya, botanika və zoologiya məsələlərinə həsr edilmişdir.
Hegelin sisteminin 3-cü hissəsi ruh fəlsəfəsi adlanır. Burada "Mütləq ideya"nın inkişafının yekun mərhələsi araşdırılır. Bu mərhələdə "Mütləq ideya" təbiəti tərk edir, "Mütləq ruh" kimi öz-özünə qayıdır. Hegelin ruh fəlsəfəsinin əsasını fərdi və ictimai şüurun inkişafı, ümumiiyyətlə, bəşəriyyətin əqli inkişafı haqqında idealist tə"lim təşkil edir.
Ruh fəlsəfəsində Hegel ümumdünya tarixini üç əsas dövrə bölür: Şərq dövrü; Antik dövrü; Alman dövrü.
Bütün bunlara baxmayaraq Hegelin dialektikası bəşəriyyətin fəlsəfi fikir tarixində irəliyə doğru atılan mühüm bir addım idi.