Maddə 334. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin
alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər
maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi
334.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik
vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində
sərxoş vəziyyətdə idarə edilməsinə görə - 500 manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu
törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 günədək müddətə inzibati həbs tətbiq olunur.
334.2. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - 15 gündən 1 ayadək
müddətə inzibati həbs tətbiq olunur.
334.3. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının
pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş
şəxsə maddi zərər vurulmasına görə - 800 manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu
törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunur.
334.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat
vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə - 1 aydan 2 ayadək müddətə inzibati həbs
tətbiq olunur.
334.5. Bu Məcəllənin 334.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə, yaxud həmin xəta
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi
zərər vurulmasına görə - 2 aydan 3 ayadək müddətə inzibati həbs tətbiq olunur.
Dostları ilə paylaş: |