Zaman Maşını (İki hissəli komediya) Keçmişlə gələcəyin elmi-bədii sintezi



Yüklə 341,27 Kb.
səhifə4/4
tarix14.04.2017
ölçüsü341,27 Kb.
#14026
1   2   3   4

Narın: (təngə gəlmiş) Bəlkə durub bir işin ucundan tutasan?

Esmeralda: Eee, mama, mən nə iş görüm e? Sonra dırnaqlarım pis günə qalacaq, saçım yağlanacaq, özüm də tər iyi verəcəyəm.

Narın: Bəs neyləyəcəksən? Elə oturub dırnaqlarına sığal çəkəcəksən?

Esmeralda: Aseton vurmuşam da. Köhnə lakı sildim. Birazdan salona gedəcəyəm. Saçımı düzəltdirəcəyəm. (yerindən qalxıb Vahidə yaxınlaşır) Mama, bir dəqiqə... Papa, mənə biraz pul ver də.

Vahid: Neyləyirsən pulu?

Esmeralda: Biraz salon üçün lazımdır, biraz da təzə paltar almağa.

Vahid: Hər gün paltar alarlar?

Esmeralda: (acıq edir) Eeeee, papa!

Vahid: Yaxşı, yaxşı. (cibindən pul çıxarıb verir) Al.

Narın: Bu qızı sən salmısan da bu kökə. Şükür ki, axırda bir axmaq tapdıq, ərə veririk. Yoxsa qarıyıb qalacaqdı bu xarabada.

Vahid: Mən neyləmişəm e? Sən yaxşı ana olaydın, yaxşı tərbiyə verəydin küçüyünə.

Narın: Nəyin əskik eləmişəm? Altı yaşlı uşağa oyuncaq pudra-pamada alanda belə olacaqdı da. Helə dedim ki, bu uşağın evini yıxma. Oxusun, işləsin. Amma sən neylədin? Gedib müəllimlərinə də pul verdin ki, qiymətini yazsın. Odur e, indi adını da yaza bilmir.

Vahid: Qızım, adını yaza bilmirsən?

Esmeralda: E, papa, mamadır da, danışır özü üçün. Mən Yesmeralda yazıram, o da əsəbləşir.

Vahid: Axı sənin adın Yesmeralda deyil. Esmeraldadır.

Esmeralda: Yox e, papa, bir dəfə universitetdəki oğlanlardan biri adımı soruşmuşdu, mən də zarafata Yesmeralda demişdim. O da soruşdu ki, mənası nədir. Mən də dedim Yesmeralda – yəni Esmereldanı ye. (qəhqəhə çəkir) Mən də o gündən öyrəncəli olmuşam, həmişə Yesmeralda yazıram.

Vahid: (əsəbi) Bəsdir. Utanmaz. Hələ bir utanmadan danışır da. Bu gün elçi gəlir e sənə. Daha uşaq deyilsən. Yığışdır özünü.

Esmeralda: (acıq edir) Eee. Mən getdim. Siz də ki, heç söhbət adamı deyilsiz. Sağ olun. (hirslə çıxır)

Vahid: Narın xanım, deyirəm yaxşı ki, bu qızı ərə verməyin bir yolunu tapdıq. Vallah-billah qohum-əqrəbə içində biabır olardım bu qızla.

Narın: Elə biabır olmusan da. Xəbərin yoxdur e. Hamı arxamızca lağ edir.

Vahid: Qələt edirlər. Nə olub e bizə?

Narın: Daha nə olsun? Xalxın balasına tor qurmuşuq, zorla qız veririk. Bundan artıq nə olsun?

Vahid: Bəs nə edək? Belə eləməsəydik, həm pulumuz gedərdi, həm də qız üstümüzdə qalardı. Amma indi bax, bir güllə ilə iki quş vurmuşuq e. Həm qızı veririk, həm də pulumuzu alırıq.

Narın: Güya Esmeralda pul alsa sənə verəcək? Eh! Ay verdi a.

Vahid: Esmeraldaya güvənən kimdir? Bəs Dilbəri nə üçün soxmuşam ora!? Dilbər yavaş-yavaş pul çəkəcək Zamandan, biz dolanarıq. Qalanı da qalar Esmeraldaya.

Narın: Bu günahın altından necə çıxacağıq, bilmirəm. Hər dəfə sənə uyub bu çirkin işlərə şərik oluram. Amma bir Allah bilir ki, necə vicdan əzabı çəkirəm. Zaman bizə nə pislik edib, hə? Adam oğlumuza öz böyrəyini verdi e. Biz neylədik? Ona tələ qurduq.

Vahid: Gözümüzə qaşımıza aşiq olub böyrək vermədi ki. Pulu ilə verdi də.

Narın: Yaxşı bəs niyə sən o pulu geri almaq istəyirsən? Bir böyrəklə yaşayır o cavan. Bu gün sabah o biri böyrəyinə nəsə olsa gərək həkimə gedə, dərman ala.

Vahid: Ay arvad, bəsdir. Ürəyim sıxıldı e.

Narın: Görürsən? Vicdanın sızladı? Olmayan vicdanın. Əşi, nə bilim e. Allah mənim balalarımı bağışlasın. Biz cəhənnəmdə yanacağıq onsuz da.

Vahid: Mehdini bilmirəm, Esmeraldanı bağışlamaz. O bizim ikimizdən də daha çox günahkardır.

Narın: Yazıq Mehdi. Hələ onun bunlardan xəbəri yoxdur e. Uşaq can hayında, biz ona böyrəyini verən adamdan pulları geri almaq üçün fırıldaq işlədirik.

Vahid: Narın xanım, qurbanın olum, bəsdir də. Mehdi demiş, bu harda qaldı? Bilmir ki, bu gün bacısının elçiliyidir?

Narın: Dünən zəng vurdum sanatoriyaya. Danışdım özü ilə. Bu gün gəlməli idi.

Vahid: Bəlkə bir də yığasan sanatoriyanı.

Mehdi: (gəlir) Yığma, ana. Gəldim.

Narın: Mehdi, qurbanın olum, anan başına dönsün, Allah məni sənə sədəqə eləsin. (qucaqlayır)

Vahid: Mehdi, xoş gəlmisən, bala. Necəsən? Özünü necə hiss edirsən?

Mehdi: (küskün və əsəbi) Heç yaxşı deyiləm. Bu qədər vaxt sanatoriya, xəstəxana, həkim müayinələri, nevropatoloqlar, psixatrlar... Həkim-həkim, qapı-qapı gəzmişəm. Həftədə bir dəfə sizdən zəng gəlsə sevinmişəm. Niyə maraqlanmırsız mənimlə?

Vahid: Oğul, biz elə səninlə maraqlanırıq da. Sənin müalicələrin, müayinələrin, sanatoriya xərcləri – bunların hamısı puldur e. Mən işləyirəm ki, onları ödəyə bilim. Anan da evə baxır.

Mehdi: Ata, ata. Bəsdir görək. Nə pul? Nə iş? Hamısını bilirəm. Yarım saatdır qapıdan sizə qulaq asıram ki, görüm bir dəfə adımı çəkəcəksiz ya yox. Elə şeylər eşitdim ki, məni tamam unutsaydınız bundan yaxşı idi. Siz mənə böyrəyini verən adama tələ qurmusuz? Esmeraldanı ərə vermək üçün onu hədələmisiz?

Narın: Mehdi, sən özünü yorma. Bunlar hamısı düzələcək. Axı həkim deyib ki, sənə hirslənmək olmaz. (onu qucaqlayır)

Mehdi: Burax məni, ana. Sən də bu çirkaba qoşulmusan?

Narın: Mən həmişə demişəm ki, bu düz yol deyil.

Vahid: Nə etməli idik? Bacının taleyi səni düşündürmür? Yoxsa elə bilirsən ki, bu qədər pullar göydən gəlir? Mən onları nə əziyyətlə qazanmışam. Geri ala bilmərəm?

Mehdi: (hirslənir) Ata, sən o pulları bəxşiş verməmisən ki, geri alasan. Adam mənə öz böyrəyini verib e. Canının bir parçasını. Sən isə pul hayındasan. Bilirsən niyə? Çünki can ağrısı çəkməmisən. Əgər mənim çəkdiyim o ağrıları bircə saat çəksəydin bütün dünyanın var-dövləti gözündə olmazdı. İnsan çox çirkli məxluqdur. Amma bir o qədər də alidir. Nə qədər ki, bəzi həqiqətləri dərk etmir elə çirkab içində qalır. Elə ki, başladı o mətləbləri qanmağa dərk edir ki, bu dünyada puldan, var-dövlətdən daha önəmli şeylər var. Can, ailə, dost, sevgili və başqa şeylər. Bunlar insanı aliləşdirir. Ata, bağışla, amma sən hələ də çirkab içində qalmısan.

Vahid: Atanla ədəbli danış. Tərbiyəsiz.

Mehdi: (biraz sükutdan sonra) Bəs bu oğlanın evi hardadır?

Narın: Kimin?

Mehdi: Mənə böyrəyini verən oğlanın.

Vahid: Neyləyirsən onun evini?

Mehdi: Gedib təşəkkür edəcəyəm.

Vahid: Onsuz da axşamüstü bura gələcəklər. Onda təşəkkürünü edərsən.

Mehdi: Yox, mən özüm onun ayağına gedəcəyəm. Həyatımı xilas edən adama bunu borcluyam.

Vahid: Bunun da vicdan damarı tutub e. Heç bir yana getmirsən. Mən burda çox qalsam əlimdən bir xəta çıxar. Narın, bunu bir yana buraxma. (hirslə çıxır)

Mehdi: Ana, mənə o oğlanın ünvanını ver.

Narın: Atanı eşitdin axı, ay oğlum. Sonra ikimizə də toy tutar.

Mehdi: Heç bir şey edə bilməz. Əgər məni zərrə qədər istəyirsənsə, o oğlanın ünvanını ver.

Narın: O nə sözdür, anan qurban?! (siyirmədən qələm kağız götürüb yazır) Al. Get. Sən yaxşı oğlansan, Mehdi. Amma qurbanın olum, hirslənmə. Sənə əsəb olmaz.

Mehdi: Yaxşı. Görüşərik. (kağızı alıb çıxır)

Narın: Allah, sən özün mənim balalarımı qoru. Biz axırı yaxşı olmayan çirkin bir işə girmişik. Sən bizim günahlarımızı bağışla.

Narın yorğun halda divana oturub fikirə gedir. İşıq sönür.

Zamanın evi. Dilbər yatıb. Qapı döyülür. Salonda kimsə yoxdur. Qapı bir daha döyülür. Dilbər oyanmır. Qapı açılır. Qoca Zaman evə daxil olur.

Qoca Zaman: Gecikdim. Bu zibil yuxu mənim yaxamı buraxmır. Necə yatıb qalmışamsa, deyəsən, olan-olub, keçən keçib. Görəsən, qızıllar çantadadır? (Dilbərin yatdığından əmin olub çantaya yaxınlaşır, çantanı götürüb baxır) Yox. Lənət şeytana. Artıq qızıllar götürülüb. Bax, beləcə, oğru da oldum. Mən bir yaşlı qadının qızıllarını oğurladım. Fərqi yoxdur, o qızıllar hansı yollarla əldə edilib. Oğrudan oğruluq etmək günah deyil deyənlərin cəfəngiyyatlarına inanmayın. Onlar öz oğruluqlarına don geyindirmək üçün bunu uydurublar. Birindən bir şey oğurlayırsansa, deməli, oğrusan. Mən də oğruyam. Bəli, mən qızılları oğurlamışam.

Dilbər: (dik atılır) Qızıllar?

Qoca Zaman: (qorxur) Ürəyim düşdü ki... Nə olub? Bu necə oyanmaqdır?

Dilbər: (yerindən qalxıb kişiyə cumur) Sən mənim qızıllarımı oğurlamısan? (çantaya baxır) Yoxdur. Hanı mənim qızllarım?

Qoca Zaman: Yox, ay xanım, mən oğurlamamışam. Sən məni yanlış anladın...

Dilbər: Öz qulağımla eşitdim. Sən qızılları oğurladığını dedin. Ay qonşular! (qışqırır) Kömək edin. Oğru var! Ay qonşular! (üz-gözünü cırmaqlayır) Kömək edin!

Qoca Zaman: Bu lap şüvəndir ki. Nə olub, ay arvad? Deyirəm, mən oğurlamamışam da. Birazdan özün də biləcəksən ki, qızıllar hara gedib?!

Dilbər: Ay qonşular! (daha möhkəm qışqırır) Bəs bu yetimlər hanı? Ay bala! Ay Zaman, ay Murad.

Qoca Zaman: Sənin qızıllarını elə onlar oğurlayıb da.

Dilbər: Nə? Necə yəni? Onlar oğurlayıb? Axı mən öz qulağımla eşitdim ki, sən oğurladığını dedin.

Qoca Zaman: Öz qulağınla eşidəcəksən də. Mənim qulağımla eşitməyəcəksən ki. Bizim dilimizin də belə şeyləri olmaya...

Dilbər: Ay kişi, sən mənim qızıllarımı oğurlayıb hələ iki cavana da böhtan atırsan?

Qoca Zaman: Deyirəm, mən oğurlamamışam. Gəl, axtar üstümü. Nə tapdın sənindir.

Dilbər: (cəld kişiyə yaxınlaşıb üstünü axtarır) Axtararam. Niyə axtarmıram ki? Gözlə. Hara qoymusan bu qızılları?

Qoca Zaman: Əcəb işə düşdük də.

Dilbər Qoca Zamanın ciblərinə baxır. Döş cibini yoxlayır, şalvarının ciblərini yoxlayır.

Dilbər: Hara qoymusan, hə? Tumanına salmısan? Heç utanmırsan? Bəlkə mənim qızıllarımı murdar eləmisən?!

Qoca Zaman: Ay arvad, deyirəm yoxdur da. İstəyirsən ora da bax.

Dilbər: Niyə baxmıram ki?! Gözlə.

Qoca Zaman: Ürəyindəndir e.

Dilbər dizlərini yerə qoyub oturur, Qoca Zamanın kəmərini açmağa başlayır. Qoca Zaman dərindən nəfəs alıb usanmış halda ah çəkir. Qapı açılır. Zaman və Murad içəri girib onları bu vəziyyətdə görürlər. İksi də üzünü yana çevirir. Dilbər cəld ayağa qalxır.

Zaman: Nənə… Burda nə baş verir?

Murad: Arvad necə izah eləsin nə baş verdiyini? Görmürsən nə baş verir? Hələ bir utanmadan soruşursan da.

Qoca Zaman: Uşaqlar, baxın, heç bir şey sizin gördüyünüz kimi deyil.

Dilbər: O mənim qızıllarımı oğurlayıb.

Murad: Kim oğurlayıb?

Dilbər: Bu qoca kaftar.

Qoca Zaman: Qoca kaftar? Dünən gecə elə demirdin amma.

Zaman: Dünən gecə? Nə olub dünən gecə?

Murad: Eh… Nələr olmayıb ki!?

Dilbər: Mən yuxudan ayılanda bu qocanı iş başında yaxaladım. O mənim çantamdan qızılları götürüb, amma harada gizlədib, bilmirəm.

Qoca Zaman: O yalan deyir. Daha doğrusu, düz deyir, amma indi yalan deyir. Əşi…. Heç özüm də bilmirəm. Uşaqlar, məsələni izah edin.

Murad: Hansı məsələni?

Qoca Zaman: Bu arvada deyin də qızılları götürdüyünüzü. Nə etdiyinizi deyin.

Zaman: Hə… Bir dəqiqə…

Murad: (Zamanın böyrünə vurur) Nə danışırsan, a kişi? Biz oğru zadıq? Biz heç kəsin qızılını götürməmişik. Dilbər nənə deyir ki, səni görüb qızılları götürəndə. Sən də bizə böhtan atırsan?

Qoca Zaman: (hirsli-hirsli Murada yaxınlaşır) Murad, mən səninçün bu sadəlövh, axmaq Zaman deyiləm e. Məni tora salmaq istəyirsən? Hə, tutaq ki, mən oğurlamışam. Nə edəcək bu arvad mənə? Yəni mən o günə qalmışam ki, bu arvaddan qorxum?

Dilbər: Düz deyir. Qorxan adam da mənim qızılımı oğurlayar? Amma mənə də Dilbər deyərlər, sənə bir toy tutum ki, el-aləm tamaşana dursun.

Qoca Zaman: Əlindən gələni arxana qoyma. Onsuz da indi hər şey aydınlığa çıxacaq. (qapı döyülür) Budur. İndi hamı biləcək ki, nə var, nə yox.

Murad qapını açır. Mehdi içəri girir.

Mehdi: Zaman burda yaşayır?

Zaman: Mənəm. Buyurun.

Mehdi: Məni tanıdınız?

Zaman: Yox, bağışlayın, tanımadım.

Mehdi: Mənimki də sualdır da. Hardan tanıyacaqsız? Biz heç bircə dəfə də görüşməmişik.

Zaman: Bağışlayın, mən heç bir şey anlamadım.

Mehdi: Mən sizin böyrəyiniz sayəsində yaşayıram. Adım Mehdidir. Siz mənə öz böyrəyinizi vermisiz.

Zaman: (peşman) Həə… Bildim. Bilirsiz…

Mehdi: Bilirəm. Siz indi buna görə çox peşmansız.

Zaman: Üzr istəyirəm, amma biraz elədir.

Mehdi: Üzr istəməyin. Burda üzr istəməli biri varsa o da mənəm. Bütün bunlar mənə görə başınıza gəlib. Amma vicdanıma and olsun ki, bunları da mən bu gün öyrənmişəm.

Murad: Vahidin oğlunun vicdan andına nə qədər inanmaq olar ki?

Qoca Zaman: Yox, o, haqlıdır. Onun and içilməli vicdanı var. Nə deyirsə, doğru deyir.

Zaman: Siz nəyi bilirsiz ki?

Mehdi: Atamın sizə qurduğu planı. Sizə verdiyi pulu geri almaq istədiyini. Bunun üçün Dilbəri də sizin aranıza salması.

Zaman: Dilbəri? Yəni mənim nənəmi.

Qoca Zaman: (gülür) Ay axmaq! Qulaq as…

Mehdi: O, sizin nəniz deyil ki. Atamın adamıdır. Göndərib ki, pulunu geri alsın.

Dilbər: Bu uşaq nə sayıqlayır? Ona inanmayın.

Qoca Zaman: Hə, nə oldu? Qorxuya düşdün?

Murad: Mən deyirdim də, bu arvad fırıldaqçıdır.

Zaman: Bir dəqiqə… Bəs Dilbər mənim haqqımda bütün həqiqətləri hardan bilir?

Mehdi: Atamın çoxlu vəzifəli tanışları var. Yəqin ki, onlar vasitəsi ilə öyrənib. O, belə işlərdə pərgardır. Əlindən hər cür fitnə-fəsad gələr.

Zaman: (Dilbərə) Siz mənim mərhum anamın adından istifadə etdiniz? Heç utanmadınız?

Dilbər: Oğlum…

Zaman: Mənə oğlum deməyin. İbadətlə məşğul olan yaşınızda fırıldaqla məşğulsunuz? Bəs İlahi ədalətdən qorxmursunuz?

Dilbər: Mən sizə hər şeyi izah edə bilərəm…

Qoca Zaman: Heç bir şeyi izah edə bilməyəcəksən. Deyəcəksən ki, övladların səni atıb, küçələrdə qalmısan, yaşa görə sənə iş verməyiblər, təqaüdün də dolanmağa yetməyib. Buna görə belə işlər tutursan?

Dilbər: Hə, düzdür. Baxın, o, bütün bunları bilir. Mən buna görə məcbur olmuşam.

Qoca Zaman: Ay arvad, bu dünyada heç bir şey vicdansızlığa, oğruluğa, dələduzluğa, insanları aldatmağa haqq qazandırmır. Məni də… Ehh… Yəni bu cavan oğlan Zamanı da qohumları atıb, valideynləri ölüb. Qalıb ortalıqda. Amma oxuyub, işləyib. İndi biraz dələduz adamların toruna düşüb, pula aldanıb, belə işlər tutub, onun da altından çıxacaq. Onsuz da ömür boyu bu səhvinin cəzasını çəkəcək və elə indidən buna peşmandır.

Zaman: Siz haqlısınız. Siz əvvəldən haqlı idiniz. Mən sizə inanmalı idim.

Murad: (Mehdiyə) Yaxşı bəs sən niyə gəlmisən? Məqsədin nədir?

Mehdi: Gəlmişəm ki, sizdən üzr istəyim. Zaman, siz mənim bacımla evlənməyə məcbur deyilsiniz. Heç kəs sizi buna məcbur edə bilməz.

Zaman: Axı atanız, ananız və bacınız məni hədələyirlər. Onlar məni öldürməklə, həbsə atdırmaqla şantaj edirlər. Bacınız deyir özümü doğrayaram, atanız deyir məni qeyrət üstə öldürəcək. Mən bu işin altından necə çıxacağam?

Mehdi: Onlar sizə bir də bu barədə nəsə desələr, qarşılarında məni görərlər. İndiyə qədər mən həkim nəzarətində, sanatoriyalarda, xəstəxanalarda qalmışam. Nəhayət, mən sağlam həyatıma geri döndüm və bunu sizə borcluyam.

Zaman: Mən sizə təşəkkür edirəm. Çox sağ olun.

Murad: Ax… Nə yaxşı!? Çox sağ ol, qardaş. Axır ki, qurtulduq. (Zamanın qulağına) Pul qalsın daha. Vermə. Həll olundu.

Zaman: Heç vaxt ola bilməz! Əslində…

Qapı döyülür. Murad cəld qapını açır. Vahid, Narın və Esmeralda içəri girirlər.

Vahid: Mehdi…

Mehdi: Hə, ata?!

Vahid: Sən burda nə gəzirsən?

Mehdi: Gəlmişəm Zamana təşəkkür edim.

Vahid: Etdin?

Mehdi: Hə.

Vahid: Onda gedək evə.

Zaman: Yox, bir dəqiqə gözləyin. (çemodanı açır və pulu qoyur Vahidin önünə) Bu da sizin pulunuz. Artıq bizdən əl çəkin!

Vahid: Başa düşmədim, necə yəni?

Mehdi: Zaman, buna ehtiyac yoxdur. Pul sizin haqqınızdır.

Vahid: Sən dayan görüm. (Zamana) Pulu qaytarırsan? Bəs elçilik, toy?

Zaman: Onlar artıq olmayacaq. Məqsədin pul deyildi? Bu da pul. Əl çək bizdən.

Narın: Vahid, daha bəsdir. Çıxaq gedək.

Vahid: Yaxşı, nə deyirəm ki. Əgər sənə pul lazım deyilsə, mənə lazımdır. Mən götürərəm.

Mehdi: Yox, ata, götürməyəcəksən.

Vahid: Sən bu işlərə qarışma.

Mehdi servantda spirt görür. Çemodanı masanın üstünə qoyur. Vahid ona cumub almaq istəyir. Mehdi Vahidi itələyir.

Narın: A kişi, uşağa cumma. O, əməliyyatdan çıxıb!

Esmeralda: Qardaş, neyləyirsən?

Vahid: Mehdi, ağlını başına topla…

Mehdi: (spirti pullara səpib od vurur) Ağlım başımdadır! Əgər bu qədər fitnə-fəsad bu pullara görə idisə, daha yoxdur. Deməli, daha fitnə-fəsad olmayacaq, hə?

Vahid: Sən neylədin? Mən sənə zəhmətimi haram edirəm.

Narın: Ağzından yel alsın. Demə balama elə. Əslində, ən düz işi o gördü.

Esmeralda: Papa…

Vahid: Qızım…

Esmeralda və Vahid qucaqlaşıb ağlayırlar. Narın isə Mehdini qucaqlayır və yaşaran gözlərini silir.

Dilbər: Bir dəqiqə… Bəs mənim haqqım nə olacaq? Hə, Vahid?

Vahid: Əşi nə haqq e? Sənin haqdan danışmağa nə üzün var? Görmürsən, it də getdi, ip də getdi.

Dilbər: Bunun mənə dəxli yoxdur. Sən mənim pulumu verəcəksən. Hələ bu evdə mənim qızıllarım da oğurlanıb.

Zaman: Hə… Tamam unutmuşdum. Dilbər xanım, ah bağışlayın, yoxsa sizə nənə deməli edim, ya da ki, saxta nənə…? Hə, adınız nə olursa olsun, qızılınızı biz oğurlamışıq. Əgər istəsəniz bizi polisə şikayət edərsiz. Şikayət etməsəniz də tezliklə pulunuzu qaytaracağıq.

Dilbər: Mən sizə necə inanacağam? Bəlkə…

Mehdi: Siz mənimlə gələrsiz. Mən sizə qızılların pulunu verərəm.

Vahid: Sən dəli olmusan? Öz pulun deyil e. Mənim pulumdur. O pulları mən vermişəm sənə.

Mehdi: Hə, sən mənə vermisən. Atalıq borcunu yerinə yetirmisən. Mən də onları başqasına verirəm. Bir böyrəyin müqabilində o nə puldur ki!? Bundan sonra mənə bir qəpik də vermə. Mən işləyib qazanaram.

Vahid: Pah! İşləyib qazanacaqmış. Mən olmasam bir addım da ata bilməzsən.

Zaman: Mehdi, təşəkkür edirəm, amma ehtiyac yox idi…

Mehdi: Var, var. Mən sizə təşəkkür edirəm. Üzr istəyirəm. Haqqınızı halal edin.

Zaman: Halal xoşunuz!

Zaman rahatlamış halda dərindən nəfəs alır. Murad yanan pullara acgözlüklə baxır. Vahid və Esmeralda qucaqlaşaraq, ağlayaraq çıxırlar. Onların arxasıyca Narın və Mehdi, sonra da Dilbər çıxır.

Qoca Zaman: Hə, uşaqlar. Bu fəlakəti atlatdıq! Amma əsas fəlakət hələ qabaqdadır. 2050-ci ildə…! (ağlamsınır) Mən öz arzumu yerinə yetirə bilmədim. Bu mümkün olmadı. Keçmişi dəyişmək olmur. Uşaqlar, keçmiş dəyişməzdir. O sabit fizika qanunları kimidir. Ax! Ax! Mən buna nə qədər əmək sərf etmişdim!

Zaman: Siz nədən danışırsız?

Murad: Mən sənə demişdim də. O, həm dəlidir, həm də cadugər!

Qoca Zaman: Gələcəkdə biləcəksiz! Hər şeyi biləcəksiz.

Qoca Zaman qapıdan çıxır. Murad və Zaman təəccüblə bir-birinə baxır. Az sonra Qoca Zaman liftə bənzəyən cihazla geri qayıdır.

Zaman: Bu nədir?

Qoca Zaman: Zaman maşınıdır. Zamanın zaman maşını. Bunu Zaman kəşf edib. Yəni sən. Gələcəkdə sən zaman maşını kəşf edəcəksən.

Murad: O, dəlidir. O, xəstədir.

Qoca Zaman: Hə, mən artıq dəliyəm. Mənim illərlə üzərində çalışdığım nəzəriyyə çökdü. Dəli olmayım nə edim, hə? Keçmiş dəyişilmir. Keçmişi dəyişmək olmur.

Qoca Zaman liftə bənzəyən cihaza girir. O, dayanmadan “keçmişi dəyişmək olmur, keçmiş dəyişilmir” sözlərini təkrarlayır və cihaz tüstüyə çevrilib yox olur. Muradın gözləri bərəlir və o, huşunu itirib yerə sərilir. Zaman isə təəccüb içində donub qalır. İşıq sönür.

2050-ci il.

Fizika laboratoriyası. Qoca Zaman liftə bənzəyən cihazdan çıxır.

Qoca Zaman: Keçmişi dəyişmək olmur. Keçmiş dəyişilmir! (Ovucunu alnına döyəcləyib var-gəl edir) İndi məni hamı ələ salacaq! Məni məsxərəyə qoyacaqlar! (düşünür) Amma mən buna peşman deyiləm. Bunun özü də bir isbatdır. Mən keçmişin dəyişməz olduğunu sübut etdim. İnsan nə kəşf edərsə etsin, əlində hansı texnika olursa olsun, keçmişi dəyişə bilməz.

Müxtəlif növ zaman maşınları icad olunsa da, insan işıq sürətinə yaxınlaşan maşınlar kəşf etsə də, bütün qalaktikaları fəth etsə də keçmişi dəyişə bilməyəcək. Hər şey bizdən çox-çox ali bir şüur tərəfindən müəyyən edilib və onu dəyişməyə qadir deyilik. Hər şey bizdən əvvəl ölçülüb, biçilib və o nizamı pozmağa gücümüz yetməz.

Biz dünyanın ən ali məxluqlarıyıq. Amma mütləq ki, bizdən də çox-çox ali bir şüur var və bütün bunlar onun nizam-intizamıdır. Adına nə deyirsiz deyin, ona nə cür ibadət edirsiz edin, ondan nə diləyirsiz diləyin, o, hər zaman və hər yerdədir. O, təmənna güdməz, təmənna ummaz və əlbəttə, onun mütləq ali bir məqsədi var.

Baxın… Mən istədim keçmişi dəyişim, amma gəldiyim nəticə bu oldu. Siz cəhd etsəniz, siz də eyni nəticəyə gələcəksiniz. İndi yəqin ki, siz o insanların sonrakı taleyi haqqında düşünürsünüz. Mən sizə danışım…

Dilbər iki il sonra qocalar evində öldü. Onu Mehdi qocalar evinə yerləşdirmişdi. Arada ona baş çəkir, səhhəti ilə maraqlanırdı. Heç çox keçmədi ki, Vahid də öldü. O, kiminsə fırıldağına tuş gəlmişdi və bunu öyrənəndə ürəyi partlamışdı. Mehdi işləyib anasına və bacısına baxırdı. Amma Vahidin ölümündən sonra Esmeralda çox sarsılmışdı. O, uzun müddət özünə gələ bilmədi. Sonra Narın xanım da öldü. İndi o insanlardan Esmeralda, Mehdi, Murad və mən qalmışıq. Murad bir müddət burada işlədi, sonra isə xaricdən bir qızla tanış oldu və onun yanına getdi. Arada əlaqə saxlayırıq. O, Yunanıstandadır. Mehdi daş karxanasında işləyir. O, karxananın elektrik mühəndisidir. Esmeralda isə… (qapı döyülür) Deyəsən, gəldi.

Qoca Zaman qapını açır. Esmeralda içəri girir. O, xeyli qocalmış, amma baxımlılığını itirməmişdir.

Qoca Zaman: Esmeralda… Hazırdır?

Esmeralda: Hə, dediyin maddələri gətirdim. Bunları neyləyəcəksən?

Qoca Zaman: Kosmik gəmi modeli hazırlayıram. Daha sürətli hərəkət edə bilən. Gənclik arzumdur. Unutmuşdum. Keçmişimə gedəndə xatırladım bu arzunu.

Esmeralda: Lap yaxşı. Mənim işim bitdi?

Qoca Zaman: Hə, bitdi. Sağ ol.

Esmeralda: Sağ ol.

Esmeralda çıxır. Qoca Zaman gülümsəyərək onun arxasıyca baxır.

Qoca Zaman: Bax belə. O, işsiz-gücsüz qalmışdı. Mehdi xahiş etdi ki, onu işə götürüm. Mən də öz laboratoriyamda işə götürdüm onu. Biz barışdıq. O, artıq xeyli düzəlib. Əslində, o, yaxşı qızdır. Lap əslində, dünyada hamı yaxşı insandır. Bilirsiz, heç kəs tamamilə pis və ya tamamilə yaxşı deyil. Pislik və yaxşılıq bütün insanların içində var. Onlardan hansından istifadə etmək bizim öz seçimimizdir.

Mehdi evlənib, artıq övladları universitetə hazırlaşır. Esmeralda isə heç vaxt ərə getmədi. Elə mən də evlənmədim. Hə… Mən… Mən heç özümdən danışmadım.

O hadisədən sonra uzun illər qoruyub saxladığım təmizliyimi, paklığımı itirdiyimi anladım. Mən bu günə qədər özümü yaxşı insan hesab edə bilmirəm. Həmişə Tanrıya minnətdar olmuşam ki, öz səhvlərimi anlaya bilir, pisliklərdən arınmağa çalışıram. Bütün taleyimin bir qara ləkəsi var – da pula aldanmağım idi.

Sonra mən işləməyə başladım. Bir elmi jurnala məqalələr yazır, əlavə olaraq elmi-tədqiqat institutunda laborant işlədim. Pulumu qənaətlə xərcləyib yığdım və öz laboratoriyamı qurdum. Yavaş-yavaş ixtiralarımı yayımlamağa başladım və daha çox qazandım. Qazandıqca anladım ki, zəhmətsiz qazanılan pulun sonu xoşbəxtlik deyilmiş. Mən zəhmətlə pul qazandıqca xoşbəxt oldum.



Belə… Bu da mənim qəribə taleyim… Gələcəkdəyik. Hamının bir gün gələcəyi gələcəkdə. O gələcəkdə ki, bir gün keçmişə çevriləcək. Dünya durmadan fırlanır, əzizlərim. Nə yaxşı ki, durmur. Əgər o, dursa, biz yəqin ki, enerjimizi itirərik.

Stula əyləşir. Su içir. Alnını ovxalayır və yorğun halda başını masaya qoyub yuxulayır. İşıq sönür.

Pərdə enir.

Son.

2017
Yüklə 341,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin