Yaşadığımız dünya ilə əlaqədar bütün məlumatlarımız bizə beş duyğumuz vasitəsi ilə gəlir. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyırıq. Anadan olandan etibarən bu duyğulara bağlı olduğumuz üçün "xarici dünya"nın, duyğularımızın bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik.
Halbuki, bu gün bir çox elm sahəsində edilən araşdırmalar son dərəcə fərqli bir anlayışı özü ilə gətirmiş, hisslərimiz və qəbul etdiyimiz dünya ilə əlaqədar ciddi şübhələrin meydana gəlməsinə səbəb olmuşdur.
Bu yeni anlayışın çıxış nöqtəsi isə budur: Bizim "xarici dünya" hesab etdiklərimiz, yalnız elektrik siqnallarının beyində yaratdığı təsirlərdir. Almanın qırmızılığı, taxtanın sərtliyi, dahası ananız, atanız, ailəniz, sahibi olduğunuz bütün mallar, eviniz, işiniz və bu kitabın sətirləri yalnız və yalnız beyninizdəki elektrik siqnallarından ibarətdir.
Frederick Vester elmin bu mövzuda çatdığı nöqtəni belə ifadə edir:
Bəzi mütəfəkkirlərin, 'insan bir xəyaldır, əslində bütün yaşananlar keçici və aldatıcıdır, bu kainat bir kölgədir' şəklindəki sözləri indiki vaxtda elmi olaraq sübut edilirmiş kimidir. 14
Məşhur filosof Corc Berkelenin, bu təəccübləndirici həqiqət ilə əlaqədar şərhi isə belədir:
Özlərini gördüyümüz və toxunduğumuz üçün, bizə hisslərimizi verdikləri üçün obyektlərin varlığına inanırıq. Halbuki hisslərimiz yalnız zehinimizdə var olan fikirlərdir. Bu halda hisslər vasitəsilə çatdığımız obyektlər fikirlərdən başqa bir şey deyildirlər və bu fikirlər, zəruri olaraq zehinimizdən başqa yerdə olmazlar… Bütün bunlar madam ki, yalnız zehində var olan şeylərdir, elə isə kainatı və əşyaları zehinin xaricində varlıqlar olaraq xəyal etdiyimizdə, yanılmaların içinə düşmüş olarıq deməkdir… Elə isə bizi əhatə edən şeylərin heç birinin bizim zehinimizin xaricində bir varlığı yoxdur. 15
Mövzunu tam olaraq açıqlamaq üçün əvvəlcə, xarici dünya haqqında bizə məlumat verən duyğularımızdan danışaq.