BU QIZ NİYƏ HAVALANIB GÖRƏSƏN
Görünməmiş bir sənətmi yaradıb,
Bu qız niyə havalanıb görəsən?
Cəhənnəmdə bir cənnətmi yaradıb,
Bu qız niyə havalanıb görəsən?
Oda düşmüş, odu almır eyninə,
Odmu düşüb ürəyinə, beyninə?
Yer üzünü alıb gedir çiyninə,
Bu qız niyə havalanıb görəsən?
Göynən gedir, yerə dəymir ayağı,
Asimanda uçur mələksayağı.
Elə bil ki, budu ərşin dayağı,
Bu qız niyə havalanıb görəsən?
Dodaq qaçır, göz gülür, üz oxuyur,
Seyrə çıxıb, bir susur, yüz oxuyur.
Zalım qızı gecə-gündüz oxuyur,
Bu qız niyə havalanıb görəsən?
Gül koludu, budağını əymirəm,
Dəymə deyir, toxunmuram, dəymirəm.
Havalıdı, havasından doymuram,
Bu qız niyə havalanıb görəsən?
Harda qurub dəyəsini bilmədim,
Sahibini, yiyəsini bilmədim.
Neylədimsə, niyəsini bilmədim,
Bu qız niyə havalanıb görəsən?
Nə amana fikir verir, nə aha,
Mən qul oldum, o çevrilib bir şaha.
Bəlkə təzə qohum olub Allaha,
Bu qız niyə havalanıb görəsən?
___________________Milli Kitabxana__________________
34
Məni gördü gah gündə, gah kölgədə,
Ucbatından rüsvay oldum ölkədə.
Günahkarı Zəlimxandı bəlkə də,
Bu qız niyə havalanıb görəsən?
"SARITEL" OXUVAN QARATEL GÖZƏL
Sən Günəş nurusan, qar işığısan,
Yerdə yer, göydə göy yaraşığısan.
Sarıyla qaranın qarışığısan,
"Sarıtel" oxuyan qaratel gözəl!
Məni ovlamaqçün çıxmısan ova,
Yenə od vurursan çaxmağa, qova.
Bir yandan sən yandır, bir yandan hava,
"Sarıtel" oxuyan qaratel gözəl!
Qaşın nişan verdi, gözün himlədi,
Ovsuna mən düşdüm, yaram simlədi.
Məni saz bağladı, söz tilsimlədi,
"Sarıtel" oxuyan qaratel gözəl!
Bu qəmli havadı, bu şən havadı,
Mənim sümüyümə düşən havadı,
Bu mənim bağrımı deşən havadı
"Sarıtel" oxuyan qaratel gözəl!
Yada yar düşəndə dağa qar düşüb,
Meydan istəyənin yeri dar düşüb.
Ortaya nə yaman soyuqlar düşüb,
"Sarıtel" oxuyan qaratel gözəl!
Kövrələn könlümü saldın bəndə sən,
Aşıqsan, şairsən, ya xanəndəsən?
Bilmirəm Tanrısan, yoxsa bəndəsən,
"Sarıtel" oxuyan qaratel gözəl!
___________________Milli Kitabxana__________________
35
Xalların odunda yanan can olsun,
Al məndən heyfini, qana qan olsun,
Çal-oxu, qoy yanan Zəlimxan olsun,
"Sarıtel" oxuyan qaratel gözəl!
Dostları ilə paylaş: |