№-li palata I



Yüklə 427,51 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix14.01.2017
ölçüsü427,51 Kb.
#5556
  1   2   3   4   5   6

6

 

 №-li PALATA 



                                              I 

      Xəstəxana  həyətində  ayıpəncəsi,  gicitkən  və  çətənə  kolluqları  ilə 

bürünmüş  kiçik  bir  fligel  vardı.  Fligelin  dəmir  damı  paslanmışdı;  su 

novçası  yarıyadək  sınıb  tökülmüşdü,  artırmasının  pillələri  çürümüş  və 

qıraq-bucağında ot bitmişdi, evin suvağından təkcə iz qalmışdı. Fligelin 

qabaq  tərəfi  xəstəxanaya,  dal  tərəfi  isə  çölə  baxırdı.  Fligeli  çöldən, 

üstünə  çoxlu  mıx  çalınmış  xəstəxana  hasarı  ayırırdı.  Bu,  ucları  yuxarı 

sancılmış mıxlar, hasarın və fligelin özü, yalnız xəstəxana və həbsxana 

tikililərinə məxsus kədərli və çox pis bir görünüşdə idi. 

      Əgər  gicitkənin  dalayıb  yandırmasından  qorxmusunuzsa,  gəlin  dar 

cığırla gedib fligelin içərisinə tamaşa edək. Birinci qapını açıb dəhlizə 

giririk. Burada divarın və peçin dibinə bir yığın xəstəxana tör-töküntüsü 

atılmışdır.  Döşəklər,  köhnə  cırıq  xalatlar,  heç  nəyə  yaramayan  göy 

zolaqlı  köynəklər,  yırtıq  ayaqqabılar  bir  yerə  tökülmüş,  əzilmiş, 

qarışdırılmışdır, bu şeylər çürüyür və ətrafa pis qoxu yayır. 

      Gözətçi Nikita, damağında çubuq, həmişə bu tör-töküntünün üstünə 

uzanırdı;  bu,  istefaya  çıxmış  köhnə  bir  soldat  idi,  paltarına  tikilmiş 

baftaları belə saralmışdı. Üzü sərt və arıqdı, sallaq qaşları sifətini qoyun 

itinə oxşadırdı, burnu pul kimi qırmızı idi; boyu alçaq, görünüşü arıqdı, 

lakin gövdəsi zəhmli, yumruqları saz idi. O, dünyada qayda-qanunu hər 

şeydən  çox  sevən  və  ona  görə  də  bunları  döyməyin  zəruri  olduğunu 

inanan  sadədil,  icraçı  və  küt  adamlar  zümrəsinə  mənsub  idi.  O, 

adamların üzünə, döşünə, kürəyinə, hər yerinə vururdu və əmin idi ki, 

bunsuz burada qayda ola bilməz. 

      Sonra,  dəhliz  hesab  edilməzsə,  bütün  fligeli  tutan  böyük,  geniş  bir 

otağa  girirsiniz.  Otağın  divarları  çirkli  abı  rəngə  boyanmış,  tavanı  his 

çəkmişdir,  yəqin  qış  vaxtı  burada  peçlər  his  verir  və  otaqda  dəm  olur. 

İçəridən çəkilmiş  barmaqlıqlar pəncərələri  eybəcər bir şəklə  salmışdır. 

Döşəmə  bozarmış  və  köhnəlmişdir.  Otaqdan  turş  kələm,  əsgi  yanığı, 

taxtabiti və ammonyak qoxusu gəlir, bu qoxu ilk dəqiqədə sizə elə təsir 

bağışlayır ki, elə bil heyvanxanaya girmisiniz. 

      Otaqda  döşəməyə  vintlənmiş  çarpayılar  vardı.  Bu  çarpayılarda  göy 

xəstəxana  xalatı  geymiş  və  başlarına  qədim  modalı  qalpaq  qoymuş 

adamlar oturur və yatırdılar. Bunlar dəli idilər. 

      Cəmisi  beş  nəfər  idi.  Bunlardan  yalnız  biri  adlı-sanlı  idi,  qalanları 

isə  adi  meşşanlar  idi.  Qapıdan  birinci  olan  ucaboy,  arıq,  sarı  bığları 

parıldayan, ağlar gözlü meşşan, başını ovuclarına dayayıb, gözlərini bir 

nöqtəyə  zilləmişdi.  Bu  kişi  gecə-gündüz  dərdə-qüssəyə  qapılır,  başını 



yırğalayır,  ah  çəkir  və  acı  təbəssümlə  gülümsəyirdi,  söhbətdə  az-az 

iştirak  edir,  suallara  adətən  cavab  vermirdi.  Yeməyi-içməyi  də  qeyri-

ixtiyari  idi:  nə  vaxt  təklif  etsələr;  palatada  bu  pəncərədən  o 

pəncərəyədək  gəzişir  və  yanaqlarındakı  qırmızılıq  onun  vərəm 

xəstəliyinə tutulduğunu göstərirdi. 

      Onun o tayındakı çarpayıda alçaq boylu, zirək, xeyli oynaq bir qoca 

uzanmışdı,  onun  keçi  saqqalı,  zənci  saçları  kimi  qara,  qıvırcıq  saçları 

vardı.  Gündüzlər  palatada  bu  pəncərədən  o  pəncərəyədək  gəzinir,  öz 

yatağında  bardaş  qurub  oturur,  şaqraq  quşu  kimi  fit  çalır,  yavaşca 

oxuyur  və  hırıldayırdı.  Gecələr  Allaha  daha  yaxşı  ibadət  eləmək  üçün, 

yəni yumruqlarını döşünə döymək və barmaqları ilə qapını qurdalamaq 

üçün  duranda,  uşaq  kimi  şən  və  qıvraq  olurdu.  Bu,  yəhudi  Moyseyko 

idi,  iyirmi  il  bundan  əvvəl  onun  papaqçı  dükanı  yanan  zaman  başına 

hava gəlmişdi. 

      6№-li  palata  sakinlərindən  yalnız  ona  fligeldən  və  hətta  xəstəxana 

həyətindən  küçəyə  çıxmağa  izn  verilirdi.  Xəstəxanada  uzun  müddət 

qaldığına  və  dinc,  zərərsiz  bir  dəli,  bir  şəhər  təlxəyi  olduğuna  görə 

çoxdan  bəri  bu  imtiyazdan  istifadə  edirdi,  onu  daima  şəhərin 

küçələrində  başına  uşaqlar  və  itlər  toplaşmış  halda  görməyə  adət 

etmişdilər.  Əynində  xalat,  başında  məzəli  bir  qalpaq  və  ayağına  tuflu, 

bəzən  də  ayaqyalın  və  hətta  tumançaq  küçələri  dolaşır,  darvaza  və 

dükanların qarşısında durur və dilənirdi. Bir yerdə ona kvas, başqa bir 

yerdə  çörək,  üçüncü  bir  yerdə  pul  verirdilər,  beləliklə,  fligelə  həmişə 

tox  və  pullu  qayıdırdı.Gətirdiklərinin  hamısını  Nikita  əlindən  alırdı. 

Soldat bu hərəkəti çox kobud və qəsdən edərək, yazığın ciblərini çevirir 

və  Allaha  and  içirdi  ki,  bundan  sonra  cuhudu  bir  daha  küçəyə 

buraxmayacaqdır, çünki qanunsuzluq ondan ötrü hər şeydən pisdir. 

      Moyseyka  qulluq  göstərməyi  sevirdi.  Yoldaşlarına  su  verir, 

yatdıqları  zaman  üstlərini  örtür,  hərəsinə  küçədən  bir  qəpik  pul 

gətirməyi və təzə tikdirməyi vəd edirdi, sol tərəfindəki iflic qonşusuna 

qaşıqla xörək yedirirdi. Bütün bu xidmətləri yazığı gəldiyi üçün və ya 

insanpərvər  duyğular  xatirinə  deyil,  yalnız  sağ  tərəfindəki  qonşusu 

Qromovu təqlid edərək qeyri-ixtiyari ona tabe olduğu üçün edirdi. 

      Otuz  üç  yaşlı  İvan  Dmitriç  Qromov  keçmişdə  məhkəmə  pristavı, 

quberniya  katibi  olmuşdu,  nəciblərdəndi,  təqib  olunma  xəstəliyinə 

tutulmuşdu.  O,  gah  yumaq  kimi  yumurlayıd  yataqda  uzanır,  gah  da 

sanki hərəkət etmək məqsədilə, otaqda o küncdən-bu küncə gəzinirdi. O, 

həmişə  məchul,  anlaşılmaz  bir  intizarla  həyəcanlı  və  gərgin  bir 

vəziyyətdə idi. Dəhlizdə azacıq bir xışıltı və ya həyətdə bir səs eşitdimi, 


tez başını qaldırıb diqqətlə dinləməyə başlardı: onun dalınca gəlmişlər? 

Onumu  axtarırlar?  Bu  zaman  sifətində  böyük  bir  təşviş  və  ikrah  hissi 

oxunurdu. 

      Onun  mübarizədən  və  uzun  müddət  davam  edən  qorxudan  əzab 

çəkmiş  ruhunu  ayna  kimi  əks  etdirən  enli  sümüklü,  həmişə  solğun  və 

bədbəxt ifadəli üzü mənim xoşuma gəlirdi. Üzündə qəribə və xəstə bir 

ifadə  vardı.  Lakin  çöhrəsində  dərin  və  səmimi  iztirabdan  əmələ  gələn 

incə cizgilər ağıl və mərifətə dəlalət edirdi, gözlərində qaynar bir parıltı 

vardı. O, mehriban və xidmət göstərən adam olduğu və Nikitadan başqa 

hamı  ilə  gözəl  rəftar  etdiyi  üçün  mənim  xoşuma  gəlirdi.  Xəstələrdən 

biri yerə düymə, ya qaşıq salanda, cəld yerindən sıçrayır, yerə düşmüş 

şeyi  qaldırıb  yiyəsinə  verirdi.  Hər  səhər  yoldaşlarına  “sabahınız  xeyir 

olsun”, yatanda isə “gecəniz xeyrə qalsın” deyərdi. 

      Həmişə  gərgin  vəziyyətdə  olmaqdan  və  üz-gözünü  turşutmaqdan 

başqa, onun dəliliyi bir də bundan ibarətdi: bəzən axşamlar öz xalatına 

bərk-bərk  bürünür,  bütün  bədəni  ilə  əsir,  dişləri  bir-birinə  dəyir, 

çarpayıların  arası  ilə  o  küncdən-bu  küncə  gəzinirdi.  Bu  zaman  o, 

titrəmə-qızdırma  tutmuş  adama  oxşayırdı.  Gəzərkən  birdən-birə 

dayandığından  və  yoldaşlarına  baxdığından  mühüm  bir  şey  demək 

istədiyi  anlaşılırdı,  lakin  yəqin,  onu  dinləməyəcəklərini  və  ya 

anlamayacaqlarını  fikirləşib,  səbirsizliklə  başını  yırğalayır  və 

gəzinməsində  davam  edirdi.  Amma  danışmaq  arzusu  tezliklə  hər  cür 

mülahizələrə  qalib  gəlirdi  və  iradəsini  toplayıb  odlu-odlu  danışmağa 

başlayırdı. O, sayıqlayan adam  kimi hərarətlə danışırdı, sözləri qarışıq 

və  çox  zaman  anlaşılmaz  olurdu,  lakin  gözlərində  də,  səsində  də  son 

dərəcə  gözəl  bir  ifadə  duyulurdu.  O,  danışanda  onu  bir  dəli,  bir  insan 

kimi  tanımağa  başlayırsınız.  Onun  dəlilərə  məxsus  qızğın  nitqini 

kağızda  əks  etdirmək  çətin  işdir.  O,  adamların  alçaqlığından,  haqqı 

tapdalayan zülmdən, bir zaman yer üzündə bərpa olacaq gözəl həyatdan, 

hər  dəqiqə  ona  zalımların  kütlüyünü  və  amansızlığını  andıran  pəncərə 

barmaqlıqlarından  danışırdı.  Beləliklə,  köhnə,  lakin  hələ  oxunub 

qurtarmamış mahnılardan qarışıq, pozuq bir popurri əmələ gəlirdi. 

                                                

                                                      II 

  

      On  iki-on  beş  il  bundan  əvvəl  şəhərin  baş  küçəsində  tikilmiş  öz 



evində  Qromov  adlı  ağır-səngin  və  varlı  bir  məmur  yaşayırdı.  Onun 

Sergey  və  İvan  adlı  iki  oğlu  vardı.  Sergey  dördüncü  kurs  tələbəsi 

olduğu  zaman  vərəm  xəstəliyinə  tutulub  ölmüşdü;  bu  ölüm  ailəsində 


birdən-birə  dolu  kimi  yağan  bir  sıra  bədbəxtliklərin  başlanğıcı  oldu. 

Sergeyin  dəfnindən  bir  həftə  sonra  qoca  atası  saxtakarlıq  və  israf 

üstündə məhkəməyə verildi və çox keçmədən həbsxana xəstəxanasında 

yatalaqdan öldü. Ev və bütün əmlak müzaidə ilə satıldı və İvan Dmitriç 

ailəsi ilə bərabər evsiz qaldılar. 

      Qabaqlar, 

İvan 

Dmitriç 


atasının 

sağlığında 

Peterburq 

Universitetində  oxuyarkən  atasından  ayda  altmış-yetmiş  manat  xərclik 

alardı. İndi isə öz həyatını tamamilə dəyişməyə məcbur olmuşdu. Səhər 

tezdən gecə yarısınadək az bir muzdla dərs verməli, ona-buna cürbəcür 

ərizə  yazmalı  olduğu  üçün  yenə  ac-yalavac  dolanırdı,  çünki 

qazandığının  hamısını  anasına  göndərirdi.  Nəhayət,  İvan  Dmitriç  belə 

ağır yaşayışa davam gətirmədi: ruhdan düşüb xəstələndi və universiteti 

atıb  evə  qayıtdı.  Şəhərdə  qəza  məktəbinə  müəllimliyə  girdi,  lakin 

yoldaşları ilə yola getmədiyindən və şagirdlərin xoşuna gəlmədiyindən, 

tez  bir  zamanda  müəllimliyi  buraxdı.  Bir  azdan  sonra  anası  da  öldü. 

İvan  Dmitriç  altı  ayadək  işsiz  qalıb  yavan  çörək  və  su  ilə  dolanmağa 

məcbur oldu, sonra məhkəmə pristavı vəzifəsinə girdi. Xəstəliyinə görə 

qulluqdan çıxarılanadək bu vəzifədə qaldı. 

      O  heç  vaxt,  hətta  tələbəlik  illərində  belə  sağlam  adama  oxşamırdı. 

Həmişə  rəngi  sarı,  bədəni  arıq  idi,  tez-tez  soyuqlayır,  az  yeyir,  pis 

yatırdı.  Bircə  qədəh  çaxırdan  başı  gicəllənir  və  özündən  gedirdi. 

Adamlara  böyük  meyl  göstərirdi,  lakin  xasiyyətinin  tündlüyü  və 

vasvasılığı  üzündən,  heç  kəslə  isinişə  bilmirdi,  bu  səbəbə  görə  özünə 

dost qazanmamışdı. Şəhərlilərə həmişə həqarətlə baxardı, dediyinə görə, 

onların  kobud  nadanlığı  və  heyvani  yaşayışları  ona  alçaq  və  mənfur 

görünürdü. Tenor səsi ilə ucadan və qızğın danışardı, səsində narazılıq 

və  qəzəb,  yaxud  da  vəcd  və  heyrət  duyulurdu.  Onunla  nə  barədə 

danışırsan-danış,  tez  söhbəti  eyni  şeyə  çevirərdi:  şəhər  həyatı  adamı 

darıxdırır,  cəmiyyət  ali  məqsədlər  ardınca  getmir,  sönük,  mənasız  bir 

həyat  sürür,  həyatı  təcavüzlərlə,  qaba  əxlaqsızlıqla  və  ikiüzlülüklə 

boyayır,  alçaq  adamlar  tox  və  üst-başlı  olduqları  halda,  namuslu 

adamlarac-yalavac  dolanırlar;  yeni  məktəblər  açmaq,  düzgün  bir 

istiqamət  götürən  yerli  qəzet,  teatr,  qiraətxana  və  ziyalı  qüvvələrin 

birliyi  lazımdır,  cəmiyyət  öz  vəziyyətini  düşünüb  dəhşətə  gəlməlidir. 

İvan Dmitriçin insanlar haqqında mühakimələri çox kəskin və qəti idi; o 

bütün  bəşəriyyəti  namuslu  və  alçaq  adamlara  bölürdü;  ondan  ötrü  orta 

bir pillə yox idi. 

      Qadın  və  məhəbbət  haqqında  həmişə  ehtiras  və  vəcdlə  danışardı, 

lakin buna baxmayaraq ömründə bir dəfə də olsun birinə vurulmamışdı. 



      Mühakimələrinin  kəskinliyinə  və  özünün  əsəbiliyinə  baxmayaraq, 

şəhərdə  onu  sevir  və  öz  aralarında  onu  mehribancasına  Vanya 

adlandırırdılar.  Onun  fitri  nəzakəti,  xidmətkarlığı,  rəğbətliliyi,  əxlaq 

təmizliyi,  köhnəlmiş  sürtuku,  xəstə  görünüşü  və  ailə  bədbəxtlikləri 

adamda gözəl, səmimi və kədərli bir hiss oyadırdı, bir də o, yaxşı təhsil 

almış  və  çox  mütaliə  etmişdi,  şəhərlilərin  rəyincə  hər  şeyi  bilirdi  və 

şəhərdə bir növ səyyar lüğət hesab olunurdu. 

      Mütaliəyə  çox  vaxt  sərf  edərdi.  Bir  də  görürdün  ki,  klubda  oturub 

əsəbiliklə  saqqalını  didişdirir,  jurnal  və  kitabları  vərəqləyir.  Üzündəki 

ifadəsindən  anlaşılırdı  ki,  o,  bütün  bunları  sürətlə  oxuyur  və 

çeynəmədən  udur.  Mütaliə  onun  xəstə  vərdişlərindən  biri  idi,  çünki 

əlinə  keçən  hər  şeyi,  hətta  keçənilki  qəzet  və  təqvimləri  də  eyni 

acgözlüklə oxuyurdu. Evdə həmişə uzanıb mütaliə edirdi.     

 

                                                    III 



 

      Bir  dəfə  payız  səhəri,  İvan  Dmitriç  paltosunun  yaxalığını  qaldırıb, 

palçığı  şappıldada-şappıldada  döngələrdən,  həyətlərdən  keçərək,  icra 

vərəqəsi  ilə  pul  almaq  üçün  bir  meşşanın  evinə  gedirdi.  Hər  səhər 

olduğu kimi indi də ovqatı təlx idi. Döngələrdən birində dörd nəfərdən 

ibarət silahlı konvoyla dövrəyə alınmış iki nəfər ayağı qandallı dustağa 

rast  gəldi.  Qabaqlarda  İvan  Dmitriç  dustaqlara  tez-tez  rast  gələr  və 

həmişə onların halına yanardı, indi isə bu təsadüf ona xüsusi, qəribə bir 

təsir  bağışladı.  Nədənsə,  ona  elə  gəldi  ki,  birdən  onu  da  bu  dustaqlar 

kimi  qandallayıb,  palçıqlı  küçə  ilə  qazamata  apara  bilərlər.  Meşşanın 

yanından  evə  qayıdarkən,  poçtun  tinində  tanış  bir  polis  nəzarətçisinə 

rast  gəldi,  nəzarətçi  İvan  Dmitriçlə  salamlaşdı  və  küçə  ilə  bir  neçə 

addım onunla bərabər getdi, bu hal ona, nədənsə, şübhəli göründü. Evə 

gəldikdə  bütün  günü  dustaqlar  və  silahlı  soldatlar  fikrindən  çıxmadı; 

anlaşılmaz  bir  həyəcan  kitab  oxumasına  və  fikrini  cəmləşdirməsinə 

mane olurdu.Axşam lampa yandırmadı, gecə isə gözünə yuxu getmədi, 

hey  düşünürdü  ki,  onu  da  həmin  dustaqlar  kimi  qandallayıb  qazamata 

sala bilərlər. Özünü heç bir şeydə müqəssir hesab etmirdi və gələcəkdə 

də  heç  bir  kəsi  öldürməyəcəyinə,  yanğın  törətməyəcəyinə,  oğurluq 

etməyəcəyinə  əmin  idi,  lakin  bilmədən,  qeyri-  ixtiyari  cinayət  etmək 

çətindirmi,  böhtan  qurbanı  olmaq  və  nəhayət,  məhkəmədə  səhv  etmək 

mümkün deyilmi? Qoy heç kəs deməsin ki, mən dilənçi olmayacağam, 

ya  həbsxanaya  düşməyəcəyəm,  bunu  əsrlər  boyu  əldə  edilmiş  xalq 

təcrübəsi  göstərmişdir.  İndi  ki,  mühakimə  üsulunda  məhkəmə  səhvi 



mümkün olan şeydir və bunda təəccüb ediləcək bir şey yoxdur. Özgənin 

iztirabına  rəsmi, işgüzar bir  əlaqə  bəsləyən hakim, polis  nəfəri, həkim 

kimi adamlar, zaman keçdikcə gördüklərinə o qədər adət edirlər ki, bu, 

artıq adi vərdiş olur bə onlar istər- istəməz öz müştərilərinə rəsmi əlaqə 

bəsləyirlər, həmin adamlar bu cəhətdən həyətarası qoyun və dana kəsən 

və tökdükləri qanı görməyən mujikdən heç də fərqlənmirlər. Şəxsiyyətə 

rəhmsiz, formal əlaqə bəsləyəndə günahsız adamı bütün əmlakından və 

hüquqndan  məhrum  edərək,  özünü  katorqa  cəzasına  məhkum  etmək 

üçün hakimə  yalnız bircə şey lazımdır: vaxt. Bir para formal  cəhətlərə 

riayət  etmək  üçün  vaxt  lazımdır  ki,  bunun  üçün  də  hakimlərə  maaş 

verib saxlayırlar, bundan sonra isə hər şey bitdi, getdi. Sonra gəl dəmir 

yoldan  iki  yüz  vers  uzaqda  olan  bu  kiçik,  palçıqlı  şəhərdən  ədalət  və 

kömək gözlə! Hər bir zorakılıq cəmiyyət tərəfindən əlverişli bir zərurət 

kimi  qarşılandıqda  və  hər  bir  mərhəmət,  şəfqət  aktı,  məsələn,  bəraət 

hökmü  cəmiyyətdə  bir  sıra  narazılıq  və  intiqam  hisslərinə  səbəb 

olduqda, ədalət haqqında düşünmək gülünc olmazdımı? 

      Səhər  İvan  Dmitriç  yuxudan  dəhşət  içində  ayıldı,  alnını  soyuq  tər 

basmışdı,  artıq  hər  dəqiqə  həbs  edilə  biləcəyinə  əmin  olduğu  halda, 

yerindən  qalxdı.  Dünənki  ağır  fikirlər  indiyədək  onu  tərk  etmirdisə, 

demək,  bunlarda  azacıq  da  olsa  həqiqət  vardır,  -  deyə  düşünürdü.  Bu 

fikirlər adamın beyninə səbəbsiz girməzdi ki! 

      Bir  qaradovoy  tələsmədən  pəncərənin  qabağından  keçdi:  bu  əbəs 

deyildi.  Budur,  iki  nəfər  adam  da  səssiz-səmirsiz  evin  yanında  durdu. 

Bunlar niyə danışmırlar? 

      İvan  Dmitriçdən  ötrü  əzablı  gündüzlər  və  gecələr  başlandı. 

Pəncərənin  qabağından  keçən  və  həyətə  girən  adamların  hamısı  ona 

casus və polis xəfiyyəsi kimi görünürdü. Günorta çağı adətən ispravnik 

öz  qoşaatlı  faytonunda  küçədən  keçirdi;  o,  şəhəryanı  malikanəsindən 

polis idarəsinə gedirdi, lakin İvan Dmitriçə hər dəfə elə gəlirdi ki, o çox 

yeyin gedir və üzündə də xüsusi bir ifadə var: yəqin şəhərdə mühüm bir 

caninin zühur etdiyini bildirməyə tələsir. 

      İvan  Dmitriç  hər  dəfə  qapının  zəngi  çalınanda  və  ya  darvaza 

döyüləndə  diksinir  və  sahibəsinin  yanında  təzə  bir  adam  görəndə 

qorxudan  rəngi  qaçırdı,  polis  nəfərinə  və  jandarmlara  rast  gələndə 

gülümsəyir və laqeyd olduğunu göstərmək üçün fit çalırdı. O hər dəqiqə 

həbs edilə biləcəyini gözünün altına aldığı üçün gecələr yatmırdı, lakin 

ev  sahibəsinə  özünü  yatmış  göstərmək  üçün  ucadan  xoruldayırdı  və 

köksünü  ötürürdü,  axı  yatmamışsa,  demək  vicdan  əzabı  çəkir,  bu  isə 

şübhə  oyada bilər! Faktlar və  sağlam  məntiq onu inandırırdı ki,  bütün 


bu  qorxu  sarsaqlıq  və  dəlilikdir,  həbs  olunmaqda  və  qazamata 

düşməkdə  isə  dərindən  baxsan,  mahiyyət  etibarı  ilə,  heç  bir  qorxu 

yoxdur,  təki  insanın  vicdanı  təmiz  olsun;  lakin  o  nə  qədər  ağılla  və 

məntiqlə  mühakimə  edirdisə,  qəlbindəki  təlaş  daha  şiddətli  və  daha 

iztirablı  olurdu.  Bu  hal,  insan  ayağı  dəyməmiş  meşədə  guşənişin  bir 

adamın ağacları qıraraq özünə məskən düzəltmək istədiyinə oxşayır, o, 

baltasını  nə  qədər  işlədirmişsə,  ağaclar  o  qədər  sürətlə  göyərib  ətrafı 

bürüyürmüş.  İvan  Dmitriç,  nəhayət  bütün  bu  təşəbbüslərinin  əbəs 

olduğunu  görüb,  mühakimə  etməkdən  əl  çəkdi  və  bütünlüklə 

ümidsizliyə qapıldı, daimi bir qorxu içində yaşamağa başladı. 

      O, tənhalıq axtararaq adamlardan qaçmağa başladı. Əvvəllər qulluq 

etməkdən  zəhləsi  getdiyi  halda  indi  qulluq  ondan  ötrü  lap  dözülməz 

olmuşdu. O qorxurdu ki, birdən onu aldadarlar, xəbəri olmadan cibinə 

rüşvət  qoyarlar,  sonra  da  üstünü  açarlar  və  ya  bilmədən  rəsmi  idarə 

kağızlarında saxtakarlığa bərabər olan bir səhv edər, ya da özgə pulunu 

itirər.  Qəribə  burasıdır  ki,  onun  fikri  heç  bir  zaman  indiki  kimi  elastik 

və  yaradıcı  olmamışdı,  indi  o  azadlığının  və  namusunun  ciddi  təhlükə 

altında  olduğu  təlqin  etmək  üçün  hər  gün  min  cür  müxtəlif  səbəblər 

uydurub düzəldirdi. Lakin burası var ki, xarici aləmə, xüsusən kitablara 

marağı xeyli azalmış, hafizəsi zəifləmişdi. 

      Yazda  qar  əriyəndən  sonra  dərədəki  qəbiristanın  yanında  iki 

yarıçürümüş  meyit  tapmışdılar,  bunların  biri  qoca  arvad,  o  biri  oğlan 

uşağı  idi,  meyitlərdə  zorla  öldürüldüklərini  bildirən  əlamətlər  vardı. 

Şəhərdə hey bu meyitlərdən və bunları öldürənlərdən danışırdılar. İvan 

Dmitriç,  ondan  şübhələnməsinlər  deyə,  küçədə  gülümsəyə-gülümsəyə 

gəzərdi, tanışlarına rast gələndə isə bənizi ağarır rəng verib rəng alır və 

inandırmağa  başlayırdı  ki,  dünyada  zəif  və  məzlum  adamları 

öldürməkdən  daha  alçaq  bir  cinayət  ola  bilməz.  Lakin  bu  yalan  çox 

çəkmədən  onu  yordu  və  bir  az  fikirləşib  bu  qərara  gəldi  ki,  onun 

vəziyyətində  olan  bir  adam  üçün  ən  yaxşısı  ev  sahibəsinin  ərzaq 

anbarında gizlənməkdir. Anbarda bir gün, bir gecə və daha bir gün qaldı, 

bərk  dondu  və  havanın  qaralmasını  gözləyib,  oğru  kimi  anbardan 

yavaşca  çıxıb  öz  otağına  getdi.  Səhər  açılana  kimi  ətrafdakı  səslərə 

diqqətlə  qulaq  asaraq,  qımıldanmadan  otağın  ortasında  dayandı.  Səhər 

tezdən  ev  sahibəsinin  yanına  iki  nəfər  peçqayıran  gəldi,  İvan  Dmitriç 

bunların  mətbəxdə  peç  qayırmaq  üçün  gəldiklərini  bilirdi,  lakin 

qorxunun  gücündən  onları  peçqayıran  paltarı  geymiş  polis  nəfərləri 

hesab  etdi.  Yavaşca  otağından  sivişib,  qorxu  içərisində,  başı  açıq  və 

sürtuksuz küçə ilə qaçmağa başladı. İtlər onun dalınca düşüb hürüşürdü, 


arxasınca  bir  mujik  bağırırdı,  hava  qulaqlarında  vıyıldayırdı.  İvan 

Dmitriçə  elə  gəlirdi  ki,  guya  bu  saat  dünyanın  bütün  zor  və  zülmü  bir 

yerə toplaşıb onun dalınca qaçır, onu qovur. 

      İvan  Dmitriçi  tutub  evə  gətirdilər  və  ev  sahibəsini  həkim  dalınca 

göndərdilər. Haqqında irəlidə bəhs edəcəyimiz həkim Andrey Yefimıç, 

xəstənin  başına  soyuq  kompres  qoyulmasını  tapşırdı,  dəfnəgilənar 

damcısı  yazdı,  qəmli-qəmli  başını  yırğaladı  və  gedərkən  bir  daha 

gəlməyəcəyini  bildirdi,  çünki  adamların  dəli  olmasına  mane  olmaq 

lazım deyildir. Evdə yaşamağa və müalicəyə vəsait olmadığından , İvan 

Dmitriçi  tezliklə  xəstəliklər  palatasına  yerləşdirdilər.  O,  gecələr 

yatmayıb şıltaqlıq edir və xəstələrin rahatlığını pozurdu; bir azdan sonra 

Andrey Yefimıçın əmrinə görə onu 6 №-li palataya köçürtdülər. 

      Bir  ildən  sonra  şəhərdə  artıq  İvan  Dmitriçi  yaddan  çıxartdılar,  ev 

sahibəsi  tərəfindən  talvar  altındakı  xizəyə  atılmış  kitablarını  da  xırda 

uşaqlar daşıyıb apardılar. 

 

                                                   



                                                    IV 

 

      İvan  Dmitriçin  sol  tərəfindəki  qonşusu  qabaqda  dediyim  kimi, 



cuhud Moyseyko idi, sağ tərəfindəki isə - piy bağlamış, yupyumru, küt 

və büsbütün ləkəsiz çöhrəli bir mujik idi. Bu – düşünmək və hiss etmək 

qabiliyyətini  çoxdan  itirmiş,  hərəkətsiz,  qarınqulu,  murdar  heyvan  idi. 

O, həmişə ətrafa tünd boğucu bir qoxu yayırdı. 

      Onun  yan-yörəsini  sil-süpür  edən  Nikita,  yumruqlarına  rəhmi 

gəlmədən,  var  gücü  ilə  onu  döyürdü,  burada  dəhşətli  şey  onun 

döyülməsi  deyil,  buna  adət  etmək  olar,  dəhşətli  odur  ki,  bu  kütləşmiş, 

duyğusunu itirmiş heyvan, döyülməsinə nə bir səslə, nə bir hərəkətlə, nə 

də  bir  gözlərinin  ifadəsilə  cavab  verməyərək,  yalnız  ağır  çəllək  kimi 

yavaşca yırğalanırdı. 

      6  №-li  palatanın  beşinci  və  sonuncu  sakini  vaxtilə  poçtda  çeşidçi 


Yüklə 427,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin