3. Coğrafiya kabineti və meydançasında aparılan işlərin tərbiyəvi əhəmiyyəti
Plan:-1. Coğrafi mühitin yaradılmasında kabinetin əhəmiyyəti.
2. Kabinetdə və meydançada müstəqil işləməyin tərbiyəvi əhəmiyyəti.
3. Meydançada aparılan işlərin tərbiyəvi əhəmiyyəti.
Coğrafiya kabineti elə yaradıcı bir laboratoriyadır ki, şagirdlərin marağına səbəb olur. Şagirdlər uşaq olduqlarından daima maraq kəsb etdikləri yerə can atırlar. Bu səbəbdən də məktəblərdə coğrafiya kabinetinin yaradılması ilə şagirdlərin diqqətini cəlb etməyə şərait yaratmaq zəruridir. Kabinet adi bir otaq çərçivəsindən çıxıb yaradıcı laboratoriya kimi fəaliyyət göstərdikdə, şagirdlər də burada yaratmağ can atırlar. Kabinet yaratmaqla coğrafiya müəllimləri şagirdləri cəlb etməyə şərait yaradacaq coğrafi mühiti yaratmış olurlar. Coğrafi mühit şagirdləri əvvəlki tədris olunmuş fənnin ab-havasından xilas olmağa, yeni bir ruha köklənməyə şərait yaradır.
Coğrafi mühitin yaradılmasının şagirdlərə pedaqoji və psixoloji təsiri olduqca böyükdür. Coğrafi biliklərin tədrisi şagirdlərin şəxsiyyətyönümlü tərbiyə olunması ilə yanaşı, həm də onların psixologiyasına birbaşa təsir edir. Əgər şagirdlər coğrafi bilikləri öyrənməklə gələcək şəxsi həyatlarında onlardan öz fəalliyyətləri zamanı istifadə etmək bacarığı əldə edirlərsə, eyni zamanda da kainat haqqında təsəvvürlərə yiyələnirlər. Coğrafi hadisələri təxəyylündə canlandırmağı, orada baş verən prosesləri dərk etməyi və qanunauyğunluqları analiz etməyi öyrənirlər. Şəxsi fəaliyyətlərində ətraf aləmdən kor-koranə deyil, düşüncə ilə istifadə edirlər. Eyni zamanda təbiətə mühafizəkarcasına yanaşmağı anlayırlar. Coğrafiya kabinetində planlaşdırılmış şəkildə qurulmuş təlim prosesi zamanı şagirdlər tapşırıqların icrasına yaradıcı yanaşırlar.
Coğrafiya meydançası elə bir məkandır ki, açıq məhəldə şagirdlərin diqqətini təlimə yönəltmək sinif şəraitindən çətin olur. Meydançada daha çox sərbəstlik hiss edən şagirdləri təlimə yönəltmək o qədər də asan deyil. Lakin şagirdlərin işini planlaşdırdıqda və hər bir şagird nə edəcəyini əvvəlcədən tərk etdikdə, onların diqqətini səfərbər edib təlimə yönəltmək asanlaşır. Coğrafiya meydançasında müxtəlif ölçmə işlərini aparmağı, müşahidələri yerinə yetirməyi, cihazların göstəricilərini qeyd etməyi, ətrafda baş verən hadisələri müşahidə etməyi, əraziyə tədqiqatçı gözü ilə baxmağı öyrənən şagirdlər tədqiqatçıya çevrilirlər. Nəzəri biliklərini birbaşa paraktikaya tətbiq etməyi həyata keçirirlər və bu iş onlar üçün əyləncəli, olduqca maraqlı olur.
Müasir dövrdə təlimin forma və məzmununun dəyişdirilməsi, müasir tələblərə uyğunlaşdırılması və biliyin müstəqil mənimsənilməsinin təmin edilməsi tədris prosesində şagirdləri tədqiqatçıya çevirməyi tələb edir. İstər coğrafiya kabinetində və istərsə də coğrafiya meydançasında aparılan işlərin də əsas qayəsi məhz şagirdlərin tədqiqatçıya çevrilməsini təmin edir. Verilmiş tapşırığa əsasən dərslikdən, atlasdan, kabinetdə olan elmi ədəbiyyatlardan və internetdən
informasiyaların alınması şagirdin biliyi müəllimin köməyi olmadan əldə etməsinə şərait yaradır. Şagird ədəbiyyatlardan, internet resurslarından və xəritələrdən istifadə edir, özünə lazım olan informasiyanı axtarır. Onun bu axtarışı müstəqil olduğundan əldə etdiyi biliyi də müstəqil mənimsəmiş olur. Belə mənimsənilmiş bilik daha yaxşı yadda qalır. Şagird isə elmin müstəqil əldə etməyin üsullarını öyrənir. Coğrafiya meydançasında isə daha əhəmiyyətli işlərə cəlb olunur. Müxtəlif alətlərdən və cihazlardan istifadə etmək bacarığı əldə edir. Müstəqil müşahidlər aparır, aldığı göstəriciləri statistik şəklə salır, zaman kəsiyində hadisələrin gedişindəki dəyişikliklərə aydınlıq gətirir, əvvəlki və sonrakı göstəriciləri analiz edir, qanunauyğunluqları araşdırır. Şagirdlərin bu istiqamətdə müntəzəm apardıqları işlər onları tədqiqatçıya çevirir. Bacarıqları vərdişə çevrilir. Şagirdlərin tədqiqatçıya çevrilməsi yaradıcı təfəkkürünün inkişafı ruhunda tərbiyə edilməsində olduqca böyük əhəmiyyət kəsb edir. Təlim prosesində coğrafi biliyi daima müstəqil əldə edən şagirdlər şəxsiyyətyönümlü tərbiyə olunurlar.
İstər coğrafiya kabinetində və istərsə də coğrafiya meydançasında işlərin aparılması üçün müəllim ilk öncə kurslar üzrə mövzuların xarakterik xüsusiyyətlərini araşdırmalıdır. Hansı mövzunu necə planlaşdırmağın üsullarını bilməklə yanaşı, kabinetdən və coğrafiya meydançasından necə istifadə etməyin metodlarını lazımı səviyyədə bilməklə yanaşı, istifadə qaydalarını şagirdlərə də öyrətməyin yollarını bilməlidir. Kabinetdə və meydançada yerləşdirilmiş bütün avadanlıqlarla işləməyi bacarmalı və onlardan istifadə qaydalarını tapşırıqların icrası prosesində şagirdlərə öyrətməlidir.
Əgər müəllim atmosfer üzərində müşahidələri təşkil edirsə, bu zaman kabinetdə müşahidənin göstəricilərini müntəzəm özündə əks edən stend yerləşdirilməlidir. Belə ki, aylar üzrə cədvəl tərtib edilir və cədvəldə atmosferin tipləri göstərilir. Hər gün cədvəldə atmosferin tiplərinin göstəriciləri qeyd edilir. Bu işləri müəllim başlayır və növbəti günlərin göstəricilərini sıra ilə qeyd etməyi şagirdlərə həvalə edir. Qeydlərin aparılmasını müntəzəm olaraq izləyir. Bütün şagirdlər müşahidənin aparılmasında və kabinetdəki cədvəldə qeyd edilməsində iştirak edir. Bu iştirak hər gün şagirdləri atmosferi müşahidə etməyə sövq edir və eyni zamanda yoldaşlarının işinə nəzarət etməyə təhrik edilirlər. Nəticədə şagirdlər təbiət hadisələri üzərində müşahidə aparmağa cəlb olunurlar və müşahidə bacarığı qazanırlar. Şagirdlərin hazırladıqları müxtəlif referatları kaninetdə sərgiləndikdə və digər sinif şagirdləri onlarla tanış olduqda, referat hazırlayan şagirdlərə yeni müstəqil işlərin yerinə yetirilməsi üçün sitimul verir. Belə şagirdlər təlim prosesinə daha yaxşı adaptasiya olunurlar. Tapşırıqları həvəslə və müntəzəm icra etmək ruhunda tərbiyə olunurlar.
Dostları ilə paylaş: |