4. Aristofan komediyanın banisi kimi
Qədim Yunanıstanda komediya tragediyaya nisbətən daha gec inkişaf etmiş, formalaşmışdır. İlk vaxtlarda adi məişət və ənənə mahnıları şəklində Dionis şənliklərinin tərkibinə daxil olan komosodaların tamaşaya qoyulması işi xeyli çətin idi. Qədim «attik komediya» (b.e.ə.V ə.) özünəməxsus bir sıra xüsusiyyətlərə malik idi.
Komediya növünün mənşəyi və yaranması haqqında bir çox alimlər (məs. Herodot, Ksenefond və b.) müxtəlif fikirlər irəli sürmüşlər.
Bu bir həqiqətdir ki, qədim Yunanıstanın hakim təbəqələri komediya növünün inkişaf imkanlarını məhdudlaşdırmağa çalışmışlar. Elə buna görə də bu janr tragediyaya nisbətən daha gec və az inkişaf etmişdir. Bunun əsas səbəbi komediyanın tənqid, satira və yumor kimi təsvir vasitələrinə əsaslanmasıdır. Qədim yunan komediyalarında çox zaman hakim təbəqələr, qul sahibləri, tiranlar tənqid atəşinə tutulurdu. Buna görə də hakim təbəqələr komediya müəlliflərini və korifeyləri təqib edirdi. Hətta komediya müəllifləri üçün bəzi şərtlər də müəyyənləşdirilmişdir. Beləki, cavanların yazdığı komediyalar teatrda tamaşaya qoyulmurdu. Əxlaqi görüşləri möhkəm olmayan adamlara komediya yazmaq və komediya tamaşaları təşkil etmək qadağan idi. Yalnız yerli müəlliflərin komediyaları tamaşaya qoyulurdu. Komediya müəllifləri çətin və əziyyətli həyat keçmişlər. Onlar təqib və təhqir edilir, onlara əziyyət verilirdi. Bunun nəticəsidir ki, komediya tragediyaya nisbətən daha gec və daha tədricən inkişaf etmişdir. Yunan komediyalarından bizə çox az nümunələr gəlib çatmışdır. Buna baxmayaraq əldə olan nümunələr qədim komediya haqqında bəzi qənaətə gəlmək olar.
Qədim Yunanıstanda komosodaların özünəməxsus xüsüsi ifaçısı, xor dəstəsi, korifeyləri, iştirakçıları olurdu. Komosodalarda xorun iştirakçıları heyvanat aləmini - keçi, arı, at, quş, qurbağa və sairəni təmsil edən paltarlar geyirdilər.
E.ə.IV əsrə qədərki komosoda artistləri xüsusi geyim formasından istifadə edirdilər. (Yekəqarın, gülməli-karikatura şəkilli maska).
Yunan teatrında komediya tamaşalarının xüsusi təşkilət və tərtibat qaydası mövcud idi. Komediya tamaşalarında xorun iştirakçıları 24 nəfərdən ibarət olurdu. Xor səhnədə 6 nəfər olmaqla 4 sıra düzülürdü. Bütün rolları kişilər ifa edirdilər. Komediya tamaşalarını xüsusi komediya aktyorları oynayırdı. Tragediya tamaşalarında olduğu kimi komediya tamaşalarında da üç aktyor qanununa riayət edilirdi. Komediya tamaşalarında da aktyorlar səhnəyə maska ilə çıxırdılar. (Qədim Yunanıstanda komediya maskalarının Kim tərəfindən yarandığı bizə məlum deyil.) Lakin komediya maskaları tragediya maskalarından tamamilə fərqli idi. Komediya aktyorlarından daha çox cəldlik, çeviklik tələb edilirdi.
Qədim Yunanıstanda Suzario, Epixarn, Kratin, Frinix, Evpolit kimi bir sıra komediya müəllifləri yaşamışlar.
Yunan komediyasını və komediya teatrını dünya miqyasında tanıdan Aristofan (446-385) olmuşdur.
F.Engels Aristofanı «yunan komediyasının atası» adlandırmışdır.
Aristofanın atası torpaq sahibi olmuşdur. Aristofanın yaradıcılığı Peloponnes müharibələri illərinə təsadüf etmiş və bu müharibələr onun yaradıcılığına təsirsiz qalmamışdır.
Aristofan gənclik illərində konservativ partiyanın üzvü olmuş və bir konservator kimi açıqdan-açıqa müharibə əleyhinə çıxış etmiş, «Axarnianlar», «Lisistrata», «Sülh», «Qadınlar Fesmofori bayramında» kimi komediyalarında müharibəni, müharibə qızışdıranları və müharibənin cəmiyyət üçün zərərli cəhətlərini cəsarətlə tənqid etmiş, satira atəşinə tutmuşdur.
«Qurbağalar» əsəri Aristofanın teatr və dramaturgiya haqqındaki fikirlərini öyrənmək üçün maraqlı material verir. Bu komediyasında Aristofan teatrın tərbiyəvi əhəmiyyətini əsas bir məsələ kimi irəli sürür. O, səhnə naturalizmin əleyhinə çıxır, səhnə dilinin təmizliyini müdafiə edir, teatrda və dramaturgiyada söyüş və nalayiq sözlərin işlədilməməsini istəyirdi. Aristofan səhnə dilinə, dialoqlara ciddi fikir verirdi.
Bir dramaturq kimi Aristofan qədim teatr tarixində görkəmli yerlərdən birini tutur.
Aristofanın komediyaları siyasi komediyalardır. Aristofan öz komediyalarında komizmin bütün növlərindən və vasitələrindən ustalıqla istifadə etmişdir.
Aristofanın bizə gəlib çatmış 11 komediyası (o, cəmi 44 komediya yazmışdır) həm müəllifin özü, həm qədim yunan komediyasının quruluşu, həm də o dövrdəki komediya teatrı haqqında müəyyən mülahizələr söyləmək imkanı verir. Aristofanın bizə qədər gəlib çatmış komediyaları bunlardır:
«Axarnianlar» (425-ci ildə Leney bayramında tamaşaya qoyulmuş və birinci mükafata layiq görülmüşdür),
«Atlılar» (424),
«Buludlar» (423),
«Arılar» (422),
«Sülh» (421),
«Quşlar»(414-cü ildə tamaşaya qoyulub, ikinci mükafat alıb),
«Lisistrata» (411),
«Qadınlar Fesmofori bayramında» (411),
«Qurbağalar» (405),
10. «Qanunverici qadınlar» (392),
11. «Dövlət» (388)
Aristofanın əsərlərində bufflar əsas yer tutur. Onun komediyalarında geyim dəyişmək, zarafat nəğmələri, dalaşma, komik rəqs kimi gülüş vasitələrindən istifadə edilmişdir. Aristofanın komediyaları adi Afina xalq dilində yazılmışdır. Aristofan öz komediyalarında neoloji, jarqon sözlərini məharətlə işlətmişdir.
Ümumiyyətlə, Aristofanın komediyalarında aktyor sənəti üçün çox geniş material vardır. Bu komediyalar o qədər zəngin və maraqlıdır ki, onları indi də tamaşaya qoyurlar.
Dostları ilə paylaş: |