Mövzu: Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “azadlıqdan ömürlük məhrum etmə” cəzasının qadınlar üçün nəzərdə tutulmaması və bərabərlik hüququ.
Bərabərlik hüququnun anlayışı və xüsusiyyətləri.
Bir cəmiyyət modeli kimi əmək vasitəsilə öz fərdlərinin tələbatlarını təmin edən və siyasi-hüquqi cəhətdən müəyyən inkişaf mərhələsində olan insan birliyi forması vətəndaş cəmiyyəti sayılır. Vətəndaş cəmiyyətinin təməlini şəxsi mülkiyyət, maraqlar birliyi və vətəndaşların qanunla təsbit edilmiş bərabərliyi, insanın təsadüflərdən qorunması təşkil edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra hüquqi dövlətin əsas təməl prinsipləri müəyyən edildi və siyasi, iqtisadi, mənəvi əsasları gerçəkləşdi. Qanunların aliliyi, vətəndaşların hüquq və azadlıqlarının reallığı dövlətin və şəxsin qarşılıqlı cavabdehliyi, qanunların yerinə yetirilməsinə səmərəli nəzarətin mövcudluğu prinsipləri həyata keçdi.
Vətəndaş cəmiyyətinin təməl prinsiplərindən biri də hamının qanun və ədalət qarşısında bərabərlidir. Hansı ki, bu, Azərbaycan Respublikasının Konstitusiyasında də əksini tapıb. Ali qanunumuzun “Bərabərlik hüququ” adlanan 25-ci maddəsində göstərilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.
Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
Bərabərlik hüququ vətəndaş cəmiyyəti mövcud olan, hüquqi dövlət qurulan bütün ölkələrdəmahiyyətcə eyni mənaya malikdir. O insanların hansısa bir təbii cəhətinə görə fərləndirilməsini qəbul etmir, insanları cinsi, milli, dini, irqi və digər xüsusiyyətlərinə baxmayaraq bərabərləşdirir. “Hüquq bərabərliyi” və “ayrı-seçkilik” anlayışları II dünya müharibəsindən sonra yeni mahiyyət kəsb etməyə başlayıb. Beynəlxalq ictimaiyyət bu məsələlərə daha həssas yanaşır.
Dostları ilə paylaş: |