Azərbaycan, Bakı şəhəri,
Azadlıq pr.132/3, AZ 1106
Tel:(994 12) 440-17-67
e-mail:ldemocracy@yahoo.com
|
|
Azerbaijan, Bakı city
132/3 Azadlıq ave, AZ 1106,
Tel: (994 12)440-17-67
e-mail:ldemocracy@yahoo.com
|
AZƏRBAYCAN RESPUBLİKASI
BƏZi BƏLƏDİYYƏLƏRƏ TƏKRAR, ƏLAVƏ VƏ YENİ SEÇKİLƏR
30 noyabr 2011-ci il
“DEMOKRATİYANI ÖYRƏNMƏ” İCTİMAİ BİRLİYİNİN
SEÇKİLƏRİN MÜŞAHİDƏSİNƏ DAİR
YEKUN HESABATI
Bakı, Dekabr 2011-ci il
MÜNDƏRİCAT
Ümumi məlumat
|
3
|
“Demokratiyanı Öyrənmə” İctimai Birliyi haqqında
|
4
|
30 Noyabr seçkilərinə hazırlıq
|
5
|
Namizədlərin irəli sürülməsi və qeydiyyatı
|
6
|
Təşviqat kampaniyası
|
7
|
Seçki günü
|
8
|
Seçkilərin nəticələri
|
10
|
Nəticələr
|
11
|
-
ÜMUMİ MƏLUMAT
30 noyabr 2011-ci il bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərinin 23 dekabr 2009-cu il Azərbaycan Respublikasının Bələdiyyə seckilərindən sonra bəzi bələdiyyələr üzrə nəticələrin etibarsız hesab edilməsi, eləcə də bəzi bələdiyyələrdə sıradan çıxmış bələdiyyə üzvlərinin yerlərinin tutulması zərurətindən yaranmışdı. Həmin seçkilər 1718 bələdiyyə üzrə keçirilmiş, seçkilərin nətisəsində 1709 bələdiyyə formalaşdırılmışdı. Qalan 9 bələdiyyə ilə bağlı seçkilərin nəticəsi etibarsız hesab edilmiş, həmin vaxtdan indiyədək isə 1 bələdiyyədə üzvlərin sayı 2/3-dən aşağı düşmüşdü. Daha 320 bələdiyyədə isə vəfat etmiş və ya səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş bələdiyyə üzvlərinin yerləri boşalmışdı.
23 dekabr 2009-cu il seçkiləri yerli müstəqil müşahidəçilər tərəfindən seçki qanunvericiliyinin pozulması ilə xarakterizə olunan və seçkilər üzrə beynəlxalq standartlara cavab verməyən seçkilər kimi qiymətləndirilmişdi. Seçkilər əlverişsiz seçkiqabağı siyasi mühitdə, bütün siyasi qüvvələrin iştirakı üçün bərabər imkanların mövcud olmadığı, xususən də sərbəst toplaşmaq azadlığı, siyasi fəaliyyət imkanları, söz və mətbuat azadlığının məhdudlaşdırıldığı bir şəraitdə baş tutmuşdu. Namizədlərin irəli sürülməsi və seçkiqabağı təşviqat kampaniyası namizədlərin siyasi mənsubiyyətinə görə qoyulan ciddi ayrıseçkiliklə müşayiət olunmuşdu. Seçkilərə onsuz da az sayda namizədlərlə qatılan müxalifət partiyalarının namizədlərinin xeyli hissəsinin də qeydə alınmaması səbəbindən seçkilər, demək olar ki, rəaqbətsiz və alternativsilik şəraitində baş tutmuşdu. Bunun əksinə, həm qeydiyyat, həm də seçkiqabağı təşviqat mərhələsində hakim partiyanın namizədlərinin xeyrinə inzibati resurslardan istifadə halları kütləvi xarakter daşımışdı. Məntəqə və dairə seçki komissiyaları seçki günü əsasən yerli icra hakimiyyəti orqanlarının birbaşa və ya dolayısı nəzarəti altında fəaliyyət gostərdiyi qeydə alınmışdı. Seçki günü səsvermə, səslərin sayılması və seçki məntəqələri üzrə seckilərin yekunlarının protokollaşdırılması prosesində seckilərin nəticələrinə ciddi təsir gostərəcək kutləvi qanun pozuntuları müşahidə edilmişdi. Seçici fəallığı rəsmi məlumatlara görə, 32 faiz göstərilsə də, bu rəqəmin şişirdilmiş olması haqda ciddi şübhələr var idi. Seçkiqabağı dövrdə, seçki günü və ondan sonrakı mərhələdə seckilərin nəticələrinə dair MSK və məhkəmələrə daxil olmuş şikayətlərin araşdırılması qənaətbəxş olmamışdı. Ümumilikdə isə həmin seçkilər yerli müşhidəçilər tərəfindən azad, ədalətli və demokratik olmayan, seçicilərin həqiqi iradəsini ifadə etməyən seçkilər kimi qiymətləndirilmişdi.
Mərkəzi Seçki Komissiyası 29 sentyabr 2011-ci il tarixli qərarı ilə seçkiləri 30 noyabr 2011-ci ilə təyin etdi və təqvim planını təsdiq etdi. Seçkilərin 330 bələdiyyə üzrə 464 yerə keçiriləcəyi elan olundu. Beləliklə 9 bələdiyyə üzrə təkrar seçkilər, 1 bələdiyyədə əlavə seçkilər, qalan 320 bələdiyyə ərazisində isə yeni seçkilər keçirilməli idi. Seçki keçiriləcək məntəqələrin sayı 1169, bələdiyyələr üzrə səsvermə hüququ olan vətəndaşların sayı isə 1 155 864 nəfər idi.
30 Noyabr seçkiləri ölkədə fikir azadlığı və sərbəst toplaşma azadlığı kimi siyasi hüquqların məhdudlaşdırıldığı şəraitdə keçirildi. Bundan başqa bir sıra amillər də əvvəlcədən seçkilərə ictimai marağın az olacağı haqqında qənaətlər formalaşdırmışdı. Bu amilləri qısaca aşağıdakı kimi sıralamaq olar:
-
son illərdə keçirilən seçkilərin nəticələrinin saxtalaşdırılması və seçicilərin iradəsini əks etdirməməsi səbəbindən əhalinin seçki institutuna inam və etimadını itirməsi;
-
seçkilərin ölkənin bəzi bələdiyyələrini əhatə etməsi, böyük əksəriyyətində isə mübarizənin bələdiyyə tərkibinin tam seçilməsi üçün deyil, 1-3 yer uğrunda keçirilməsi;
-
bələdiyyələrin effektiv yerli idarəetmə orqanına çevrilə bilməməsi, icra hakimiyyətlərindən tam asılılığı və əhali arasında qeyri-populyar olması;
-
əsas siyasi qüvvələr tərəfindən idarəetmə strukturunda heç bir əhəmiyyəti olmayan bələdiyyələr uğrunda siyasi mübarizənin gərəksiz hesab edilməsi.
-
“DEMOKRATİYANI ÖYRƏNMƏ” İCTİMAİ BİRLİYİ HAQQINDA
“Demokratiyanı Öyrənmə” İctimai Birliyi (DÖİB) 15 mart 2006-cı ildə dövlət qeydiyyatına alınmış yerli qeyri-hökumət təşkilatıdır. Təşkilatın əsas məqsədi Azərbaycanda vətəndaşların demokratik bilik və bacarıqların artırılması, vətəndaş cəmiyyətinin gücləndirilməsi və seçki praktikasının təkmilləşdirilməsinə dəstək verməkdir. (Təşkilat haqqında daha ətraflı məlumat üçün bax: www.dlpu-az.org)
Yarandığı ilk dövrlərdə seçki praktikasının təkmilləşdirilməsi sahəsində DÖİB-in əsas fəaliyyəti seçicilərin maarifləndirilməsi olmuşdur. Son 3 ildə isə təşkilat bu sahədə fəaliyyətini genişləndiməklə yerli bitərəf müşahidəçilərin hazırlanması və seçkilərin müşahidəsini özünün əsas vəzifələri sırasına daxil etmişdir. Demokratiyanı Öyrənmə İB ATƏT-in Bakı ofisi ilə əməkdaşlıq edərək 2009-cu il bələdiyyə seçkiləri, 2010-cu ildə AR Milli Məclisinə seçkilər və son olaraq 30 noyabr 2011-ci il bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə yerli bitərəf müşahidəni təşkil etmişdir.
“Demokratiyanı Öyrənmə” İB ATƏT-in Bakı ofisinin dəstəyi ilə həyata keçirdiyi “2009-cu il bələdiyyə seçkiləri üçün yerli bitərəf müşahidəçilərin hazırlanması” layihəsi çərçivəsində seçki günü üzrə müşahidəni həyata keçirib. Layihə çərçivəsində 110 yerli müşahidəçi üçün seçki günü müşahidənin aparılması üzrə təlimlər keçirilib, 17 seçki dairəsi üzrə, ümumilikdə 150 seçki məntəqəsində seçki gününün müşahidəsi təşkil edilib. Toplanmış məlumatlar əsasında seçki gününün müşahidəsinə dair hesabat1 hazırlanaraq ictimaiyyətə təqdim edilmişdir.
DÖİB 7 noyabr 2010-cu il parlament seçkilərində 24 uzunmüddətli müşahidəçi (UMM) və 150 qısamüddətli müşahidəçi (QMM) hazırlayıb və onlarla əməkdaşlıq edərək seçkilərin müşahidəsini aparıb. Müşahidəçilərin hazırlanması üçün təlimlərin keçirilməsi ATƏT-in Bakı ofisinin dəstəyi ilə təmin edilib. Müşahidəçilər zəruri müşahidə sənədləri ilə təmin ediliblər. Müşahidəçilərə müvafiq seçki komissiyalarında akkreditasiya olunmaları üçün texniki dəstək verilib. Uzunmüddətli və seçki gününü müşahidəsi əsasında toplanan məlumatlara əsasında seçkilərin yekunlarına dair hesabat2 hazırlanmışdır.
Təşkilat 30 noyabr bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin yerli bitərəf müşahidəsini həyata keçirən yeganə qurum olaraq 33 bələdiyyəyə (seçki keçiriləcək bütün bələdiyyələrin 10 faizi) seçkiləri müşahidə etmişdir. Bunun üçün 50 müşahidəçi hazırlanmış, zəruri seçki müşahidə sənədləri ilə təmin edilmiş və onların seçki komissiyalarında akkreditasiyadan keçməsinə texniki yardım göstərilmişdir. DÖİB həmçinin 5 uzunmüddətli müşahidəçi vasitısilə seçilmiş bələdiyyələr ərazisində namizədlərin qeydiyyatı mərhələsini qismən müşahidə edə bilmiş və seçkiqabağı təşviqat kampaniyasının gedişatı haqqında da məlumatlar toplamağa çalışmışdır.
-
30 NOYABR SEÇKİLƏRİNƏ HAZIRLIQ
Seçki Məcəlləsinə uyğun olaraq, seçkilərə 60 gün qalmış MSK seçki hərəkətlərinə start verdi. MSK 30 noyabr seçkilərinə ötən seçkilərdən sonra istər seçki qanunvericiliyində, istərsə də seçkilərin idarə olunması praktikasında hər hansı dəyişikliklər etmədən başladı. Ciddi pozuntularla müşayiət olunan 2009-cu il bələdiyyə seçkiləri və 2010-cu il parlament seçkilərinin yekunlarına dair yerli və beynəlxalq seçki müşahidəçilərinin rəyləri, xüsusilə ATƏT-in müşahidə missiyasının öz yekun hesabatında qeyd etdiyi tövsiyyələrlə bağlı heç bir tədbir görülmədi.
Yalnız bir sıra aşağı seçki komisiyalarının tərkibində cari dəyişikliklər istisna olmaqla komissiyaların formalaşdırılması sahəsində də təsirli addımlar atılmadı. Ancaq bu dəyişikliklər zamanı da pozuntulara yol verildiyi aşkar edilmişdi. 2010-cu il parlament seçkilərindən sonra parlamentdə təmsil olunan siyasi qüvvələrin tərkibinə uyğun olaraq seçki komissiyaları da yenidən formalaşdırılmalı idi. Lakin parlamentin yeni tərkibində partiyaların düzülüşü əvvəlki çağırışdan ciddi fərqlənmədiyinə görə komissiyaların yenidən formalaşdırılması prosesi də ictimai diqqətdən kənarda qalmışdı. Bu məsələdə sükutu Naxçıvan Muxtar Respublikası üzrə dairə seçki komissiyalarında təmsilçilik hüququnun reallaşdırılmasına qanunsuz olaraq imkan verilməməsindən şikayətlənən ``Ümid`` partiyası pozdu. Hələ seçkilərə start verilməmişdən öncə parlamentdə azlıqda olan ``Ümid`` Partiyası aşağı seçki komissiyalarının formalaşdırılması ilə bağlı qanun pozuntularına yol verildiyi haqda açıqlamalarla çıxış etmişdi. Partiya aşağı seçki komissiyalarının formalaşdırılması prosesinə MSK katiblərindən biri M. Rəhimov və yerli icra strukturları tərəfindən qanunsuz müdaxilələrin olmasından şikayətlənirdi. Hazırda həmin məsələ ilə bağlı partiyanı MSK-da təmsil edən Akif Qurbanovun MSK-ya qarşı iddia ərizəsi məhkəmə icraatındadır. Mətbuatda həmçinin MM-də azlıqda olan partiyalara komissiyalarda ayrılmış yerlərə təmsilçilərin hakim partiya və yerli icra strukturları tərəfindən təyin edilməsi haqda xəbərlər də yer almışdı.
Mərkəzi Seçki Komissiyasının (MSK) seçici siyahılarının cari yenilənməsi işini qanunvericilikdə nəzərdə tutulduğu kimi may ayının 30-na kimi başa çatdırıldığını açıqlamışdı. Seçkilərə start verildikdən sonra “Seçkilər” İnformasiya Mərkəzinin (İM) saytında seçkilər keçiriləcək bələdiyyələr üzrə məntəqələr və seçicilərin siyahısı yerləşdirilmişdi.
-
NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSI VƏ QEYDİYYATI
Seçki təqviminə uyğun olaraq bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanıldı. Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.
Bu seçkilərdə siyasi qüvvələr partiya şəklində iştirak etmədilər. Namizədlər fərdi qaydada irəli sürülmüşdü. Müxalifət partiyaları seçkilərin azad və demokratik keçirilməsi ehtimalının olmadığına, bələdiyyələrin statusunun bu orqanların yerli hakimiyyət orqanı kimi səmərəli fəaliyyətinə imkan vermədiyinə və bu seçkilərdə iştirakın heç bir siyasi əhəmiyyət daşımamasıına görə seçkilərə qatılmayacağını bəyan etmişdi. Seçkilərə hazırda parlamentdə təmsil olunan 9 siyasi partiyanı təmsil edən və fərdi qaydada irəli sürülmüş namizədlər, eləcə də bitərəf namizədlər qatılmışdı.3
Rəsmi məlumatlara görə, ümumilikdə 1622 nəfər DSK-larda imza vərəqələri götürmüşdü. 86 seçki dairəsində 330 bələdiyyə üzrə 1567 nəfərin namizədliyi qeydə alınmışdı. Lakin sonradan onlardan 16 nəfərinin namizədliyini geri götürdüyü, daha 2 nəfərin isə vəfat etdiyi elan olunmuşdu. Beləliklə seçki günü 1549 namizəd seçki yarışını davam etdirirdi. Qeydə alınmış namizədlərin 305 nəfəri (19,69%) qadınlar olub. Namizədlərin 673 nəfəri (43,45%) ali, 605 nəfəri (39,06%) orta, 265 nəfəri (17,11%) orta ixtisas, 6 nəfəri isə (0,38%) natamam ali təhsilli idi.
İmzatoplama kampaniyası və namizədlərin qeydiyyatı mərhələsi həyacansız, namizədlərin və təşəbbüs qruplarının xüsusi fəallığı olmadan keçdi. Ümumiyyətlə, müşahidələr onu göstərib ki, əksər bələdiyyələr üzrə irəli sürülmüş namizədlər yerli büdcə təşkilatlarında çalışan şəxslər olub ki, bu da sadəcə alternativlik görüntüsü yaratmaq məqsədi güdüb. Hətta belə namizədlərin qeydiyyat sənədlərinin hazırlanması işinin bilavasitə DSK-lar tərəfindən təşkil olunması haqqında məlumatlar daxil olub. Məhz bu səbəbdəndir ki, DÖİB müşahidəçiləri həmin namizədlərdən seçki prosesinin bütün mərhələləri ilə bağlı məlumatlar əldə edə bilməyiblər.
Ümumilikdə isə hər hansı namizədin qeydiyyatından imtina olunması və bununla bağlı yuxarı seçki orqanlarına şikayətlərin verilməsi ilə bağlı ``Demokratiyanı Öyrənmə`` İB-nə məlumat daxil olmamışdı. Yalnız təkrar seçkilər keçirilən bir neçə bələdiyyədə qeydə alınmış ayrı-ayrı namizədlər az müddət keçməmiş namizədlikdən imtina etmələri barədə DSK-lara ərizə vermələri diqqət çəkmişdi.4 Bu haqda həmin şəxslərdən konkret məlumatlar əldə etmək mümkün olmasa da, onların imtina ərizələrini yerli icra hakimiyyətinin ayrı-ayrı vəzifəli şəxslərinin təzyiqi ilə yazdıqları haqda məlumatlar var idi.
-
TƏŞVİQAT KAMPANİYASI
Seçkiqabağı təşviqat kampaniyasının seçki təqviminə uyğun olaraq 7 noyabr 2011-ci ildə başladığı və 29 noyabr 2011-ci ilədək davam etdiyi açıqlanmışdı. Bələdiyyə seckiləri uzrə təbliğat-təşviqat kampaniyası kutləvi informasiya vasitələri vasitəsilə, çap, audiovizual və digər seçkiqabağı təşviqat materiallarının buraxılması vasitəsilə, həmcinin kutləvi tədbirlərin kecirilməsi vasitəsilə həyata keçirilə bilərdi.
Bu seçkilərdə siyasi partiyalar və ya bloklar iştirak etmədiyindən, təşviqat yalnız qeydə alınmış namizədlər tərəfindən aparıla bilərdi. Lakin müşahidə aparılmış əksər bələdiyyələrdə namizədlər seçicilərin səslərini qazanmaq və özlərini təqdim etmək üçün minimum cəhdlər belə göstəmədilər. Demək olar ki, seçkiqabağı təşviqat tədbirləri keçirilmədi. Bir neçə namizəd istisna olmaqla5 ayrı-ayrı namizədlərin təşviqat plakatlarına rast gəlinməmişdi. Yalnız təkrar seçki keçirələcək bələdiyyələrdə isə qeydə alınmış namizədlər seçicilərlə fərdi görüşlər keçirib, onlara namizədlərdən bir qrupunun adı olan siyahılar paylamışdılar.6 Namizədlərin böyük bir qisminin seçki prosesinə şəxsi istəkləri olmadan, alternativlilik görüntüsü yaratmaq məqsədilə cəlb edildiyi açıq-aşkar hiss edilirdi.
Beləliklə, bütövlükdə seçkiqabağı təşviqat hissolunmadan, yarış və rəqabət mühitinin yoxluğu şəraitində keçmişdi. Belə bir şəraitdə təbii olaraq seçkiqabağı təşviqat mərhələsində seçki hüquqlarının pozulması və onlardan komissiyalara yazılı şikayətlərin daxil olması halı da qeydə alınmamışdı.
-
SEÇKİ GÜNÜ
Seçki günü DÖİB-in müşahidəçilər 42 seçki məntəqəsində səsverməyə hazırlıq, səsvermə və səslərin sayılması prosedurlarını müşahidə ediblər. Bütövlükdə seçki günü ərzində qeydə alınmış pozuntular aşağıdakı kimi olmuşdu:
MnSK üzvlərinin fəaliyyəti
-
``Demokratiyanı Öyrənmə`` İB-nin müşahidəçiləri səsvermə günü bəzi məntəqə seçki komissiyalarının tam tərkibdə fəaliyyət göstərmədiyini müşahidə etmişdi. Bu MnSK-larda Milli Məclisdə azlıqda olan partiyaları təmsil edən komissiya üzvləri komissiyanın işində iştirak etmirdi, digər komissiya üzvləri isə həmin şəxsləri ümumiyyətlə tanımadıqlarını bildirmişdilər. Bu hallar xüsusilə 79 saylı İmişli və 80 saylı İmişli-Beyləqan seçki dairələri ərazisindəki məntəqə seçki komissiyalarında müşahidə edilib.
-
Səsvermə günü müşahidə aparılmış seçki məntəqələrinin 17 faizində açılış prosedurları nöqsanlarla yerinə yetirilib. Buraya məntəqəyə verilmiş seçki bülletenlərinin əvvəlcədən sayılıb aktlaşdırılmaması, daşınan qutu ilə səsvermək üçün daxil olmuş müraciətlərin sayının elan olunmaması, seçki qutularının müşahidəçilərin görə biləcəyi yerdə yerləşdirilməməsi aiddir.
-
Seçki məntəqələrinin 34 faizində müşahidəçilər komissiya üzvlərinin seçki hərəkətlərini düzgün həyata keçirə bilmədiklərini müşahidə ediblər.
-
Məntəqələrdə komissiya üzvləri öz fəaliyyətlərini bitərəf şəkildə həyata keçirmirdilər, seçki məntəqələrinin 29 faizində isə üzvlər tərəfli mövqeyi açıq-aşkar nümayiş etdirməkdən belə çəkinmirdilər. Seçki komissiya üzvlərinin fəaliyyətinə kənar müdaxilələr müşahidə aparılmış məntəqələrin 12 faizində daha ciddi xarakter daşıyıb.
-
Seçki məntəqələrinin daha 12 faizində seçki prosesinin fasiləsiz olaraq davam etdirilməsi tələbi pozulub.
Səsvermə prosesi
-
Seçki məntəqələrində seçicilərin barmaqlarında mürəkkəbin yoxlanması və bülleten verilərkən mürəkkəblənməsi prosedurlarına düzgün riayət olunmurdu. Məntəqələrin 27 faizində isə bu cür pozuntular kütləvi xarakter daşımışdı.
-
Daha 17 faiz məntəqələrdə seçiciyə səsvermək üçün zəruri sənədi olmadığı halda bülleten verilib.
-
Adı seçici siyahısında olmayan seçicilərin səsverməyə buraxılması halı məntəqələrin 10 faizində dəfələrlə təkrarlammışdı.
-
Seçki məntəqələrinin 22 faizində seçicilər siyahıya imza atmadan bülleten alıblar.
-
Seçicinin bir dəfədən artıq səsverməsi halı seçki məntəqələrinin 24 faizində kütləvi şəkildə baş verib. Məntəqələrin 32 faizində isə bir seçiciyə eyni zamanda bir neçə bülleten verilib.
-
Seçki məntəqələrinin 17 faizində müşahidəçilər səsvermənin gizliliyinin pozulması halı qeydə alıblar.
-
Seçki məntəqələrində seçki qutularının qorunması yaxşı təşkil olunmayıb. Məntəqlərin 37 faizində seçki qutusuna topa bülletenlər atılması dəfələrlə təkrar olunub və əksər hallarda bu komissiya üzvləri tərəfindən həyata keçirilib.
-
Məntəqələrin 20 faizində seçicilərin qrup halında məntəqə gətirilməsi halları qeydə alınıb.
-
Məntəqələrin ən azı 10 faizində səsvermə qanunla nəzərdə tutulmuş vaxtdan əvvəl dayandırlıb.
Səslərin sayılması və protokolların doldurulması
-
Səslərin sayılması zamanı müşahidəçilər məntəqələrin 22 faizində komissiya üzvləri tərəfindən bülletenlərdə işarələr qoyduğunu görüblər.
-
32 faiz seçki məntəqələrində yekun protokol doldurularkən rəqəmlərin saxtalaşdırıldığı müşahidə edilib.
-
Seçki məntəqələrinin ən azı 20 faizində yekun protokollar seçki məntəqəsində doldurulmadan DSK-ya aparılıb.
-
Seçki məntəqələrinin 52 faizində müşahidəçilər yekun protokolun surətini əldə edə bilməyib.
-
Seçki məntəqələrinin 37 faizində yekun protokolun bir nüsxəsi məntəqədən asılmayıb.
Seçki günü ilə bağlı şikayətlər
DÖİB müşahidəçiləri seçki günü komissiyalara yazılı seçki şikayətlərinin verilməsinin şahidi olmamışdı. Bir neçə halda müxtəlif seçki subyektləri (komissiya üzvləri, namizədlərin səlahiyyətli nümayəndələri) tərəfindən qanun pozuntularına yol verilməsi ilə əlaqədar müşahidəçilərin şifahi şəkildə bildirilmiş şikayətləri isə araşdırılmamış saxlanılmışdı. MSK-nın İnternet səhifəsində yerləşdirilmiş məlumata görə, bu quruma yalnız 1 şikayət daxil olmuşdu.
Seçici fəallığı
Rəsmi məlumata görə, seçici fəallığı 23.46 % təşkil etmişdi. Müşahidəçilər seçki günü məntəqələrə gələn seçicilərin sayının bundan xeyli az olduğu qənaətində idi. Xüsusilə təkrar və yeni seçki keçirilən məntəqələrdə fəallıq 5 faiz həddində olduğu bildirilmişdi.
-
SEÇKİLƏRİN YEKUNLARI
DSK-lar operativ şəkildə məntəqə seçki komissiyalarının protokollarını yoxlayaraq nəticələri MSK-ya göndərmişdi. Səsvermə başa çatdıqdan sonra məntəqələr üzrə ilkin nəticələr Mərkəzi Seçki Komissiyasının nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzi tərəfindən Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilmişdi.
Seçkilərin ümumi yekunlarına dair yekun protokolunu isə Mərkəzi Seçki Komissiyası 20 dekabr 2011-ci ildə açıqladı. Qurum 2011-ci il noyabrın 30-da bələdiyyələrə keçirilmiş təkrar, əlavə və yeni seçkilərin baş tutmuş hesab edərək, bu seçkilərin ümumən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirildiyini bəyan etdi. 6 seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığından həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edildi7. 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi üzrə 15 saylı seçki məntəqəsindəki səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı Bədəli bələdiyyəsinə keçirilmiş yeni seçkilərin nəticələri etibarsız hesab olundu.
MSK seçki keçirilmiş 329 bələdiyyənin tam tərkibdə formalaşdığını bildirdi və yekun protokoluna 3 saylı əlavə ilə bələdiyyələrə seçilmiş üzvlərin (463 nəfər) siyahısını elan etdi.
-
NƏTİCƏLƏR
``Demokratiyanı Öyrənmə`` İctimai Birliyi 30 noyabr bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin 33 bələdiyyə ərazisində aparılmış müşahidənin yekununda aşağıdakı nəticələrə gəlmişdir:
-
Ölkədə fikir azadlığı və sərbəst toplaşma azadlığı kimi siyasi hüquqların məhdudlaşdırıldığı şəraitdə seçkilər bütövlükdə ictimai maraq doğurmadan, sönük, həyacansız bir mühitdə, siyasi mübarizə, yarış və rəqabət əhvali-ruhiyyəsi olmadan keçirilmişdir.
-
Seçki qanunvericiliyində və praktikasında seçicilərin, siyasi partiyaların və digər seçki subyektlərinin seçkilərə etimadını gücləndirə biləcək heç bir dəyişikliklər edilmədi, beynəlxalq institutların tövsiyyələrinin həyata keçirilməsi yönündə heç bir addım atılmadı.
-
MSK tərəfindən görülmüş hazırlıq işləri, seçki hərəkətlərinini təqvim planına uyğun həyata keçirilməsi, məlumatların açıqlanması və İnternet resurslarında operativ yerləşdirilməsi və texniki təchizat tədbirləri yaxşı təşkil olunmuşdu. Bununla belə aşağı seçki komissiyalarının müstəqil, bitərəf fəaliyyətini təmin etmək mümkün olmayıb. Həmçinin komissiya üzvləri seçki hərəkətlərini düzgün həyata keçirə bilməyib və xüsusilə seçki günü çoxlu sayda qanun pozuntularına yol veriblər.
-
Bu seçkilər 23 dekabr 2009-cu il seçkilərində qeydə alınmış çatışmazlıqların təkrar olunması, hətta bəzi parametrlərinə görə, daha pis şəraitdə keçirilməsi ilə xarakterizə oluna bilər. Belə ki, 2010-cu il Milli Məclisə seçkilərdə parlamentdən kənarda qalan əsas siyasi partiyaların seçkilərdə iştirakdan imtina etməsi, parlamentdə azlıqda olan və özlərini ``konstruktiv müxalifət`` adlandıran siyasi partiyalardan olan namizəd sayının isə hakim partiya ilə müqayisədə müqayisəolunmaz dərəcədə az olması, seçkiqabağı təşviqat kampaniyasının keçirilməməsi, seçici fəallığının daha az olması 30 noyabr seçkilərinin pis göstəriciləri hesab oluna bilər.
-
Bütövlükdə 30 noyabr 2011-ci il bələdiyyələrə təkrar, əlavə və yeni seçkiləri seçki qanunvericiliyi və seçkilər sahəsində beynəlxalq standartlara uyğunluq baxımından 23 dekabr 2011-ci il seçkilərindən fərqlənməyib və seçicilərin həqiqi iradəsini ifadə etməyib.
Dostları ilə paylaş: |