PLAN: 6.1. Variasiya göstəricilərinin hesablanması zəruriliyi, 6.2.Variasiya göstəriciləri və onların hesablanması, 6.3. Dispersiyanın növləri, onların cəmlənməsi qaydası və iqtisadi məzmunu, 6.4.Alternativ əlamətin orta kəmiyyətinin, dispersiyasının və orta kvadratik uzaqlaşmasının hesablanması. Sosial-iqtisadi hadisələrin tam xarakteristikasını əldə etmək üçün yalnız orta kəmiyyəti öyrənmək kifayət deyildir. Düzdür, orta kəmiyyətdə bütövlükdə məcmu üçün əsas, tipik, başlıca olan təzahür edir, lakin ayrı-ayrı vahidlər haqqında informasiya olmur. Deməli, o nəticəyə gəlmək olar ki, sosial-iqtisadi hadisələrin obyektiv xarakteristikasını əldə etmək üçün yalnız orta kəmiyyətin öyrənilməsi ilə kifayətlənmək olmaz. Odur ki, məcmunun ayrı-ayrı vahidləri və onların əlamətləri haqqında məlumatların təhlil edilməsi də zəruridir. Statistik məcmunu təşkil edən vadilər fərdi fərqlərə malikdir. Məsələn, tələbələrdə yaşların, ailə vəziyyətinin, çəkilərinin, firmalarım debitor borclarının və s. müxtəlifliyi. Məcmu vahidlərinin əlamətinin kəmiyyətinin belə fərqliliyi variasiya yaxud tərəddüd adlanır. Bu fərqlilik kompleks səbəblərin (əsas və əsas olmayan) təsiri ilə izah edilir. Əlamətin variasiyasını öyrənmək üçün variasiya göstəricilərindən istifadə edilir. Bugünkü mühazirədə biz hadisə və proseslərə xas variasiyanın səbəbləri, onların aşkar edilməsi zəruriliyi, proseslərin sabitliyini yaxud qeyri-sabitliyinin müəyyənləşdirməyə imkan verən variasiya göstəricilərinin mahiyyətini, hesablanması metodikasını, praktiki əhəmiyyətini və s. kimi məsələləri öyrənəcəyik.