Magistr: 1-ci kurs
Qrup: AQ022
Fənn: Dastanın poetik əsasları
Mövzu: Aşıq sənətində idrakın əsası və həqiqətin meyarı
Bakı-2023 Şifahi xalq ədəbiyyatının ən böyük və zəngin qolu hesab edilən aşıq yaradıcılığı haqqında aparılan tədqiqatlarda maraqlı fikirlər diqqət çəkir. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi bu sənətin ecazkarlığını və əfsunluğunu dilə gətirərək "Bizim nəğmələrimiz" adlı məqaləsində yazırdı: "Bizim aşıqlar toyda oxuyanda qulaq asanlara bir baxın. Bu zaman bu qulaq asanlar elə hala gəlirlər ki, ətini kəssən də, xəbəri olmaz".
Bunun da başlıca səbəbi odur ki, aşıq sənəti yurdumuzun təbiətindən doğub. Onun nəfəsində dağ havası, avazında çiçək ətri, ahəngində quşların cəhcəhi var. Bineyi-qədimdən aşığın oxuduğu qoşma və gəraylıda, söylədiyi dastanlarda ağıl, idrak, vətən, torpaq eşqi, insan sevgisi, mübarizəsi, əzmi, iradəsi, eləcə də gileyi, şikayəti, saf, təmiz hissləri, zarafatları, atmacaları dil açardı. Buna görə də bu sazlı-sözlü insanlara "haqq aşığı", "el nəğməkarı" deyilərdi. Aşıqlar öz ağlına, hazırcavablığına, dünyagörüşünə görə seçilərdi və el arasında böyük hörmət-izzətə sahib olardılar. Aşıq necə olmalıdır? Bu sualın cavabını çox illər öncə Dədə Ələsgər dürüst verib:
Aşıq olub tərki-vətən olanın
Əzəl başdan pür kəmalı gərəkdir.
Oturub-durmaqla ədəbin bilə,
Mərifət elmindən dolu gərəkdir.
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdir...
Aşıq Ələsgər, əslində, saz götürüb söz deyənin əxlaq kodeksini çox mükəmməl yaradıb. Bu, elə bir əxlaqi keyfiyyətdir ki, ondan bir addım kənara çıxmaq "aşığam" söyləyənə məğlubiyyət gətirər, onu xətir-urvatdan salar. Aşıq yaradıcılığı haqqında müxtəlif illərdə bir çox sənətkarlar, ziyalılar, ədəbiyyatçılar, folklorşünas alimlər gərəkli araşdırmalar apararaq həm maraqlı elmi nəticələr əldə etmiş, həm də şifahi xalq ədəbiyyatımızın nümunələrini toplamaqla onların qorunmasına çalışıblar. El-el dolaşıb hafizələrdə, yaddaşlarda yaşayan nümunələrin toplanmasında fədakarlıq göstərən Salman Mümtaz, Feyzulla Qasımzadə, Məmmədhüseyn Təhmasib, Əhliman Axundov, Əlyar Qarabağlı, Mirəli Seyidov, Mürsəl Həkimov, Qəzənfər Paşayev, Sədnik Paşayev, Azad Nəbiyev, Qara Namazov, Elxan Məmmədli və onlarca başqaları aşıq yaradıcılığı ilə bağlı dəyərli araşdırmaların müəllifidirlər.
Aşıq sənəti müxtəlif əsrlərdə özünəməxsus inkişaf yolu keçmişdir. Yəni hər bir əsrin bu sənətdə öz möhürü var. Müəyyən mənada ictimai-siyasi quruluşların da diktəsi aşıq sənətindən yan ötməyib. Amma maraqlısı budur ki, bütün zamanlarda aşıq yaradıcılığı təbii və səmimi səslənib. Xalq həmişə aşığa inanıb. Aşıq vətəndən, məhəbbətdən oxuyanda da sevilib, partiyadan, Lenindən deyəndə də...
Bəs "aşıq" sözünün mənası nədir? Bu barədə müxtəlif mülahizələr mövcuddur. Bir çox mütəxəssislər bu qənaətə gəliblər ki, "aşıq" ərəb kəlməsi "eşq" sözündən götürülüb. Hətta folklorşünas alim Paşa Əfəndiyev "Azərbaycan şifahi xalq ədəbiyyatı" kitabında yazıb: "Aşıq, yəni eşqə tutulan, vurulan, məftun olan mənasındadır. Sonralar aşıq Azərbaycan dilinin qayda-qanunlarına uyğun olaraq "aşıq" şəklinə düşmüşdür". Türkiyəli araşdırmaçı F.Köprülüzadə isə " aşıq" sözünün işıq, nur, od sözləri ilə əlaqədar yarandığını söyləmişdir. Görkəmli folklorşünas alim Məmmədhüseyn Təhmasib 1972-ci ildə çap edilmiş "Azərbaycan xalq dastanları" kitabında yazırdı ki, bizcə, aşıq titulu düşünüldüyü kimi, heç də ancaq ərəbin eşq sözünün faili olan aşiqin bizim dil qanunlarımıza uyğunlaşmış forması deyildir. Görkəmli ədəbiyyatşünas-alim yazırdı: "Ərəbcə "aşiq" və türkcə "aşıq" sözləri həm məna, həm də şəkilcə bir-birinə çox yaxındır. Görünür, elə bu yaxınlıq da sonralar həmin sözlərin bir titul - ad kimi eyni mənada işlənməsinə səbəb olub". Beləliklə, "aşiq"in kökü ərəbcənin "eşq"i, "aşıq"ın kökü isə türkcənin arxaikləşmiş olan qədim "aş" sözündəndir. Təhmasibin fikri belədir: "Aş-ı-la-maq" sözü dilimizdə işlənməkdədir. Görünür ki, bu "aş" sözü çox da uzaq olmayan keçmişdə həm nəğmə mənasında işlənmiş, buradan "aşulamaq", yaxud da "aşılamaq" nəğmə demək" mənasını daşımış, buradan da "aşula-aşıla" şəklində yenə də "nəğmə" mənasında işlədilmişdir. İndi də özbəklərdə oxuyana, müğənniyə "aşulaçı" deyirlər". Bir də "aşıq" sözünün bizim türkcəmizdə başqa bir sinonimi də var. "Kitabi-Dədə Qorqud"da bu ifadə çox işlədilib. "Aşıq" həm də əşya adı bildirir. Məsələn, "aşıq-aşıq oynamaq". Bu, heç də çalıb-oynamağa işarə deyil. Heyvanın oynaq sümüyündən çıxarılan xüsusi formalı sümük parçasıdır. Aşıq-saz poeziyasının yaşı çox qədim olsa da, bizim dövrümüzə ancaq XVI əsrdə yaşamış Aşıq Qurbaninin ədəbi irsindən nümunələr çatıb. Orta əsr aşıq şeirinin yaradıcıları, əslində, Qurbaninin davamçıları sayılıblar. Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Valeh... Bu ustadlar həm də klassik şeir ənənəsini dərindən bilən saz-söz sahibləri olublar. XIX əsrə kimi aşıq poeziyasının sükanı Aşıq Ələsgər, şəmkirli Aşıq Hüseyn, Molla Cüma... kimi ustadların əlində olub.
XX əsrdə yaşayan və yaradan Aşıq Nəcəf, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Hüseyn Cavan, Aşıq Şəmşir, Qəmkeş Allahverdi, Aşıq Əkbər, Aşıq Pənah, Mikayıl Azaflı, Aşıq Kamandar bu qədim sənətin xəzinəsinə öz incilərini bağışlayıblar. Azərbaycanda aşıq poeziyasının üfüqləri müəyyən bölgələrdə daha da geniş inkişaf edib. XIX əsrdə bu sənətin əsas inkişaf tapdığı ərazi Göyçə sayılıb. Aşıq Alının sənəti ilə pərvazlanan aşıq yaradıcılığı Dədə Ələsgərin ustadlığı sayəsində zirvəyə yüksəldi. Burada yaranan ədəbi mühit və məktəbdən onlarla sənətkar yetişdi. Bu bölgə ilə yanaşı, Kəlbəcərdə Ağdabanlı Qurban və onun müasirləri Azərbaycan aşıq poeziyasını zənginləşdirməkdə öz istedadlarını əsirgəmədilər.
Azərbaycanda yalnız kişilər deyil, qadınların da qədim zamanlardan aşıqlıq etdiyi bəllidir. Əgər XII əsrdə Məhsəti, XIX əsrdə Natəvan kimi şairələrimiz olubsa, bu cür mükəmməl yaradıcılığa malik aşıq qadınların da yaşayıb yaratması təbiidir. Aşıq Pəri, Fatma xanım Kəminə, Kor Bəsti, Aşıq Aftaf, Mehri, Əsli, Nabat kimi qadın aşıqların da olması haqqında tədqiqatlarda ətraflı məlumatlar var. Diqqətçəkən məsələlərdən biri də budur ki, saz çalıb, söz demələrinə baxmayaraq, bu aşıqların əksəriyyəti ağır taxtalı olublar, ağılları, əxlaqları, kamalları ilə seçiliblər. Bəlkə də elə onların əsrlərin yaddaşında - hafizələrdə qalmasını şərtləndirən də yazdıqlarından, oxuduqlarından çox zəngin mənəviyyatları səbəb olub. Hər sinəsinə saz alıb dınqıldadana "aşıq" deməyib ulularımız.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, təbii ki, repressiyalara düçar olan, rejimin ağır qanun-qaydaları ilə üzləşən, bəzən də həyatını itirən, sürgünlərə məruz qalan söz-sənət sahiblərimiz də az deyil. Ona görə ki, bizim sazımız da, aşıq sənətimiz də elə qüdrətli bir söz hörgüsüdür ki, ona tuşlanan yad baxışları, yad əlləri qətiyyən yaxına buraxmadı. Aşıq Ələsgərin təbirincə desək, aşıq olanlar gərəkdir ki, danışığının yerini gözləyə, sözünün qiymətini bilə, kəlməsindən ləl, gövhər süzülə. Belə olmasa, onun nə çalğısı xoşa gedər, nə oxuduğu qəbul edilər. Kamilləşməmiş, ustadına kəm baxanları həmişə tənqid hədəfi edib böyüklərimiz. Ancaq ustad aşıqların tərzində düzüb-qoşanlar bu əzəmətli yaradıcılıq prosesində hünərlə iştirak ediblər. Dəniz ləpələri çör-çöpü sahilə çıxardığı kimi, bu yaradıcılıq çeşməsi də yad çayırları sevmir, əvvəl-axır onu sırasından atır. Təkcə Azərbaycan tarının, muğamlarımızın deyil, sazımızın da, el havalarının da beynəlxalq aləmdə milli sərvətimiz kimi qəbul edilib sevilməsi, səslənməsi Azərbaycan mədəniyyətinin yeni və möhtəşəm uğurudur.