Azərbaycan ssr-in ilk Konstitusiyasının qəbul edilməsi qurultayın işində əhəmiyyətli yer tutmuşdu. Konstitusiyanın layihəsi Azərbaycan kp mk-nin 1921-ci IL mayın 11-də açılan plenumunda müzakirə olunarkən sa



Yüklə 19 Kb.
tarix02.01.2022
ölçüsü19 Kb.
#42921
Azərbaycan tarixi-kurs isi


Birinci ümum azərbaycan sovetlər qurultayi tərəfindən Azərbaycan Mərkəzi İcariyyə komitəsinin yaradılması və ilk konstitusiyanın qəbul edilməsi

Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbul edilməsi qurultayın işində əhəmiyyətli yer tutmuşdu. Konstitusiyanın layihəsi Azərbaycan KP MK-nin 1921-ci il mayın 11-də açılan plenumunda müzakirə olunarkən SA.Danielyan (Sarkis) sovetlər qurultayına nümayəndəlik normasını - hər 5000 kəndlidən və hər 1000 nəfər fəhlədən 1 deputat göndərilməsini müəyyən edən maddənin əleyhinə çıxdı, hər 5000 kəndlidən və hər 500 fəhlədən 1 deputat göndərilməsi təklifini irəli sürdü. Plenum üzvlərinin əksəriyyəti (H.H.Sultanov, S.M.Əfəndiyev, M.H.Hacıyev, D.X.Bünyadzadə, N.N.Nərimanov və b.) onun təklifini rədd etdi və Konstitusiyanın həmin maddəsinin heç bir dəyişiklik olunmadan saxlanmasına tərəfdar çıxdı.

Əslində bu təkliflərin arxasında Azərbaycan kəndlilərinə, Azərbaycanda fəhlə-kəndli hakimiyyətinin ali orqanında onların təmsil olunmasına münasibət məsələsi dayanırdı. Ona görə də bu təkliflərlə əlaqədar dəfələrlə qızğın müzakirələr getdi. Mayın 14-də Azərbaycan KP MK-nın plenumunda məsələ yenidən müzakirə olundu və onun həllinin Azərbaycan MİK-ə verilməsi barədə M.D.Hüseynovun təklifi qəbul edildi.

Sarkisin və onun tərəfdarlarının təklifi fitnəkar xarakter daşıyırdı və mahiyyətcə Azərbaycanın əleyhinə çevrilmişdi. Çünki qəzalarda əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi, qanunvericilik orqanlarında onların nümayəndələrinin fəhlə sinfinin nümayəndələri ilə ağlabatan tarazlığını təmin etməklə kəndliləri sovet dövləti quruculuğuna geniş cəlb etmək lazım idi. Ona görə də kəskin müzakirələrdən sonra həmin təklif rədd olundu.

Birinci Ümumazərbaycan Sovetlər qurultayı 1921-ci il mayın 19-da Azərbaycan SSR-in ilk Konstitusiyasını (Əsas qanununu) təsdiq etdi. Fəhlələrdən nümayəndəlik norması respublikanın dövlət idarəçiliyində fəhlə sinfinin rəhbər rolunu təmin etməli idi. Əgər qəza sovetlər qurultayları respublika sovetlər qurultayına 5 min seçicidən bir deputat göndərirdisə, şəhər sovetləri min seçicidən bir deputat göndərirdi. Qəza sovetlər qurultaylarına 500 seçicidən bir deputat, şəhər sovetlərinə isə 100 seçicidən 1 deputat seçilirdi.

Mahiyyətcə Azərbaycan SSR-in ilk Konstitusiyası müstəqil, suveren dövlətin Əsas qanunu deyildi. Onun başlıca prinsipial müddəaları RSFSR-in birinci Konstitusiyasının əslində təkrarı idi. Konstitusiya Azərbaycanda yeni, sovet quruluşunun yarandığını, əməkçilərin mənafelərinin və hüquqlarının qorunduğunu təsbit etdi. Konstitusiya bəyan edirdi ki, Azərbaycanda ali hakimiyyət fəhlələrə və əməkçi kəndlilərə, öz əməyi ilə yaşayanların hamısına məxsusdur. Əməkçilər üçün həqiqi vicdan azadlığı təmin etmək məqsədilə məscidlər, kilsələr dövlətdən, məktəblər isə onlardan ayrılırdı. Məktəblərin dünyəvi, təhsilin isə pulsuz, ümumi və icbari olduğu elan edilirdi.

Azərbaycan SSR Konstitusiyası fəhlə və kəndli təşkilatlarına mətbuat və söz azadlığı verirdi. Ümumi hərbi mükəlləfiyyət müəyyən edilir, respublikanın müdafiəsi bütün əməkçilərin borcu sayılırdı.

Konstitusiyada qeyd olunurdu ki, bütün millətlər sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatın hər bir sahəsində bərabər hüquqlara malikdirlər. Konstitusiyanın 13-cü maddəsinin prinsip etibarilə tarixi əhəmiyyəti var idi. Belə ki, ölkənin Əsas qanununda ilk dəfə olaraq irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bərabərlik təsbit edilmiş, milli azıqların mənafelərinin qorunmasına təminat verilmişdi. Həmin maddədə deyilirdi: "Az.SSR dinindən, irqindən və milliyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğunu qəbul edərək, bu zəmində hansısa imtiyazlar və ya üstünlüklər müəyyən edilməsinin, yaxud bunlara yol verilməsinin, eləcə də hər hansı şəkildə milli azlıqlara zülm edilməsinin və ya onların hüquq bərabərliyinin məhdudlaşdırılmasının respublikanın əsas qanunlarına zidd olduğunu elan edir".[7]

Respublika mətbuatı fəhlə və kəndlilərə müraciət edərək, Konstitusiyanı "öyrənməyə, dərk etməyə, mənimsəməyə" çağırır, onu "proletariat diktaturasının böyük xartiyası" elan edirdi.

Konstitusiya təsdiq edildikdən sonra, onun tələbinə uyğun olaraq, Azərbaycan İnqilab Komitəsi ləğv edildi. Qurultay Azərbaycan Mərkəzi İcraiyyə Komitəsini - Sovetlər qurultayları arasındakı dövrdə respublikanın ali qanunvericilik orqanını seçdi. Azərbaycan MİK 73 üzvdən və 26 nəfər üzvlüyə namizəddən ibarət idi. Bunlardan 51 nəfəri azərbaycanlı, 14-ü rus, 3-ü erməni, 2-si gürcü, 1 nəfəri yəhudi idi.

Azərbaycan MİK-in mayın 21-də açılan Birinci sessiyasında 9 üzvdən (S.A.Ağamalıoğlu, Ə.H.Qarayev, M.B.Qasımov, İ.M.Konuşkin, N.N.Nərimanov, M.G.Pleşşakov, M.H.Hacıyev, T.Ə.Hüseynov, T.A.Şahbazov) və 3 nəfər namizəddən ibarət Rəyasət Heyəti seçildi.[8] Azərbaycan kəndlilərinin nümayəndəsi M.H.Hacıyev Azərbaycan MIK-in sədri seçildi.

Azərbaycan MIK-in Birinci sessiyasında Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) tərkibi təsdiq edildi. Ali Icra hakimiyyəti olan XKS Sovetlər qurultayı və Azərbaycan MIK qar.ısında məsul idi. Xalq Komissarları Sovetinə 17 xalq komissarı daxil idi. N.N.Nərimanov Azərbaycan SSR XKS sədri seçildi.



Beləliklə, Azərbaycanda "sovet milli dövlət quruculuğunun" üçüncü mərhələsinə keçilməsi başa çatdı.
Yüklə 19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin