AZƏrbaycanda kollektiVLƏŞMƏ VƏ onon nəTİCƏLƏRİ



Yüklə 9,81 Kb.
tarix02.03.2017
ölçüsü9,81 Kb.
#10029
AZƏRBAYCANDA KOLLEKTİVLƏŞMƏ VƏ ONON NƏTİCƏLƏRİ

Sosialist yenidənqurmalarından biri də fərdi kəndli təsərrüfatlarının kollektivləşdirilməsi idi. Bu proses Azərbaycanda daha ağrılı getmişdi. O, zor və inzibatçılıq yolu ilə sürətləndirilmişdi. Kəndlilər zorla kollektiv təsərrüfatlara cəlb olunmuşdular. Azərbaycan rəhbərliyi Mərkəzin müəyyən etdiyi vaxtı qabaqlayaraq 1930-cu ilin yazında elliklə kollektivləşməni başa çatdırmaq qərarına gəlmiş, qondarma kollektivləşmə həftəlikləri təşkil etmişdi.


Kollektivləşdirmə prosesində varlı kəndlilər, xüsusən qolçomaqlar daha çox zərər çəkmişdilər. Elliklə kollektivləşmə əsasında qolçomaqların bir sinif kimi ləğv edilməsi siyasəti onların tamamilə məhvinə gətirib çıxarmışdı. Yüz minlərlə qolçomaq və varlı kəndli ailəsi məhv edilmiş, yaxud sürgün olunmuşdu.
Zorakı kollektivləşdirmə siyasətinə qarşı Azərbaycanda da kütləvi narazılıq hərəkatı başlamışdı. 1930-cu ildə Şəki-Zaqatalada, Naxçıvanda, Şəmkirdə, Cəbrayılda və b. yerlərdə kəndli üsyanları baş vermişdi. Qaçaqçılıq hərəkatı genişlənmişdi. Kollektivləşdirmə dövründə ona qarşı 400-dən çox silahlı qaçaq dəstəsi mübarizə aparmışdı. Bütün bunlara baxmayaraq Azərbaycanda da kollektivləşdirmə siyasəti zorakı yolla həyata keçilmişdi. Artıq 1937-ci ildə Azərbaycanda kəndli təsərrüfatlarının 86,5%-i, əkin sahələrinin isə 93,5%, kolxoz və sovxozlarda birləşdirilmişdi. Azərbaycanda da kolxoz quruluşu yaradılmışdı.
Sosializm cəmiyyəti qurmağın mühüm vəzifələrindən biri də mədəni «inqilab» idi. Burada məqsəd sosializm, bolşevizm ideologiyasına sadiq nəsillər yetişdirilməsinə xidmət edən mədəni quruculuq tədbirləri həyata keçirmək idi. O zaman mədəni geriliyin hökm sürdüyü milli ucqarlar üçün bu daha çox xarakterik idi.
Mədəni quruculuq sahəsində kütləvi miqyaslı tədbirlərin həyata keçirilməsi sayəsində Azərbaycanda böyük nailiyyətlər əldə edildi. Əvvəla, respublikada kütləvi savadsızlıq ləğv olundu. 1939-cu ildə əhalinin savadlılıq səviyyəsi 1926-cı ildəki 25,2%dən 73,3%-ə çatmışdı; İkinci, respublikada ümumtəhsil sistemi inkişaf etdirildi. Sovet təhsil sistemi bərqərar oldu, 30-cu illərin sonu üçün Azərbaycanda 3575 ümumtəhsil məktəbi fəaliyyət göstərirdi, onlarda da 655 min şagird təhsil alırdı. Qızların ümumtəhsilə cəlb olunması geniş miqyas almışdı. İbtidai məktəblərdə oxuyanların 46,7%, natamam orta məktəblərdə oxuyanların 39,3%, qızlar təşkil edirdi; Üçüncü, Azərbaycanda ali və orta ixtisas təhsil sistemi daha da inkişaf etdirildi. 1920-ci ildə Bakı Politexnik İnstitutu (İndiki Azərbaycan Dövlət Neft Akademiyası), 1921-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Məktəbəqədər Tərbiyə İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası, 1929-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, 1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutu, Sənaye Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu, 1934cü ildə Xalq Təsərrüfatı İnstitutu, 1936-cı ildə Qiyabi Pedaqoji Institutu, 1939 — 1940-cı illərdə Şəkidə, Gəncədə və Naxçıvanda müəllimlər İnstitutları yaradıldı. Orta ixtisas məktəblərinin şəbəkəsi genişləndirildi. 1920-ci ildə Bakı, Gəncə, Qazax müəllimlər seminariyaları yenidən quruldular. Şəkidə isə yeni Müəllimlər Seminariyası açıldı. 1932-ci ildə Azərbaycanda 85 müxtəlif təmayüllü orta ixtisas məktəbləri fəaliyyət göstərirdi. Artıq 1940-cı ildə Azərbaycanda 16 ali, 91 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərirdi. Onlarda da 33 mindən çox gənc təhsil alırdı; Dördüncü, elmin, mədəni-maarifin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində də böyük nailiyyətlər əldə edildi. 1923-cü ildə «Azərbaycan tədqiq və tətəbbö» elmi-tədqiqat cəmiyyəti yaradılmışdı. 1929-cu ildə o, Azərbaycan elmi-tədqiqat İnstitutuna çevrildi. 1932-ci ildə onun əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi, 1935-ci ildə isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yaradıldı. 1945-ci ildə o, müstəqil Azərbaycan Elmlər Akademiyasına çevrildi.
Azərbaycanda mədəni-maarifin şəbəkəsi genişləndi. 1922-ci ildə 90-a yaxın klub var idisə, 1940-cı ildə onların sayı 1633-ə çatdı. 1923-cü ildə Azərbaycan Dövlət Kitabxanası yaradıldı. 1940-cı ildə 3 milyon nüsxə kitab fondu olan 1383 kitabxana fəaliyyət göstərirdi. Muzeylərin sayı 22-yə çatdı. Bu illərdə Azərbaycanda 141-ə qədər qəzet və 44 jurnal nəşr olunurdu.
1924-cü ildə Bakıda ilk radio qurğusu tikildi. 1926-cı ildə o, ümum respublika miqyasında fəaliyyətə başladı.
Bu illərdə çox ziddiyyətli və kəskin mübarizə şəraitində Azərbaycanda da sovet ədəbiyyatı formalaşdı. Onun ən məşhur nümayəndələrindən Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı, Sabit Rəhmanı, M.S.Ordubadini, C.Cabbarlını, Mikayıl Müşviqi, Osman Sarıvəllini, Əhməd Cəmili, Mirvarid Dilbazini, Nigar Rəfibəylini, Süleyman Rəhimovu, Mehdi Hüseyni, Əli Vəliyevi, Mir Cəlalı, Əbülhəsəni və b. göstərmək olar.
Yüklə 9,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin