Azərbaycanın qədim memarlıq abidələri
Qədim tarixə malik olan Azərbaycan dövləti zaman-zaman inkişaf edib və xalqımız öz mədəniyyətini, memarlığını, elmini yaradıb. Azərbaycanda memarlıq sənətinin tarixi qədimdir. Azərbaycan memarlığı Azərbaycan ərazisində müxtəlif mədəniyyətlərə aid olan abidələr kompleksini əhatə edir. Doğrudur, azərbaycanlıların kompakt yaşadığı, əsrlər uzunu mövcud olduğu respublikalarda da Azərbaycan memarlığının çox unikal nümunələri var. Onlar da qədim memarlıq abidələri kimi tarixdə yaşayır. Azərbaycan ərazisində yaşayan qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsəri yaratmışlar və onlardan biri də memarlıqdır.
Azərbaycanda bir çox memarlıq abidələri var onlardan bəziləri də aşağıdakılardır:
Qız qalası
Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində оlan tağlı qapı yeridir.
Kiçik Mərdəkan qəsri
Mərdəkanda yerləşən dairəvi qala. Qalanın hündürlüyü 12,5 metrdir, içərisi 3 yarusdan ibarətdir. Qalanın üstündəki yazıdan məlum olur ki, o, 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən tikilmişdir.Qəsri əhatə edən qala hər tərəfdən yeddi metr hündürlüyündə daş divarlarla hörülmüş kvadrat formalı (25x25 m) həyətdən ibarətdir. Hasarın tinlərində qüllələr, məhəccər və mazqallar vardır. Planda dairəv olan qəsr, yuxarı getdikcə daralır.
Möminə Xatun türbəsi
Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir. Türbə 1186-1187-cı illərdə Məhəmməd Cahan Pəhləvanın sifarişi ilə inşa edilmişdir. Türbənin yerüstü qülləsinin plan biçimi bayırda onbucaqlı, içəridə dairəvidir. Araşdırmalar göstərmişdir ki, onbucaqlı plan seçilməsi təsadüfi deyildir. Mömünəxatun türbəsinin plan-məkan quruluşu bütövlükdə onluq prinsipi üzrə qurulmuşdur. Bu da böyük mütənnasiblik və ahəndarlıq yaradan qızıl bölgünün əsasıdır.
Dostları ilə paylaş: |