Pedaqogikada tərbiyə prinsiplərinin təsnifatında vahidlik yoxdur: prinsiplərin miqdarında və ifadəsində fərqli baxışlar mövcuddur. Bu isə prinsiplərin əsasında duran tərbiyə qanunauyğunluqlarının tam öyrənilməməsi ilə bağlıdır.Tərbiyənin prinsipləri tərbiyə prosesinin komponentləri arasındakı Qanunauyğun əlaqə və asılılıqları tənzimləməyə xidmət edir.
Tərbiyədə məqsədyönlülük prinsipi
Tərbiyənin həyatla, cəmiyyət quruculuğu ilə əlaqəsi prinsipi
Tərbiyədə yaşauyğunluq prinsipi
Tərbiyədə fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması prinsipi
Tərbiyədə nikbinlik prinsipi
Tərbiyədə hörmət və tələbkarlığın vəhdəti prinsipi
Tərbiyəyə kompleks yanaşma prinsipi
Tərbiyədə pedaqoji rəhbərliklə insanın təşəbbüs və özfəaliyyətinin əlaqələndirilməsi (əməkdaşlıq) prinsipi
Tərbiyənin prinsipləri
Tərbiyədə məqsədyönlülük prinsipi
Bu prinsip tərbiyə işində məqsədi aydın müəyyən etməyi və ona əsaslanmağı nəzərdə tutur. Tərbiyə məqsədyönlü prosesdir: tərbiyə fəaliyyəti məqsəddən başlayır və onun həyata keçirilməsi ilə tamamlanır. Tərbiyə işinin məzmunu, vasitə və metodları da məqsədlə müəyyən olunur.Tərbiyəçi hər bir tədbirə, dərsə başlamazdan əvvəl onun məqsəd və vəzifələrini aydınlaşdırmalıdır. Tərbiyədə məqsədyönlülük prinsipi A.S.Makarenkonun adı ilə bağlıdır.
Tərbiyənin həyatla, cəmiyyət quruculuğu ilə əlaqəsi prinsipi.
Bu prinsip tərbiyə işini məktəb divarları arasında, yalnız söz və nəsihətlə yox, həyatla sıx əlaqəli şəkildə aparmağı nəzərdə tutur. Məktəb insanı həyata hazırlayır. Əgər tərbiyə işi həyatdan, cəmiyyət quruculuğundan ayrı düşərsə, bu vəzifəni yerinə yetirmək olmaz.Tərbiyə həyatla, cəmiyyət quruculuğu ilə sıx əlaqəli şəkildə aparıldıqda insan həyatı dərk edir, ictimai təcrübə qazanır, ictimai münasibətləri öyrənir, psixoloji və əməli cəhətdən ictimai həyata hazırlaşır.
Tərbiyədə yaşauyğunluq prinsipi Bu prinsip tərbiyə işində insanın yaş xüsusiyyətlərinə istinad etməyi nəzərdə tutur. Müxtəlif yaş dövrlərinə mənsub olan uşaqlar bir-birindən əsaslı şəkildə fərqlənirlər. Kiçik məktəbli ilə yeniyetmənin adamlara, həyata münasibəti, tələbat və maraqları eyni deyildir. Bu hal müxtəlif yaş dövrlərində insana müxtəlif tərzdə yanaşmağın vacibliyini göstərir.İnsanın yaş xüsusiyyətlərinə əsaslanmayan tərbiyə lazımi səmərə verməz. Məktəb və ailə təcrübəsində bu prinsipin pozulması halları müşahidə olunur: müəllim (valideyn) yeniyetmə və gəncə ya kiçik uşaq kimi, ya da kiçik uşağa böyük kimi yanaşır. Bu isə tərbiyə işini çətinləşdirir, münaqişələr törədir.
Tərbiyədə fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması prinsipi.
Bu prinsip tərbiyə işində insanın fərdi və cinsi xüsusiyyətlərini nəzərə almağı tələb edir. Fərdi xüsusiyyət dedikdə, insanı başqalarından fərqləndirən cəhətlər başa düşülür. İnsanlar xarakter, temperament, habelə dünyagörüşü, tələbat, maraq və qabiliyyətlərinə görə bir-birindən fərqlənirlər: biri səbirli, digəri hövsələsiz, biri kollektivçi, digəri fərdiyyətçi, biri utancaq, digəri sırtıq olur. Tərbiyə işində bu fərdi xüsusiyyətləri nəzərə almadan uğur qazanmaq olmaz.
Tərbiyədə nikbinlik prinsipi. Bu prinsip insana nikbin nəzərlə yanaşmağı, onun qüvvəsinə, gələcəyinə inam bəsləməyi nəzərdə tutur. Bu halda insanda təkmilləşməyə, özünütərbiyəyə həvəs oyanır. Əksinə, insana bədbin nəzərlə yanaşdıqda onda ruh düşkünlüyü yaranır, öz nöqsanları ilə mübarizə aparmaq əzmi azalır.Tərbiyəçi uşağa dəyişməz varlıq kimi baxmamalı, ona pedaqoji möhür ("Səndən adam çıxmaz", "Tənbəl", "Yalançı" və s.) vurmamalıdır. Bu, tərbiyə və yenidəntərbiyə işini çətinləşdirir.
Tərbiyədə hörmət və tələbkarlığın vəhdəti prinsipi.
Bu prinsip insana münasibətdə ona həm hörmət etməyi, həm də tələb etməyi nəzərdə tutur. Uşağa hörmət etmək ona bir insan kimi yanaşmaq, qayğı göstərmək, etibar etmək, onun şəxsi ləyaqət hissini gözləmək deməkdir.İnsana hörmət etmək heç də ona güzəşt etmək, nöqsanlarına göz yummaq demək deyildir. Hörmət tələblə sıx bağlıdır: tələbkarlıq insanı nöqsanlardan xilas olmağa, daha da təkmilləşməyə gətirib çıxarır, nöqsanların kök salmasına imkan vermir. Bu mənada tələb etmək tərbiyə etmək deməkdir; tələb olmayan yerdə tərbiyə də yoxdur.
Tərbiyəyə kompleks yanaşma prinsipi
Bu prinsip tərbiyə işinin bütün sahələrini, müxtəlif fəaliyyət növlərini vəhdətdə həyata keçirməyi nəzərdə tutur. Kompleks yanaşma prinsipi bütöv pedaqoji prosesin öz mahiyyətindən irəli gəlir: pedaqoji proses ideya-siyasi, əxlaq, əmək, estetik, fiziki tərbiyə vəzifələrini vəhdətdə həyata keçirməklə şəxsiyyətin ahəngdar inkişafını təmin etməyə istiqamətlənir. Vahid pedaqoji prosesin hər hansı bir sahəsi çatışmadıqda tərbiyənin ümumi məqsədinə nail olmaq mümkün deyildir.
Tərbiyədə pedaqoji rəhbərliklə insanın təşəbbüs və özfəaliyyətinin əlaqələndirilməsi (əməkdaşlıq) prinsipi.
Bu prinsip pedaqoji nəzarətlə insanın sərbəstliyini əlaqələndirməyi, pedaqoji əməkdaşlığı nəzərdə tutur. Bu sahədə tərbiyə təcrübəsində iki cür səhvə yol verilir: ya uşaq tam sərbəst, özbaşına buraxılır, ya da onun hər addımına nəzarət edilir, ona daim qəyyumluq göstərilir. Hər iki hal zərərlidir. Birinci halda uşaq tam sərbəst olur, öz ağlı ilə hərəkət edir, heç kəslə hesablaşmır. İkinci halda o, başqalarından (böyüklərdən) asılı olur, heç bir sərbəst addım ata bilmir, aciz və passiv olur.
Ağayev Ə.A. Həşimov Ə.Ş. Azərbayjan SSRİ-n pedaqoci fikir antologiyası. Moskva: Pedaqogika, 1989
Ağayev Ə.A. və b. Pedaqogika. Bakı: Adiloğlu, 2003
Ağayev Ə.A. və b. Pedaqogika. Bakı: Adiloğlu, 2003
Əhmədov B.A. və b. Pedaqogikadan mühazirə konspektləri. Bakı: Maarif, 1983