Beynəlxalq Ana Dili Günü
Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Əlamətdar gün 1999-cu ildə Banqladeşin təşəbbüsü ilə UNESCO tərəfindən elan olunub.
Beynəlxalq Ana Dili Gününün tarixi 1952-ci ildə banqladeşli tələbələrin şərqi Pakistanda (o vaxt indiki Banqladeş Pakistanın tərkibində idi və 1971-ci ildə müstəqilliyini elan etdi – red.) öz ana dilinin (benqal dili) rəsmi dil olması uğrunda mübarizəsi ilə bağlıdır.1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 tələbə həlak olmuşdu. Banqladeş nümayəndələri fevralın 21-ni həmin gənclərin xatirəsinə ehtiram əlaməti kimi ana dili günü adlandırılması üçün UNESCO-ya müraciət etmişdilər. 1999-cu ilin noyabrında UNESCO Baş Konfransının 30-cu sessiyasında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə tövsiyə olunub ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər keçirilsin.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. İnsanın təkamülündə böyük rolu olan ana dilinin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana Dili Günü hər kəsi bu cinayətə qarşı birləşməyə səsləyir.
Builki Beynəlxalq Ana Dili Günü UNESCO tərəfindən “Təhsilə və cəmiyyətə daxil olmaq üçün çoxdilliliyin inkişaf etdirilməsi” mövzusuna həsr edilib.
UNESCO-nun Baş direktoru Odre Azule əlamətdar gün münasibətilə dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə qeyd olunur ki, Beynəlxalq Ana Dili Günü bəşəriyyətin əvəzsiz sərvəti olan dil müxtəlifliyini və çoxdilliliyi qeyd etmək üçün əla fürsətdir. Bu il bayram dünyanın böhranla üzləşdiyi bir dövrə təsadüf edir. Pandemiya dövründə 1,5 milyard şagird məktəbə getmək
imkanından məhrum olduğu üçün təhsildə bərabərsizliyin kəskinləşməsi daha da artıb, bir çoxu üçün məsafədən təhsil üçün şərait belə yaradılmayıb.
Hazırda uşağa ana dili biliklərindən dəyərli bir sərvət kimi istifadə etməyə imkan verən çoxdilli təhsil məsələlərinə xüsusi diqqət yetirilir. Beynəlxalq gündə UNESCO dil müxtəlifliyinin həyatımızda gündəlik bir həqiqət olmasını təmin etməyə köməyə çağırır.
Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn siyasətinin nəticəsidir. 1970-ci ildə Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Bundan sonra ana dilimiz dövlət əhəmiyyətli tədbirlərə də yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Dostları ilə paylaş: |