Demoqrafik problemlərin uşaq və yeniyetmələrin tərbiyəsinə təsiri Lamiə Nizami qızı Nağıyeva Ümumi pedaqogika kafedrasının baş müəllimi



Yüklə 20,77 Kb.
səhifə1/2
tarix11.01.2023
ölçüsü20,77 Kb.
#78963
  1   2
2018 GDU 4 nomrelı jurnala meqale Lamıe


Demoqrafik problemlərin uşaq və yeniyetmələrin tərbiyəsinə təsiri
Lamiə Nizami qızı Nağıyeva
Ümumi pedaqogika kafedrasının baş müəllimi,
pedaqogika üzrə fəlsəfə doktoru
Açar sözlər: Şəxsiyyətin inkişafı, demoqrafik amillər, natamam ailə, ölüm, boşanma.
Ключевые слова: Развитие личности, демографические факторы, неполная семья, смерть, развод.
Key words: Personality development, demographic factors, incomplete family, death, divorce.
Demoqrafik proseslər həmişə uşaq və yeniyetmələrin həyatına müxtəlif yollarla nüfuz etmiş, onların insanlara və özlərinə münasibətlərinin formalaşmasında az rol oynamamışdır. Lakin XX yüzilliyin sonlarından başlayaraq müasir ailədə baş verən köklü dəyişikliklər nəticəsində bu proseslər daha önəmli xarakter kəsb etmiş, neqativ, demoqrafik təsirlərin miqyası son dərəcə genişlənmişdir. Bəs təlim-tərbiyə prosesində neqativ demoqrafik təsirləri necə aradan qaldırmaq olar? Bu mühüm tərbiyə işinin məzmunu və sistemi necə olmalıdır? İstər ümumtəhsil məktəbi şəraitində, istərsədə ailədə tərbiyə işinin səmərəsinin artırılması həmin məsələlərin həllindən bilavasitə asılıdır. Dünya xalqlarının dillərində, bəlkə də ana və ata sözləri ilə bahəm yetim uşaq kəlməsi də qədim zamanlarda yaranmış, əsrlər və qərinələr boyu şüurlara hakim kəsilmişdir. Şifahi xalq ədəbiyyatında yetim uşağın insanları humanizmə səsləyən təsirli, yadda qalan obrazı formalaşmış, onun həyatı, taleyi barəsində tibbi, psixoloji və pedaqoji yönümdə saysız-hesabsız yanıqlı, öyüd-nəsihətli kəlamlar, atalar sözləri yaranmışdır. Azərbaycan xalq pedaqogikasında yetim uşaqların tərbiyəsinə aid xeyli qiymətli fikirlər vardır. Tərbiyə nəzəriyyəsi və təcrübəsi sahəsində ilk demoqrafik problem, görünür, yetim uşaqlar problemi olmuşdur. Yetim evlərinin yaranması ilə bu problem də kəskinləşmiş və daha geniş miqyasda diqqəti cəlb etməyə başlamışdır. Birinci dünya müharibəsinin səfalətləri nəticəsində isə yetim uşaqlar zəmanənin başlıca sosial-pedaqoji probleminə çevrildi. Dünyanın müxtəlif ölkələrində, eləcə də Rusiyada, o cümlədən Azərbaycanda çoxlu yetim evləri yaradıldı. XX yüzilliyin 20-30-cu illərində dünya miqyasında yetim uşaqların tərbiyəsi sahəsində maraqlı iş təcrübəsi əmələ gəlmişdi. Məktəb tarixi salnaməsinin bu səhifələrində A.S.Makarenkonun, Yanuş Korçakın və b. adı xüsusi çəkilir, internat tipli məktəblərin fəaliyyətindən danışılır. Yetim uşaqlar probleminin öyrənilməsi sahəsində onların xidmətləri əvəzsizdir. A.S.Makarenkonun əmək koloniyalarında çoxlu yetim uşaq tərbiyə olunurdu. Yanuş Korçak isə Polşada dünya pedaqoqlarının diqqətini cəlb etmiş yeni tipli yetimlər evi təşkil etmiş, Sovet dövründə isə internat məktəbləri yaradılmışdır. Demoqrafik proseslərin pedaqoji nəticələri hələ diqqəti qədim zamanlardan cəlb etsə də, elmi problem kimi yalnız ikinci dünya müharibəsindən sonrakı illərdə, xüsusilə, XX əsrin 60-70-ci illərindən etibarən dərk olunmağa başlanmışdır. Müstəqil Respublikamız Ermənistanla elan olunmuş müharibəyə cəlb edil­dik­dən, sonra xeyli soydaşlarımızın soyqırıma məruz qalması, qaçqın və məcburi köçkünlərimizin əmələ gəlməsi, minlərlə şəhidlərimizin yaranması nəticəsində bu gün yetim uşaqlar problemi xüsusilə kəskin şəkil alıbdır. Azərbaycan Respublika­sı­nın birinci xanımı, H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xidməti hesabına Azərbaycanda geniş miqyasda yetim evləri və SOS Uşaq şəbəkəsi yaradıldı. Atəşkəs illərində isə yeni demoqrafik problemlər doğuşun azalması, boşanma, təkrar nigah, miqrasiya və onların sosial-pedaqoji nəticələri bütün aydınlığı ilə özünü göstərdi. Yarımçıq ailələrin yaranması zəminində, yüzlərlə, minlərlə ailənin mənəvi dayaqları sarsıldı və ailə tərbiyəsinin imkanları azaldı. Boşanma halları da indiki dövrdə xeyli artıb. Bunun da nəticəsində on minlərlə uşaq ata və ana qayğısından məhrumdur. Obrazlı şəkildə olsa da, bu uşaqları "analı, atalı yetimlər" adlandıranlar nə qədər haqlıdırlar! Təsadüfi deyildir ki, onların böyük bir qismi uşaq evlərində tərbiyə olunurlar.
Ölüm və boşanma! Bu gün natamam və uğursuz ailələrin yaranması bilavasitə həmin demoqrafik amillərlə bağlıdır. Respublika mətbuatında verilmiş statistika məlumatına görə, ailənin dağılmasının 23,9%-i boşanma 22,6%-i qadının və 55,3%-i kişinin ölümü ilə əlaqədardır. Boşanmış, əri və ya arvadı ölmüş qadın və kişilərin bir qismi sonra yenidən ailə qururlar. Təkrar nigah zəminində ögey ana, ögey ata və ögey uşaqlar əmələ gəlir. Bundan başqa, yetim uşaqların çoxunu sonralar oğulluğa və qızlığa götürür­lər. Yetim, valideynləri boşanmış, oğulluğa və qızlığa götürülmüş uşaqlar eldə-obada, yetim evində, məktəbdə, özünəməxsus status kəsb edir, köklü psixoloji xüsusiyyətlərlə özlərinin həmyaşıdlarından seçilirlər. Bu sahədə ilk əsaslı müşahidələr XVIII yüzilliyə təsadüf edir. Hələ 1760-cı ildə insan yepiskoplarından biri öz gündəliyində yazmışdı: "Yetim evində uşaqlar kədərli olur və onların bir çoxu kədər çəkdiyi üçün ölür". XIX əsrin sonu-XXI əsrin əvvəllərində-dünyanın müxtəlif ölkələrində yetim evləri şəbəkəsinin genişləndiyi bir şəraitdə belə faktlar diqqəti cəlb etməyə başladı. Kiçik yaşlı yetim uşaqlar arasında, xüsusilə onların həyatının ilk aylarında və ilində, ölüm hadisəsi çox idi. Sağ qalan uşaqlar isə özlərinin ümumi fiziki və psixi inkişafına görə həmyaşıdlarından kəskin surətdə geri qalırdılar: 3 yaşında olanlar demək olar ki, danışmır, tərbiyəçilərin sözünə baxmır, özlərini həddindən artıq passiv və ya əksinə, aqressiv aparırdılar. İkinci dünya müharibəsi illərində isə belə hallar daha geniş miqyasda müşahidə olunurdu. P.Spitsin SSRİ-nin dağılması və müstəqil dövlətlərin yarandığı illərə aid yazmış olduğu kitabında bir uşaq evində yaranmış dramatik mənzərə belə təsvir olunur. Birinci iki ildə uşaqların 37 %-i tələf olmuşdu. Sağ qalmış 21 uşaqdan ən kiçiyi 2, böyüyü isə 4-1 yaşında idi. Onlardan 5 nəfəri hərəkət etməyi və oturmağı bacarmırdı, ancaq 3 nəfəri köməksiz otura bilirdi, 8 nəfəri başqa adamların köməyi ilə, 5 nəfəri isə müstəqil surətdə gəzə bilirdi. 12 uşaq özü qaşıqla xörək yeməyi, 20-si isə geyinməyi bacarmırdı. Onların hamısının nitqi inkişaf etməmişdi: 20 uşaqdan 6-sı tamamilə danışmır, 12 nəfəri 2-5 söz tələffüz edir, yalnız bir nəfəri cümlə qura bilirdi (4, 38). Pediatrlara və uşaq psixiatrlarına da belə hallar yaxşı bəlli idi: onlar müşahi-də etmişdilər ki, ana və atasından, bacı və qardaşlarından ayrılıqda xəstəxanada müalicə olunan kiçik yaşlı uşaqlar fiziki və psixi cəhətdən normal inkişaf etmirlər. Bu faktların ümumiləşdirilməsi əsasında elmdə "qospitalizm" (fransızca hopital- xəstəxana deməkdir) termini əmələ gəlmişdir. Qospitalizm dedikdə yetim uşaqla­rın, eləcə də anasından, atasından və b. ayrılıqda xəstəxanada müalicə edilən uşaq­ların fiziki və psixi inkişafında özünü göstərən xüsusiyyətlər nəzərdə tutulur (1, 44-45).
Uşaqlarda belə xüsusiyyətlərin əmələ gəlməsini nə ilə izah etmək olardı? Yanuş Korçak bu ümdə suala dəqiq və qəti cavab vermişdi. O, internatı həbsxana-kazarma (2, 126) adlandırırdı. Y.Korçak yetim uşaqların tərbiyə olunduğu internatların dəhşətli həyatına yaxşı bələd idi. O, yazırdı ki, mən tərbiyə-çi rolunda yüz nəfər yetim oğlan və qızın tərbiyə olunduğu şəhər internatının "qəmli sirləri" ilə ətraflı tanış olmuşdur. Görkəmli pedaqoqun fikrincə, internatda uşaqları yorub əldən salırlar. Cəld, zirək uşaqlar nəzarətçiləri aldatmağa, onların aramsız himayəsindən canlarını qurtarmağa çalışır, öz hüquqları uğrunda ümidsiz, çarəsiz halda, ancaq səylə mübarizə aparırdılar. 1980-ci illərdə V.S.Muxinanın rəhbərliyi ilə aparılmış bir tədqiqatın nəticə­ləri də bu baxımdan maraqlıdır. Müəyyən edilmişdir ki,150 uşaq müəssisəsindən yalnız beşdə biri yaxşı göstəricilərlə seçilir. V.S.Muxina bu faktları təhlil edərək yazırdı: “Təəssüf ki, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların tərbiyə edildikləri uşaq müəssisələrinin demək olar ki, hamısında həyat şəraiti, bir qayda olaraq, yetimxanada, kazarma şəraitidir" (3, 3).
Dünyanın görkəmli pedaqoqları internat mühitinin humanistləşdirilməsi barəsində düşünürdülər. Y.Korçakın özü Varşavada yeni tipli "Yetimlər evi" yaratdı. 2-3 il ərzində "Yetimlər evi" nümunəvi müəssisəyə çevrildi. Məşhur Avstriya pedaqoqu Kerman Qmayner isə ailə tipli uşaq evlərinin humanist demo­qratik modelini yaratdı. Göründüyü kimi, demoqrafik proseslərin nəticəsində müxtəlif tipli uşaqlar formalaşır. Onların böyük əksəriyyəti yetim evlərində tərbiyə olunurlar, bir çoxu isə ailə şəraitində böyüyür və ümumtəhsil müəssisələrində təhsil alırlar.
Yaxın gələcəkdə yetim uşaqların məhz ümumtəhsil məktəblərində təhsil alması hallarının artması gözlənilir. Bu meyl ailənin effektiv həyatında uşaqların rolunun tədricən genişlənməsi ilə bilavasitə bağlıdır. Son zamanlar yetim uşaqların oğulluğa və qızlığa götürülməsi halları artmağa başlamışdır. Maddi çətinlik ucbatından uşağını vaxtilə istər-istəməz kiçik yaşlarında internata verən bir çox ailələr artıq onu evdə ana qayğısı ilə tərbiyə etməyi hər şeydən üstün tuturlar.
Ədəbiyyat

  1. Qaralov Z.İ. Tərbiyə. I və II hissə. Bakı, Nurlan 2006.

  2. Kazımov N.M. Tərbiyənin elmi-pedaqoji əsasları. Maarif, 1983, 204 s.

  3. Əlizadə H.Ə. Sosial pedaqogikanın aktual məsələləri. Bakı, Səda, 1998, 342 s.

  4. R.Əliyev, X.Talıbova. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlarla tərbiyə işinin təşkili. Bakı, Mütərcim, 2011, 98 s.


Yüklə 20,77 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin