Dil, nitq və nitq fəaliyyəti
“Nitq – müəyyən kollektivin digər üzvləri ilə əlaqə saxlamaq məqsədilə dildən istifadə edən şəxsin fəaliyyəti, danışıq; mürəkkəb məzmunun – həm infor-masiya, həm çağırış – müraciət, həm dinləyicini təhriketmə və s. ifadəsi üçün dilin müxtəlif vasitələrinin işlədilməsi”dir. Dil və nitq eyni bir hadisənin nitq fəaliyyətinin bir-biri ilə qarşılıqlı əlaqədə olan iki cəhətidir. Nitqin aydınlığı və təsirli ola bilməsi üçün dil, öz növbəsində dilin mövcudluğu üçün – nitq zəruridir. Hər hansı dilin sistemini yalnız nitqdəki təzahürünə görə müəyyən-ləşdirmək olur. Nitq nəinki dili təzahür etdirir, həm də onu inkişaf etdirir, formalaşdırır. Nitq fəaliyyətdə, yəni öz funksiyasını yerinə yetirməkdə olan dildir, nitq aktıdır. Nitq dilin konkret ünsiyyət şəraitində realizə olunması, informa-siyanın ötürülməsi və əldə edilməsidir. Dil ünsiyyət vasitəsidirsə, nitq ünsiyyətin özüdür.
Nə qədər yaxın və qarşılıqlı əlaqədə olsa da, dil və nitqin özünəməxsus cəhətləri vardır ki, bu onları bir-birindən fərqləndirir. Bu fərqlər aşağıdakılardır:
1. Dil ünsiyyət vasitəsidir. Nitq isə bu ünsiyyətin özüdür. Nitq insanlar arasında dil vasitəsilə həyata keçirilən fikir mübadiləsi və ünsiyyət prosesidir. Ünsiyyət vasitələri imkan vəziyyətində dildir. Nitq dil normalarına əsaslanır, dil sistemi isə öz növbəsində nitq fəaliyyətində təzahür edir, təkmilləşir.
2. Nitq fərdidir, ayrı-ayrı adamların nitq aktlarıdır, vərdişləridir, danışığıdır, yazısıdır. Yazıçının dili dedikdə, yazıçının nitqi (nitqinin yazıya köçürülmüş forması) nəzərdə tutulur.
Ümumxalq dili eyni bir dil kollektivi üzvlərinin əlaqə məqsədilə dildən istifadə formalarından asılı olaraq müxtəlif dəyişikliyə uğrayır. Danışanlar, yaxud yazanlar dil vasitələrindən eyni şəkildə istifadə etmirlər. Bu istifadə şəxsin təhsili, həyat təcrübəsi, dünyagörüşü, mədəni səviyyəsi və s. ilə bağlı müxtəlif şəkildə olur. Burada danışan və yazanın ifadə etdiyi fikrə münasibəti də dil vasitələrindən istifadənin rəngarəngliyinə, müxtəlifliyinə səbəb olur. Bu münasibətdən asılı olaraq cümlədə sözlərin sırası dəyişilir, müxtəlif xitablar, ara sözləri, ara cümlələr işlədilir, rəngarəng intonasiya çalarlarından istifadə olunur
3. Dili ünsiyyət vasitəsi kimi müşahidə etmək mümkün deyildir. Bu müşahidə fərdlərin nitqi və onun məhsulu olan mətn üzrə aparılır. Dilə dair qram-matika kitabları və digər sorğu vəsaitləri bu mətnlər, onların təhlili yolu ilə aparılan araşdırmaların nəticəsi olaraq yazılır, oxuculara təqdim olunur. Nitq daha çox sintaksislə bağlıdır, onun sinonimi kimi işlənir.
4. Nitq tarixi səciyyə daşıyır, dil isə tarixdən kənardadır. Başqa sözlə, nitq işləndiyi şəraitdən asılıdır, həmin şəraitdəki bütün faktorların təsirinə məruz qalır, dəyişikliyə uğrayır. Lakin dil normalarının köməyi ilə bu dəyişikliklərdən, təsirlərdən özünü qoruyur.
5. Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir. Onun vahidləri (mürəkkəb sözlər, söz birləşmələri, cümlələr) nitq prosesində yaranır, mürəkkəb quruluşa malik olur. Bu vahidlər həmin an üçün zəruri ehtiyacı ödəmək məqsədi güdür. Dil isə nitqlə müqayisədə sabitdir, dəyişmir. Dildə səhv ola bilməz, nitqdə isə ola biər. Dil tarazlaşmış, nizamlanmış normalar sisteminə və lüğət tərkibinə malikdir. Nitq prosesinin müəyyən məhsulu (məsələn, mətn), həmin məhsulun da iki tərəfi olur: 1) oradakı fikir, yəni nitqin məzmunu; 2) bu fikrin maddi qabığı varlıq, yəni forma. Deməli, bu mənada dil nitqin formasıdır, fikir isə onun məzmunu.
6. Nitq fərdi – psixi, dil isə ictimai hadisədir. Hər bir nitq aktı bütün psixi formaların (duyğu, hiss, təsəvvür, qavrayış, təfəkkür, emosiya və s.) təsirinə məruz qalır, ayrı-ayrı şəxslər dilin zəngin ifadə vasitələrindən müxtəlif şəkildə istifadə edirlər.
7. Nitq və dil quruluşuna görə də fərqlənirlər. Dilin quruluşu onun ən böyük vahidi olan cümlədə özünü göstərir. Nitqin quruluşuna isə cümlə, abzas və mətn daxildir. Dil sisteminin ən böyük vahidi sayılan cümlə nitq sistemində ən kiçik vahid olur.
Dil və nitq aşağıdakı fərq qarşılaşmada özünü aydın göstərir: Obyektivlik– subyektivlik, ümumilik–xüsusilik, daimilik–dəyişkənlik, bəşərilik–millilik, statiklik-dinamiklik, mücərrədlik-konkretlik, ictimailik-fərdilik, müm-künlük-gerçəklik, rasionallıq-emosionallıq və s.
Aralarında fərqlərin olmasına baxmayaraq nitq və dilin qarşılıqlı əlaqəsi vardır. “Nitqin aydın olması və özünün bütün təsirini göstərməsi üçün dil vacibdir; nitq öz növbəsində dilin bərqərar olması üçün vacibdir; tarixən nitq mövcudluğu həmişə dildən əvvəl olur”
Danışan və dinləyənin nitq prosesində iştirakı həmişə eyni formada olmur. Bir nitq praktikasında danışan və dinləyən, demək olar ki, eyni dərəcədə fəaliyyət göstərir: sual verir, dinləyən cavab, danışan rəyini söyləyir, müsahib ona münasibətini bildirir. Başqa bir nitq formasında isə dinləyən ya ehtiyac, ya da imkanının olmaması üzündən müsahibinin danışığına müdaxilə etmir, münasibət göstərmir. Bu cür şərhetmə və dinləmə nitqin dialoji və monoloji formalarını yaradır.
Dostları ilə paylaş: |