ƏDƏBİyyat dərsləRİNDƏ BƏDİİ ƏSƏRLƏRİn dil xüsusiYYƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ metodik problem kiMİ Bilal Həsənli Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim



Yüklə 23,7 Kb.
tarix21.12.2019
ölçüsü23,7 Kb.
#29982
Bədii əsərlərin dil xüsusiyyətlərinin öyrənilməsi
Aytən Məmmədzadə


ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ BƏDİİ ƏSƏRLƏRİN DİL XÜSUSİYYƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ METODİK PROBLEM KİMİ

Bilal Həsənli

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim

Ədəbiyyat dərslərində söz sənətinin xüsusiyyətlərinin şagirdlərə öyrədilməsi mühüm metodik problemdir. Məktəb təcrübəsi göstərir ki, ədəbiyyat dərslərində bir sıra hallarda əsərin ideya-məzmununun təhlili aparılması, bədii sənətkarlıq məsələlərinin unudulması bədii ədəbiy­yatın oxucuya emosional-estetik təsirinin azalmasına gətirib çıxarır. Məktəbdə hər bir əsərin təhlilinə yalnız fəlsəfi, idraki, siyasi-ideoloji deyil, həm də bədii-emosional baxımdan yanaşıl­ma­lıdır. Bu isə bədii əsərin məzmun və formasını vəhdətdə öyrənməyi tələb edir. Hələ XVİ əsrdə M.Füzuli diqqəti bədii əsərin dilinə yönəldərək onun mətnin ideya-məzmununun qavranılmasında əhəmiyyətini qeyd edirdi:

Qəzəl de ki, məşhuri-dövran ola,

Oxumaq da, yazmaq da asan ola.

Əlbəttə, burada söhbət bəsitlikdən deyil, sənətkarlıqdan, dərin fikirləri, mürəkkəb mətləblərin aydın, anlaşıqlı bədii dillə ifadə­sindən gedir.

T.Hacıyev “Füzuli: dil sənətkarlığı” kitabında yazır: “Dil Füzuli sənətinin açarıdır. Dili ilə şairin sənət xəzinəsinin sirr və hikmət qapıları açılır. Füzuli özü deyir ki, ərşin altında Allahın xəzinələri var ki, şairlərin dili bu xəzinələrin açarıdır. Eyni zamanda Füzuli dilə sənətin canı-cövhəri kimi baxır: Can sözdür əgər bilirsə insan, Sözdür ki, deyərlər özgədir can... Füzuli şeirin özünü fənn (elm, ixtisas) sayır, dili bu fənnin açarı bilir. Şairə görə, müxtəlif dillərin açarları ilə nəzm fənninin qapılarını açmaq olur. Füzulinin əlində belə üç açar var idi: fars dili, ərəb dili, türk dili – üç dildə nəzm divanı bağlamışdı. Şübhəsiz, onun üçün bu açarlardan ən kamili, ən gözəl xəlq olunmuşu, türk dili idi. Çünki bu açarı laylaları ilə türk şeirini melodiya şəklində onun canına hopdurmuş anası vermişdi.O birilərini isə özü hislə yox, şüurla özgələrdən öyrənib almışdı. Buna görə o, sözə “can” deyirdi və “can” deyəndə birinci məhz ana türkcəsini nəzərdə tuturdu.”1

Görkəmli ədəbiyyatşünas və pedaqoq F.Köçərli «Balalara hədiyyə» kitabına daxil edilmiş əsərlərdə məhz bu cəhəti – dil ami­lini də diqqət mərkəzində saxlamış, kitaba xalq dilinin zənginliyini əks etdirən şifahi və yazılı ədəbiyyat nümunələrini daxil etmişdir.

M.Ə.Sabirin yaradıcılığının mühüm bir qolunu təşkil edən uşaq şeirləri bu gün də dilin xəlqiliyi, axıcılığı, ifadəliliyi baxımından nümunə göstərilə bilər. Böyük şairimiz uşaq şeirlərinin ideya-bədii kamilliyinə xüsusi diqqət yetirmişdir. O, uşaq əsərini çap etdir­məz­dən əvvəl övladlarına dönə-dönə oxudar, əzbər söylədər, diqqətlə dinlə­yər, hansı sözün, ifadənin çətin tələffüz olunduğuna, yerinə düş­mədiyinə xüsusi diqqət yetirərdi. Balaca oxucularla belə ünsiy­yət, bədii eksperiment nəticəsində sənətkar uşaq şeirlərinin dilini cilalayardı.

Ədəbiyyatımızda romantizmin görkəmli nümayəndəsi H.Cavid öz əsərlərinin dilinə xüsusi diqqət yetirmiş, onların gələcək nəşrlə­rində bədii dil və üslub xüsusiyyətlərinə toxunmamağı vəsiyyət et­mişdir. Məlumdur ki, ədibin həyat həqiqətlərini, pak insani duy­ğu­ları, hikmətamiz fəlsəfi fikirləri, güclü ehtirasları yüksək sənət­kar­lıqla ifadə edən əsərlərinin dili romantizm prinsiplərinə uyğundur.

Şairin əsərlərini nəşrə hazırlayan Turan Cavid yazırdı: “Əsərlə­rinin imlasının qorunması Hüseyn Cavid üçün çox əhəmiyyətli idi və elə bu səbəbdən də o, bəzən əlyazmalarının sonunda bunu xüsusi xatırladırdı:“İmlasına toxunmamalı!”. Bir halda ki, özü belə istə­miş­di, deməli, bu sözləri onun bir müəllif olaraq vəsiyyəti kimi də qəbul etmək olar...

Müxtəlif illərdə guya Hüseyn Cavidi müasir oxucu üçün daha anlaşıqlı etmək niyyətində olan naşir və redaktorları başa düşməkdə çətinlik çəkmişəm.Axı belə bir təşəbbüsdə bulunanların heç biri Cavid mətnlərinin ədəbi-estetik, tarixi və məfkurəvi mahiyyətinə vaqif olmayıblar.1

M.İbrahimov qeyd edirdi ki, gözəl, oynaq və obrazlı dili, yüksək bədii keyfiyyətləri ilə Cavidin poeziyası gənclik illərindən bizi valeh etmiş, həyatımıza, mənəvi aləmimizə daxil olmuşdu. Onun “Şeyx Sənan”, “İblis” kimi əsərlərindəki bir çox beytləri, aforistik ifadələri dilimizin əzbəri idi bir sıra səhnələr və epizodlar xəyaləmızdan çəkilməzdi2.”

Y.Qarayev yazırdı ki, H.Cavid böyük dramaturq olmazdan öncə böyük şair, böyük lirik olmuş və lirik-fəlsəfi yaradıcılığını bütün ömrü boyu davam etdirmişdir. Onun şeirlərini oxuduqca sanki başlanğıcda sakit axan, qıjıldayan, daşlardan töküldükcə isə etirazlı bir nərə çəkən dağ çeşməsinin, dağ çayının səsini eşidirsən.

Elə buna görədir ki, H.Cavidin şeir dili səmimi, saf insan duyğularının tərənnümündə nə qədər həzin, kövrək, lirikdirsə, insanlara zülm və müsibət gətirən şər qüvvələrə, heyvani instinkt­lərə tabe olub öz həmcinslərini zülmət və cəhalətdə saxlayan riya­kar­lara qarşı mübarizədə o qədər kəskin, amansız, qəti və hayqır­tılıdır. Bu baxımdan H.Cavidin poeziyasında romantika ilə realiz­min heyrətamiz bir vəhdətini görürük. Şair xeyirin təntənəsinə nə qədər işıqlı romantik xəyallar bəsləyirsə, şərin məhvi üçün də o qədər səbirsiz, acıqlı tədbirlər irəli sürür.H.Cavid bir şair kimi orijinaldır, təkraredilməzdir, yalnız özünə, öz sənətinə xas olan poetik ifadə və vasitələrin müəllifi kimi çox uğurlu bir dəsti-xətti vardır3.

Ümumtəhsil məktəblərinin ədəbiyyat fənn kurikulumunda əsərin məzmunu üzrə iş və təh­lili zamanı bədii dil xüsusiyyətlərinə diqqət yetirilməsi mühüm tələb kimi qarşıya qoyulur. Belə ki, məzmun standartları bütün bədii əsərlər üzrə iş zamanı ilk növbədə mətndə şagirdlərə tanış olmayan sözlərin məna­sının aydınlaşdırılması və məktəblilərin həmin sözlərdən mü­za­kirə­lərdə, nağıletmədə, monoloji nitqlərində, dialoq və təqdi­mat­larda istifadə etmələri, bədii təsvir və ifadə vasitələrinin müəyyən­ləşdiril­məsi və onların işlənmə məqamına görə rolunun izah edil­məsi, obrazların səciyyələndirilməsi zamanı onların nitq xüsusiy­yətlərinə diqqət yetirilməsini nəzərədə tutur.

Göründüyü kimi, kurikulumda əsərin bədii dil xüsusiyyətlərinin öyrənilməsi mühüm tələb kimi qarşıya qoyulur. Bu məsələyə əsərin ideya-bədii xüsusiyyətlərinin qavranılmasının mühüm amili kimi yanaşılır. Əsərin bədii dil xüsusiyyətləri üzrə iş sinifdən-sinfə keçdikcə dərinləşdirilir, inkişaf etdirilir. Ədəbi əsərlərin öyrədilməsi zamanı sənətkarın sözdən istifadə məharəti, nitqin bədiiliyi, ifadəliliyi, obrazlı sözün doğur­duğu emo­sionallıq və fikir tutumu haqqında aydın təsəvvür yara­dılması diqqət mərkəzində saxlanılmalıdır. Bu yolla şa­girdlərin şifahi və yazılı nitqinin tədricən cilalanması təmin edilir.



Ədəbiyyat

  1. Azər­baycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategi­ya­sı.”Azərbaycan müəllimi” qəzeti, 25 okt 2013. N 41 (8558).

  2. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədə­­biyyat fənni kurikulumu. V-XI siniflər. (Təlim Azərbaycan di­lin­də olan məktəblər üçün) “Azərbaycan müəllimi” qəzeti, 24 dek. 2010 N 50.

  3. Ümumi təhsilin fənn standartları.(I-XI siniflər).ARTİ-nin nəşri. Bakı,2012. N 50.

1 Hacıyev T. Füzuli: Dil sənətkarlığı. Bakı: Gənclik, 1994, s.4.

1 Cavid H. Əsərləri. 5 cilddə. I cild.Bakı: Lider, 2005, s.7.

2 İbrahimov M. Niyəsiz, necəsiz bir yazısan sən. Bakı: Yazıçı, 1985 s.404.

3 Cavid H. Əsərləri. 5 cilddə. I cild.Bakı: Lider, 2005, s.7.

Yüklə 23,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə