ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ BƏDİİ ƏSƏRLƏRİN DİL XÜSUSİYYƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ METODİK PROBLEM KİMİ
Bilal Həsənli
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim
Ədəbiyyat dərslərində söz sənətinin xüsusiyyətlərinin şagirdlərə öyrədilməsi mühüm metodik problemdir. Məktəb təcrübəsi göstərir ki, ədəbiyyat dərslərində bir sıra hallarda əsərin ideya-məzmununun təhlili aparılması, bədii sənətkarlıq məsələlərinin unudulması bədii ədəbiyyatın oxucuya emosional-estetik təsirinin azalmasına gətirib çıxarır. Məktəbdə hər bir əsərin təhlilinə yalnız fəlsəfi, idraki, siyasi-ideoloji deyil, həm də bədii-emosional baxımdan yanaşılmalıdır. Bu isə bədii əsərin məzmun və formasını vəhdətdə öyrənməyi tələb edir. Hələ XVİ əsrdə M.Füzuli diqqəti bədii əsərin dilinə yönəldərək onun mətnin ideya-məzmununun qavranılmasında əhəmiyyətini qeyd edirdi:
Qəzəl de ki, məşhuri-dövran ola,
Oxumaq da, yazmaq da asan ola.
Əlbəttə, burada söhbət bəsitlikdən deyil, sənətkarlıqdan, dərin fikirləri, mürəkkəb mətləblərin aydın, anlaşıqlı bədii dillə ifadəsindən gedir.
T.Hacıyev “Füzuli: dil sənətkarlığı” kitabında yazır: “Dil Füzuli sənətinin açarıdır. Dili ilə şairin sənət xəzinəsinin sirr və hikmət qapıları açılır. Füzuli özü deyir ki, ərşin altında Allahın xəzinələri var ki, şairlərin dili bu xəzinələrin açarıdır. Eyni zamanda Füzuli dilə sənətin canı-cövhəri kimi baxır: Can sözdür əgər bilirsə insan, Sözdür ki, deyərlər özgədir can... Füzuli şeirin özünü fənn (elm, ixtisas) sayır, dili bu fənnin açarı bilir. Şairə görə, müxtəlif dillərin açarları ilə nəzm fənninin qapılarını açmaq olur. Füzulinin əlində belə üç açar var idi: fars dili, ərəb dili, türk dili – üç dildə nəzm divanı bağlamışdı. Şübhəsiz, onun üçün bu açarlardan ən kamili, ən gözəl xəlq olunmuşu, türk dili idi. Çünki bu açarı laylaları ilə türk şeirini melodiya şəklində onun canına hopdurmuş anası vermişdi.O birilərini isə özü hislə yox, şüurla özgələrdən öyrənib almışdı. Buna görə o, sözə “can” deyirdi və “can” deyəndə birinci məhz ana türkcəsini nəzərdə tuturdu.”1
Görkəmli ədəbiyyatşünas və pedaqoq F.Köçərli «Balalara hədiyyə» kitabına daxil edilmiş əsərlərdə məhz bu cəhəti – dil amilini də diqqət mərkəzində saxlamış, kitaba xalq dilinin zənginliyini əks etdirən şifahi və yazılı ədəbiyyat nümunələrini daxil etmişdir.
M.Ə.Sabirin yaradıcılığının mühüm bir qolunu təşkil edən uşaq şeirləri bu gün də dilin xəlqiliyi, axıcılığı, ifadəliliyi baxımından nümunə göstərilə bilər. Böyük şairimiz uşaq şeirlərinin ideya-bədii kamilliyinə xüsusi diqqət yetirmişdir. O, uşaq əsərini çap etdirməzdən əvvəl övladlarına dönə-dönə oxudar, əzbər söylədər, diqqətlə dinləyər, hansı sözün, ifadənin çətin tələffüz olunduğuna, yerinə düşmədiyinə xüsusi diqqət yetirərdi. Balaca oxucularla belə ünsiyyət, bədii eksperiment nəticəsində sənətkar uşaq şeirlərinin dilini cilalayardı.
Ədəbiyyatımızda romantizmin görkəmli nümayəndəsi H.Cavid öz əsərlərinin dilinə xüsusi diqqət yetirmiş, onların gələcək nəşrlərində bədii dil və üslub xüsusiyyətlərinə toxunmamağı vəsiyyət etmişdir. Məlumdur ki, ədibin həyat həqiqətlərini, pak insani duyğuları, hikmətamiz fəlsəfi fikirləri, güclü ehtirasları yüksək sənətkarlıqla ifadə edən əsərlərinin dili romantizm prinsiplərinə uyğundur.
Şairin əsərlərini nəşrə hazırlayan Turan Cavid yazırdı: “Əsərlərinin imlasının qorunması Hüseyn Cavid üçün çox əhəmiyyətli idi və elə bu səbəbdən də o, bəzən əlyazmalarının sonunda bunu xüsusi xatırladırdı:“İmlasına toxunmamalı!”. Bir halda ki, özü belə istəmişdi, deməli, bu sözləri onun bir müəllif olaraq vəsiyyəti kimi də qəbul etmək olar...
Müxtəlif illərdə guya Hüseyn Cavidi müasir oxucu üçün daha anlaşıqlı etmək niyyətində olan naşir və redaktorları başa düşməkdə çətinlik çəkmişəm.Axı belə bir təşəbbüsdə bulunanların heç biri Cavid mətnlərinin ədəbi-estetik, tarixi və məfkurəvi mahiyyətinə vaqif olmayıblar.1”
M.İbrahimov qeyd edirdi ki, gözəl, oynaq və obrazlı dili, yüksək bədii keyfiyyətləri ilə Cavidin poeziyası gənclik illərindən bizi valeh etmiş, həyatımıza, mənəvi aləmimizə daxil olmuşdu. Onun “Şeyx Sənan”, “İblis” kimi əsərlərindəki bir çox beytləri, aforistik ifadələri dilimizin əzbəri idi bir sıra səhnələr və epizodlar xəyaləmızdan çəkilməzdi2.”
Y.Qarayev yazırdı ki, H.Cavid böyük dramaturq olmazdan öncə böyük şair, böyük lirik olmuş və lirik-fəlsəfi yaradıcılığını bütün ömrü boyu davam etdirmişdir. Onun şeirlərini oxuduqca sanki başlanğıcda sakit axan, qıjıldayan, daşlardan töküldükcə isə etirazlı bir nərə çəkən dağ çeşməsinin, dağ çayının səsini eşidirsən.
Elə buna görədir ki, H.Cavidin şeir dili səmimi, saf insan duyğularının tərənnümündə nə qədər həzin, kövrək, lirikdirsə, insanlara zülm və müsibət gətirən şər qüvvələrə, heyvani instinktlərə tabe olub öz həmcinslərini zülmət və cəhalətdə saxlayan riyakarlara qarşı mübarizədə o qədər kəskin, amansız, qəti və hayqırtılıdır. Bu baxımdan H.Cavidin poeziyasında romantika ilə realizmin heyrətamiz bir vəhdətini görürük. Şair xeyirin təntənəsinə nə qədər işıqlı romantik xəyallar bəsləyirsə, şərin məhvi üçün də o qədər səbirsiz, acıqlı tədbirlər irəli sürür.H.Cavid bir şair kimi orijinaldır, təkraredilməzdir, yalnız özünə, öz sənətinə xas olan poetik ifadə və vasitələrin müəllifi kimi çox uğurlu bir dəsti-xətti vardır3.
Ümumtəhsil məktəblərinin ədəbiyyat fənn kurikulumunda əsərin məzmunu üzrə iş və təhlili zamanı bədii dil xüsusiyyətlərinə diqqət yetirilməsi mühüm tələb kimi qarşıya qoyulur. Belə ki, məzmun standartları bütün bədii əsərlər üzrə iş zamanı ilk növbədə mətndə şagirdlərə tanış olmayan sözlərin mənasının aydınlaşdırılması və məktəblilərin həmin sözlərdən müzakirələrdə, nağıletmədə, monoloji nitqlərində, dialoq və təqdimatlarda istifadə etmələri, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi və onların işlənmə məqamına görə rolunun izah edilməsi, obrazların səciyyələndirilməsi zamanı onların nitq xüsusiyyətlərinə diqqət yetirilməsini nəzərədə tutur.
Göründüyü kimi, kurikulumda əsərin bədii dil xüsusiyyətlərinin öyrənilməsi mühüm tələb kimi qarşıya qoyulur. Bu məsələyə əsərin ideya-bədii xüsusiyyətlərinin qavranılmasının mühüm amili kimi yanaşılır. Əsərin bədii dil xüsusiyyətləri üzrə iş sinifdən-sinfə keçdikcə dərinləşdirilir, inkişaf etdirilir. Ədəbi əsərlərin öyrədilməsi zamanı sənətkarın sözdən istifadə məharəti, nitqin bədiiliyi, ifadəliliyi, obrazlı sözün doğurduğu emosionallıq və fikir tutumu haqqında aydın təsəvvür yaradılması diqqət mərkəzində saxlanılmalıdır. Bu yolla şagirdlərin şifahi və yazılı nitqinin tədricən cilalanması təmin edilir.
Ədəbiyyat
Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası.”Azərbaycan müəllimi” qəzeti, 25 okt 2013. N 41 (8558).
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu. V-XI siniflər. (Təlim Azərbaycan dilində olan məktəblər üçün) “Azərbaycan müəllimi” qəzeti, 24 dek. 2010 N 50.
Ümumi təhsilin fənn standartları.(I-XI siniflər).ARTİ-nin nəşri. Bakı,2012. N 50.
Dostları ilə paylaş: |