ƏDLİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASINDA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
AzərTAc xəbər verir ki, Ədliyyə Nazirliyində növbəti kollegiya iclası keçirilmişdir. İclası ədliyyə naziri Fikrət Məmmədov açaraq, ən yüksək demokratik standartlar səviyyəsində və tam şəffaf keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının böyük həmrəylik göstərərək, ulu öndər Heydər Əliyev siyasi irsinə sadiqlik nümayiş etdirdiyini, ölkəmizdə həyata keçirilən mütərəqqi dəyişiklikləri yekdilliklə dəstəklədiyini vurğulamışdır.
Kollegiyada ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada bir nömrəli islahatçı ölkəyə çevrilməsi, uğurlu iqtisadi islahatlar nəticəsində əhalinin rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, sosial problemlərin həlli, o cümlədən daim diqqət mərkəzində saxlanılan qlobal problem – yoxsulluğa qarşı təsirli tədbirlərin görülməsi, onun səviyyəsinin 5 il ərzində üç dəfə azalması qeyd edilmişdir. Bu sahədə 2008-2015-ci illərdə daha genişmiqyaslı tədbirlərin görülməsini nəzərdə tutan yeni Dövlət proqramında ədliyyə orqanları qarşısında qoyulmuş mühüm vəzifələr, o cümlədən hüquqi təsisatlara müraciət etmək imkanlarının genişləndirilməsi, əhaliyə, xüsusilə də aztəminatlı təbəqəyə pulsuz hüquqi yardımın göstərilməsi, bu məqsədlə regional hüquqi məsləhət mərkəzlərinin yaradılması, hüquqi maarifləndirmənin gücləndirilməsi, məhkumların sosial adaptasiyası, ədliyyə orqanlarının potensialının möhkəmləndirilməsi və s. üzrə görüləcək işlər vurğulanmış, onların mükəmməl həyata keçirilməsi üçün tədbirlər müəyyən edilərək müvafiq tapşırıqlar verilmişdir.
İclasda ədliyyə orqanlarında şəffaflığın və aşkarlığın təmin olunması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi üçün məqsədyönlü tədbirlərin görüldüyü, o cümlədən nazirliyin mətbu nəşrlərinin keyfiyyətcə xeyli yaxşılaşdırıldığı, həmçinin 2003-cü ildən nazirliyin internet səhifəsinin (www.justice.gov.az) yaradılaraq interaktiv rejimdə fəaliyyət göstərdiyi diqqətə çatdırılmışdır. Saytın “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq daha geniş məlumatları, foto və videomaterialları əks etdirən müasirləşdirilmiş və çevik versiyasının təqdimatı keçirilərək, onun təkmilləşdirilməsinə dair əlavə təkliflər irəli sürülmüşdür.
Eyni zamanda, iclasda ədliyyə orqanlarında əmək və icra intizamının möhkəmləndirilməsi, ədliyyə işçilərinin məsuliyyət hissinin artırılması daim diqqət mərkəzində saxlanılaraq, yol verilmiş pozuntuların qarşısının alınması ilə bağlı təsirli tədbirlərin görüldüyü vurğulanmışdır. Antikorrupsiya qanunvericiliyinə uyğun olaraq daxili nəzarətin daha səmərəli və effektiv həyata keçirilməsi məqsədi ilə mövcud təcrübə təhlil edilərək xidməti yoxlamaların aparılması prosedurlarını tənzimləyən yeni Qaydalar müzakirə olunaraq bəyənilmişdir.
Kollegiyada, həmçinin 30-dan çox qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilmişdir.
Dostları ilə paylaş: |