EŞİTMƏ VƏ GÖRMƏ POZUNTUSU;
Tərif: Karlıq-korluq eşitmə və görmə qabiliyyətinin pozulması deməkdir. Eşitmə və görmə qabiliyyətinin pozulması ünsiyyət problemi ilə yanaşı həm də təlim-tərbiyə işi ilə əlaqədar kəskin ehtiyacların ödənilməsi məsələsini ortaya çıxarır. Belə problem və ehtiyacların qarşılanması üçün kar uşaqlar, yaxud kor uşaqlar üçün nəzərdə tutulan xüsusi tədris proqramları həyata keçirilməlidir.
Xüsusiyyətlər
Səsin gurluğu, yaxud gücü desibel vahidləri ilə, tezliyi və yüksəkliyi isə hers vahidləri ilə ölçülür. Eşitmə qabiliyyətinin pozulması insanın ya tək bir qulağında, ya da hər iki qulağında meydana gələ bilər. İnsanın eşitmə qabiliyyətinin pozulması halının təsvirində ümumən az, zəif, mülayim, kəskin, dərin dərəcələrdən istifadə edilir. Ümumilikdə, yalnız o uşaqlar kar hesab edilirlər ki, onlarda eşitmə qabiliyyətinin pozulması 90 desibeldən (dB) artıq olsun1. Burada məqsəd onların hansı tədris müəssisəsində təhsil almaq məsələsini müəyyənləşdirməkdir. Eşitmə qabiliyyətinin pozulması hallarının dörd növü mövcuddur: eşitmədə ötürülmə pozuntuları; eşitmədə hissi-sinir pozuntuları; eşitmədə qarışıq pozuntu; mərkəzi eşitmə qabiliyyətinin pozulması.
Eşitmədə ötürülmə pozuntularını törədən səbəblər xarici, yaxud orta qulaqdakı xəstəliklər, eləcə də maneələrlə (səsin daxili qulağa ötürülmə yollarında yaranan əngəllər) əlaqəlidir.Eşitmədə ötürülmə pozuntuları olan şəxs əsasən yardımçı eşitmə vasitələrindən rahatlıqla istifadə edə bilər və ona tibbi, yaxud cərrahiyyə yardımı da göstərilə bilər.
Eşitmədə hissi-sinir pozuntuları daxili qulaqda həssas tükcüklərin və ya daxili qulağı işlədən sinirlərin zədələnməsindən törənir. Eşitmə qabiliyyətinin pozulmasına aid bu hallar zəif dərəcədən ağır dərəcəyədək dəyişə bilər. Eşitmədə hissi-sinir pozuntuları olan şəxslər səsgücləndirici cihazların köməyi ilə eşitdiyi səsləri təhrifli səslər olaraq qəbul edir və bəzən onun yardımçı eşitmə vasitələrindən rahatlıqla istifadə etməsi mümkünsüz olur.
Eşitmədə qarışıq pozuntu halı eşitmədə həm ötürülmə və həm hissi-sinir pozuntularının qarışıq bir halıdır. Bu halda problem həm xarici, həm orta, həm də daxili qulaqda yaranır.
Mərkəzi eşitmə qabiliyyətinin pozulması mərkəzi əsəb sisteminin zədələnməsi, yaxud pozulması səbəbi ilə yaranır ki, bu da ya beynə aparan sinir yollarında, ya da beynin özündə meydana gəlir.
3. Tədris zamanı görülməli tədbirlər
Eşitmə qabiliyyətinin pozulması və ya karlıq fərdin intellektual imkanlarına, yaxud öyrənmə qabiliyyətinə çox ciddi təsir göstərmir. Bununla belə, ağır eşidən, yaxud kar olan uşaqların müvafiq ölçüdə təhsil alması üçün xüsusi təhsil xidmətlərinin müəyyən bir forması tələb olunur. Bu xidmətlərə aşağıdakılar daxil ola bilər:
Peşəkar tərəfindən müntəzəm qaydada keçirilən danışıq, dil, eşitmə ilə əlaqədar təlim kursu
Səsgücləndirici sistemlər
Jest-mimiki nitqdən istifadə edən şagirdlər üçün tərcüməçi xidmətləri
Dodaq oxusunu inkişaf etdirməkdən ötrü dərs otağında rahat və münasib oturacaqların yerləşdirilməsi
Titrli filmlər, videolar
Qeydgötürən bir şəxsin yardımı – bu şəxs eşitmə qabiliyyətini itirmiş şagird üçün qeydlər götürür ki, şagird verilən təlimata tam olaraq diqqət yetirə bilsin
Məsləhət vermə
Ağır eşidən uşaqlar üçün lüğət, qrammatika, sözlərin sırası, idiomatik ifadələr və şifahi ünsiyyət formalarını öyrənmək normal eşidən uşaqla müqayisədə çox çətin başa gəlir. Kar olan, yaxud eşitmə qabiliyyəti kəskin pozulmuş uşaqlara nitqin geriliyini azaltmaq üçün vizual ünsiyyət metodları (işarəli hərəkət dili, sözlərin barmaq hərəkətləri ilə ifadəsi və Kyued nitqi), səsgücləndiricilər yardım edə bilər. Uşağın azacıq eşitmə qabiliyyətindən mümkün dərəcədə maksimum həddə istifadə etməsinə nail olmaq üçün müəllimlər, surdoloqlar və audioloqların birgə təlim keçməsi də çox vacibdir. Bu zaman hətta mexaniki ünsiyyət vasitələrindən istifadəyə üstünlük verilsə belə, həmin birgə işin əhəmiyyəti heç də azalmır.
Kar uşaqların böyük əksəriyyətini (90 faizdən çoxunu) dünyaya eşidən valideynlər gətirir. Buna görə tədris proqramları valideynlər üçün də görülməli tədbirlər haqqında müvafiq təlimatları əks etməlidir.Eşitmə qabiliyyətini itirmiş insanlar sözlü, yaxud mexaniki ünsiyyət, yaxud da eyni zamanda hər iki ünsiyyət vasitəsindən istifadə edirlər. Sözlü ünsiyyətə danışıq, dodaq oxusu və az eşitmə daxildir. Mexaniki ünsiyyət isə işarələr və sözlərin barmaqlarla ifadəsi vasitəsilə qurulur. Tam ünsiyyət isə bir təlim metodu olaraq sözlü, işarəli və barmaq ifadəli ünsiyyət metodlarının birləşmiş variantıdır. Eşitmə qabiliyyətini itirmiş fərdlər, o cümlədən, karlar hazırda xeyli sayda yardımçı cihazlardan istifadə edə bilirlər. Məsələn, mətn telefonları onlara imkan verir ki, telefon ismarıclarını çap edərək telefon şəbəkəsi ilə istədikləri şəxslərə ötürsünlər.
Dostları ilə paylaş: |