FÖVQƏLADƏ HALLARDA ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
Baş vermiş fövqəladə hal şəraitində vurulmuş zərər həm keyfiyyətcə, həm də kəmiyyətcə qiymətləndirilməlidir. Onun nəticələrinin aradan qaldırılması üçün düzgün ilkin rəqəmlər, onlardan istifadə ardıcıllığı, tələb olunan qüvvə və vəsaitlərin səfərbər edilməsi, yerinə vaxtında çatdırılması mühüm əhəmiyyət kəsb edir. Eləcə də, onlardan səmərəli istifadə olunmasının təmin edilməsi xüsusilə vacibdir. Mövzunun məqsədi təhlükənin səviyyəsini qiymətləndirilməsinə yanaşmaları açıqlamaqla düzgün seçimə yaxınlaşmaqdır. Dəymiş zərərin iqtisadi faktorlar və resipientlər üzrə qiymətləndirilməsi hesabına daha dəqiq nəticələrə varmağın mümkünlüyü izah olunur. Sənaye obyektlərində, nəqliyyatda, kommunikasiyalarda, sosial-mədəni və yaşayış obyektlərində baş verən yanğın və qəzalardan dəyən ziyanın hesablanmasında nələrə diqqət yetirilməsi açıqlanır.
Fövqəladə hallarda dəymiş ziyanın qiymətləndirilməsi həyata keçirilərkən iqtisadi zərər hesablanmasının mövcud analiz metodlarına əsaslanmaq lazımdır. Əsas odur ki, müxtəlif tipli fövqəladə hallar az, ya çox dərəcədə torpağın, su və hava hövzəsinin çirklənməsi, və ya sıradan çıxmasına, təbiəti mühafizə fondlarına zərər dəyməsinə, əsas fondların qiymətdən düşməsinə, əhalinin həyat və sağlamlığına təhlükə törədilməsinə səbəb olur.
Fövqəladə halların sosial-iqtisadi tədqiqatı faktiki məsrəflər əsasında vurulmuş ziyanın dolğun və kompleks qiymətləndirilməsini təmin etməlidir. Müvafiq metodika isə iqtisadi səmərəliliyi, eləcə də büdcə və büdcədən kənar təsisatlar ayrılmasını əsaslandırmalı, dəymiş zərərin sadələşdirilmiş prosedurla operativ qiymətləndirilməsini təmin etməlidir.
İstənilən metodik vəsaitin istifadəsinin müvəffəqiyyəti dəqiq normativ terminologiyadan asılıdır. Bu məqsədlə bəzi terminlərə aydınlıq gətirək:
-Uyğunluq sertifikatı – avadanlığın, maşın və mexanizmlərin dövlət standartlarına, və yaxud digər texniki normativ sənədlərin təhlükəsizlik tələblərinə uyğun gəlməsini müəyyən edən rəsmi şəhadətnamə;
-Təhlükə potensiallı istehsal obyekti – aşağıdakı halların baş verdiyi müəssisə, və ya onun sexi, sahəsi, meydançasıdır:
- Təhlükəli maddələr (tez alovlanan, turşulaşan, yanan, partlayan, zəhərli və yüksək zəhərli maddələr, ətraf təbii mühit üçün təhlükəli olan) alınan, istifadə olunan, emal edilən, yaradılan, saxlanılan, nəql və məhv edilən obyektlər;
- 0,07 MP atmosfer təzyiqində, və ya 115°C-dən yuxarı temperaturda işləyən qurğular;
- Stasionar (dəyişməz) vəziyyətdə işləyən yükqaldırıcı mexanizmlər, eskalatorlar, kanat yollar, funikulyorlar;
- Qara və əlvan metalların ərintilərinin və onlardan digər ərintilərin alınması;
- Dağ-mədən işləri, faydalı qazıntıların zənginləşdirilməsi, eləcə də yeraltı işlərin aparılması;
- Zərər - hər hansı subyektin, və yaxud subyektlər qrupunun öz maddi sərvətlərini tamamilə, və ya qismən itirməsi;
- Əsas istehsal fondları - əmək vasitələri ,binalar, qurğular, ötürücü vasitələr, maşın və avadanlıqlar, ölçü və tənzimləmə cihazları, laboratoriya avadanlıqları, nəqliyyat vasitələri və s.
- Dövriyyə fondları - əmək əşyaları, istehsal ehtiyatları, bitməmiş istehsalat, hazır məhsul qalığı, yola salınmış məhsullar və s.
- Qeyri-istehsal sahəsində cari istehlak üçün maddi resurslar – istehlak əşyaları ,materiallar, yanacaq, inventar, texniki tədris vasitələri və s.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bazar münasibətlərinə əsaslanan inkişaf istiqaməti seçilmişdir. Müxtəlif təsərrüfatçılıq və mülkiyyət formalarına əsaslanan müəssisələr yaradılmış və fəaliyyət göstərirlər.
Sənayenin, demək olar ki, bütün sahələrində fəaliyyətdə olan müəssisələrin təhlükə potensiallı istehsal obyektləri vardır. İstismar olunan təhlükə potensiallı istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin olunması səviyyəsinə daim nəzarət olunur. Bununla əlaqədar mövcud vəziyyət hərtərəfli qiymətləndirilir, qabaqlayıcı tədbirlər görülür. Eyni zamanda da sənayedə audit təşkil olunur, təhlükəsizliyin təmin olunmasına yönəldilən tədbirlərin nəticələrinin nə dərəcədə səmərəli olması qiymətləndirilir.
Dostları ilə paylaş: |