I bölmə. Ümumi müddəalar Maddə Hərbi qulluqçuların hüquqi statusu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında»



Yüklə 111,92 Kb.
tarix18.04.2017
ölçüsü111,92 Kb.
#14361


Hərbi qulluqçuların statusu haqqında

Azərbaycan Respublikasının Qanunu

I Bölmə. Ümumi müddəalar

Maddə 1. Hərbi qulluqçuların hüquqi statusu

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir.

2. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar.

3. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir.

Hərbi xidmətin şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə, bu Qanunla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyən edilir.

4. Hərbi qulluqçuların məsuliyyəti onların statusunun xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir.



Maddə 2. Hərbi qulluqçu statusuna malik şəxslər

1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.



2. Hərbi qulluqçulara aşağıdakılar aiddir: zabit heyəti, müddətindən artıq xidmət hərbi qulluqçuları, hərbi tədris müəssisələrinin kursantları, müddətli xidmət serjantları, starşinaları, əsgərləri və matrosları.

2. «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət əmək dəstələrində, humanitar istiqamətli və kommunal bölmələrdə alternativ xidmət (əmək mükəlləfiyyəti) keçən şəxslərə hərbi qulluqçu statusu şamil edilmir.

3. Hərbi qulluqçular əsirlikdə olduqları, habelə bitərəf ölkələrdə tərksilah edilib nəzarət altında saxlandıqları dövrdə hərbi andı pozmamış və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan cinayətləri törətməmişlərsə, onların hərbi qulluqçu statusu saxlanılır.

Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi

Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.



Maddə 4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası

1. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır.

2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda, hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır.

3. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşlar barəsində hakimiyyət səlahiyyəti alaraq hərbi xidmət vəzifələrini icra edərkən, hakimiyyət nümayəndələri sayılırlar. Bu şəraitdə onlara tabe olmamaq və qəsd etmək Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.



Maddə 5. Hərbi qulluqçuların statusu haqqında qanunvericilik

Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının statusu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyası əsasında, Azərbaycan Respublikasının beynəlxalq-hüquq öhdəliklərini nəzərə almaqla hərbi qulluqçuların hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edən «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikası Qanunundan, bu Qanundan və Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarından ibarətdir.



II Bölmə. Hərbi qulluqçuların hüquqları və vəzifələri

Maddə 6. Siyasi hüquqlar və azadlıqlar

1. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçular Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının seçkili dövlət orqanlarına seçmək və seçilmək, ümumxalq müzakirələrində və səsvermələrində (referendumlarda) iştirak etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının müvafiq seçkili dövlət orqanlarına seçkilərdə səsə qoyulmaq arzusunda olan hərbi qulluqçular bu barədə özlərinin birbaşa komandirinə (rəisinə) məlumat verirlər.

2. Özlərinin xidmət fəaliyyətində hərbi qulluqçular Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının tələblərini rəhbər tuturlar və siyasi məqsədlər güdən siyasi partiyaların və kütləvi ictimai hərəkatların üzvü ola bilməzlər.

3. Dövlət sirrini və hərbi sirri açmamaq şərtilə, hərbi qulluqçuların söz və mətbuat azadlığına, əqidə azadlığına, öz əqidəsini sərbəst ifadə etməsinə təminat verilir.

Maddə 7. Vicdan azadlığı

1. Hərbi qulluqçuların dini əqidə azadlığına təminat verilir.

2. Dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir.

Maddə 8. Şəxsiyyət toxunulmazlığı

1. Hərbi qulluqçuların şəxsi toxunulmazlığına təminat verilir.

2. Hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş qaydada həbs edilə bilər, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələri nizamnamələrinin tələblərinə uyğun olaraq hərbi hissə komandiri (rəisi) tərəfindən intizam qaydasında həbs edilib hauptvaxtda (gəmi karserində) saxlana bilər.

Maddə 9. Əmək hüququ

1. Vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir.

Hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada güzəştli şərtlərlə daxil edilir.

Hərbi xidmət keçdikləri dövrdə hərbi qulluqçuların hərbi xidmətdə nəzərdə tutulmayan işlərə və başqa vəzifələrin icrasına cəlb edilməsinə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada yol verilir.

2. Hərbi qulluqçuların elmi, texniki, bədii və başqa yaradıcılıq azadlığına təminat verilir, bir şərtlə ki, bu onların hərbi xidmət vəzifələrinin icrasına mane olmasın.

3. Ayrı-ayrı hallarda hərbi hissə komandiri (hərbi müəssisə və təşkilatın rəisi) hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) əvəzçilik üzrə dövlət və ictimai müəssisə, idarə və təşkilatlarda elmi, pedaqoji, ixtiraçılıq və ekspert fəaliyyəti ilə bağlı işinə fərdi qaydada icazə verə bilər.

4. Həqiqi hərbi xidmətdən buraxılarkən hərbi qulluqçuların təhsili və ixtisası nəzərə alınmaqla işə düzəlməsinə təminat verilir.

Yerli icra hakimiyyəti başçıları həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların ixtisası nəzərə alınmaqla işə düzəlməsini müraciət günündən ən geci bir ay keçənədək təmin etməlidirlər. Pensiya almaq hüququ verilmədən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular bir ay müddətində işə düzəldilməzsə, müvafiq yerli icra hakimiyyəti orqanının büdcəsindən onlara «Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan məbləğdə və qaydada aylıq müavinət ödənilir. Yerli icra hakimiyyəti başçısına belə bir vəzifə tapşırılır ki, həqiqi hərbi xidmətdən buraxılmış zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları sırasından olan işçilərin kadr hazırlığı, kadrların yenidən hazırlanması və ixtisasının artırılması sisteminin tədris müəssisələrinə ilk növbədə göndərilməsini təmin etsin.

5. Buraxılmalı olan hərbi qulluqçuların xalq təsərrüfatında işləmək üçün peşə hazırlığını təmin etmək məqsədilə imkanı olan hərbi hissələrdə və müəssisələrdə və ya həmin regionun müvafiq dövlət müəssisələrində, idarələrində və təşkilatlarında belə şəxslərə hərbi xidmət vəzifələrinin icrasından asudə vaxtlarda mülki ixtisaslar öyrədilməsi təşkil edilir.

6. Həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara maddi yardım göstərilməsi və onların məişət şəraitinin təmin edilməsi üçün yerli icra hakimiyyəti başçıları müəssisələrin, idarələrin, təşkilatların könüllü surətdə ayırdıqları vəsait hesabına hərbi qulluqçuların sosial müdafiəsi fondunu yarada bilər.

7. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi, işçilərin sayının və ştatlarının ixtisarı halları istisna olmaqla, şəxslərin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

Maddə 10. Pul təminatı və maddi təminat hüququ

1. Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq, hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır.

2. Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanlarınmüddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır.

Dövlət qulluqçularının əmək haqqı artırıldıqda və dolanacaq xərclərinin indeksi dəyişildikdə hərbi qulluqçuların təminat xərcliyinin normaları da yüksəldilir.

Hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.



3. Ailəsində adambaşına gəliri Azərbaycan Respublikasında müəyyən edilmiş dolanacaq minimumundan aşağı olan hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada və məbləğdə pul müavinəti ödənilir.

4. Hərbi qulluqçular və onların ailə üzvləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vergitutma və rüsumlar sahəsində güzəştlərdən istifadə edirlər.

5. Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir.

6. Hərbi qulluqçular və onların ailə üzvləri dəmiryolu, hava, dəniz və avtomobil nəqliyyatında daşınmalar sahəsində güzəşt hüququna malikdirlər. Həm də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər.



7. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən, onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.

Maddə 11. İstirahət hüququ

1. Hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). Habelə dincəlmək və qidalanmaq üçün kündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir.

Xidmət vaxtının müddəti və bölgüsü hərbi hissənin (bölmənin) döyüşə daim hazırlığını təmin etmək tələblərinə uyğun olaraq qoşun hissəsinin gün rejimi və zabitlərin, gizirlərin və miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət vaxtı reqlamenti ilə müəyyən edilir.

Xidmət həftəsinin müddəti aşağıdakı kimi müəyyən edilir:



    • müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, hərbi təhsil müəssisələrinin kursantları üçün—bir istirahət günü ilə altıgünlük;

    • zabitlər, gizirlər və miçmanlarmüddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına üçün— iki istirahət günü ilə beşgünlük.

Döyüşə və səfərbərliyə hazırlığın təmin edilməsi ilə bağlı olan təlimlər, gəmi yürüşləri, təlim atışları və başqa tədbirlər komandanlığın planlarına əsasən, xidmət vaxtının ümumi müddəti məhdudlaşdırılmadan keçirilir.

Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir:

a) növbəti məzuniyyətlər;

b) qısa müddətli məzuniyyətlər;

c) xəstəliyə görə məzuniyyət;

ç) tədris təlimi zamanı məzuniyyət;

d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət;

e) təhsil məzuniyyəti;

ə) yaradıcılıq məzuniyyəti;

f) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər;

g) əlavə məzuniyyət.

İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir.

Bütün hərbi qulluqçulara ailə vəziyyətinə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə həm də mükafatlandırma qaydasında qısamüddətli—10 günlük məzuniyyət verilir.



Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.

Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.

2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları hərbi hissəsinin ərazisindən buraxılmaq hüququna malikdirlər. Buraxılmanın müddəti və qaydası hərbi nizamnamələr ilə müəyyən edilir.



Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ

1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun kələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (hərbi hissənin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.

Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.

Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir.

Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.



Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar.

Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.

Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.

Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.

3. İstər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış «polkovnik» rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilir.

4. Həqiqi hərbi xidmətdə olan zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə yaşına, xəstəliyə, ştatların ixtisarına və ya ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış və 15 təqvim ili və daha çox xidmət etmiş zabitlər özünün və ailə üzvlərinin yaşadıqları mənzilin və kommunal xidmətlərin haqqını 50% güzəştlə ödəyirlər.

5. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər.

Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında.

Kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir.

15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əgər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar.

Yerli xalq deputatları Sovetləri və yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlərə və miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına torpaq sahələri ayırmalı, tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər.

6. Yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) torpaq vergisini və bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı «Torpaq bazarı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər.



7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər)

7. Yaşına, səhhətinə, ştatların ixtisarına və ya ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 15 təqvim ili və daha çox xidmət etmiş, bunun da azı 3 təqvim ilini Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş zabitlərin seçdikləri yerdə yaşadıqları və ya onlara verilmiş dövlət mənzilləri onların şəxsi mülkiyyətinə pulsuz verilir.

8. Bağlaşma üzrə 3 ilədək müddətə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların ehtiyatdan hərbi xidmətə gedənədək yaşadıqları mənzil bütün xidmət müddəti ərzində onların və ailə üzvlərinin ixtiyarında qalır. Göstərilən hərbi qulluqçular hərbi xidmət keçdikləri dövrdə yaşayış sahəsi almaq üçün növbəyə dayananların siyahısından çıxarıla bilməz.

9. Gəmidə olan matroslardan və çavuşlardan başqa, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları Azərbaycan Respublikası Silahlı Qüvvələri nizamnamələrinin tələblərinə uyğun olaraq qışlalarda yerləşdirilir.



Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətə çağırılanadək yaşadıqları mənzil saxlanılır və onlar mənzil almaq üçün növbəyə dayananların siyahısından çıxarıla bilməzlər. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailəsi yaşadığı mənzilin haqqını 50 faiz güzəştlə ödəyir.

10. Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər.



Maddə 13. Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ

1. Hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, tibbi bölmələrdə, hissələrdə və idarələrdə hər növ tibbi yardım göstərilməsi, dava-dərmanın pulsuz verilməsi yolu ilə həyata keçirilən tibbi təminat hüququna malikdirlər.

Hərbi qulluqçular məcburi qaydada ambulator və ya stasionar tibbi müayinədən keçirlər.

2. Həqiqi hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların tiğbbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əks-göstərişlər haqqında tam məlumat almaq hüququ vardır.

Hərbi qulluqçuların, hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır

3. Hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda, idarə mənsubiyyətindən asılı olmayaraq bütün mülki səhiyyə idarələrində onlara pulsuz yardım göstərilir.

4. Hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir. Mülki səhiyyə idarələrində tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi qulluqçularla yanaşı hərbi-tibbi idarələrdə tibbi yardımın bütün növləri ilə təmin edilirlər.

5. Hərbi qulluqçular və onların ailə üzvləri (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi hüququna, pansionatlarda və turist bazalarında istirahət üçün güzəştli şərtlərlə ödənilən putyovkalarla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təmin olunmaq hüququna malikdirlər.

6. Yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlərin və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi-tibbi müəssisələrdə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır.

7. Hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə, onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır.

Maddə 14. Təhsil hüququ

1. Hərbi qulluqçular hərbi və əlavə təhsil müəssisələrinə daxil olmaq və orada təhsil almaq hüququna malikdirlər.

2. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları mülki təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil almaq hüququna malikdirlər.

3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi xidmət yerindəki axşam ümumtəhsil məktəblərində təhsil almasına icazə verilir.

4. Həqiqi hərbi xidmətdən buraxılarkən müsbət xasiyyətnamə alan hərbi qulluqçular ali və orta ixtisas məktəblərinə daxil olmaq və ali məktəblərin hazırlıq şöbəsinə qəbul olunmaqda üstünlük hüququna malikdirlər.

5. Təhsil müəssisələrində oxuyarkən həqiqi hərbi xidmətə çağırılmış şəxslərin ehtiyata buraxılanda həqiqi hərbi xidmətə çağırılanadək oxuduqları həmin təhsil müəssisəsinə və həmin kursa bərpa olunmaq hüququ saxlanılır.

Maddə 15. Pensiya təminatı hüququ

1. Həqiqi hərbi xidmətdən buraxıldıqdan sonra hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı hüququna dövlət tərəfindən zəmanət verilir və bu, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.



2. Hərbi qulluqçular sırasından olan şəxslərə pensiyalar Azərbaycan Respublikasının dövlət büdcəsindən bu məqsədlər üçün ayrılmış təxsisat hesabına ödənilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə və qaydada pensiyalar hərbi qulluqçuların Silahlı Qüvvələrdən buraxıldıqdan sonra harada yaşamasından asılı olmayaraq ödənilir.

Maddə 16. Hərbi rütbə verilmək hüququ, mükafatlandırmaq hüququ

1. Hərbi qulluqçu «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlığı, xidmət keçməsi və vəzifəsi nəzərə alınmaqla növbəti hərbi rütbənin vaxtında verilməsi hüququna malikdir. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, vəzifə borcunu nümunəvi yerinə yetirmiş zabitlərə növbəti hərbi rütbə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununda onların vəzifələri müqabilində nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yüksək və ya verilmiş hərbi rütbədən bir pillə yüksək hərbi rütbə vaxtından əvvəl verilə bilər.

2. Xidmət zamanı səy göstərdiklərinə və başqalarından fərqləndiklərinə görə hərbi qulluqçuların mükafatlandırılma hüququ vardır, vəzifə borcunun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə onlar Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər.

Maddə 17. Xidmət yerini dəyişdirmək hüququ

Hərbi qulluqçunun öz səhhətinə və ya ailə üzvlərinin səhhətinə, ailə vəziyyətinə görə, xüsusi şəraitli yerlərdə xidmət üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi müddəti başa çatdırmasına görə xidmət yerini dəyişdirmək hüququ var.



Maddə 18. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ

1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.



Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər, gizirlər və miçmanlar isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər.

2. Hərbi qulluqçular çağırışa və ya hərbi xidmətə daxil olanadək daimi yaşamış olduqları yaşayış məntəqələrinə buraxılmaq hüququna malikdirlər, yaxud yaşayış üçün mövcud qeydiyyat qaydasını nəzərə almaqla Azərbaycan Respublikasının hər hansı başqa yaşayış məntəqəsini (Bakı şəhərindən başqa) seçə bilərlər.

Maddə 19. Silah gəzdirmək, saxlamaq və tətbiq etmək hüququ

Hərbi qulluqçular hərbi xidmət vəzifələrinin icrası zamanı və xidmətdən kənar vaxtlarda Azərbaycan Respublikasının qanunvericiliyində və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində müəyyən edilən qaydada ştatlı (şəxsi) silah gəzdirmək, saxlamaq və tətbiq etmək hüququna malikdirlər.



Maddə 20. Müavinətlər və başqa güzəştlər almaq hüququ

1. Hərbi qulluqçulara və onların ailə üzvlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada pul müavinətləri ödənilə bilər.

2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları hərbi hissədən məktubların pulsuz göndərilməsi hüququna malikdirlər. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmət yerinə məktublar və poçt bağlamaları pulsuz göndərilir. Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların öz paltarları da pulsuz poçt baratları ilə göndərilir.

Maddə 21. Hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ

1. Əmək hüquq münasibətləri və sosial təminat məsələlərində zabitlərin, gizirlərin və miçmanlarınmüddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların ailə üzvlərinin hüquqlarının həyata keçirilməsi üçün aşağıdakı təminatlar müəyyən edilir:

a) işə qəbul olunmaq və işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaq üçün üstünlük hüququ. Yerli icra hakimiyyəti başçıları, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının rəhbərləri, qarnizonların rəisləri, hərbi hissələrin komandirləri hərbi qulluqçuların arvadlarının müraciət etdiyi andan ən geci bir ay keçənədək onların işə düzəldilməsi üçün tədbirlər görməlidirlər;

b) istehsalatdan ayrılmaqla hazırlıq və əlavə təhsil müəssisələrinə ilk növbədə göndərilmək və hansı vəzifə üçün hazırlanırlarsa, həmin vəzifəyə uyğun orta aylıq əmək haqqı almaq;

v) hərbi hissələrin olduğu şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində hərbi qulluqçuların ailə üzvlərini işə düzəltmək imkanı yoxdursa, hərbi komandanlığın xahişi ilə yerli icra hakimiyyəti başçıları, nazirliklər və baş idarələr, dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən kiçik müəssisələr, filiallar, sexlər, sahələr (istehsalatlar) təşkil edilməsi;

q) hərbi qulluqçuların məzuniyyətdə olduğu dövrdə onların arvadlarına (arzuları ilə) hər il məzuniyyətlər verilməsi;

ğ) müvəqqəti əmək qabiliyyəti olmadığına görə hərbi qulluqçuların arvadlarına iş stajından asılı olmayaraq aldığı qazanc məbləğində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq müavinətlər ödənilməsi;

d) hərbi qulluqçunun başqa yerə keçirilməsi ilə əlaqədar olaraq onunla əmək müqaviləsi ləğv edilərkən onun arvadına (ərinə) orta aylıq qazanc məbləğində müavinət verilməsi;

e) ali və orta ixtisas məktəblərini bitirmiş hərbi qulluqçu arvadlarının (ərlərinin) öz ərinin (arvadının) xidmət yerinə göndərilməsi, belə imkan olmadıqda isə (yaxud özləri istəsələr) onlara müstəqil surətdə işə düzəlmək hüququ verilməsi;

ə) ixtisas üzrə işə düzəlmək imkanının olmadığı yerlərdə ər (arvad) ilə birlikdə yaşamağın bütün müddəti sığorta stajına daxildir;

j) hərbi qulluqçuların işləməyən arvadlarının öz ərlərinin xidmət yeri üzrə işə düzəlməsi mümkün olmadıqda, onlara Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğində aylıq pul müavinəti ödənilir.

2. Yerli icra hakimiyyəti başçıları ailədə adambaşına gəlirləri müəyyən edilmiş dolanacaq minimumundan az olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ailələrinə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən məbləğdə və qaydada maddi yardım göstərir.

Müddətli xidmət hərbi qulluqçusunun arvadının əmək qanunvericiliyini müntəzəm pozduğu hallar istisna olmaqla, onunla əmək müqaviləsinin müdiriyyətin təşəbbüsü ilə ləğv edilməsinə yol verilmir.

Müəssisə, idarə, təşkilat ləğv edilərkən yerli icra hakimiyyəti başçıları müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, arvadlarını müəssisənin, idarənin, təşkilatın ləğv edilməsindən ən geci iki həftə keçənədək işə düzəltməlidirlər.

3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, hərbi təhsil müəssisələri kursantlarının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki gənclər sırasından) uşaqlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul müavinəti ödənilir.

4. Yerli icra hakimiyyəti başçıları hərbi qulluqçuların uşaqlarını müraciət anından ən geci bir ay keçənədək idarə mənsubiyyətindən asılı olmayaraq yaşayış yeri üzrə uşaq bağçası-körpələr evlərinə, internat məktəblərə düzəltməlidirlər. Öz uşaqlarının məktəbəqədər tərbiyə müəssisələrində saxlanması haqqını ödəmək üçün hərbi qulluqçulara onların tabe olduqları müvafiq nazirliklər və baş idarələr tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə kompensasiya ödənilir.

5. Hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə), onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın.

6. Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçuların ailələrinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən məbləğdə müavinət ödənilir.



Maddə 22. Təklif, ərizə və şikayət hüququ

1. Hərbi qulluqçular dövlət orqanlarına, ictimai təşkilatlara və birliklərə, hərbi idarəetmə orqanlarına təkliflər göndərmək, ərizələr vermək, habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, ictimai təşkilatların və birliklərin, hərbi idarəetmə orqanlarının, habelə vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdirlər.

2. Müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir.

Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

3. Şikayət verilməsinə mane olmaq və buna görə şikayət verəni cəzalandırmaq və ya təqib etmək qadağandır. Bunda təqsiri olanlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə cəlb edilirlər.

Şikayət verərkən qəsdən yalan məlumatlar yazmış və ya böhtan atmış hərbi qulluqçu Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyır.

4. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində baxılır.

Maddə 23. Hərbi xidmətlə əlaqədar olaraq hərbi qulluqçuların hüquqlarının məhdudlaşdırılması

Hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları məhdudlaşdırılır:

a) hərbi qulluqçuların tətil hüququ yoxdur;

b) hərbi qulluqçular həmkarlar ittifaqlarının üzvü ola bilməzlər;

v) hərbi qulluqçuların xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olması, istehsal və vasitəçilik fəaliyyəti göstərən kooperativlərdə maaşlı ştat vəzifələri tutması qadağandır;

q) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada hərbi qulluqçuların istirahət müddəti məhdudlaşdırıla (xidmət vaxtı artırıla) bilər;

ğ) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mülki ali və orta ixtisas təhsil müəssisələrində təhsil almasına icazə verilmir;

d) hərbi qulluqçuların daimi yaşamaq üçün xaricə getməsi qadağandır;

e) hərbi hissələrin yerləşməsi şərtlərinə uyğun olaraq hərbi qulluqçuların yaşayış yeri seçməsi və hərəkət sərbəstliyi məhdudlaşdırılır.

2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının məzuniyyəti onların hauptvaxtda olduğu günlərin sayı qədər qısaldıla bilər.



Maddə 24. Ümumi vəzifələr

1. Hərbi qulluqçular Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş vəzifələrdən əlavə hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan başqa vəzifələri də yerinə yetirirlər.r.

2. «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərbi qulluqçular aşağıdakıları etməyə borcludurlar:


    • Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumaq;

    • Azərbaycan Respublikasına sadiq olmaq barəsində hərbi and içmək;

    • Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının başqa qanunlarına ciddi əməl etmək, komandirlərin və rəislərin əmrlərini qeyd-şərtsiz yerinə yetirmək;

    • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan başqa vəzifələri yerinə yetirmək.

3. Hərbi qulluqçuların vəzifələri və bu vəzifələri yerinə yetirməsi qaydası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri, habelə Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının qərarları əsasında qəbul olunmuş normativ aktlarla müəyyən edilir.

Maddə 25. Xüsusi vəzifələr

Hərbi qulluqçular döyüş növbəsində, döyüş xidmətində, kündəlik və qarnizon növbələrində olarkən, təbii fəlakət nəticələrinin aradan qaldırılmasına cəlb edilərkən, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa hallarda xüsusi vəzifələri yerinə yetirirlər. Bu vəzifələrin məzmunu və yerinə yetirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə və başqa aktlarla müəyyən edilir.



III Bölmə. Hərbi qulluqçuların statusu üçün təminatlar

Maddə 26. Hərbi qulluqçuların statusunu təmin etmək sahəsində dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və vəzifəli şəxslərin vəzifəsi və məsuliyyəti

1. Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.

2. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Hərbi xidmətdən qanunsuz buraxılmaq günündən həqiqi hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının isə həqiqi hərbi xidmət müddətinə daxil edilir.

Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində yaşayış sahəsindən məhrum edilmiş hərbi qulluqçulara bir ay müddətində əvvəlki yaşayış sahələri qaytarılır və ya üç aydan gec olmayaraq bərabər dəyərli abad yaşayış sahəsi növbədənkənar verilir.

3. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan qanunvericiliyə müvafiq olaraq ödənilir.

Maddə 27. Hərbi qulluqçuların dövlət tərəfindən məcburi şəxsi sığortalanması

Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.

Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərin sosial təminatına dövlət zəmanət verir.



Sığortalamanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Maddə 28. Həlak olmuş (ölmüş) hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi

Hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir.



Maddə 29. Hərbi qulluqçunun şəxsi əmlakının zədələnməsi, məhv olması və ya itirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi

Hərbi xidmət vəzifələrini və ya vəzifə borcunu icra etməsi ilə əlaqədar olaraq hərbi qulluqçunun şəxsi əmlakının zədələnməsi, məhv olması və ya itirilməsi nəticəsində ona və ailəsinə dəyən zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tam həcmdə ödənilir.



IV Bölmə. Hərbi qulluqçuların məsuliyyəti

Maddə 30. İntizam məsuliyyəti, inzibati və cinayət məsuliyyəti

1. Hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar.



Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər.

2. İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Göstərilən şəxslərə inzibati həbs tətbiq edilə bilməz. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə inzibati həbs və inzibati cərimə tətbiq edilə bilməz.



3. Hərbi qulluqçular yol hərəkəti qaydalarını, ov, balıqçılıq və balıq ehtiyatlarının mühafizəsi qaydalarını, gömrükxana qaydalarını pozmağa və qaçaqmalçılığa görə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Bu zaman onlara islah işləri və inzibati həbs şəklində inzibati tənbeh verilə bilməz. Başqa inzibati hüquq pozuntuları törədilməsinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə müvafiq surətdə məsuliyyət daşıyırlar.

3. Qeyri-hərbi cinayətlərin törədilməsinə görə hərbi qulluqçular ümumi əsaslarla cinayət məsuliyyəti daşıyırlar. Müəyyən edilmiş hərbi xidmət qaydasına qarşı cinayət törədilməsinə görə onlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə hərbi cinayətlərə görə cinayət məsuliyyəti daşıyırlar.

Maddə 31. Hərbi qulluqçular barəsində cinayət mühakimə icraatı

Hərbi qulluqçular barəsində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV

Bakı şəhəri, 25 dekabr 1991-ci il

36



«Həyat» qəzetində dərc edilmişdir (20 fevral 1992-ci il, № 36) ( «VneshExpertService» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (29 fevral 1992-ci il, № 4, maddə 79) («VneshExpertService» LLC).

12 yanvar 1993-cü il tarixli, 450 nömrəli; 2 may 1995-ci il tarixli, 1030 nömrəli; 25 aprel 1997-ci il tarixli, 279-IQD nömrəli; 7 oktyabr 1997-ci il tarixli, 378-IQD nömrəli; 10 oktyabr 1997-ci il tarixli, 380-IQD nömrəli; 2 aprel 1999-cu il tarixli, 649-IQD nömrəli; 2 aprel 1999-cu il tarixli, 650-IQD nömrəli; 27 mart 2001-ci il tarixli, 107-IIQD nömrəli; 27 mart 2001-ci il tarixli, 108-IIQD nömrəli; 12 oktyabr 2001-ci il tarixli, 202-IIQD nömrəli; 15 noyabr 2001-ci il tarixli, 214-IIQD nömrəli; 23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 597-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 598-IIQD nömrəli; 6 aprel 2004-cü il tarixli, 620-IIQD nömrəli; 18 may 2004-cü il tarixli, 652-IIQD nömrəli; 1 iyun 2004-cü il tarixli, 679-IIQD nömrəli; 1 sentyabr 2005-ci il tarixli, 977-IIQD nömrəli; 23 dekabr 2005-ci il tarixli, 38-IIIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 75-IIIQD nömrəli; 20 oktyabr 2006-cı il tarixli, 171-IIIQD nömrəli; 17 aprel 2007-ci il tarixli, 317-IIIQD nömrəli; 16 iyun 2007-ci il tarixli, 389-IIIQD nömrəli; 9 oktyabr 2007-ci il tarixli, 430-IIIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 462-IIIQD nömrəli; 1 fevral 2008-ci il tarixli, 540-IIIQD nömrəli; 2 iyun 2008-ci il tarixli, 618-IIIQD nömrəli; 24 iyun 2008-ci il tarixli, 654-IIIQD nömrəli; 4 iyul 2008-ci il tarixli, 668-IIIQD nömrəli; 28 oktyabr 2008-ci il tarixli, 709-IIIQD nömrəli; 1 fevral 2010-cu il tarixli, 951-IIIQD nömrəli; 11 may 2010-cu il tarixli, 1005-IIIQD nömrəli; 21 dekabr 2010-cu il tarixli, 38-IVQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə («VneshExpertService» LLC).

© VneshExpertService LLC
Yüklə 111,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin