Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə
İş üzrə cavabdeh “Azadlıq” qəzetinin nümayəndəsi
Əliyev İntiqam Kamil oğlu tərəfindən
İDDİA ƏRİZƏSİNƏ ETİRAZ
I. İşin halları
1. “Azadlıq” qəzetinin 20 mart 2012-ci il tarixli sayında Xəqani Əliyevin imzası ilə “Ordu yoxsa can bazarı” adlı məqalə dərc olunub.
Məqalənin mətni aşağıda təqdim olunur:
“Ordu, yoxsa can bazarı?
Əsgər ölümləri artdıqca, çağırış məntəqələrində qiymətlər də artır...
...YAP gənclərinin lideri, deputat Ceyhun Osmanlı bu yaxınlarda əsgər ölümlərinə etiraz edənləri qınayaraq, onları "ermənilərin dəyirmanına su tökməkdə" ittiham etdi. Dedi ki, ermənilər bütün dünyaya car çəkəcəklər ki, bunlar bir-birini qırırlar, bizim günahımız yoxdur. Yəni ildə yüzlərlə əsgərimiz qeyri-müharibə şəraitində həlak olsa da, biz susmalıyıq.
"Orduda ölüm halları əksər hallarda ehtiyatsızlıq üzündən baş verir". Bu ənənəvi açıqlama da, tutduğu vəzifəsinə görə nəslindəki bütün oğlan uşaqlarını hərbi xidmətdən yayındıran, öz övladlarını Avropada yerləşdirmiş statistik millət vəkili və iri məmura aiddir. Son iki ilin isə artıq hitə çevrilmiş, doğrudan da təhqiramiz səslənən iqtidar rəsmilərinin fəlsəfi-platonik yorumu belə səslənir: "Ordu cəmiyyətin bir parçası olduğundan, buradakı ölüm hallarına təbii baxmaq lazımdır"(?).
Yuxarıda sadaladığımız rejimin əsgər ölümlərinə rəsmi münasibətidir.
Məhz bu səbəbdən əsgər ölümlərinə etiraz səsini ucaldan, şəhid valideynləri, onların səsinə səs verən cəmiyyətin ən müxtəlif kəsimləri təqib olunur, döyülür, həbs edilir. Martın 10-u, biz bunun bir daha şahidi olduq. Polis indiyə qədər görünməmiş bir qəddarlıqla aksiyanın qarşısını aldı.
...Cəmiyyətimizin bütün sahələrini caynağına almış korrupsiya, əfsuslar olsun ki, ordudan da yan keçmir..
Nə qədər qəribə görünsə də, dövlət büdcəsindən orduya ayrılan vəsaitlər artdıqca, orduda fəlakətlər daha intensiv xarakter alır, ölümlər çoxalır, valideynin xərcləri artır və s.
Azərbaycanda ordudan tərxis edilmiş yaxınlarımızdan hər hansı birini gördükdə ağlımıza gələn - "elə bil orduda bu zavallıya heç yemək verməyiblər" ifadəsi olur. Oysa, Azərbaycan əsgəri üçün təyin edilmiş qida rasionuna diqqət edin və gerisini özünüz düşünün. Beləliklə...
Qida rasionundan, yəni əsgərlərimizin gündəlik ərzaq normasından başlayaq...
Əsgərin gündəlik qida rasionunda əsas yeri pərək tutur - 750 qram. Bundan əlavə, kartof və tərəvəz 900 qram (o cümlədən 600 qram kartof), yumurta, ət 200 qram, balıq 120 qram, müxtəlif yarmalar 120 qram, süd 100 qram təşkil edir. Dünyada ilk beş menyudan biridir.
Bu göstəricilərə görə biz hətta İngiltərə ordusunu üstələyirik, ABŞ və İsraillə baş-başayıq. Bu menyu ilə qidalandırılan əsgərimizi təsəvvür edə bilərsinizmi? Yəni bildiyimiz o "şvedski stol" bunun yanında heç nədir. Qidaya ayrılan yüz milyonlarla manatın kimin ciblərinə axdığını bilmək üçün yeni tərxis olmuş istənilən əsgəri görməniz kifayətdir. Bu ağlasığmaz məbləğ isə, çox asanlıqla, elə ilk mərhələdəcə mənimsənilir...
Övladı hərbi xidmətə çağırılmış valideyn isə, əz vəsaiti hesabına onu yedizdirmək istəyərkən qarşısında sözün hər iki mənasında qida korrupsiyasından demək olar ki, "faydalanmayan" komandirləri "görür".
Bunun üçün də ödəməlisən. Çünki onun övladının taleyi bu heyətdən asılıdır. Bu həmin heyətdir ki, o böyük "qida proyektindən bəhrələnmir. Hesablamalar göstərir ki, statistik valideyn, ilyarım ərzində təxminən 3-4 min manata yaxın pul xərcləyir. Bəzən şəraitə görə bu rəqəm arta və azala bilər. Onu da qeyd edim ki, bura çağırışa qədərki, hesab daxil deyil...
Sual oluna bilər, bəs ölüm halları niyə artır? Məsələ burasındadır ki, bu məbləğ heç də hamıda olmur.
Orduda valideyn "qayğısından(?) məhrum olan əsgərlər" (bu termini unutmayın!), hərbi hissələrin ögey övladları(!) hesab olunur. Ölümlərin, nizamnamə pozuntularının əksəriyyətinin bu və ya digər şəkildə maddi motivlərə söykənməsi çox şeydən xəbər verir.
Bu əsgərlər sağ-salamat evə döndükdən sonra belə, uzun illər psixoloji sarsıntıdan qurtula bilmirlər. Bu gün cəmiyyətimizdə ağlasığmaz cinayətlərin əksəriyyətini orduda təhqir olunmuş, zombiyə çevrilmiş övladlarımız tərədir. Elə orduda cinayət tərədən əsgərlərimizin əksəriyyəti oxşar sindromu yaşayanlardır.
Bəli, bu gün istənilən rejim rəsmisi qırmızı şəkildə sual verir: "Məgər mən istəyərəm ki, balalarımız orduda günahsız yerə həlak olsun?..".
İlk baxışda məsuliyyətdən yayındıran arqumentdir, lakin nəzərə alsaq ki, əsgər ölümlərindən sonra valideynlərin "hərbi mükəlləfiyyətləri" artır, buna şübhə ilə yanaşmamaq qeyri-mümkündür. Hər bir ölüm haqqında kəskin danışıb, onu doğuran səbəblər barədə susmaq, razılaşın ki, siyasi artistlikdir...
"Murov və təmas xətti" isə ayrı bir söhbətin mövzusudur...”
2. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Çingiz Məmmədov "Azadlıq" qəzetinin 20-24 mart 2013-cü il tarixli 67 (5128) N-li sayında müəllifi Xaqani Əliyev olan «Ordu, yoxsa can bazarı?» sərlövhəli məqalədə yayımlanmış, böhtan xarakterli, qərəzli və həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, üzr istənilməsi və dəymiş mənəvi ziyanın ödənilməsinə dair tələbləri üzrə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. O, məhkəmədən
- "Azadlıq" qəzetinin 20-24 mart 2013-cü m tarixli 67 (5128) №-li sayında müəllifi Xaqani Əliyev olan «Ordu, yoxsa can bazarı?» sərlövhəli məqalədə yayımlanmış qərəzli və həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məqsədilə "Azadlıq" qəzetindən və məqalənin müəllifi Xaqani Əliyevdən müştərək qaydada 100.000 (yüz min) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım fondunun hesablaşma hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını,
- həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları yaymış cavabdehlərin hərəkətlərində cinayət əlamətləri mövcud olduğu üçün onların barəsində xüsusi qərardad çıxarılmasını xahiş edib.
3. Məhkəmənin gedişində Ç.Məmmədov özünün əsl olan tərəflə əvəz olunması barədə vəsatət verib. Məhkəmənin müraciətinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra – İddiaçı) “Azadlıq” qəzetinin redaksiyasına və “Azadlıq” qəzetinin müxbiri Xaqani Əliyevə qarşı (bundan sonra – Cavabdehlər) iddia ərizəsi təqdim etməklə prosesə daxil olub, Ç.Məmmədov isə prosesdən uzaqlaşdırılıb.
4. Müdafiə Nazirliyinin iddia ərizəsi nöqtəsinə-vergülünə toxunmadan Ç.Məmmədovun iddia ərizəsinin təkrarıdır. Müdafiə Nazirliyi məhkəmə qarşısında eyni tələblər qoyub.
II. İddiaçının arqumentləri
5. Müdafiə Nazirliyi məqalədə gedən aşağıdakı ifadələri şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, böhtan xarakterli məlumatlar hesab edib:
- «Qidaya ayrılan yüz milyonlarla manatın kimin ciblərinə axdığını bilmək üçün yeni tərxis olmuş istənilən əsgəri gərməniz kifayətdir. Bu ağlasığmaz məbləğ isə, çox asanlıqla, elə ilk mərhələdəcə mənimsənilir...», «Orduda valideyn «qayğısından(?) məhrum olan əsgərlər» (bu termini unutmayın!), hərbi hissələrin ögey övladları (!) hesab olunur.
Ölümlərin, nizamnamə pozuntularının əksəriyyətinin bu və ya digər şəkildə maddi motivlərə söykənməsi çox şeydən xəbər verir. Bu əsgərlər sağ-salamat evə döndükdən sonra belə. uzun illər psixoloji sarsıntıdan qurtula bilmirlər. Bu gün cəmiyyətimizdə ağlasığmaz cinayətlərin əksəriyyətini orduda təhqir olunmuş, zombiyə çevrilmiş övladlarımız törədir”. – İddiaçı hesab edir ki, bu ifadələri oxuyan “ordudakı vəziyyət haqqında kifayət qədər məlumatlı olmayan vətəndaş Silahlı Qüvvələrdə qanun pozuntularının və özbaşınalığın baş alıb getdiyi, komandir və rəislərin əsgər heyətinə qarşı etinasız və insanlıqdan kənar münasibət göstərməsi qənaətinə gəlir. Nazirlik iddia edir ki, “şəxsi heyətə verilən ərzaq məhsulları və bununla bağlı qidalanma Silahlı Qüvvələr daxilində qəbul edilmiş standartlara uyğundur və bu sahədə hər hansı qanun pozuntularına yol verilməmişdir” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin ərzaqla təminatı Azərbaycan Respublikası Müdafiə nazirinin 27.07.1992-ci il tarixli 289 N-li əmrinin tələblərinə müvafiq həyata keçirilir. Həmin əmr yuxarı idarəetmə orqanı olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq normativ hüquqi aktına (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.05.1992-ci il tarixli 271 N-li Qərarına) uyğun olaraq hazırlanmışdır”.
«Övladı hərbi xidmətə çağırılmış valideyn isə, öz vəsaiti hesabına onu yedizdirmək istəyərkən qarşısında sözün hər iki mənasında qida korrupsiyasından demək olar ki, «faydalanmayan» komandirləri «görür». Bunun üçün də ödəməlisən». – İddaıçı hesab edir ki, əgər Azərbaycan Respublikasının hər hansı bir vətəndaşında həqiqi hərbi xidmətlə bağlı mövcud neqativ hallar barədə məlumat varsa, onun bu məlumatı anonim şəkildə səsləndirməsi əvəzinə aidiyyəti dövlət orqanlarına, 0 cümlədən Müdafiə Nazirliyinə verməsi həm hüquqi baxımdan, həm də bir mənəvi məsuliyyət nöqteyi-nəzərindən yaxşı olardı. Çünki belə etməklə, həmin şəxs Silahlı Qüvvələrimizin möhkəmləndirilməsi istiqamətində öz dəyərli töhfəsini vermiş olacaq.
«Azərbaycanda ordudan tərxis edilmiş yaxınlarımızdan hər hansı birini gördükdə ağlımıza gələn - «elə bil orduda bu zavallıya heç bir yemək verməyiblər» - İddiaçı hesab edir ki, bu sözlər “dövlətçiliyimiz əleyhinə təxribatdan başqa bir şey deyildir. Təəssüflər olsun ki, belə yazı Azərbaycan xalqına qarşı düşmənçilik münasibətinin əyani nümunəsidir”.
Qeyd olunanları nəzərə alaq Nazirlik hesab edib ki, belə yalan məlumatların yayılması nəticəsində
- Məqalə Müdafiə Nazirliyinin rəhbərliyinin işgüzar nüfuzuna toxunub, doğru-dürüstlüyü qəzetinin rəhbərliyi tərəfindən yoxlanılmaması redaksiya düzgün olmayan mövqe tutmasına və Silahlı Qüvvələrə qarşı qərəzçiliyə yol verilməsinə səbəb olub,
- yoxlanılmamış məlumatların cavabdehlər tərəfindən yayılması ölkə ictimaiyyətində yanlış fikir formalaşdırmaqla Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi durumuna ziyan vurur.
- Silahlı Qüvvələrin bütün şəxsi heyəti hər an döyüşə hazır vəziyyətdə olmalıdır və döyüş tapşırıqlarını yerinə yetirmək üçün onların mənəvi-psixoloji vəziyyəti daim tələb olunan səviyyədə saxlanılmalıdır. Bu kimi böhtanların son vaxtlar tez-tez səsləndirilməsi insanlara ləkə yaxma, heç bir əsası və sübutu olmayan məlumatların yayılması bu əhval-ruhiyyənin aşağı düşməsinə səbəb olur.
Nazirlik hesab edir ki, “qəzet yoxlanılmamış məlumatları çap etməzdən və yayımlamamışdan əvvəl onları təsdiqləyən faktları toplamalı idi”.
Qeyd olunanları nəzərə alaraq Nazirlik bu nəticəyə gəlib ki, «Azadlıq» qəzeti həqiqətə uyğun olmayan məlumatları yaymaqla, böhtan atmış, yəni həmin yalan məlumatların həqiqətə uyğun olmadığını və vəzifəli şəxslərin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyəcəyini bilə-bilə onları kütləvi şəkildə yaymışdır”.
III. İddia ilə bağlı Cavabdehlərin arqumentləri (etizarları)
6. Müdafiə Nazirliyinin iddia ərizəsində səsləndirdiyi arqumentlərlə bağlı aşağıdakıları bildiririk.
A. Qanunvericilik
7. Məhkəmənin bu işə, Konstitusiyanın 7, 12, 25, 46, 47, 50, 151-ci maddələri, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya Qanunu, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (bundan sonra Avropa Konvensiyası) 10-cu maddəsi və bu maddə ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) president hüququnun işığında baxması söz azadlığının qorunması və düzgün dəyərləndirilməsi baxımından mühüm önəmi var.
Konstitusiyanın 12.1-ci maddəsi deyir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 12.2-ci maddəsinə görə isə Ana Yasada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Beynəlxalq müqavilələr Azərbaycan qanunvericiliyinin tərkib hissəsidir və normativ hüquqi aktlar iyerarxiyasında Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlardan sonrakı yeri tuturlar.
Konstitusiyanın 151-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyәt yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Konstitusiyanın 47-ci maddəsi hər kəsin öz fikir və söz azadlığına təminat verir.
Konvensiyanın 46-cı maddəsinə əsasən yüksək üzv dövlətlər Avropa Məhkəməsinin məcburi yurisdiksiyasını qəbul edir və onun qərarlarının icrasını təmin edirlər. 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında göstərilir ki, Azərbaycan dövləti Avropa Məhkəməsinin presedent hüququnun məcburiliyini tanıyır və tətbiq edir.
AR Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarın 2-ci bəndinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələrə tövsiyə olunur ki, yerli qanunvericiliklə yanaşı Avropa Konvensiya müddəalarını rəhbər tutsunlar və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etsinlər.
8. Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən:
Maddə 10. Fikri ifadə etmək azadlığı
1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
Konvensiyanın 10-cu maddəsinə görə, hər kəsin öz düşüncəsini azad ifadə etmək haqqı var. Bu haqqa öz düşüncəsində qalmaq, dövlət hakimiyyətinin hər hansı müdaxiləsi olmadan və dövlət sərhədlərindən asılı olmayaraq bilgi və ideyaları almaq və yaymaq azadlığı daxildir.
Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi isə deyir ki, bu haqlar onları gerçəkləşdirənlər üzərinə öhdəliklər və məsuliyyətlər də qoyur. İfadə azadlığının gerçəkləşdirilməsi yalnız bu maddədə sadalanan legitim məqsədlərlə, yalnız qanunla müəyyən edilmiş hallarda və yalnız demokratik toplumda gərəkli olan bəlli rəsmiyyətlərlə, şərtlərlə, məhdudluqlarla və ya sanksiyalarla müşayiət oluna bilər. Konvensiya ifadə azadlığına müdaxilə üçün aşağıdakı məqsədləri legitim sayır:
- milli təhlükəsizlik, ərazi bütövlüyü və ictimai qaydanın qorunması;
- iğtişaşların və cinayətlərin qarşısının alınması;
- əhalinin sağlamlığın və mənəviyyatın qorunması;
- başqa şəxslərin nüfuzunun və haqlarının qorunması;
- etibar edilmiş bilgilərin açıqlanmasının qarşısının alınması;
- ədalət mühakiməsinin nüfuzunun və tərəfsizliyinin təmin olunması.
B. Hüquq məsələləri
(1) Legitim məqsədlər
9. Göründüyü kimi, Avropa Konvensiyası ifadə azadlığının məhdudlaşdırılmasına Yalniz legitim məqsədlər olduqda yol verir. Bununla belə ifadə azadlığını məhdudlaşdırarkən dövlət arxayın olmalıdır ki, bu məhdudlaşdırma:
- yuxarıda saydığımız legitim məqsədlərin ən azı birindən irəli gəlir;
- belə məhdudlaşdırma həmin dövlətin iç qanunlarında aydın ifadə olunub və hamının bu qanunlardan xəbər tutmasına imkan yaradılıb;
- hər hansı məhdudlaşdırma “demokratik toplumda zəruri” olmaq sınağından keçə bilməlidir.
Göründüyü kimi Maddə 10(1) pozitiv azadlığı, Maddə 10(2) isə bu azadlığın məhdudlaşdırıla biləcəyi halları müəyyən edir.
Avropa Məhkəməsi Sandi Tayms Birləşmiş Krallığa qarşı işdə vurğulayıb ki:
“...iki qarşı-qarşıya duran prinsiplər arasından seçimlə yox, dar yozulmalı bir sıra istisnaların mövzusu olan ifadə azadlığı prinsipi ilə üzləşir... Müdaxilənin Maddə 10(2)-də sadalanan istisnalara aid olması yetərli deyil; müdaxilənin mövzunun konkret kateqoriya ilə üst-üstə düşməsinə görə edilməsi və ya ümumi və ya qəti şərtlərlə formulə edilmiş hüquq qaydası tərəfindən dəstəklənməsi də yetərli deyil. Məhkəmə arxayın olmalıdır ki, baxdığı spesifik işdə faktlar və hallar nəzərə alınmaqla müdaxilə zəruri olub (bax: Sandi Tayms Birləşmiş Krallığa qarşı (1979) 2EHRR 245, 281, bənd 65).
Yəni Avropa Məhkəməsi baxdığı işlərdə söz azadlığının tətbiq edilib edilməməsini araşdırır və ona qiymət verir. Dadsen Birləşmiş Krallığa qarşı (1981-ci il) işdə Avropa İnsan Hüquqları Məhkəməsi israrla bildirdi ki, demokratik cəmiyyətin əsaslarını təşkil edən iki cəhət var: dözümlülük və geniş düşüncəlilik (qərarın 53-cü bəndi).
Məhkəmənin qərarlarında ifadə azadlığının gərəkliliyi dəfələrlə vurğulanıb. 10-cu maddə ilə bağlı birinci iri işdə Məhkəmə dedi:
“İfadə azadlığı cəmiyyətin mühüm təməllərindən birini, onun tərəqqisi və hər kəsin gəlişməsi üçün baza şərtlərdən birini təşkil edir. 10-cu maddənin 2-ci bəndi nəzərə alınmaqla, ifadə azadlığı təkcə xoş qarşılanan, ziyansız sayılan “bilgi və ideyalara” deyil, həm də dövləti və ya əhalinin hər hansı bir bölümünü incidən, şoka salan və ya narahat edən “bilgi və ideyalara” da tətbiq edilir. Plüralizmin (çoxsəsliliyin), dözümlülüyün və geniş düşüncəliliyin tələbləri belədir. Bunsuz “demokratik toplum” yoxdur (bax: Həndisayd BK-ya qarşı (1976) 1 EHRR 737, bənd 49)
Avropa Məhkəməsi bildirib ki (bax: “Observer” və “Qardian” Birləşmiş Krallığa qarşı iş üzrə qərara, 1991, 59-cu bənd) ifadə azadlığına qoyulan istənilən məhdudiyyətin zəruriliyi “inandırıcı şəkildə sübut edilməlidir”. Zəruri sözü “mümkün” sözünün sinonimi deyil, eləcə də “faydalı”, “ağlabatan” və ya “arzu edilən” ifadələri qədər mütəhərrik (dəyişkən) deyil. Daha dəqiq desək o, yuxarıda qeyd edildiyi kimi “təxirəsalınmaz ictimai tələbatın” mövcudluğunu nəzərdə tutur (bax: Həndisayd Birləşmiş Krallığa qarşı iş üzrə qərara, 1976, 48-ci bənd).
(2)_Demokratik cəmiyyətdə zərurilik
10. Konvensiyanın 10-cu maddəsini tətbiq edərkən məhkəmələr aşağıdakıları nəzərə alırlar:
Demokratik cəmiyyətdə zərurilik testinin tətbiqi Demokratik cəmiyyətdə zərurilik sınağı tələb edir ki, məhdudlaşdırma təxirəsalınmaz sosial tələbatdan irəli gəlməlidir. Tətbiq edilən məhdudlaşdırma tədbiri qarşıya qoyulan məqsədə adekvat olmalıdır. Söz azadlığına o zaman müdaxilə edilə bilər ki, bu demokratik cəmiyyətdə zəruri olsun. İddiaçı sübut etməlidir ki, onun şərəfi, ləyaqəti, işgüzar nüfuzu necə və hansı formada ləkələnib və bu ləkə nədən ibarət olub. İddiaçının mülahizəsi nəticəsində söz azadlığına müdaxilə edilə bilməz.
11. Nəzərə almaq lazımdır ki, bu işdə iddiaçı dövlət orqanıdır. Onun barəsində cəmiyyətdə birmənalı fikir ola bilməz. Dövlət orqanları demokratik cəmiyyət üçün mövcud olmalı olan mühüm təsisatdır. Bu baxımdan dövlət orqanı üzərində xalq nəzarəti demokratik prinsiplərin əsasını təşkil edir. Demokratik cəmiyyətdə hər bir şəxs dövlət orqanına müraciət etmək hüququ qazanır. Müraciət etmək hüququ təkcə ərizə və ya təkliflərin göndərilməsini deyil, dövlət orqanı və insanlar arasındakı bütün münasibətləri əhatə edir. Müraciət etmək hüququna dövlət orqanın tənqid edilməsi də aiddir (bax: Konstitusiyanın 57-ci maddəsinin 2-ci bəndi). Hər bir şəxs dövlət orqanının fəaliyyətini tənqid etmək üçün imkan qazanmalıdır. Məhz dövlət orqanın fəaliyyətinin tənqid edilməsi demokratik cəmiyyətlərdə dövlət üzərində xalq nəzarətinin özəyini təşkil edir. Əgər söhbət dövlət orqanının fəaliyyətinin tənqid edilməsindən gedirsə, burada söz azadlığına daha bir mühüm hüquq-müraciət etmək azadlığı da dəstək verir.
12. Demokratik cəmiyyətlərdə söz azadlığı, məlumat azadlığı və müraciət etmək hüququ dövlət orqanının öz şərəf və ləyaqətini müdafiə etmək hüququndan üstün tutulur. Bu təbiidir, söhbət demokratik cəmiyyətdən gedirsə insanların söz, məlumat və müraciət etmək azadlığı şərəf və ləyaqətin müdafiəsindən üstün tutulmalıdır, çünki dövlət orqanları daim xalqın nəzarəti altında olmalı və xalq həmişə dövlət orqanının istənilən fəaliyyətinə müdaxilə etmək imkanı əldə etməlidir.
Diqqət yetirməlidir ki, mətbuat ictimai nəzarətçi rolunu oynayır və mətbuat cəmiyyəti dövlət, ictimai və siyasi proseslərə müdaxilə etmək aləti ilə təchiz edir. Mətbuatsız cəmiyyəti düşünmək olmaz. Bu baxımdan da mətbuat hər hansı proseslərə müdaxilə edərkən, hər hansı mövzunu ictimai maraq dairəsinə çevirərkən məhz xalqın istəyini və xalqı narahat edən məsələlərin müzakirəsini ön plana çəkir.
13. Bu yazıda qəzet ictimaiyyəti narahat edən məsələləri ictimai müzakirəyə çıxarıb. Məsələn, hərbi hissələrin, ordunun ərzaqla təmin olunması, son dövrlər orduda artan əsgər ölümü hallarının artması, orduda rüşvətin və korrupsiya hallarının çoxalması və əsgərlərə qarşı ayrı seçkiliyin mövcud olması. Bunların hamısı cəmiyyəti narahat edən problemlərdir. Bu işdə nəzərə alınmalı amil odur ki, bu yazı mediada uzun müddətdir gedən və son günlərə qədər davam edən orduda korrupsiya ilə bağlı yüzlərlə yazının açdığı müzakirələri davam etdirir. Onlardan cüzi bir hissəsini bu sənədə əlavə edirik (bax: Əlavə 1).
Məqalənin ictimai maraq doğuran problemlər barədə olması jurnalistin hər hansı səhvə görə immunitet haqqının yüksəldir. İctimai önəmli diskussiyalar hər bir cəmiyyət üçün mühüm dəyər olduğundan bu diskussiyaların iştirakçıları üçün bəlli immunitetlər olmalıdır. Əks halda vətəndaşlar belə diskussiyalardan çəkinərlər, bu isə onların səmərəliliyini aşağı sala bilər.
Beləliklə, məhkəmə yazının ictimai önəmli məsələ ilə bağlı olub olmamasına qiymət verir və prosesin sonrakı gedişində bunu nəzərə alır.
14. Əlavə olaraq Məhkəmə onu da nəzərə alır ki, mətbuat azadlığında həmçinin müəyyən dərəcədə şişirtmə və hətta təxribat hallarına yol verilə bilər (bax: Praqe və Oberşlik Avstriyaya qarşı 26 aprel 1995-ci il tarixli qərar, Series A no. 313, p.19, paraqraf 38). Hazırkı işdə olan kimi milli dövlət orqanlarının səlahiyyəti “ictimai nəzarətçi” kimi mühüm rol oynayan mətbuata, ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edən məlumatın yayılmasında demokratik cəmiyyətin marağı ilə məhdudlaşdırılır (bax: Qudvin Birləşmiş Krallığa qarşı 27 mart 1996-cı il tarixli qərarı, Hesabatlar 1996-ll, s. 500, paraqraf 39).
Sandi Tayms Britaniyaya qarşı işdə Avropa Məhkəməsi deyir: Mətbuat “başqa şəxslərin nüfuzunun qorunması üçün” müəyyən edilən inter alia sərhədləri aşmalı olmasa da, hər halda onun üzərinə siyasi məsələlərə, habelə ictimai maraq doğuran digər problemlərə dair məlumat və ideyaların yayılması missiyası qoyulmuşdur.
15. Hər bir ifadəyə ayrı-ayrılıqda qiymət verilməsi və onun nə dərəcədə ləkələyici olmasının müəyyən edilməsi, qiymətləndirici mülahizələr və faktlar arasında fərq qoyulması
Ləkələyici olması iddia edilən hər bir ifadəyə və ya onların məcmusunun verdiyi anlama qiymət verilir. Bu zaman faktlar barədə açıqlamaları qiymətləndirici mülahizələrdən, yəni hər hansı fakta və ya onların toplamına jurnalistin verdiyi qiyməti bir-birindən ayırmaq gərəkir. Faktla qiymətləndirici mülahizənin mühüm fərqi ondadır ki, faktın doğru və ya yalan olduğunu sübut etmək mümkündür. Qiymətləndirici mülahizənin isə doğruluğunu və ya yalanlığını sübut etmək olmur. Bu səbəbdən də sübutetmə yükü əsassız olaraq bir tərəfin üzərinə qoyulmamalı və tərəflərin üzərinə yerinə yetrilməsi mümkün olmayan vəzifələr qoymamalıdır.
Lin Gens Avstriyaya qarşı işdə Avropa Məhkəməsi bir daha vurğuladı ki: Mətbuat azadlığı həm də cəmiyyəti siyasi liderlərin ideyalarını və mövqelərini öyrənməyə imkan verən alətlə təchiz edir. Siyasi diskussiya azadlığı Konvensiya boyunca keçən demokratik cəmiyyət konsepsiyasının özəyini təşkil edir. (bax: Lin Gens Avstriyaya qarşı iş, bənd 41, 42)
16. Lin Gens Avstriyaya qarşı (1986) işdə (Ərizəçi kansleri “Alçaqcasına opportunizmdə” və bir sıra cinayətlərdə ittiham etdiyinə, habelə “mənəviyyatsız” və “ləyaqətsiz” adlandırdığına görə diffamasiyada ittiham edilərək məsuliyyətə cəlb olunmuşdu) Məhkəmə belə qənaətə gəldi ki, Ərizəçi faktual rəylərdən fərqli olaraq fikrini qiymətləndirici mülahizələr formasında ifadə edib. Məhkəmə göstərdi ki, birincilərdən fərqli olaraq sonuncuları sübut etmək mümkün deyil. Məhkəmə həmçinin qeyd etdi ki, Ərizəçinin bəyanatları şübhə doğurmayan faktlara əsaslanırdı və xoş məramla ifadə edilmişdi. Ərizəçidən bəyanatlarının həqiqətə uyğunluğunu sübuta yetirməsini dövlət daxili məhkəmələrin təkidlə tələb etməsi gərəksiz müdaxiləyə bərabər idi və qarşıya qoyulan qanuni məqsədə cavab vermirdi. Beləliklə Məhkəmə 10-cu maddənin pozulduğunu dedi.
17. Diçand və başqaları Avstriyaya qarşı işdə (2002) Məhkəmə qeyd etdi ki, dövlət daxili məhkəmələrin tətbiq etdiyi test (sübut etmə vəzifəsinin mətbuatın üzərinə qoyulması) ərizəçilərin üzərinə həddindən artıq ağır sübut etmə yükü qoymuşdu. Məhkəmə belə qənaətə gəldi ki, məqalədəki qiymətləndirici mülahizələrin kifayət qədər faktual əsası var idi. Məqalədə ictimai maraq doğuran hadisələrin şərhi verilmişdi. Məhkəmə qeyd etdi ki, G. önəmli siyasətçi idi və onun biznes maraqları ilə siyasi fəaliyyətinin üst-üstə düşməsi faktı, hətta daha dəqiq desək, dövlət daxili hüquqa əsasən vəzifə səlahiyyətlərinə zidd olan heç bir problem yaratmadıqda belə, ictimai müzakirəyə səbəb ola bilərdi. Baxmayaraq ki, ərizəçilər kəskin, polemik dillə ifadə edilmiş sərt tənqidi fikirləri dərc edərkən onların faktual bazası kiçik idi, hər halda bu işdəki məhdudiyyət qarşıya qoyulan qanuni məqsədə zidd idi. Məhkəmə 10-cu maddənin pozulduğunu bildirdi.
18. İddiaçının dövlət orqanı olmasının və ona qarşı yol verilən tənqidin həcminin digər şəxslərə nisbətən daha geniş olmasının nəzərə alınması Lingens Avstriyaya qarşı işdə (1986) Məhkəmə bildirdi ki, ictimai siyasi fiqurlar yüksək vəzifəli dövlət məmurları bilərəkdən özlərini ictimai müzakirə obyektinə çevirirlər bu səbəbdən də onlara qarşı tənqidin həcmi daha genişdir və onlar bu tənqidə qarşı dözümlü olmadırlar.
19. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəmə Plenumu qərarının 6-cı bəndində də göstərilir ki, iddiaçı ona vurulmuş zərəri sübut etməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə, keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. MM-in 23.4-cü maddəsi də, mahiyyət etibarı ilə eynidir orada “vurulmuş zərər” anlayışı işlədilir. Burada iddiaçıya hər hansı bir zərər dəyməyib. O əvvəlki formada mövcuddur səlahiyyətlərini icra edir. Onun barəsində hər hansı təhqiqat (nə idarədaxili, nə də kənar) aparılması barədə sübut yoxdur. Bütün bunlarla bağlı hər hansı izahatlar və onların gerçək olduğunu deməyə əsas verən nəsə ortada olmalıdır.
20. Demokratik cəmiyyətlərdə fikir azadlığına görə yüksək məbləğdə ödənc qoyulması yolverilməzdir.
Mənəvi zərərə görə kompensasiya tələb edərkən məhkəmə ən azı aşağıdakı halları araşdırmalıdır:
1. Məlumatın yayılma dairəsini aydınlaşdırmaq üçün qəzetin yayılmış tirajı bəlliləşdirilməli;
2. İddiaçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini bəlliləşdirmək üçün bu mənəvi və yaxud heç olmasa fiziki sarsıntıların nədən ibarət olması araşdırma mövzusu olmalı;
3. Cavabdehlərin əmlak vəziyyəti və ziyanın ödənilməsi üçün cavabdehin real imkanları ilə bağlı araşdırma aparılmalı;
4. Jurnalistin vicdanlılığı nəzərə alınmalıdır
Müdaxilənin proporsionallığı qiymətləndirilərkən verilən cəzanın təbiəti və sərtliyi hesaba alınan amillərdəndir (Ceylan Türkiyəyə qarşı (GC) N 23556/94, Tammer Estoniyaya qarşı, N 41205/98). Konvensiyaya görə defamasiya görə zərərin qarşılığında alınan ödənişlər (kompensasiya) reputasiyaya vurulan ləkəyə proporsional olmalıdır.
20. Tolstoy-Miloslavski Birləşmiş Krallığa qarşı işdə (1995) Məhkəmə qeyd etdi ki, bu işdəki böyük məbləğdə təyin olunan kompensasiya mütənasiblik tələbinə uyğun deyildi. Həmçinin məhkəmə vurğuladı ki, kompensasiya üzərində məhkəmə nəzarəti qeyri-mütənasib dərəcədə yüksək kompensasiyaya qarşı adekvat və səmərəli təminatlar vermirdi və demokratik cəmiyyətdə mətbuatın yüksək kompensasiya ödəməsi yolverilməzdir. Məhkəmə belə qənaətə gəlib ki, 10-cu maddə pozulub.
21. Milli məhkəmələrin təcrübəsindən:
İmişli Rayon Dəmiryolu İdarəsinin rəisi Fəyyaz Xankişiyevin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə işə baxarkən hazırlıq iclasına dair çıxardığı qərarda Yasamal rayon məhkəməsi qeyd edib ki, Azərbaycan Respublikası Avropa Konvensiyasının iştirakçısıdır, Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır və Azərbaycan məhkəmələri milli qanunvericiliklə yanaşı Avropa Konvensiyalarının müddəalarını, habelə Avropa Məhkəməsinin təcrübəsinə də istinad etməlidir. Yasamal məhkəməsi Fəyyaz Xankişiyev “Azadlıq”a qarşı işi üzrə qərarında Avropa İnsan Haqları Məhkəməsinin Torgerson İslandiyaya qarşı işi üzrə 25 iyun 1992-ci il tarixli qərarına istinad edərək vurğulayıb ki, ifadə azadlığı demokratik cəmiyyətin əsaslarını təşkil edir. Bu hal təkcə neytral, zərərsiz, yaxud xeyirxahlıqla qəbul olunmuş məlumat və fikirlərə deyil, həmçinin təhqir edən, şoka salan və narahatlıq yaradan məlumatları əhatə edir.
Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 302-ci maddəsini rəhbər tutaraq F.Xankişiyevin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edib.
IV. Tələblərimiz
Yuxarıdakıları nəzərə alaraq məhkəmədən
xahiş edirik:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Azadlıq” qəzetinin redaksiyasına və “Azadlıq” qəzetinin müxbiri Xaqani Əliyevə qarşı iddiası rədd edilsin.
01 avqust 2013-cü il
İntiqam Əliyev,
“Azadlıq” qəzetinin səlahiyyətli nümayəndəsi
«Azərbaycan ordusunda korrupsiya riski böyükdür»
Transparency İnternational yeni hesabatında silhalı qüvvələrdəki şəffaflıq problemlərindən bəhs olunur
Orduda korrupsiya ölkələrə xaricdən gələn təhlükələr üçün qapıları sadəcə olaraq taybatay açır. Bu fikri dünyanın 82 ölkəsində müdafiə xərclərini öyrənən Transparency İnternational səsləndirib.
Təşkilatın Britaniyada yerləşən Müdafiə və Təhlükəsizlik Proqramları yanvarın 29-da yaydığı hesabatda qeyd edir ki, araşdırmaya cəlb etdiyi 82 ölkə 2011-ci ildə müdafiə sektoruna birlikdə 1.6 trilyon dollar ayırıb. Bu ölkələrin ordusuna korrupsiya risklərinin azaldılması üçün hansı işlərin görüldüyünü araşdıran təşkilat bu qənaətə gəlib ki, yalnız Almaniya və Avstraliya ordularında çox sərt anti-korrupsiya mexanizmləri işləyir.
Sorğuya cəlb olunan 82 ölkədən 9-da - Əlcəzair, Anqola, Kamerun, Konqo Demokratik Respublikası, Misir, Eriteriya, Liviya, Suriya və Yəmən ordusunda korrupsiya riskləri olduqca böyük olub: “Məsuliyyətsizlik bu sektorda anti-korrupsiya mexanizmlərini sadəcə heçə endirir” - deyə sənəddə qeyd olunur.
Hesabatda Azərbaycanın qonşuları olan Gürcüstan, Qazaxıstan və Rusiya ordularında da korrupsiya risklərinin olduqca yüksək olduğu qeyd olunur. Amma sənəddə bir-biri ilə münaqişə vəziyyətində olan Azərbaycan və Ermənistan ordularının adları çəkilmir.
Bakı ildən-ilə orduya ayrılan xərcləri artırdığını, 2013-cü ildə ordu büdcəsinin 4 milyard dollara çatdığını bildirir. Amma tənqidçilər Azərbaycan ordusunda da ciddi korrupsiya riskləri barədə tez-tez fikirlər səsləndirirlər. (azadlıq.org)
http://bizimyolinfo.com/?sehife=1&xeber=6918
MİLLİ ORDUDA KORRUPSİYA HƏBSLƏRİ BAŞLADI
DİA.AZ: - Azərbaycan Ordusunun zabiti həbs edilib. Bu barədə hərbi mənbədən məlumat verilib.
Məlumata görə, Müdafiə Nazirliyinin Qusarda yerləşən “N” saylı hərbi hissəsi komandirinin şəxsi heyətlə iş üzrə müavini, mayor Yusif İsmayıl oğlu Nadirov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinir.
Onun barəsində məhkəmənin hökmü ilə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
“Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia.az) mötəbər mənbələrdən daxil olan məlumatda bildirilir ki, Yusif Nadirova qarşı xüsusi əməliyyat hazırlanıb. Maraqlıdır ki, bu əməliyyat Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən hazırlansa da, Müdafiə Nazirliyi bu barədə məlumatlandırılmayıb.
Mənbə bildirir ki, Yusif Nadirovla bağlı həyata keçirilən ilkin istintaq hərəkətləri zamanı Müdafiə Nazirliyinin rəhbər heyətinə aid daha bir yetkilinin də barəsində faktlar əldə olunub: “Yəni müəyyən olunub ki, Yusif Nadirovun əlbir olduğu şəxslər var”. Mənbəyə görə, onlar barədə hüquqi addımın atılması da planlaşdırılır. Bu isə o deməkdir ki, ordu sistemində korrupsiyaya görə həbslər davam etdirilə bilər.
http://dia.az/372-mdlld-orduda-korrupsdya-hzhbslzhrd-baelad.html
Dostları ilə paylaş: |