İnzibati icraat haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl
olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
I Fəsil
Ümumi müddəalar
Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar
1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə
bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını,
prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
1.2. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə
münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar
2.0. Bu qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:
2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna
əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;
2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan
müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş
və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr
yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə
bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya
müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul
edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın
hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya
təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda
inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi
şəxs;
2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər
hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti;
2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək
məqsədi ilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan
və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından
yuxarı inzibati orqana yazılı müraciəti;
2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati
orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi
və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar
tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən
fəaliyyət;
2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün
qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;
2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı
münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;
2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı
inzibati orqan tərəfindən qəbul edilən akt;
2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq
edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt;
2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüququndan məhrum edən və
ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr)
qoyan akt.
Maddə 3. Qanunun tətbiq dairəsi
3.1. Bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati
orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
3.2. Bu qanun inzibati orqanların:
3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə;
3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş
müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar
müəyyən oluna bilər.
Maddə 4. Aidiyyət
4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati
icraatı həyata keçirirlər.
4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını
müstəqil şəkildə müəyyən etməyə borcludur.
4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr
müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya
müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir.
Maddə 5. İnzibati orqanlar arasında qarşılıqlı hüquqi yardım
5.1. İnzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana
həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur.
5.2. Subordinasiya baxımından tabeçilik münasibətlərində olan inzibati orqanların
bir-birinə yardım etməsi qarşılıqlı hüquqi yardım sayılmır.
Maddə 6. Hüquqi yardımın şərtləri
6.0. İnzibati orqan hüquqi yardım üçün aşağıdakı hallarda müraciət edə bilər:
6.0.1. hüquqi və faktiki xarakterli səbəblər üzündən hər hansı hərəkəti müstəqil
həyata keçirmək iqtidarında olmadığı hallarda;
6.0.2. müəyyən məsələnin həlli üçün ona məlum olmayan və özünün müstəqil olaraq
müəyyən edə bilmədiyi faktlar tələb olunduğu hallarda;
6.0.3. müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və ya digər
sübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında
olduğu hallarda;
6.0.4. müəyyən məsələni müstəqil şəkildə həll etmək üçün tələb olunan zəruri
xərclər, həmin məsələnin hüquqi yardım qaydasında digər inzibati orqan tərəfindən həll
olunması üçün tələb olunan xərclərdən çox olduğu hallarda.
Maddə 7. Hüquqi yardım göstərməkdən imtinanın əsasları
7.1. İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməkdən imtina edə bilər:
7.1.1. hüquqi yardım qaydasında tələb olunan tədbirlərin həyata keçirilməsi onun
qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmadıqda;
7.1.2. hüquqi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər hüquqazidd
olduqda;
7.1.3. hüquqi yardımın göstərilməsi onun öz funksional vəzifələrinin yerinə
yetirilməsinə əhəmiyyətli dərəcədə mane olduqda;
7.1.4. hüquqi yardım qaydasında tələb olunan sənədlər və (və ya) məlumatlar
qanunla qorunan bu və ya digər sirri təşkil etdikdə.
7.2. İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməyə borclu deyildir:
7.2.1. başqa inzibati orqan daha sadə üsulla və ya daha az məsrəflə hüquqi yardım
göstərə bilərsə;
7.2.2. həmin inzibati orqan xahiş olunan yardıma mütənasib olmayan yalnız böyük
məsrəf hesabına hüquqi yardım göstərə bilərsə.
7.3. İnzibati orqan hüquqi yardım göstərməkdən imtina etdiyi halda, ona həmin
məqsədlə müraciət etmiş digər inzibati orqana müraciətin daxil olduğu gündən üç gün
müddətində bu barədə yazılı məlumat verməlidir.
7.4. Müraciət edən inzibati orqan hüquqi yardımdan imtina ilə bağlı məsələyə
baxılması barədə hüquqi yardım üçün müraciət olunmuş orqana münasibətdə nəzarət
funksiyasını həyata keçirən yuxarı inzibati orqana müraciət edə bilər. Yuxarı inzibati
orqan tərəfindən həmin məsələyə qısa müddət ərzində baxılır və qəti qərar qəbul edilir.
Hüquqi yardımdan imtina əsassız hesab edildikdə, yuxarı inzibati orqan belə yardımın
dərhal göstərilməsi barədə hüquqi yardım üçün müraciət olunmuş inzibati orqana
müvafiq tapşırıq verir.
Maddə 8. Hüquqi yardımla bağlı xərclərin ödənilməsi
Hüquqi yardımla bağlı müraciət etmiş orqan, belə yardımın göstərilməsi ilə əlaqədar
çəkilmiş xərclər şərti maliyyə vahidinin 20 mislindən yuxarı olduqda, həmin xərcləri
ödəməlidir.
Maddə 9. Sənədlərin surətini rəsmi təsdiq etmək hüququ
9.1. İnzibati orqan, özü və ya ona tabe olan orqan tərəfindən qəbul edilmiş inzibati
aktların və ya digər sənədlərin surətini təsdiq edə bilər.
9.2. İnzibati orqan tərəfindən müvafiq qaydada qəbul edilmiş inzibati aktların və ya
digər sənədlərin təsdiqlənmiş surətləri rəsmi qüvvəyə malikdir.
9.3. Məzmunu dəyişdirilmiş və ya bütövlüyü pozulmuş sənədin təsdiq olunmasına
yol verilmir.
9.4. Sənəd təsdiq edilərkən aşağıdakı məlumatları əks etdirən vərəq tərtib
olunmalıdır:
9.4.1. sənədin dəqiq adı;
9.4.2. sənədin surətinin onun əsli ilə düz olması barədə qeyd;
9.4.3. sənədin təsdiq olunduğu tarix və yer;
9.4.4. məsul vəzifəli şəxsin imzası və inzibati orqanın möhürü.
9.5. Sənədin təsdiq olunmuş surətinin hər səhifəsi vəzifəli şəxs tərəfindən imza
edilməli və möhür vurulmalıdır.
9.6. İnzibati aktın və ya digər sənədin surətinin təsdiq edilməsi faktı müvafiq inzibati
orqanda müəyyən edilmiş qaydada qeydə alınmalıdır.
II Fəsil
Ümumi prinsiplər
Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri
10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının
Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi
dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir.
10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati
orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur.
10.3. Bu qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin
azaldılması kimi şərh oluna bilməz.
Maddə 11. Qanunçuluq prinsipi
11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar.
11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin
hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 12. Bərabərlik prinsipi
12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir.
12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər
üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.
12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər
üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.
12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata
keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud
inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi
13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı
qanunla qorunur.
13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur.
Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika
ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter
daşımalıdır.
13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə
bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi
şəxslərin etimadı qanunla qorunur.
13.4. İnzibati orqanların bu qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri
və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad
hüququnun əsasını təşkil edir. Bu qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara
şamil olunur.
13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası
14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar
daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur.
14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin
məqsədinə uyğun olmalıdır.
14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi
şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar
qəbul oluna bilməz.
Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması
15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız
formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən
fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır
15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər
tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması
inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola
bilməz.
15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş
sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan
səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.
Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması
16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli
olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli
gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid
olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini
tələb etməkdə haqlıdır.
Maddə 17. Mütənasiblik prinsipi
Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər
hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə
mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi
şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi
18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər
edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil
ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz .
18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədi ilə
uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir.
Maddə 19. Mötəbərlik prezumpsiyası
19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər
tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta
yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin
və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb
olunması qadağandır.
19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu
hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin
müəyyən edilməsi üçün tədbirlər görür.
III Fəsil
Prosedur prinsiplər və təminatlar
Maddə 20. İnzibati orqana müraciət etmək hüququ
20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan
məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati
orqandan məlumat əldə etmək hüququ vardır.
20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun
səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə
müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.
Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı
21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat
barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun
iştirakını təmin etməlidir.
21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən
əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və
həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların
nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə
borcludur.
21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların
nümayəndələrini dinləməkdən imtina edə bilər:
21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul
edilməsi nəzərdə tutulduqda;
21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının
alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması
zərurəti yarandıqda;
21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin
buraxılmasına səbəb ola biləcəyi halda;
21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati
aktların və ya avtomatik qurğular vasitəsi ilə inzibati aktların qəbul edilməsi nəzərdə
tutulduqda;
21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul
edilməsi nəzərdə tutulduqda;
21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə
tutulduqda.
Maddə 22. İşə baxılmasında qərəzsizlik
22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirtməyə
borcludurlar.
22.2. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz.
Maddə 23. İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların
verilməsi
23.1. İnzibati orqan ərizə və ya vəsatətlərin verilməsində, ərizə və ya vəsatətdə
buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə
yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri
ona izah etməyə borcludur.
23.2. Fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan
ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini
onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə
göndərməyə borcludur.
Maddə 24. İşin hallarının obyektiv araşdırılması
24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb
edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və
nəzərə alınmasından imtina edə bilməz.
24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın
xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən
müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi
sübutlarla bağlı deyildir.
24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə
əlavə sübutlar toplamağa borcludur.
24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş
və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması
və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ
25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat
zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla
bağlı məlumat almaq hüququna malikdirlər.
25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı
məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər.
25.3. İnzibati orqan müraciət daxil olduğu gündən 3 gün müddətində müvafiq
məlumatları verməlidir.
25.4. İnzibati orqan məzmununda qanunla qorunan hər hansı sirr olan sənədlərdən
maraqlı şəxslərin ziyanına istifadə edə bilməz.
25.5. Məzmununda qanunla qorunan hər hansı sirr olan sənədin tanış olmaq üçün
təqdim edilməsindən imtina olunduğu hallarda, inzibati orqan qanunla qorunan
maraqlara ziyan vurmadan, həmin sənədin məzmunu haqqında maraqlı şəxsə mümkün
qədər dolğun məlumat verməyə borcludur.
25.6. Maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi
inzibati orqanda tanış ola bilərlər.
25.7. Müstəsna hallarda maraqlı şəxslər, yazılı müraciət əsasında, inzibati icraat
materialları ilə digər inzibati orqanda, habelə Azərbaycan Respublikasının xaricdəki
diplomatik nümayəndəliyində tanış ola bilərlər.
25.8. Maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini
əldə etmək hüququ vardır.
25.9. Sənədlərin və digər materialların surətlərinin çıxarılması və poçt rabitəsi ilə
göndərilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada haqq müəyyən oluna bilər.
Maddə 26. Məzmununda qanunla qorunan hər hansı sirr olan sənədlərin və ya
məlumatların məxfiliyinin təmin olunması
Ərizəçi məzmununda onun ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya
kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını
Dostları ilə paylaş: |