İqlim dəyişkənliyinin ətraf mühitə təsiri Abasov Ismayil 330A2



Yüklə 29,36 Kb.
tarix23.03.2022
ölçüsü29,36 Kb.
#54047
növüYazı
EKOLOGİYA MÜHƏNDİSLİYİ 1 Abasov Ismayil 330A2


İqlim dəyişkənliyinin ətraf mühitə təsiri

Abasov Ismayil 330A2

İqlim dəyişmələri, onun müasir dünyamızdakı müxtəlif ölkələrin inkişaf xəttinə, qlobal iqtisadiyyatın təkamülünə, habelə adi insanların həyat tərzinə göstərdiyi təsiri barədə yazılmış ədəbiyyatın sayı artıq yüz minlərlədir. İqlim dəyişmələri mövzusunu araşdıran elmi cəmiyyət özü iki cəbhəyə bölünmüşdür. Birinci cəbhə iqlim dəyişmələrinin bir qrup maraqlı tərəf, xüsusən də inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrdəki tərəqqinin sürətinin qarşısının alınması üçün ortaya atılmış boş iddia olduğuna söykənir. Dünyanın ətraf mühit sahəsində tanınmış alimlərini özündə birləşdirən ikinci cəbhə isə iqlim dəyişmələrinin bəşəriyyət qarşısında duran ən ciddi problem olduğunu öz elmi mülahizələri və tədqiqatları ilə izah etməyə çalışır. İqlim dəyişmələrinin həqiqətən də baş verdiyini iddia edən alimlərin fikrinə əsasən problemin kökündə Yer Kürəsinin karbon-dioksid (CO2 ) və digər istilik effekti yaradan (parnik) qazların udulması potensialı durur. Bu nə deməkdir? Müxtəlif növ tərəvəz və bitkilərin yetişməsi üçün lazımi temperaturu yaradan istilikxanalar kimi, atmosferdəki qazlar da günəşdən gələn istiliyi tutub saxlayaraq planetimizdə bizim yaşamağımız üçün zəruri istiliyi yaradır. Alimlərin hesablamalarına əsasən, əgər atmosferdə bu qazlar olmasaydı, onda Yer Kürəsində orta illik temperatur təxminən -19° C olardı. Məhz buna görə həmin qazlar istilik effekti yaradan və ya “istilikxana” qazları adlandırılır. CO2 və digər qazlar atmosferin üst qatlarında günəşdən gələn istiliyi tutub saxlamaqla bizi hədsiz istilikdən mühafizə edərək bir növ görünməz mühafizə zolağı yaradırlar. Beləliklə onlar dünyada insanların normal yaşaması və fəaliyyət göstərməsi üçün zəruri temperaturun formalaşdırılmasında müstəsna rol oynayırlar. CO2 atmosferə müxtəlif mənbələrdən daxil olur: kənd təsərrüfatı, landşaftdan istifadədə olan dəyişikliklər, sənaye, tullantılar, energetika və sair (bax: Şəkil 1). XX əsrin ortalarından etibarən sənayenin inkişafı və enerji əldə etmək məqsədilə üzvi maddələrin yandırılması nəticəsində atmosferdə CO2 və digər istilikxana qazlarının atmosferdəki sayı sürətlə artmışdır (bax: Cədvəl 1). Bu da öz növbəsində günəş istiliyinin atmosferdə daha çox miqdarda saxlanmasına səbəb olur.

Atmosferdə sərhədlərin olmaması və CO2 -nin havada sərbəst hərəkəti, hətta yuxarıda adı çəkilən mənbələrin zəif inkişaf etdiyi və ya mövcud olmadığı yerlərdə temperaturun artmasına gətirib çıxarır. Bu fenomen alimlər tərəfindən qlobal istiləşmə adlandırılır.



Sakit Okeanda yerləşən İster Adası dünyanın ən ucqar nöqtələrindən biridir. Vaxtilə böyük bir sivilizasiyanın məskəni olan həmin adada indi yalnız vulkan kraterində yerləşmiş nəhəng daş abidələr qalmaqdadır. Bu sivilizasiya ekoloji resursların istismarı nəticəsində məhv olmuşdur. Qəbilələr arasındakı rəqabət nəticəsində meşələrin sürətlə qırılması, torpaq eroziyası və adada yuva salmış faunanın tələf edilməsi burada insan həyatını təmin edən qida və kənd təsərrüfatı sistemlərini məhv etmişdir. Təhlükənin qarşısının alınması üçün tədbirlərin görülməsi zərurəti gec başa düşülmüş və fəlakətin qarşısını almaq mümkün olmamışdır. İster Adası nümunəsi birgə ekoloji resursların idarə olunmasında iflasın nəticələrini bariz şəkildə nümayiş etdirir. İqlim dəyişmələri bu hekayənin XXI əsrdəki qlobal versiyasıdır. Hekayələr arasında yalnız bir fərq var. İster Adasının sakinlərindən fərqli olaraq, bizim əlimizdə qarşıda duran problemlə əlaqədar faktlar və onun həll etmək üçün resurslar vardır. Ən əsası, artıq dünya ictimaiyyətinin əksəriyyəti dərk edir ki, əgər mövcud həyat tərzi və normalar dəyişdirilməsə bizi qarşıda nə gözləyir. İqlim dəyişmələri insan inkişafına bir başa təhlükədir. İqlim dəyişmələri dünyanın bütün ölkələrində və hər kəsə təsir göstərir. Lakin dünyanın yoxsul insan təbəqələri iqlim dəyişmələrinə daha həssasdırlar. Onlar təhlükənin bir addımlığında dayanır və ona qarşı mübarizə aparmaq üçün çox az resursa malikdirlər. İqlim dəyişmələri Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq yolunda müxtəlif əngəllər yaradır, ölkələr daxili və arasında bərabərsizliyi artırır. Əgər məsələyə vaxtında diqqət yetirilməsə iqlim dəyişmələri gələcəkdə nəinki zəif inkişaf etmiş ölkələri, hətta varlı ölkə və gələcək nəsilləri də ağuşuna alacaqdır. Sevindirici haldır ki, iqlim dəyişmələri problemi indi təkcə elmi cəmiyyəti deyil, adi insanları, hökumət nümayəndələrini və siyasətçiləri də narahat etməyə başlamışdır. Təqribən 10 il bundan əvvəl iqlim dəyişmələrinin həqiqətən də baş verdiyinə tərəddüdlə yanaşan, hətta onu inkar edən və sıralarında dünyaca tanınmış ictimai və elmi xadimləri birləşdirən “skeptiklər cəbhəsi” mövcud idi. Böyük şirkətlər tərəfindən maliyyələşdirilən və mətbuat tərəfindən dəstəklənən skeptiklər cəbhəsi ictimai fikrin formlaşdırılmasında böyük rol oynayırdı. İndi isə hər hansı ciddi iqlimşünas alim iqlim dəyişmələri probleminin aktual, təhlükəli problem olduğunu qəbul edir və onun atmosferə CO2 qazının atılması ilə əlaqədar olduğunu dərk edir. Əsas maneə isə elmi faktların mövcudluğuna baxmayaraq qlobal müstəvidə bu istiqamət üzrə zəruri tədbirlərin görülməsi üçün mövcud siyasi iradənin aşağı olmasıdır. Keçən dövr ərzində dünya ölkələrinin əksəriyyəti iqlim dəyişmələrinin təsirinin azaldılması istiqamətində düşünülmüş tədbirlər planı icra etmir. Atmosferə atılan CO2 isə havada uzun müddət qalmaq potensialına malikdir. Yəni əgər biz bu gün külli miqdarda karbon qazının havaya atılmasının qarşısını alsaq da, atmosferdəki mövcud istilikxana qazları Yer Kürəsinin iqliminə hələ uzun müddət təsir edəcəkdir.

Orta qlobal temperatur dünyada iqlim vəziyyətinin dəyərləndirilməsi üçün ən çox istifadə edilən ölçü vahidinə çevrilmişdir. Bu ölçü vahidi bizə mühüm ismarıc göndərir. Biz artıq görürük ki, sənaye erasının başlanğıcından sonra qlobal orta temperatur 0,7°C artmışdır. Planetimizdə orta temperaturun artması ilə bərabər yerli yağıntı trendləri və ekoloji zonaların sərhədləri dəyişir, su səthində istiləşmə və buzlaqların əriməsi müşahidə olunur. İqlim dəyişmələrinə məcburi uyğunlaşma (adaptasiya) vasitələri adi hala çevrilməkdədir. Məsələn, Afrikanın şərqində quraqlıq mövsümündə qadınlar su tapmaq üçün daha uzun məsafə qət etməyə vadar olur. Banqladeş və Vyetnam kimi ölkələrdə şiddətli qasırğa, sel və dəniz səviyyəsinin qalxması nəticəsində kiçik fermerlər daha çox məhsul itkisindən dəyən itkini aradan qaldırmaq məcburiyyətində qalır. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (BMTİDÇK) qəbul olunmasında keçən 20 illik dövr ərzində atmosferdə istilikxana qazlarının konsentrasiyasının stabilləşdirilməsi istiqamətində bəşəriyyət olaraq çox az nailiyyət əldə etmişik. Bəs iqlim dəyişmələri hansı həddə təhlükəli hesab olunur? Bu suala cavab çox nisbidir. Qırğızıstanda kiçik fermer üçün təhlükəli hesab edilən təbiət hadisəsi, ABŞ-ın cənub ştatlarının birində yaşayan fermer üçün təhlükəli hesab edilməyə bilər. Lakin milyonlarla insan və eko-sistem ünsürü üçün dünya üçün təhlükə həddi artıq keçilmişdir. Gələcəkdə qlobal temperatur artımının məqbul həddinin müəyyənləşdirilməsi güc və məsuliyyət məfhumları ilə bağlı bir sıra suallar ortaya çıxarır. Bütün bunlara baxmayaraq iqlim dəyişmələrinin təsirinin azaldılması üçün uğurlu tədbirlərin icrası üçün temperaturun artım həddinin son məqbul həddi müəyyənləşdirilməlidir. İqlimşünaslar arasında bu istiqamət üzrə konsensus əldə olunmaq üzrədir və bir çox alim bu həddin 2°C olduğu qənaətindədir. Qlobal orta temperatur həddində 2°C-dən artıq istiləşmə baş verəcəyi təqdirdə iqlim dəyişmələri risklərinin təhlükəsi kəskinləşəcəyi ehtimal olunur. Yuxarıda qeyd olunduğu kimi bunun üçün istilikxana qazlarının atmosferə tullantısının qarşısı alınmalıdır. Lakin inkişaf etmiş dövlətlər (ABŞ, Avropa İttifaqı ölkələri, Yaponiya və s.) öz ənənəvi inkişaf yollarında əl çəkmək niyyətində deyil. Eyni zamanda iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlər (Çin, Hindistan, Braziliya və s.) isə onlardan tələb olunan ekoloji müdafiə prinsiplərinə məhəl qoymurlar. Bu dövlətlər ekoloji tarazlığın onların inkişafının ləngitməsi hesabına nail olunmasını qərb dövlətlərinin bir növ paxıllıq hissi ilə izah edir və dünya ictimaiyyətinin suverenlik prinsipinə hörmət etməyə çağırırlar. Nəticə olaraq qlobal karbon emissiyaları 2011-ci ildə 3% artaraq rekord 34 milyard tona1 çatmışdır ki, bunun də təxminən 78% Böyük 20-lik (G-20) ölkələrinin payına düşür Şəkildən göründüyü kimi, ABŞ, Çin, Rusiya, Avropa İttifaqı ölkələrinin qlobal istiləşməyə “töhfəsi” və onların planetmizdəki “karbon izi” inkar edilməzdir. İqtisadiyyatı güclü olan bu ölkələrdə qlobal istiləşmənin fəsadlarına qarşı mübarizə aparmaq təbii olaraq yoxsul ölkələrlə müqayisədə daha asan başa gəlir. Yuxarıda qeyd olunduğu kimi atmosferdə sərhəd olmadığından isə bu ölkələrin ekologiyaya müdaxiləsi özünü zəif inkişaf etmiş ölkələrdə büruzə verə və orada həm maddi, həm də insan həyatının itirilməsi nəticələnə bilən fəsadlar törədə bilər.

İqlim dəyişmələrinin insan inkişafına təsiri:



transmissiya mexanizmləri İqlim dəyişmələri qlobal bir prosesdir, lakin onun təsirləri özünü lokal səviyyədə büruzə verir. Fiziki təsir həddi coğrafi mövqe, qlobal istiləşmə və ərazidə mövcud iqlim şəraiti arasındakı əlaqədən asılı olaraq müəyyənləşir. Bu təsirin geniş əhatə dairəsi onun barəsində ümumi fikir söyləmək imkanlarımızı çətinləşdirir. Lakin iqlim dəyişmələrini insan inkişafını ləngidən 4 xüsusi istiqamət üzrə ümumi mülahizələr söyləmək mümkündür: • Kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi Gündəlik gəliri 1 ABŞ dollarından aşağı olan dünya əhalisinin ¾-nün (təxminən 900,000,000 nəfər) əsas birbaşa gəlir mənbəyi kənd təsərrüfatıdır. İqlim dəyişmələri ssenariləri quraqlıq və yağıntıların paylanması sxemində dəyişikliklərlə əlaqədar Sahara və cənub-şərqi Asiyada məhsul istehsalına ciddi mənfi təsir göstərə bilər. Alimlərin hesablamalarına görə əgər lazımi qabaqlayıcı tədbirlər görülməsə iqlim dəyişmələri tərəfindən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə təzyiqin nəticəsi olaraq 2080-ci illərədək əlavə 600 milyon insan kəskin qida çatışmazlığından əziyyət çəkəcək. • Su qıtlığı təhlükəsinin artması Qlobal orta temperaturun 2°C artması dünyada su resurslarının paylanmasında fundamental dəyişikliklərə səbəb olacaqdır. Himalay dağlarında buzlaqların əriməsi Şimali Çin, Hindistan və Pakistanda artıq kəskinləşməkdə olan ekoloji problemləri daha şiddətləndirəcəkdir. Buzlaqların əriməsi bu zonada ilkin dövrdə sel və daşqınların sayının artması, daha sonra isə suvarma əhəmiyyətli çaylarda su ehtiyatlarının azalması ilə nəticələnə bilər. Latın Amerikasında buzlaqların əriməsi xüsusilə And dağları zonasında şəhər əhalisinin içməli su ilə təminatı, kənd təsərrüfatı və hidro-energetika ehtiyaclarının qarşılanmasında problemlərə səbəb ola bilər. İqlim dəyişmələrinin təsiri nəticəsində 2080-ci ilədək su qıtlığından əziyyət çəkən dünya əhalisinin sayı 1,8 milyard nəfər arta bilər. • Eko-sistemlərin məhv edilməsi Qlobal orta temperaturun 2°C artması fauna və floranın növlərinin məhv olma təhlükəsini sürətləndirir. Alimlərin hesablamalarına əsasən qlobal orta temperaturun artım həddi 3°C-ni keçdikdə bilinən canlıların təqribən 20-30%- nin nəslinin kəsilməsi təhlükəsi yaranacaqdır. Hazırda iqlim dəyişmələri öz mənfi təsirini daha çox dəniz və okean eko-sistemlərinə göstərir. Bu da sahilyanı ərazilərdə bio-müxtəliflik və eko-sistemlərin tələfatı ilə nəticələnir. Nəticədə əsas gəlir mənbəyi balıqçılıq olan 100 milyonlarla insan qida çatışmazlığı və maliyyə itkisində əziyyət çəkir. • İnsan sağlamlığına risklərin artması İqlim dəyişmələri müxtəlif səviyyələrdə insan sağlamlığına mənfi təsir göstərəcəkdir. Temperaturun istiləşməsi nəticəsində malyariya zonasının əhatə zonası genişlənərək əlavə 400 milyonadək insanı bu xəstəliyə yoluxma riski ilə üz-üzə qoya bilər. Malyariya xəstəliyindən ən çox ölüm hallarının təsadüf etdiyi Sahara bölgəsində (təqribən 90%) xəstəliyə yoluxmanın 16-28% artması ehtimal olunur. Yuxarıda təsvir olunan insan inkişafı istiqamətləri üzrə meydana çıxmaq ehtimalı olan problemlərə təcrid olunmuş şəkildə nəzər salmaq olmaz. Onlar bir-biri ilə sıx bağlı olmaqla insan inkişafını əngəlləyən mövcud problemləri daha da dərinləşdirir. Bu bölmənin növbəti hissələrində iqlim dəyişmələri ilə mübarizə üzrə institusional çərçivə, onun təsirlərinin yumşaldılması üçün dünyada və ölkəmizdə həyata keçirilən tədbirlər, iqlim dəyişmələrinə uyğunlaşmanın çətinlikləri, Azərbaycanda iqlim dəyişmələrinə həssas sahələr və adaptasiya imkanları təhlil olunacaqdır.

İqlim dəyişmələri üzrə institusional çərçivənin formalaşması: tarixə qısa baxış XX əsrin 70-ci illərinin sonundan etibarən iqlim dəyişmələri problemi beynəlxalq ictimaiyyətin diqqətini daha yaxından cəlb etməyə başlamışdır. İqlim dəyişmələrinə qarşı kollektiv qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının mandatı altında bir sıra qurumlar yaradılmış, iqlim dəyişmələri üzrə çərçivə konvensiya qəbul olunmuş və beynəlxalq əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi üçün müəyyən işlər həyata keçirilmişdir. İqlim dəyişmələri üzrə institusional çərçivənin formalaşması (bax Cədvəl 2) barədə qısa məlumat aşağıda verilmişdir.

İqlim dəyişmələrinə qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlıq

Bu günə olan məlumata əsasən artıq 194 ölkə və bir regional təşkilat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etmişdir. Konvensiyanın tələblərinə əsasən hər bir ölkə atmosferə tullanan istilikxana qazlarının miqdarı, iqlim dəyişmələrinin təsiri və onun nəticəsində baş vermiş dəyişikliklər, iqlim dəyişmələri ilə mübarizə üzrə görülmüş işlər barədə mütəmadi olaraq Konvensiyanın Katibliyinə hesabatlar təqdim edir. Azərbaycan Respublikası da artıq Katibliyə iki hesabat təqdim etmişdir (2005 və 2010-cu illərdə). Çərçivə Konvensiyada iqlim dəyişmələrinə uyğunlaşma üzrə tədbirlər planı öz əksini tapır. Konvensiyanın mətnində kənd təsərrüfatından sahilboyu ərazilərin mühafizəsinə, daşqın təhlükəsindən bərk tullantıların idarə olunmasına kimi müxtəlif sahələrdə iqlim dəyişmələrinin təsirinə hazır olmaq üçün beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanır. Bu əməkdaşlığın əsas məqamlarından biri varlı ölkələr tərəfindən inkişaf etməkdə ölkələr, onların arasından iqlim dəyişmələrinin mənfi təsirlərinə daha həssas dövlətlər dəstək verilməsidir. Lakin inkişaf etmiş ölkələr Konvensiyanın yardımçılıq prinsipinə yetərincə diqqət ayırmırlar. Konvensiyanın Əlavə 2-nə daxil olan ölkələr (ABŞ, Rusiya, Avropa İttifaqı ölkələri, Avstraliya və s.) inkişaf etməkdə olan dövlətlərdə iqlim dəyişmələrinin mənfi təsirlərinin aradan qaldırılmasında onlara texniki və maliyyə yardımı göstərməlidirlər. Lakin bu ölkələrin hökumətləri öz sərhədləri daxilində adaptasiya tədbirlərinə kifayət qədər sərmayə yatırmalarına baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə paralel sərmayə qoyuluşu həyata keçirmirlər. Beləliklə dünyada iqlim dəyişmələrinə uyğunlaşma üzrə potensialı inkişaf etmiş və ya çox zəif olan ölkələr blokları formalaşmaqdadır.



Ənənəvi enerjidən alternativ enerjiyə Iqlim dəyişmələri ilə mübarizə aparma yollarından biri, bəlkə də ən səmərəli yollarından biri alternativ və bərpa olunan enerji növlərinin inkişafıdır. Alternativ enerji növlərinin inkişafı ilə iqlim dəyişiklikləri arasındakı əlaqəni görmək üçün enerji daşıyıcılarının inkişafına nəzər salmaq gərək. Əslində, bəşəriyyət ta qədimdən indi alternativ adlanan enerji növlərindən yararlanıbdır. Günəş, su, külək və bio enerjisi artıq qədim sivilizasiyalar dövründə istifadə edilirdi. Su və külək dəyirmanları, heyvan təzəyindən məişətdə istifadə edilmə, günəş şüaları hesabına suyun qızdırılması – bunların hamısı belə nümunələrdəndir. Bu enerji növləri, üstəgəl odun və odun kömürü insanların enerjiyə olan ehtiyaclarını yüzilliklər ərzində əsasən ödəyirdi. Ancaq XVII-XVIII əsrlərdən başlayaraq Sənaye İnqilabı ilə əlaqədar insanların enerjiyə olan tələbatı kəskin şəkildə artmışdır. Sırf kəmiyyət artımından savayı istehsal prosesinin dinamikası da dəyişmişdi. Artıq sənaye müəssisələri təbiətin şıltaqlığından -- küləyin əsməsindən, günəşin çıxmasından, çaylarda suyun olub-olmamasından asılı vəziyyətdə qala bilməzdilər. Şəhərlərin inkişafı, nisbətən az insanın kənd təsərrüfatında çalışmaqla nisbətən çox insanı ərzaq, xammal və digər mallarda təmin etmək zərurəti enerjiyə olan tələbatı artırmaqla yanaşı, enerji təminatının sabit olmasını da zəruri etmişdir. Digər problem isə enerjinin heç də hökmən istehsal olunduğu yerdə yox, digər yerlərdə sərf olunması zərurəti, və bundan irəli gələn enerjinin bir yerdən digərinə ötürülməsi, ehtiyac olmadıqda isə enerjinin toplanması idi. Sənaye İnqilabının ilk mərhələsində enerji problemini həll etməkdə əsas yardımçı rolunu daş kömür oynadı. Daş kömür də qədimdən istifadə edilirdi, ancaq onun yerin altından çıxarılması daha çox zəhmət və vəsait tələb etdiyindən, bu enerji mənbəyi nisbətən az istifadə edilirdi. Ancaq Sənaye İnqilabı bir tərəfdən daş kömürün çıxarılmasını nisbətən asanlaşdırmış, digər tərəfdən daha çox enerji tutumu olan daş kömürə ehtiyacı artırmışdır. Ona görə enerjiyə tələbat artan kimi ilk növbədə daş kömür mədənləri genişlənməyə başladı, kömür çıxarılan mədənlərin ətrafında şəhərlər əmələ gəlməyə və böyüməyə, get-gedə inkişaf edərək iri sənaye və ticarət mərkəzlərinə çevrilməyə başladılar. Öz enerji tutumuna görə daş kömür odun və odun kömüründən üstün idi, məsələn, polad almaq üçün odun kömürü yaramır, çünki filizdən poladın alınması üçün tələb olunan kifayət qədər yüksək temperatur yaratmır. Öz növbəsində, daş kömürlər də növlərinə görə fərqlənirlər, məsələn, Ukraynanın Donetsk vilayətindəki antrasit adlanan daş kömür növü çox yüksək temperatur almağa imkan verir və poladın istehsalı üçün çox əlverişlidir. Əksinə, Rusiyanın Tula şəhəri ətrafındakı şaxtalardan çıxarılan daş kömür yalnız istixanalarda və elektrik enerjisinin alınması üçün istifadə edilə bilər.

Daş kömür enerji ehtiyatı yaratmaq baxımından da sərfəli idi, çünki yerdən çıxarılmış daş kömür ehtiyatları yaratmaqla sənayeni sabit enerji ilə təmin etmək mümkün olurdu. Sənaye inqilabının bir tərəfdən nəticəsi, digər tərəfdən bu sənaye inqilabına güclü təkan verən amillərdən biri də XVIII əsrin əvvəlində buxar mühərrikinin ixtirası və dəmir yollarının inkişafı oldu. Dəmir yollarında hərəkət edən teplovozlar məhz daş kömürdən istifadə edirdilər. Ancaq daş kömürün özünü də nəql etmək lazım gəlirdi. Bu da nəqliyyat məsafəsindən asılı olaraq daş kömürün qiymətinə böyük təsir göstərirdi. İlk dövrlərdə bunun öhdəsindən daş kömürdən qaz alıb onun nəql edilməsi ilə gəlirdilər. XX əsrin ortalarına kimi məhz daş kömürdən alınan qaz ABŞ və Böyük Britaniyada evlərin yanacaqla təmin edilməsində əsas rol oynamışdır. Bu dövrdə, XIX əsrin birinci yarısında neft və təbii qazın çıxarılması texnologiyası hələlik az inkişaf etmişdi, bunun üçün tələb olunan qazma avadanlığı, yeri asanlıqla deşən baltalar, bir-birinə birləşdirilən borular, və sairə bu kimi texnoloji avadanlıq inkişaf etmədiyindən, yerin altında olan nefti çıxarmaq çətin və baha idi. Neft qədim zamanlarda az istifadə edildiyindən onun mənbələri barədə də məlumat çatışmırdı. Yerin altında zəngin neft və təbii qaz yataqlarının mövcud olması hələlik məlum deyildi. Neft və təbii qazın yer səthinə yaxın təbəqələrdə yerləşdiyi məkanlar isə az idi. Məsələn, onlardan biri məhz Azərbaycanda Abşeron yarımadasındadır. Məlum olduğu kimi, hələ qədim səyahətçilər Abşeronda yanacaq yağının açıq gölməçələrdən yığıldığını yazırdılar. Digər tərəfdən neftin istifadə yolları da hələ məlum deyildi. Neft əsasən sadə çıraqlar vasitəsilə işıqlandırma üçün istifadə edilirdi. Vəziyyət XIX əsrin ikinci yarısında kəskin dəyişdi. İki texniki nailiyyət buna səbəb oldu. Birinci, hələ 1830-cu illərdə Michael Faraday tərəfindən icad edilmiş elektrik enerjisinin alınması və istifadə edilməsi, ikinci isə daxili yanma mühərrikinin icad edilməsi oldu. Elektrik enerjisinin alınması və istifadə edilməsi bəşəriyyətin inkişafını tamamilə yeni mərhələyə qaldırdı. Məhz bundan sonra bir yerdə istehsal edilmiş enerjini asanlıqla digər yerlərə, böyük məsafələrə ötürmək imkanı yarandı. Sənayenin inkişafı enerjiyə tələbatı artırır, texnika və texnologiyanın inkişafı isə bu tələbatı ödəyə biləcək təklifi artırırdı. Elektrik enerjisini istehsal etmək üçün əvvəl daş kömürdən daha çox istehsal olunurdu. Sonra məlum oldu ki, neft daha ucuz enerji növüdür. Yerin səthinə yaxın olan daş kömür mənbələri getgedə tükənirdi, daş kömür əsasən Sibir kimi çətin iqlimli məkanlarda və ya da yer səthinin daha dərin təbəqələrində yerləşirdi. Həm sərt iqlimli məkanlar, həm dərin şaxtalar insan əməyi baxımından çətin yerlər idi. Neft maye şəklində olduğundan onu dərinliklərdən borular vasitəsilə çıxarmaq mümkün olduğu üçün insanların özünün yerin dərinliklərinə “səyahət” etməyə ehtiyac qalmırdı. Neft maye halında olduğundan onun toplanması və nəqli də daş kömürlə müqayisədə daha asan idi. Bir azdan neftin digər müsbət keyfiyyətləri də üzə çıxdı. XIX əsrin ikinci yarısında icad edilmiş və nəqliyyat vasitələrinin inkişafında əsl inqilaba gətirmiş daxili yanacaq mühərrikinin ixtira edilməsi məhz neftdən alınan maye yanacağına – benzinə, kerosinə, və s. - tələbatı kəskin şəkildə artırdı. Suyun buxarlanması hesabına hərəkət yaradan mühərriklə müqayisədə daxili yanacaq mühərriki daha sadə, kiçik idi, və potensial istilik enerjisini hərəkət enerjisinə bilavasitə çevirməyə imkan verirdi. Neftdən alınan benzin adicə sıxılmaqla açıq alov yaratmadan yanır və mühərriki hərəkətə gətirirdi. Bu, əsl inqilab idi. Neft və ondan alınan benzin olmadan müasir avtomobillər, uçan təyyarə və helikopterlər mümkün olmazdı. Beləliklə, neft universal bir enerji vəsaitinə çevrildi. Ondan asanlıqla yanacaq almaq olur, onu yandırmaqla elektrik enerjisinə çevirmək olur, borularla yüzlərlə və minlərlə kilometr məsafələrə nəql etmək mümkün idi. Neftin çıxarılma və emalı texnologiyası get-gedə təkmilləşdiyindən, bu sahədə daha az işçi qüvvəsi tələb olunurdu. Buna görə nefti təkcə insan yaşayışı üçün əlverişli iqlimi olan məkanlarda deyil, çox sərt iqlimli yerlərdə də çıxarmaq mümkün idi, məsələn, çox soyuq Sibirdə, və ya Səudiyyə Ərəbistanının qaynar səhralarında. Neft haqlı olaraq qara qızıl adlandırıldı. Neftə sahib olmaq dünyada söz sahibi olmaq demək idi. Beləliklə, neft qlobal siyasət amilinə çevrildi. Bəşəriyyətin ən xoşladığı və daima məşğul olduğu işlərdən biri də hərb idi. Rəqabət həm enerji mənbələri uğrunda, həm də hər iki enerji inqilabının nəticəsindən kimin daha çox yararlanması uğrunda gedirdi. Minilliklər ərzində əsas hərb “cihazı” olan atlar öz yerini motorlu tanklara, avtomobillərə, zirehli maşınlara, təyyarə və helikopterlərə verdilər. Güclü dövlətlər neft mənbələri uğrunda savaşır, müharibə edirdilər. XX əsrin hər iki Dünya Müharibəsi eyni zamanda enerji və neft müharibələri idi. Yaxın Şərqdə son onilliklərdə baş verən hadisələrdə də neft amili böyük əhəmiyyət kəsb edir. Texnologiyanın inkişafı tədricən təbii qaza olan ehtiyacı da artırmışdır. Təbii qaz neftlə müqayisədə məişətdə istifadə edilmək üçün hətta daha əlverişli oldu. Odun, kömür və neftdən fərqli olaraq, təbii qaz yanarkən, tüstü yaratmır, o yalnız su buxarının və ilk mərhələlərdə zərərsiz hesab edilən karbon di oksidin əmələ gəlməsinə gətirir. Bunların heç biri insan fəaliyyətinə bilavasitə elə də böyük təsir göstərmədiyindən, təbii qaz məişətdə istifadə edilən ən ucuz və əlverişli enerji daşıyıcısı hesab olundu. Düzdür, təbii qazın 2 mənfi cəhəti üzə çıxdı. Bunlardan biri, onun iysiz-tamsız olması idi, buna görə sızmalar baş verəndə bundan xəbər tutmaq olmurdu, və bu, partlayışlara, fəlakətlərə gətirib çıxarırdı. Bunun öhdəsindən gəlmək üçün təbii qaza kəskin qoxusu olan az miqdarda digər qazlar qatmağa başladılar. Təbii qazın digər mənfi cəhəti onun qaz şəklində nəql edilərkən partlayışlara səbəb olması idi. Bunun da öhdəsindən təbii qazı maye halına salmaqla gəldilər. Bu həm də nəql olunan ümumi həcmi kəskin azaltmağa imkan verirdi. Sonradan maye qazı yenidən qaz şəklinə gətirmək çətin deyildi. Və beləliklə, birinci Dünya müharibəsindən başlayaraq neft və qaz əsas enerji mənbələrinə çevrildilər.

Abasov Ismayil 330A2
Yüklə 29,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin