ELEKTİK STANSİYALARIN VƏ ŞƏBƏKƏLƏRİNİN TEXNİKİ
İSTİSMAR QAYDALARI
BÖLMƏ 1.
İSTİSMARIN TƏŞKİLİ
1. Əsas müddəalar və vəzifələr
1.1. Mövcud Qaydalar üzvi yanacaqla işləyən istilik elektrik stansiyalarına, su elektrik stansiyalarına, elektrik və istilik şəbəkələrinə və bu obyektlərə aid işləri yerinə yetirən təşkilatlara şamil olunur.
1.2. Hər bir enerji müəssisəsində istehsalat bölmələri (sexlər, sahələr, laboratoriyalar və.s) arasında avadanlıqlara, binalara, qurğulara və kommunikasiyalara xidmət üzrə sərhəd və vəzifə bölgüsü aparılmalı, həmçinin heyətin vəzifə funksiyaları müəyyən edilməlidir.
1.3. Avadanlıqların, bina və qurğuların təhlükəsiz istismarı təlimatlarda və digər normativ-texniki sənədlərdə göstərilən müddəalar ilə təmin edilir.
1.4. Sahənin hər bir işçisi öz funksiyaları çərçivəsində avadanlıqların, bina və qurğuların quraşdırılması və istismarının təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına uyğunluğunu təmin etməlidir.
1.5. Elektrik stansiyaların, qazanxanaların, elektrik və istilik şəbəkələrinin əsas vəzifəsi elektrik və istilik enerjisi istehsal (bundan sonra - enerji istehsalı) etməkdən, çevirməkdən, ötürməkdən və istehlakçılar arasında paylamaqdan ibarətdir.
1.6. Enerji istehsalının əsas texnoloji hissəsi, ümumi iş rejimi ilə əlaqələndirilən və mərkəzləşdirilmiş operativ-dispetçer idarəetməyə malik elektrik stansiyalarının, qazanxanaların, elektrik və istilik şəbəkələrinin (bundan sonra - enerji müəssisələrinin) kompleksindən ibarət olan enerji sistemidir.
1.7. Enerji müəssisələrinin işçilərinin əsas vəzifələri aşağıdakılardır:
-
istehlakçıların enerji ilə təchiz olunması üzrə verilmiş şərtlərə riayət etmək;
-
buraxılan enerjinin keyfiyyətini - elektrik cərəyanının normal tezliyini və gərginliyini, istilikdaşıyıcısının təzyiq və temperaturunu norma hədlərində saxlamaq;
-
operativ-dispetçer intizamına əməl etmək;
-
avadanlıqları, bina və quruluşları istismara yararlı vəziyyətdə saxlamaq;
-
enerji istehsalının maksimal qənaətliliyini və etibarlılığını təmin etmək;
-
avadanlığın istismarı prosesində partlayış və yanğın təhlükəsizliyi tələblərinə riayət etmək;
-
əməyin mühafizəsi qaydalarını yerinə yetirmək;
-
istehsalatın insanlara və ətraf mühitə olan zərərli təsirlərini azaltmaq.
1.8. Hər bir enerji müəssisəsində avadanlıqlara, binalara, quruluşlara və kommunikasiyalara xidmət vəzifələri uyğun istehsalat bölmələri arasında bölüşdürülməlidir.
1.9. Hər bir səhmdar və ya özəl enerji sistemi öz istehsalat fəaliyyətində aşağıdakıları təmin etməlidir:
-
elektrik enerjisinə və istiliyə artan tələbatı ödəmək üçün enerji sisteminin operativ inkişafını;
-
-istehsal xərclərinin azaldılması, quraşdırılan avadanlığın gücündən səmərəli və maksimum istifadə edilməsi, enerjiyə qənaət tədbirlərinin yerinə yetirilməsi və təkrar enerji ehtiyatlarından istifadə etmək yolu ilə elektik stansiyaları və şəbəkələrin effektiv işləməsini;
-
avadanlıqların, binaların, qurğuların, idarəetmə sistemlərinin istismarında etibarlılığın və təhlükəsizliyin yüksəldilməsini;
-
enerji müəssisələrində yenidənqurma işlərinin aparılması və avadanlıqların təkmilləşdirilməsi yolu ilə əsas istehsalat bazasının yenilənməsini;
-
yeni texnikanın, istismar və təmir texnologiyasının, istehsalat və əməyin təşkilinin səmərəli və təhlükəsiz üsullarının tətbiqini;
-
heyətin ixtisas dərəcəsinin artırılmasını, qabaqcıl istehsalat üsullarının tətbiqi və yayılmasını;
-
səmərəliləşdirmə və ixtiraçılığın inkişafını;
-
elektrik və istilik enerjisindən səmərəli və faydalı istifadə olunmasını, istehlakçıların elektrik və istilik qurğularının texniki vəziyyətinə nəzarəti.
1.10. Avadanlıqlara və qurğulara təhlükəsiz xidməti təmin edən tədbirlərin yerinə yetirilməsinə və onların texniki vəziyyətinə, yanacaq-energetika ehtiyatlarının səmərəli və effektiv istifadə edilməsinə nəzarət dövlət nəzarət orqanları tərəfindən həyata keçirilir.
2. Avadanlıq və qurğuların istismara qəbulu
2.1. İnşası tam qurtarmış elektrik stansiyalarının, qazanxanaların (buxar və suqızdırıcı), elektrik və istilik şəbəkəsi obyektlərinin həmçinin enerji obyektinin mürəkkəbliyindən asılı olaraq onun növbələri və buraxılış kompleksləri qüvvədə olan təlimatlarda göstərilən qaydada istismara qəbul olunmalıdır. Enerji obyektlərinin genişləndirilməsindən, yenidənqurulmasından, texniki vasitələrlə yenidən təchiz olunmasından sonra onların istismara qəbul edilməsi də həmin qaydada aparılmalıdır.
2.2. Buraxılış kompleksi, verilən parametrlərdə normal istismarı təmin edən, müəyyən enerji qurğularına və ya bütövvlükdə enerji obyektinə aid (konkret enerji qurğuları ilə əlaqələndirilmədən) qurğu və obyektlər toplusundan ibarət enerji obyektinin tam layihə həcminin bir hissəsini özündə əks etdirməlidir. Buraxılış kompleksinə aiddir: elektrik və istilik enerjisinin istehsalını, tələbatçılara ötürülməsini, gəmilərin və ya balıqların buraxılmasını təmin edən avadanlıqlar və quruluşlar, əsas və yardımçı istehsalat, məişət, nəqliyyat, təmir və anbar binaları (və ya onların hissələri), dispetçer və texnoloji idarəetmə vasitələri (DTİV), rabitə qurğuları, mühəndis kommunikasiyaları, təmizləyici qurğular, abadlaşdırılmış ərazilər, ictimai iaşə, səhiyyə məntəqələri və s. Həmin buraxılış kompleksi üçün layihədə nəzərdə tutulmuş həcmdə işçilərin normativ sanitariya - məişət şəraitləri və təhlükəsizliyi, su anbarlarının, ətraf mühitin çirklənmədən mühafizəsi və yanğın təhlükəsizliyi təmin edilməlidir.
2.3. Enerji obyektinin (buraxılış kompleksinin) istismara qəbulundan əvvəl aşağıdakı tədbirlər görülməlidir:
-
enerji blokları üçün əsas və köməkçi avadanlığın sınaq işəburaxılışı ilə yekunlaşan, avadanlığın fərdi sınağı və ayrı-ayrı sistemlərin funksional sınağı;
-
avadanlıqların kompleks yoxlanılması.
Bina və qurğuların inşası və quraşdırılması zamanı avadanlıq və qurğu qovşaqlarının, həmçinin örtülü işlərin aralıq qəbulu aparılmalıdır.
2.4. Avadanlığın və ayrı-ayrı sistemlərin fərdi və funksional sınağı, bu qovşaqda bütün tikinti-quraşdırma işləri qurtarandan sonra sifarişçi heyət cəlb edilməklə, layihə sxemləri üzrə baş podratçı tərəfindən aparılır. Fərdi və funksional sınaqlardan əvvəl bu qaydaların, tikinti norma və qaydalarının, əmək təhlükəsizliyi standartları da daxil olmaqla texnoloji layihə normalarının, Dövlətenerjinəzarət orqanları qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının, təhlükəsizlik texnikası və sənaye sanitariyası qaydalarının, təbiətin mühafizəsi, partlayış və yanğın təhlükəsizliyi qaydalarının, istehsalçı zavodun göstərişlərinin, avadanlığın quraşdırılması üzrə təlimatların yerinə yetirilməsi yoxlanılmalıdır.
2.5. Tikinti və quraşdırma zamanı yol verilmiş nöqsan və çatışmazlıqlar, həmçinin avadanlıqların fərdi və funksional sınaqları prosesində aşkarlanmış nöqsanlar kompleks yoxlanmaya qədər tikinti və quraşdırma təşkilatları, habelə istehsalçı zavod tərəfindən aradan qaldırılmalıdır.
2.6. Enerji obyektinin kompleks yoxlanılmasına qədər sifarişçi nəzarət işəburaxılışı vaxtı avadanlığın və texnoloji sxemlərin iş qabiliyyətinin, onların istismarının təhlükəsizliyinin, bütün nəzarət və idarəetmə sistemlərinin, o cümlədən avtomatik tənzimləyicilərin, mühafizə və bloklama qurğularının, siqnalvermə və ölçü cihazları qurğularının yoxlanılmasını və sazlanmasını aparmalı, avadanlığın kompleks yoxlanılmaya hazırlığını təyin etməlidir. Nəzarət işəburaxılışından əvvəl enerji obyektinin etibarlı və təhlükəsiz istismarı üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:
-
istismar və təmir heyəti tamamlanmalı, bilikləri yoxlanılmaqla təlimatlandırılmalı, istismar təlimatları və operativ sxemlər, uçot və hesabat üzrə texniki sənədlər tərtib edilməli;
-
yanacaq ehtiyatı, material, alət və ehtiyat hissələri hazırlanmalı;
-
əlaqə xətləri ilə birlikdə DTİV, yanğın siqnalvermə və yanğınsöndürmə, qəza işıqlanması, havadəyişmə sistemləri işə salınmalı;
-
nəzarət və idarəetmə sistemləri quraşdırılmalı və sazlanmalı;
-
enerji obyektinin işəburaxılması üçün dövlət nəzarət idarələrindən, sanitariya müfəttişliyindən icazə alınmalıdır.
2.7. Kompleks yoxlamanı sifarişçi aparmalıdır. Kompleks yoxlamada əsas aqreqatların və bütün köməkçi avadanlıqların birgə işi yük altında yoxlanılmalıdır.
Enerji qurğularının şəbəkəyə və ya yük altında olan xəttə qoşulması kompleks yoxlanılmanın başlanması anı hesab olunur. Layihə üzrə nəzərdə tutulmamış sxemlərlə avadanlığın komleks yoxlanılması qadağandır.
İstilik elektrik stansiyalarında əsas yanacağın və buxarın (qaz-turbin qurğuları üçün - qazın), su elektrik stansiyalarında isə suyun təzyiqinin və sərfiyyatının layihə parametrləri olduqda, əsas avadanlıq nominal yük altında fasiləsiz olaraq 72 saat ərzində, buraxılış kompleksinə daxil edilən bütün köməkçi avadanlıqlar isə daimi və ya növbə ilə işlədikdə elektrik stansiyaları və qazanxana avadanlıqlarının kompleks yoxlanılması qurtarmış hesab edilir.
Elektrik şəbəkələrində kompleks yoxlamanın sonu yarımstansiya avadanlıqlarının 72 saat, elektrik veriliş xətlərinin isə 24 saat müddətində nominal yük altında fasiləsiz olaraq normal şəraitdə işləməsi hesab olunur.
İstilik şəbəkələrində kompleks yoxlamanın sonu avadanlıqların layihədə nəzərdə tutulmuş nominal təzyiqlə, nominal yük altında 24 saat müddətində fasiləsiz olaraq normal şəraitdə işləməsi hesab olunur.
Bundan əlavə, kompleks yoxlamanın tamamlanması üçün vacib şərt qaz-turbin qurğularının (QTQ) 10, su elektrik stansiyalarının və akkumulyasiyaedici su elektrik stansiyalarının hidroaqreqatlarının isə 3 dəfə avtomatik işə qoşulmasının müvəffəqiyyətli olmasıdır.
Kompleks yoxlama zamanı layihədə nəzərdə tutulmuş nəzarət-ölçü cihazları, bloklamalar, siqnalvermə və məsafədən idarəetmə qurğuları, rejim sazlaması tələb etməyən mühafizə və avtomatik tənzimləmə qurğuları işə qoşulmalıdır.
Əgər kompleks yoxlamada əsas yanacaq istifadə edilməmişdirsə və ya nominal yük və istilik elektrik stansiyaları üçün buxarın (QTQ üçün - qazın), su elektrik stansiyaları üçün isə suyun təzyiqinin və sərfiyyatının layihə parametrləri, eləcə də birlikdə və ya ayrı-ayrı yoxlanılanda yarımstansiya və elektrik verilişi xətti üçün yük, istilik şəbəkələri üçün isə istilikdaşıyıcısının parametrləri buraxılış kompleksində nəzərdə tutulmuş işlərin yerinə yetirilməməsi ilə əlaqədar olmayan hər hansı səbəblərdən əldə oluna bilməsə, kompleks yoxlamanın ehtiyat yanacaq ilə keçirilməsi, həmçinin sərhəd parametrlərin və yükün qəbul edilməsi və təyin olunması üzrə qərar Dövlət qəbul komissiyası tərəfindən verilir və bu buraxılış kompleksinin istismara qəbul edilməsi aktında qeyd olunur.
2.8. Enerji obyektinin (buraxılış kompleksinin) qəbul komissiyasına təqdim edilməsinə hazır olması üçün sifarişçi avadanlığın kompleks yoxlanılması məqsədilə keçirilən fərdi sınaqlardan sonra akt üzrə onu qəbul edən işçi komissiya təşkil edir. Həmin akt imzalandığı andan sifarişçi avadanlığın saxlanılması üçün məsuliyyət daşıyır.
2.9. Qüsurlu, çatışmazlıqlar olan avadanlıqların, binaların və qurğuların istismara qəbul edilməsinə icazə verilmir.
Qəbul komissiyası buraxılış kompleksinin yoxlanılmasından və aşkar edilmiş nöqsan və çatışmazlıqların ləğv edilməsindən sonra avadanlığın və ona aid olan bina və qurğuların istismara qəbul olunması aktını rəsmiləşdirməlidir. Qəbul komissiyası seriyalı avadanlığın zəruri olan sınaqlarının, sazlamalarının və tamamlama işlərinin qurtardığını müəyyən edən və avadanlığın layihə göstəriciləri ilə istismarını təmin edən mənimsənilmə müddətini təyin edir.
2.10. Sifarişçi işçi komissiyası tərəfindən qüvvədə olan normativ sənədlərdə nəzərdə tutulmuş həcmdə hazırlanmış sənədləri qəbul komissiyasına təqdim etməlidir.
2.11. İnşası qurtarmış ayrı-ayrı binalar, tikililər və elektrotexniki qurğular, içərilərində avadanlıqlar, idarəetmə və rabitə vasitələri quraşdırılan bitişik və ya söykənərək tikilən istehsalat, yardımçı-istehsalat və köməkçi otaqları hazır olduqda işçi komissiyaları tərəfindən istismara qəbul edilir.
2.12. Təcrübə (eksperimental) və təcrübə-sənaye texnoloji enerji qurğuları təcrübənin keçirilməsi və ya layihədə nəzərdə tutulmuş məhsulun buraxılması üçün hazır olduqda qəbul komissiyası tərəfindən istismara qəbul edilməlidir.
3. İşçi heyətinin hazırlanması
3.1. Elektrik energetikasının enerji obyektlərində peşəkar təhsili olan, enerji qurğularının idarə edilməsi üzrə isə müvafiq iş təcrübəsinə malik şəxslər işə buraxıla bilərlər.
3.2. Yenidən işə qəbul edilən və həm də yeni vəzifəyə keçirilən, müvafiq peşə təhsilinə malik olmayan şəxslər sahə üzrə qüvvədə olan təlimatlandırma qaydasına uyğun təlimatlandırılmalıdır.
3.3. Zərərli maddələr, təhlükəli və əlverişsiz faktorlar olan işlərdə çalışan işçilər müəyyən edilmiş qaydada ilkin olaraq (işə qəbul zamanı) və vaxtaşırı (əmək fəaliyyəti müddətində) tibbi müayinədən keçməlidir.
3.4. Enerji obyektlərində heyət ilə onun vəzifə fuksiyalarının yerinə yetirilməsinə və ixtisasının saxlanmasına hazır olmasının təmin edilməsi üçün daima iş aparılmalıdır.
Heyətin hazırlanması üçün obyektlər poliqonlarla, təhsil otaqları, emalatxanalar, laboratoriyalar, texniki vasitələrlə təchiz edilməli, kadrlarla komplektləşdirilməlidir. Bundan əlavə, dərslərin aparılması üçün yüksək ixtisaslı (təcrübəli) mütəxəssislər cəlb olunmalıdır.
3.5. Hər bir enerji obyektində texniki kitabxana yaradılmalı, həmçinin heyətin dərsliklərdən və müəssisənin fəaliyyətinə aid texniki ədəbiyyatlardan, habelə normativ-texniki sənədlərdən istifadəsi imkanı təmin edilməlidir.
3.6. Hər bir enerji obyektində nümunəvi əsasnamələrə müvafiq təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi kabinetləri yaradılmalıdır.
3.7. Maddi-texniki təhsil-təlim bazasının yaradılması çətin olan, şəxsi heyətin sayı az olan enerji obyektlərində heyətin peşə təhsilinin artırılması üzrə işlərin bu cür bazaya malik digər energetika müəssisələrində müqavilə ilə aparılmasına icazə verilir.
Heyət ilə işlərin aparılmasına enerji obyektinin rəhbəri və ya müəssisənin rəhbər işçilərinə mənsub vəzifəli şəxs cavabdehdir.
3.8. İşə yeni qəbul olunmuş və ya dərəcəsindən asılı olaraq işində 6 aydan artıq fasilə yaranan işçilərin sərbəst işə buraxılmasına onların iş yerində təcrübə və hazırlıq keçməsindən, praktiki vərdişlərə yiyələnməsindən, əməyin mühafizəsi üzrə təlimatlandırmadan, qüvvədə olan vəzifə və istehsalat təlimatları üzrə biliklərinin yoxlanılmasından, həmçinin iş yerində növbətçinin vəzifəsini əvəz etdikdən sonra icazə verilir.
3.9. İşində 30 sutkadan 6 aya qədər fasilə yarandıqda sərbəst işə buraxılması üçün heyətin hazırlığını işçinin peşəkar hazırlığ səviyyəsi, iş təcrübəsi, xidməti funksiyaları və s. nəzərə alınmaqla müəssisə və ya struktur bölmə rəhbəri təyin edir. Bununla belə istənilən hallarda əməyin təhlükəsizliyi üzrə plandankənar təlimatlandırma aparılmalıdır.
4. Enerji müəssisələrinin işinin səmərəliliyinə nəzarət
4.1. Gücü 10 MVt və artıq olan hər bir istilik elektrik stansiyasında, gücü 30 MVt və artıq olan su elektrik stansiyasında, istilik hasilatı 50 Hkal/s (209,5 HC/s) və artıq olan rayon qazanxanalarında avadanlığın işinin texniki-iqtisadi göstəricilərinin mütləq və ya nisbi qiymətlərinin elektrik və istilik yükündən asılılığını təyin edən energetik xarakteristikaları işlənilməlidir.
Digər elektrik stansiyaları və qazanxanalar üzrə belə xarakteristikaların işlənməsinin məqsədəuyğunluğu enerjisistem tərəfindən təyin edilir.
Avadanlıqların energetik xarakteristikalarının və yanacaq və ya suyun xüsusi sərfiyyat qrafiklərinin işlənilməsi, yenidən baxılması, razılaşdırılması və təsdiq edilməsi qüvvədə olan əsasnamələrə və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.
4.2. Enegetik xarakteristikalar mövcud Qaydaların müddəalarını yerinə yetirməklə avadanlığın mənimsənilməsi zamanı real əldə olunan qənaətli işini əks etdirməlidir.
4.3. İstilik şəbəkələrində energetik xarakeristikalar aşağıdakı göstəricilər üzrə tərtib olunmalıdır: istilik su itkiləri, istilik itkiləri, istehlakçıların istilik yüklərinin hesabat vahidinə düşən şəbəkə suyunun xüsusi orta saatlıq sərfiyyatı, ötürücü və qaytarıcı boru kəmərlərində şəbəkə suyunun temperatur fərqi (və ya qaytarıcı boru kəmərlərində şəbəkə suyunun temperaturu), istilik enerjisinin nəqlinə və paylanmasına işlənən elektrik enerjisinin xüsusi sərfi.
İstilik şəbəkələrinin energetik xarakteristikalarının işlənilməsi yenidən baxılması, razılaşdırılması və təsdiq edilməsi qüvvədə olan əsasnamələrə və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.
4.4. İstilik şəbəkələrində energetik xarakteristikaları istilik itkiləri, şəbəkə suyunun təkrar vurulmasına işlənən elektrik enerjisinin xüsusi sərfi və əks şəbəkə suyunun temperatur göstəricilərinə görə tərtib olunmalıdır.
4.5. Elektrik şəbəkələrində normalaşdırılan əsas göstərici, elektrik enerjisinin nəqlinə onun texnoloji sərfiyyatının qiyməti olmalıdır.
4.6. Enerji sistemdə, elektrik stansiyalarında, qazanxanalarda, elektrik və istilik şəbəkələrində son nəticənin yaxşılaşdırılması məqsədilə aşağıdakılar yerinə yetirilməlidir:
-
enerjidaşıyıcılarının sərfiyyatının və texnoloji parametrlərin tələb olunan dəqiqliklə ölçülməsi;
-
nəzarət-ölçü cihazlarının və məlumat-ölçü sistemlərinin göstəriciləri əsasında avadanlıqların iş göstəricilərinin təyin edilmiş formada uçotu (növbə, sutka, ay, il üzrə);
-
avadanlığın vəziyyətinin, onun iş rejimlərinin, yanacağa qənaət edilməsinin, aparılan təşkilati-texniki tədbirlərin effektivliyinin qiymətləndirilməsi məqsədilə texniki-iqtisadi göstəricilərin təhlili;
-
parametrlərin və göstəricilərin faktiki qiymətlərinin energetik xarakteristikalar üzrə təyin edilmiş qiymətlərdən fərqlənməsi səbəblərinin müəyyən edilməsi, işdə olan çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılması, qabaqcıl növbə və ayrı-ayrı işçilərin iş təcrübələrinin yayılması məqsədilə növbənin, sexin, enerjisistemin struktur vahidlərinin işinin nəticələrinə heyət ilə birlikdə (ayda ən azı 1 dəfə) baxılması;
-
avadanlığın işinin etibarlılığının və qənaətliliyinin artırılması, yanacaq-energetika ehtiyatlarının qeyri-səmərəli sərfinin və itkilərinin azaldılması üzrə tədbirlərin işlənib hazırlanması və yerinə yetirilməsi.
4.7. Bütün elektrik stansiyalarına, qazanxanalara, elektrik və istilik şəbəkələrinə yanacaq-energetika ehtiyatlarının effektiv istifadə olunmasına nəzarəti həyata keçirən xüsusi səlahiyyətli orqanlar tərəfindən enegetik nəzarət edilməlidir.
4.8. Elektrik stansiyalarını, qazanxanaları, elektrik və istilik şəbəkələrini istismar edən müəssisələr enerji qənaəti haqqında qüvvədə olan qanunvericiliyə uyğun energetik müayinədən keçməlidir. Elektrik və istilik enerjisinin istehsalını, çevrilməsini, ötürülməsini, paylanmasını həyata keçirən enerji obyektlərini istismar edən müəssisələrin energetik müayinəsi dövlət nəzarətinin səlahiyyətli orqanları, həmçinin müəyyən olunmuş qaydada akkreditiv olunmuş təşkilatlar tərəfindən aparılır.
5. Texniki nəzarət.
Enerji obyektlərinin istismarının
təşkilinə texniki və texnoloji nəzarət
5.1. Hər bir enerji obyektində enerji qurğularının (avadanlıqların, binaların və tikililərin) texniki vəziyyətinə daimi və vaxtaşırı nəzarət (baxışlar, texniki yoxlamalar, müayinələr) təşkil olunmalı, onların texniki vəziyyəti və təhlükəsiz istismarı üçün məsul şəxslər müəyyən edilməli, həmçinin texniki və texnoloji nəzarət üzrə heyət ətyin edilməli və onun vəzifə funksiyaları təsdiq edilməlidir.
Elektrik və istilik enerjisinin istehsalını, çevrilməsini, ötürülməsini və paylanmasını həyata keçirən bütün enerji obyektlərinə xüsusi səlahiyyətli orqanlar tərəfindən idarə texniki və texnoloji nəzarət olunmalıdır.
5.2. Bütün texnoloji sistemlər, avadanlıqlar, binalar və qurğular, o cümlədən enerji obyektinin tərkibinə daxil olan hidroqurğular dövri texniki yoxlamadan keçməlidir.
Texnoloji sxemlərin və elektrik avadanlıqlarının texniki yoxlanılması normativ-texniki sənədlərdə göstərilən xidmət müddəti qurtardıqdan sonra aparılır. Bu halda avadanlığın vəziyyətindən asılı olaraq hər bir yoxlamanın aparılması zamanı növbəti yoxlamanın aparılması müddəti qeyd olunur. İstilik texnikasına daxil olan avadanlıqlar-qüvvədə olan normativ-texniki sənədlərdə göstərilən müddətlərdə, binalar və tikililər-qüvvədə olan normativ-texniki sənədlərdə göstərilən müddətlərdə lakin 5 ildə ən azı bir dəfə texniki yoxlamadan keçməlidir.
Texniki yoxlama enerji obyektinin texniki rəhbərinin və ya onun müavininin başçılıq etdiyi komissiya tərəfindən aparılır.
Komissiyanın tərkibinə enerji obyektinin rəhbər şəxsləri və struktur bölmələrinin mütəxəssisləri, enerjisistemin xidmət nümayəndələri ixtisaslaşdırılmış təşkilatların və dövlət nəzarət orqanlarının mütəxəssisləri (müqavilə ilə) daxildir.
Qüvvədə olan normativ-texniki sənədlər əsasında, dövri texniki yoxlamanın həcminə daxil edilməlidir: avadanlıqlar və qurğulara xarici və daxili baxış, texniki sənədlərin yoxlanılması, avadanlıqların və qurğuların işlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən sınaqlar (hidravlik sınaqlar, qoruyucu klapanların sazlanması, təhlükəsizlik avtomatlarının, yükqaldıran mexanizmlərin sınaqları və s.).
Eyni vaxtda texniki yoxlama ilə birlikdə dövlət nəzarəti orqanlarının göstərişlərinin və enerji obyektinin işində baş verən pozuntuların və ona xidmət zamanı bədbəxt hadisələrin araşdırılmasının nəticələrinə görə nəzərdə tutulmuş tədbirlərin, habelə əvvəlki texniki yoxlama zamanı işlənib hazırlanmış tədbirlərin yerinə yetirilməsinin yoxlanılması həyata keçirilməlidir.
Texniki yoxlamanın nəticələri enerji obyektinin texniki pasportuna yazılmalıdır.
Enerji qurğularının etibarlı və təhlükəsiz istismarına səbəb olan pozuntular aşkar olunubsa, həmçinin növbəti texniki yoxlamanın vaxtı keçibsə, həmin enerji qurğularının istismarına icazə verilmir.
Binaların və qurğuların texniki yoxlanmasının nəticələrinə görə texniki müayinənin keçirilməsi zəruriliyi təyin edilir. Binaların və qurğuların texniki müayinəsində əsas vəzifə qəzatəhlükəli qüsurların və zədələnmələrin vaxtında aşkar olunmasından, etibarlı və təhlükəsiz istismarın bərpası üzrə texniki qərarların qəbul edilməsindən ibarətdir.
5.3. Avadanlığın texniki vəziyyətinə daimi nəzarət operativ və operativ-təmir heyəti tərəfindən edilməlidir.
Nəzarətin həcmi normativ sənədlərdə göstərilən müddəalara uyğun təyin edilir.
Nəzarətin aparılma qaydası yerli istehsalat və vəzifə təlimatları ilə müəyyən edilir.
5.4. Avadanlıq, bina və qurğuların dövri baxışlarını, onların vəziyyətinə və təhlükəsiz istismarına məsul şəxslər icra etməlidir.
Baxışların dövriliyini enerji müəssisəsinin texniki rəhbəri təyin etməlidir. Baxışların nəticələri xüsusi jurnalda qeyd olunmalıdır.
5.5. Avadanlıq, bina və qurğuların texniki vəziyyətinə və təhlükəsiz istismarına məsul şəxslər, təlimatların və digər normativ sənədlərin tələblərinə uyğun olaraq enerji obyektlərinin istismarını, enerji qurğularının vəziyyətlərinə nəzarət edilməsini, qurğuların və onların elementlərinin işlərində imtinaların tədqiqini və qeydə alınmasını, istismar-təmir sənədlərinin aparılmasını təmin etməlidirlər.
Dostları ilə paylaş: |