II MÜHAZİRƏ. KLİNİK PSİXOLOGİYANIN STRUKTURU VƏ ƏSAS VƏZİFƏLƏRİ PLAN: Klinik psixologiyanın strukturu
Klinik psixologiyanın vəzifələri
I.Klinik psixologiyanın strukturu- Hal-hazırda klinik psixologiyanın strukturunda bir neçə sahələr vardır:
1.Psixopatologiya dedikdə psixiatriyanın köməkçi sahəsi başa düşülürdü. Onun əsas vəzifəsi ruhi xəstələrdəki psixi proseslərin eksperimental öyrənilməsi idi. Alman psixiatrı K.Yaspersin əsərlərinin təsiri ilə psixopatologiya 20 ci əsrin əvvəllərində ruhi xəstələrin şəxsiyyətində mürəkkəb psixoloji qarşılıqlı münasibəti öyrənən müstəqil elmə çevrildi. Alimin fikrincə, bu xəstəliyin daxili səbəbləridir. Belə daxili səbəblər həqiqi, xarici səbəblər ilə qarşılıqlı münasibətə girdikdə K.Yaspersin fikrincə konkret ruhi xəstədə psixi pozuntuların unikal mənzərəsi yaranır ki, bu da öz növbəsində psixiatra dəqiq diaqnoz qoymağa kömək edir.
2.Patopsixologiya- 20-ci əsrin əvvəllərində psixopatologiya ilə yanaşı yaranmağa başladı. Onun əsas vəzifəsi normal insanların psixologiyasını yaxşı başa düşmək məqsədi ilə psixi sahədə anomal təzahürləri öyrənməkdən ibarətdir. Psixopatologiyada ruhi xəstələrin psixi pozuntuları təbii eksperiment kimi nəzərdən keçirilərək göstərilir ki, bu ümumiyyətlə psixi həyatın fenomenlərinin əhəmiyyətini və yerini daha yaxşı başa düşmək, psixikanın yeni problemləri, yaranan sahələrini görmək və müxtəlif psixoloji nəzəriyyələrin düzgünlüyünü yoxlamaq imkanı verir. Patopsixologiya-psixologiya, psixopatologiya və psixiatriyanın sərhəddində yaranmışdır. Patopsixologiya beyinin müxtəlif patoloji hallarında, ruhi xəstəliklər zamanı psixi fəaliyyətin və şəxsiyyətin xüsusiyyətlərinin dəyişmə qanunauyğunluqlarını öyrənən elm sahəsidir. Patopsixologiya iki yunan sözünün: pathos-iztirab, xəstəlik, psyuhos-ruh sözlərinin birləşməsindən əmələ gəlmişdir. Patopsixologiya psixologiya elminin bir sahəsi kimi insan psixikasının müxtəlif xəstəliklər və anomaliyalar nəticəsində dəyişməsi, pozulması problemlərini öyrənir. Psixikanın dəyişməsi və pozulmasının qanunauyğunluqlarını öyrənən patopsixologiya psixi fəaliyyətin normal gedişatının qanunauyğunluqları ilə bunları müqayisə edir. Patopsixologiya müasir psixologiyanın çoxsaylı sahələrindən biridir. Onun psixologiya elminin bir sahəsi hesab edilməsi predmetinin düzgün müəyyənləşməsinə imkan yaradır və onu psixiatriyadan fərqləndirir. Psixiatriya tibbin digər sahələri kimi psixi xəstəliklərin əmələ gəlməsi səbəblərini aydınlaşdırır, hər hansı bir psixi xəstəliyin tipik sindromlarını ( əlamətlər toplusunu) və simptomlarını ( əlamətləri) tədqiq edir, onların təzahürünün qanunauyğunluqlarını öyrənir, bu xəstəlikləri müalicə edir və xəstəliklərin profilaktikasını təmin edir. Patopsixologiya bundan fərqli olaraq psixologiyanın bir sahəsi kimi psixikanın normal strukturu və inkişafı qanunauyğunluqları mövqeyindən çıxış edərək, onda biruzə verən pozuntuları öyrənir. Deməli, patopsixologiya psixi fəaliyyətin və şəxsiyyətin xassələrinin pozulmasının qanunauyğunluqlarını və beynin inikas fəaliyyətindəki təhriflərin əmələ gəlməsi qanunauyğunluqlarını öyrənir.Patopsixoloq ilk növbədə psixoloq olmalı, eyni zamanda psixiatriya sahəsində biliklərə və praktik təcrübəyə malik olmalıdır.
3.Neyropsixologiya- psixologiya, nevrologiya, neyrocərrahiyənin sərhəddində formalaşmışdır. Neyropsixologiya insanın psixi fəaliyyətinin pozulmasının beyin mexanizmlərini öyrənir.Beyinin lokal zədəsi zamanı sindrom analizi nəticəsində dəyişilmiş strukturlar zamanı psixi fəaliyyətin xüsusiyyətlərini neyropsixologiya tədqiq edir.
Neyropsixologiya – psixologiyanın bir sahəsi olub, psixi proseslərin beyinlə, yəni baş beynin ayrı-ayrı sistemləri ilə əlaqəsini tədqiq edir.Neyropsixologiyada ümumi nəzəri əsasları olan ancaq spesifik metod və vəzifələriylə fərqlənən bir neçə nisbətən müstəqil istiqamətlər ayırd edilir:
-Klinik neyropsixologiya;
-Eksperimental neyropsixologiya;
-Reabilitasion neyropsixologiya;
-Psixofizioloji neyropsixologiya.
Klinik neyropsixologiya-Əsas istiqamət olub, beynin bu və ya digər sahəsinin zədələnməsi zamanı yaranan neyropsixoloji sindromları öyrənir. Klinik neyropsixologiyanın tədqiqat obyekti xəstənin və ya travma almış adamın beyni, tədqiqat predmeti isə zədə ilə psixi proseslərdə baş verən dəyişikliklər arasında səbəb-nəticə əlaqələridir.
Eksperimental neyropsixologiya-Beynin lokal zədələnməsi zamanı psixi proseslərdə yaranan pozuntuların müxtəlif formalarını eksperimental, o cümlədən aparatlar vasitəsilə öyrənir. Bu zaman beyin toxuması ilə psixi funksiyalar arasındakı əlaqəni öyrənmək üçün bəzən travmatik üsullara əl atırlar. Belə ki, üzərində eksperiment aparılan heyvanın beynində lokal zədələr yaradaraq alınan nəticələrlə insanda belə zədələr zamanı ehtimal edilən pozuntular arasında anologiya aparılır. Bundan başqa, eksperimental neyropsixologiyada elektrotokla qıcıqlandırma metodundan, qansız metodlardan – beynin müxtəlif sahələrinin funksiyasının dayandırılması məqsədilə beynin müxtəlif sahələrinn dondurulması, beyin qabığının və beynin alüminium pastası ilə və başqa kimyəvi preparatlarla yağlanması metodundan istifadə edirlər.
Reabilitasion neyropsixologiya-Ümumiyyətlə, reabilitasiya – xəstəlik, zədə, funksional pozğunluqlar nəticəsində orqanizmin itirilmiş və ya zəifləmiş funksiyalarının bərpası üçün metodlar kompleksidir. Neyropsixologiyada reabilitasiya – təlim vasitəsilə insanın məişətdə, peşəkar və ictimai sferalarda normal funksiyalarını təmin etmək və ya yenilərini yaratmaq məqsədi ilə itirilmiş ali psixi funksiyaların bərpası ilə məşğul olur. Reabilitasion neyropsixologiya – kəllə-beyin travmaları, nitqin müxtəlif pozuntuları(defektologiya), əqli geri qalan uşaqların korreksiyası və onların sosial adaptasiyası sahələrində böyük təcrübə toplamışdır. Anadangəlmə və sonradan qazanılan görmə və eşitmə defektləri problemlərində də reabilitasiya istiqaməti xeyli uğur qazanmışdır.
Psixolofizioloji neyropsixologiya- Obyektiv metodlarla öyrənilən psixi prosesləri tədqiq edir ki, bunların vasitəsilə də fizioloji əlamətləri izah edir. Bunlar mexonoqramma, mioqramma, pletizmoqramma, elektroensefoloqramma(EEQ)-dırlar. Bunlar müasir komputer işləmələrindən keçərək ümumi “xəritəni” yaradırlar. Bunlardan başqa günümüzdə maqnit-rezonans tomoqrafiya, pozitron-emission tomoqrafiya və s. vasitələr də mövcuddur.
4.Uşaq klinik psixologiyası( anomal uşaqların psixologiyası)- uşaq psixologiyası, klinik psixologiya, yaş fiziologiyası və s. sərhəddində yaranmışdır. Uşaq klinik psixologiyası anomal psixi inkişafı olan uşaqların intellektual, fəaliyyət, emosional və s. proseslərinin diaqnostikası və korreksiyası ilə məşğul olur.
5.Somatik xəstələrin psixologiyası-psixologiya ilə daxili xəstəliklər klinikasının sərhəddində formalaşmışdır. Somatik xəstələrin psixologiyası daxili orqanların və səhhətin pozulmalarından əlavə psixi halın da dəyişmələrini də tədqiq edir. Xəstəlik xəstənin həm ətraf mühitə, həm də özünə olan münasibətini dəyişir.
Düzgün və adekvat psixoterapevtik və reabilitasiya proqramını qurmaq üçün klinik psixologiyanın əsas vəzifələrindən biri xəstənin şəxsiyyətini və onun ətraf mühitini öyrənməkdir.