I Mövzu Şəxsiyyət psixologiyasının predmeti, vəzifələri və tədqiqat metodları. Plan Şəxsiyyət psixologiyasının predmeti və vəzifələri.
Şəxsiyyət, fərd və fərdiyyət anlayışları.
Şəxsiyyət psixologiyasının metodologiya məsələləri.
Şəxsiyyətin tədqiqi metodları.
Ə d ə b i y y a t
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.2-ci nəşri – Bakı, 2002,
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. – Bakı, 2003,
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Bakı, 1989.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.
Əliyev R.İ.Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları. – Bakı, 2000.
Şəxsiyyət psixologiyasının predmeti və vəzifələri.
Müasir psixologiyada şəxsiyyət problemi. Şəxsiyyət problemi elmin müxtəlif sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm problemlərdən biri olmuş və müasir dövrdə də öz aktuallığını saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət, onun fəallığı, formalaşması, strukturu kimi məsələlər, ümumiyyətlə şəxsiyyət anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq edir.
İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq izlərinə və s. görə deyil şəxsiyyətlərinin xarakteristikasına görə də bir-birlərindən fərqlənirlər. İnsanları gözlərinin rənginə, səslərinin tembrinə və ya digər biofiziki xüsusiyyətlərinə görə xarakterizə etməyə nisbətən onları bir şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir. Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır.
Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyniləşdirməsinə imkan verən davamlı fiziki və psixi xarakteristikasının məcmuyundan ibarətdir. Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Şəxsiyyət - müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə girməyi bacaran konkret canlı insandır.