Mövzu № Azərbaycanda təsərrüfat uçotu sistemi və statistika işinin təşkili təşkili



Yüklə 16,33 Kb.
tarix27.02.2022
ölçüsü16,33 Kb.
#53178
muh4 (1)


Mövzu № 3. Azərbaycanda təsərrüfat uçotu sistemi və statistika işinin təşkili təşkili

Plan


  1. Azərbaycan Respublikasının təsərrüfat uçotu sistemi və onun tərkibi.

  2. Azərbaycan Respublikasının statistika orqanları.

Bazar iqtisadiyyatı şəraitində statistikanın əsas vəzifəsi Azərbaycan Respublikasında sosial-iqtisadi hadisələri hərtərəfli işıqlandırmaqdan ibarətdir. Sosial-iqtisadi hadisələrin dərk edilməsində ən qüdrətli vasitə olan statistikanın bazar münasibətləri şəraitində əhəmiyyəti daha da artmışdır. Belə şəraitdə regional və ölkə səviyyəsində idarəetmə orqanların informasiyaya olan ehtiyaclarını təmin etmək mühüm əhəmiyyət kəsb edərək istifadəçilərin tələblərini təmin edən yeni göstəricilər sisteminin yaradılmasını zəruri etdi. Bütün bunlar beynəlxalq uçot və statistikanın təcrübəsində qəbul edilmiş və bazarın tələblərini ödəyə bilən Milli Hesablar Sisteminə (MHS) keçidi zərurətə çevirdi. 1992-ci il 11 avqust tarixli prezident fərmanı belə bir uçot və statistika sisteminə keçməyin əsasını qoydu. Həmin fərmanla Azərbaycan Respublikasında beynəlxalq təcrübədə qəbul edilmiş uçot və statistika standartları sisteminə keçmək haqqında Dövlət Proqramı təsdiq edildi və sonrakı 5 il ərzində reallaşdı. Dövlət proqramının həyata keçirilməsinə rəhbərlik Dövlət Statistika Komitəsinə həvalə edilmişdir. 1994-cü il 18 fevral tarixli Przident Fərmanına uyğun olaraq “Azərbaycan Respublikasının statistika haqqında” qanun Milli Məclisdə təsdiq edilmişdir. Hazırda həmin qanunda müəyyən dəyişikliklər aparılması nəzərdə tutulur. 1998-ci il 20 avqust tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “1998-2002-ci illərdə dövlət statistika sistemində islahatların aparılmasına dair” ikinci Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramında statistikanın müasir göstəricilər sisteminin, onların hesablanması metodologiyasının bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dəyişdirilməsinin başa çatdırılması, statistika məlumatlarının obyektivliyinin, operativliyinin və dolğunluğunun təmin edilməsi və yerli icra hakimiyyəti orqanlarının və digər informasiya istehlakçılarının ölkənin, rayonların (şəhərlərin) və təsərrüfat subyektlərinin sosialiqtisadi vəziyyəti haqqında obyektiv statistika informasiyasına olan tələbatının ödənilməsi nəzərdə tutulur. Dövlət Proqramında idarəetmə orqanları üçün statistika informasiyasının praktiki cəhətdən əhəmiyyətini və təhlilini yüksəltməyə imkan verəcək, keyfiyyətcə yeni göstəricilərin işlənib hazırlanması nəzərdə tutulur. Tədbirlərdə nəzərdə tutulan göstəricilər üç hissəyə bölünmüşdür. Birinci hissədə icra hakimiyyəti və idarəetmə orqanları aparılan islahatın səmərəliliyi haqqında kompleks informasiya əldə etmək imkanına malik olmuşdur. İkinci hissədə ölkəmizin xarici dövlətlərlə iqtisadi əlaqələrini, iqtisadiyyatın əsas sektorlarının vəziyyətini, istehlak bazarının əmtəə ilə təchizatını, xarici iqtisadi əlaqələrin iqtisadiyyata təsirini xarakterizə edən göstəricilər daxildir. Üçüncü hissədə iqtisadi inkişafın son nəticələrini (yaradılmış milli sərvəti, ölkənin əhalisini, maddi resursların təkrar istehsalını, əhalinin həyat səviyyəsini, həmçinin istehsalın iqtisadi səmərəliliyini) əks etdirən göstəricilər sisteminin işlənib hazırlanmasını nəzərdə tutmuşdur. Dövlət Proqramının statistika müşahidəsi metodlarının təkmilləşdirilməsi bölməsində seçmə müşahidəsinin yeni növlərinin (çoxfazalı, çoxməqsədli) metodologiyasının işlənib hazırlanması, seçmə müşahidəsi məlumatlarının bütövlükdə ölkəyə şamil edilməsi probleminin həll edilməsi nəzərdə tutulmuşdur. Seçmə müşahidəsinin aparılması ailə büdcələri, ticarət müəssisələri, tikinti, iaşə, xəlvəti iqtisadiyyat və s. fəaliyyət sahələri üzrə ətraflı və mötəbər məlumat əldə edilməsinə imkan vermişdir. 1998-2002-ci illərdə sahələrarası balansların milli hesablar sisteminin sxemi üzrə işlənilməsinə, riyazi-statistika metodları və makroiqtisadi göstəricilər sistemi bazasında Azərbaycanın və regionların sosial-iqtisadi inkişafının kompleks təhlili metodologiyasının təkmilləşdirilməsinə mühüm əhəmiyyət verilmişdir. Dövlət Proqramında 1993-cü ilin Milli Hesablar Sisteminə keçidin 1998- 2000-ci illərdə başa çatdırılması nəzərdə tutulmuş, lakin bu proses tam başa çatdırılmamışdır. Bu, “2003-2007-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair” yeni Dovlət Proqramı haqqında 20 fevral 2003-cü ildə Prezident Fərmanının verilməsinə səbəb oldu. Bazar iqtisadiyyatı şəraitində informasiyanın əldə edilməsi və işlənilməsi sistemi ciddi islahata məruz qalmalıdır. Bu o deməkdir ki, statistika müşahidəsinin təşkilinin təkmilləşdirilməsi bazar münasibətlərinin çox mühüm probleminə çevrilmişdir. Müasir dövrdə siyahıyaalmalar, seçmə müşahidələr, monitorinqlər, senzlər və s. kimi mükəmməl tədbirləri həyata keçirmək üçün statistikanın fundamental əsaslarından biri hesab edilən müəssisələr registrinə malik olmadan mümkün deyil. Rəsmi statistikanın islahatı prosesində müəssisələr registrinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Registr ilk növbədə iqtisadiyyatda baş verən institusional dəyişikliklərin izlənməsi, habelə ümumi və seçmə statistika müşahidələrinin təşkili üçün lazımdır. Müəssisələr registrinin əsas vəzifəsi - statistik müşahidə obyektlərinin məcmusunun tamlığının və düzgünlüyünün təmin edilməsidir. Müəssisələr registrinin əsas funksiyaları:

1. statistika müşahidəsi vahidlərinin baş məcmusunun formalaşdırılması; 2. hər bir statistik uçot vahidi haqqında kəmiyyət göstəricilərinin əldə edilməsi;

3. riyazi-statistika metodlarının tətbiqi;

4. bütün təsərrüfat subyektləri üzrə demoqrafik göstəricilərin formalaşdırılması.

Azərbaycan Respublikasında Uçot vahidlərinin dövlət registri (UVDR) 1995-ci ildə Dövlət Statistika Komitəsində yaradılmış və 1.01.2005-ci il vəziyyətinə özündə 65 min hüquqi şəxs haqqında məlumatı əks etdirir.

Bazar münasibətləri şəraitində statistikanın əsas vəzifələrinə daxildir:

1) cəmiyyətdə baş verən ciddi iqtisadi və sosial proseslərin dəyişilməsini elmi əsaslandırılmış göstəricilər əsasında hərtərəfli tədqiq etmək;

2) sosial-iqtisadi hadisələrin inkişaf meylinin ümumiləşdirilməsi və proqnozlaşdırılması;

3) müxtəlif səviyyələrdə idarəetmə orqanlarını elmi əsaslandırılmış informasiya ilə təmin etmək;

4) istehsalın iqtisadi səmərəliliyini təmin edən ehtiyatları aşkar etmək;

5) müxtəlif istehsal fəaliyyəti sahələri arasında nisbəti müəyyənləşdirmək;

6) istehsal sahələrinin quruluşunu və quruluşda baş vermiş dəyişiklikləri öyrənmək;

7) statistikanı populyarlaşdırmaq məqsədilə ölkənin iqtisadi və mədəni həyatını əhatə edən statistika məcmuələrinin nəşrini genişləndirmək.

Bazar iqtisadiyyatının inkişaf tələblərinə uyğun olaraq statistika materiallarının kompyuterləşdirilməsi çox mühüm bir vəzifə kimi qarşıda durmuşdur. Statistika məlumatlarının toplanılması, işlənilməsi və ötürülməsi vasitələrini və metodlarını inkişaf etdirilməsində yeni informasiya- kommunikasiya texnologiyalarının tətbiqinə böyük ehtiyac vardır. Bu məqsədlə statistika hesabatlarının və informasiyanın maksimum avtomatlaşdırılmış işlənilməsi təmin edilməlidir. Bazar münasibətləri şəraitində hesabatların əhəmiyyətli dərəcədə ixtisar edilməsi, ümumi müşahidədən qeyri-ümumi statistika müşahidələrinə - birdəfəlik, seçmə və monoqrafiya tədqiqatlarına keçilməsi təmin edilməlidir. Qeyri-ümumi statistika müşahidəsi metodlarının tətbiqi, müəssisələrə operativ rəhbərliyi statistika məlumatları ilə təmin etməyə və vaxtında müvafiq tədbirləri həyata keçirməyə imkan verir. Birləşmiş Millətlər Təşkilatının baş orqanında iki böyük statistika orqanı fəaliyyət göstərir: İqtisadi və Sosial Şuranın tərkibində Statistika komissiyası və Katibliyin tərkibində Statistika Bürosu. Hazırda beynəlxalq statistika təşkilatları 2 qrupa bölünür:

• statistik metodologiya və müşahidə proqramlarını işləyənlər;

• statistik məlumatları toplayanlar, işləyənlər və nəşr edənlər.

Birinciyə Beynəlxalq statistika institutu və BMT-nin Statistika komissiyası, ikinciyə isə BMT Katibliyinin Statistika Bürosu və BMT-nin icraedici və ixtisaslaşdırılmış orqanlarının statistika xidmətləri aiddir. Statistika komissiyasının tövsiyələri milli statistika xidmətləri üçün məcburi sayılmasa da BMT-yə göndərilən statistik məlumatlar beynəlxalq standartlara uyğun hazırlanmalıdır. Dövlət Statistika Komitəsi BMT-nin Statistika Komissiyası, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və dünya miqyasında statitika fəaliyyətini həyata keçirən digər beynəlxalq təşkilatlarla sıx əlaqə yaratmalıdır. Təsadüfi deyil ki, Azərbaycanda rəsmi statistika orqanlarının fəaliyyətində BMT-nin Statistika komissiyası tərəfindən 1994-cü ildə qəbul edilmiş “Rəsmi statistikanın işinin 10 əsas prinsipi” qətnaməsi mühüm yer tutur. Bu qətnamədə rəsmi statistika üçün aşağıdakı əsas prinsiplər müəyyənləşdirilmişdir:

1. cəmiyyətin bütün üzvləri üçün rəsmi statistikadan bərabər istifadə imkanları, statistikanın bitərəfliyi;

2. etik və elmi prinsiplərə hörmət, peşəkarlıq, statistik məlumatların yığılması, işlənməsi, saxlanılması və yayımlanmasına dair metod və üsullar haqqında qərarların qəbul edilməsi zamanı elmi müstəqillik;

3. statistikanın mənbələri, metodları və üsulları haqqında müvafiq iformasiyanın təqdim olunması yolu ilə məlumatların düzgün şərhinin təmin edilməsi;

4. statistik məlumatlar istifadəçilər tərəfindən düzgün şərh edilmədikdə, statistika orqanlarına izahatlarla çıxış etmək hüququnun verilməsi;

5. məlumatın keyfiyyəti, vaxtlı-vaxtında təqdim olunması, onun əldə olunmasına çəkilən xərclər və respondentlərə düşən informasiya yükünün həcmi nəzərə alınmaqla məlumat mənbələrinin seçilməsi;

6. fərdi məlumatların məxfiliyi, gizli saxlanması və yalnız statistik məqsədlər üçün istifadə olunması;

7. statistika haqqında qanunvericiliyin mövcudluğu;

8. statistika sisteminin ardıcıl və səmərəli işini təmin etmək məqsədilə statistik informasiyanı işləyib hazırlayan digər dövlət orqanlarının statistika xidmətləri ilə ölkə daxilində öz fəaliyyətinin əlaqələndirməsi;

9. beynəlxalq konsepsiyalara, təsnifatlara və metodlara uyğunluq;



10.statistikanın yaxşılaşdırılması məqsədilə beynəlxalq əməkdaşlıq.

1992-ci ildə, keçmiş SSRİ məkanında Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsi yaradılmışdır. MDB-nin Statistika Komitəsi birliyin üzvləri olan dövlətlərin statistika xidmətlərinin fəaliyyətini əlaqələndirmək üçün bir sıra vəzifələr həyata keçirir, qarşılıqlı məsləhətləşmələr əsasında keçid dövrünə xas olan müxtəlif problemlərə dair vahid statistika metodologiyasını, metodik materialları və tövsiyələri işləyib hazırlayır.
Yüklə 16,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin