Azərbaycan Dövlət İqtisad Universiteti
«Ticarət və gömrük işinin təşkili» kafedrasının
i.ü.f.d.Hüseynova.S.Y
sekineyaqubqizi@mail.ru
Fənn: «Kommersiya fəaliyyətinin əsasları»
MÖVZU 15
Beynəlxalq kommersiya. İdxalat-ixracat əməliyyatlarının həyata keçirilməsi zamanı kommersiya işinin xüsusiyyətləri
PLAN
Beynəlxalq kommersiya fəaliyyətinin zəruriliyi və imkanları. Beynəlxalq kommersiya üçün fəaliyyət sahəsinin seçilməsi
Beynəlxalq kommersiya fəaliyyətinin formaları
Beynəlxalq kommersiya vasitəçi-ticarət əməliyyatları, təsnifat əlamətləri
Gömrük əməliyyatları
Mühazirə mətni mənimsənildikdən sonra tələbə beynəlxalq iqtisadi fəaliyyəti üzrə kommersiya işinin mahiyyəti haqqında anlayışa malik olacaq, beynəlxalq kommersiya fəaliyyətinin formaları ilə tanış olacaq və onların tətbiqi xüsusiyyətlərini öyrənəcək, beynəlxalq kommersiya vasitəçi-ticarət əməliyyatlarını araşdıracaq və onların təsnifat əlamətləri ilə tanış olacaq, gömrüyün ölkənin iqtisadi həyatında oynadığı rolu dərk edəcək, gömrük əməliyyatları ilə tanış olacaqdır. Bu biliklər tələbəyə beynəlxalq kommersiya fəaliyyətində idxalat-ixracat əməliyyatlarının xüsusiyyətlərini daha dərindən dərk etməyə imkan verəcəkdir.
İndiki zamanda xarici ölkələrlə kommersiya işinin aparılması, dünya bazarında mənfəət əldə edilməsi imkanlarının axtarılması – biznesin ekzotik forması, dəbdəbə deyil, sahibkarlığın istənilən növü üçün vacib zəruriyyətdir. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir:
milli sərhədlər daxilində yüksək mənfəətli kommersiya işinin aparılma imkanları çox vaxt məhdudlaşır;
müxtəlif ölkələrdə olan qeyri-bərabər xammal ehtiyatları və tələbatlar qiymətlərin nəzərə çarpan qalxıb-enməsinə səbəb olur və qarşılıqlı sərfəli mübadilə üçün əlverişli şərait yaradır;
əmək resurslarının miqdarında və keyfiyyətində, onların ixtisasları, müxtəlif ölkələrdə istehlakın və real əmək haqqının səviyyəsində olan kəskin fərqlənmələr bu amilləri mənfəət mənbəyi kimi istifadə etməyə imkan verir;
çoxlu sayda iqtisadi cəhətdən geri qalmış böyük əhali sayına malik olan ölkələrin mövcudluğu, bu hədsis-hüdudsuz bazarlardan yüksək texnoloji məhsulların satışı üçün istifadə imkanı yaradır;
bir sıra ölkələrdə xidmət sahəsinin az inkişaf etməsi və bununla bərabər orada mallara və xidmətlərə tələbin artması, həyat səviyyəsinin yaxşılaşması bu istiqamətdə beynəlxalq kommersiya fəaliyyətini perspektivli edir;
beynəlxalq kommersiya üçün perspektivli istiqamət milli çalarlara malik olan malların (xalq sənəti, ənənəvi sənət malları, xalq yaradıcılığı əşyaları - bunları vətəndə istehsal edib xaricdə satmaq daha məqəsədəuyğundur) dünya bazarına çıxarılmasından ibarətdir.
Hazırda beynəlxalq kommersiyaya aşağıdakılar əlverişli təsir göstərirlər:
dünya iqtisadiyyatının qloballaşması, ölkələr arasında daimi olaraq siyası və təsərrüfat əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi;
beynəlxalq kommersiyanin əsasının – vahid ümumdünya və regional maliyyə-kredit sistemlərinin yaradılması;
çoxqütblü dünyanın formalaşması, bir sıra ölkələrlə ticarətdə ayrı-seçkiliyin aradan götürülməsi meylllərinin olması;
bir sıra dövlətlər tərəfindən xarici ticarətə qarşı proteksionizm (havadarlıq) siyasətinin yeridilməsi, ölkələr arasında təsərrüfat əlaqələrinin yaradılması;
dövlətlərarası daşınmaların və yüklərin boşaldılıb yüklənməsinin təşkilini asanlaşdıran bütün nəqliyyat növlərinin daha tez inkişaf etdirilməsi;
danışıq-müqavilə prosesini əhəmiyyətli dərəcədə sadələşdirən rabitə vasitələrinin və kommunikasiya sistemlərinin (telefaksdan tutmuş İnternetə kimi) həddindən yüksək sürətlə inkişafı.
Beynəlxalq kommersiya üçün aşağıdakılar maneə yaradırlar:
iştirakçı-ölkələrin normativ sənədlərində uyğunsuzluğna əsaslanan kommersiyanın hüquqi bazasında fərqlərin olması;
valyuta məhdudiyyətləri – milli pulların dəyişilməsi (konvertasiyası) və mübadiləsi;
bir sıra ölkələrdə siyasi və və onunla bağlı olan iqtisadi qeyri-sabitlik;
xammala, materiala və məhsula olan dövlət standartlarında fərqlənmələr;
bürokratik səddlər – sənəd dövriyyəsinin mürəkkəbləşdirilmiş sistemi, lazımsız artıq rəsmiyyətlər, məmurların korrupsiyaya qurşanması;
gömrük səddləri (yüksək gömrük tarifləri, mürəkkəb qaydalar, vaxtın lüzumsuz olaraq itirilməsi);
ayrı-ayrı mal qruplarının ölkəyə gətirilməsinə və ölkədən çıxarılmasına kvota və lisenziyaların qoyulması;
xarici dillərin bizim sahibkarlar tərəfindən pis bilmələri ilə bağlı olan dil maneələri.
Beynəlxalq kommersiya fəaliyyəti və onun əsas istiqamətləri haqqında qərarın qəbul edilməsi üçün həlledici rolu – potensial tərəf-müqabillərin (partnyorların) təsərrüfat inkişafının müqayisəli təhlilinin aparılması və bu ölkələrin siyasi-iqtisadi və milli-mədəni xüsusiyyətlərinin öyrənilməsi oynayır.
Təsərrüfatın inkişafının səviyyəsinə görə ölkələr fərqləndilirlər:
müasir sənayesi və inkişaf etmiş bazar münasibətləri olan ölkələr;
inkişaf etmiş bazar münasibətləri yolunda olan və sənayenin geniş imkanlarına malik olan ölkələr;
müasir kənd təsərrüfatı istehsalı və bazar iqtisadiyyatı olan, öz sənayelərini inkişaf etdirən ölkələr;
ixracat hesabına yaşayan inkişaf etməmiş sənayeyə malik olan ölkələr;
bol xammal və əmək resurslarına malik olan və iqtisadi inkişafın ilkin mərhələsində olan kasıb ölkələr.
Göstərilən bölgü, şübhəsiz ki, çox şərtidir və xalis halda bir qayda olaraq, onlara rast gəlinmir, lakin hər hansı bir ölkənin bu qruplardan birinə aid edilməsində bu bölgüdən istifadə edilə bilər. Bu bölgü müəyyən beynəlxalq mübadilə sahələrində kommersiya üzrə mümkün ola bilən cüt tərəf-müqabillərin seçilməsi imkanını yaradır. Məsələn, 1-ci qrup ölkələri digər qrup ölkələrin hamısı ilə qarşılıqlı təsir göstərə bilərlər; 2-ci qrup ölkələri ilk növbədə 3-cü və 5-ci qrup ölkələri ilə iqtisadi münasibətlərin inkişaf etdirilməsinə maraqlıdırlar və s.
Dövlətlərdə - kommersiya üzrə potensial tərəf-müqabillərində siyası-iqtisadi vəziyyət aşağıdakı əlamətlərlə xarakterizə edilir:
ölkədə siyasi dayanıqlıq; daha çox siyasi dayanıqlı ölkələr inkişaf etmiş bazar münüsibətləri olan və bununla bağlı vətəndaş cəmiyyəti və demokratik azadlıqlar olan ölkələrdir. Digər tərəfdən, totalitar inzibati-amirlik rejim olan və planlı iqtisadiyyatlı ölkələrdəki müəyyən sabitlikdən də danışmaq olar, lakin son illərin təcrübəsi göstərir ki, xalqa qarşı cəza tədbirlərinin cüzi də olsa zəiflədilməsi, belə bir iqtisadiyyatın zəifləməsinə və sonradan dağılmasına gətirib çıxarır;
ilk növbədə ailə gəlirləri ilə bağlı olan əhalinin yaşayış səviyyəsi;
«ixracat-idxalat mühiti», bu da, əhalinin və hakimiyyətin malların xaricə ixrac olunmasına və xarici mallara olan münasibət ilə bağlıdır;
dövlətin valyuta siyasəti;sərbəst valyuta konvertasiyasının olmaması və yaxud məhdudlaşdırılması, beynəlxalq kommersiya fəaliyyətinin vəziyyətinə və inkişafına kəskin təsir göstərir;
dövlətin iqtisadi siyasəti; beynəlxalq kommersiyanın inkişafında bu fəaliyyətin iştirakçılarına dövlət yardımının və güzəştlərinin verilməsi, onların hüquqi cəhətdən müdafiə olunması, beynəlxalq qanunlara əməl olunmasına və təhlükəsizliyə dövlət tərəfindən zəmanətlərin verilməsi böyük əhəmiyyət daşıyır.
Ölkələrin milli-mədəni xüsusiyyətləri təklif olunan mallara və xidmətlərə onlarda mövcud olan münasibətlərdə özünü göstərir. Bu münasibətlər milli ənənələrin, dini qadağaların, mövhumat və xurafatçılığın təsiri altında formalaşırlar. Milli xüsusiyyətləri bilməmə - uğurlu kommersiyanın aparılmasında çox ciddi maneələr yaradır.
Dostları ilə paylaş: |