AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ (UNEC)
BEYNƏLXALQ MAGİSTRATURA VƏ DOKTORANTURA MƏRKƏZİ
İxtisas: İqtisadiyyat
İxtisaslaşma: İqtisadiyyatın tənzimlənməsi
Qrup: 26
Fənn: Akademik yazı
Müəllim: Musayev Gəray
Magistrantın adı, soyadı və ata adı: Mahmudzadə Nicat Kənan oğlu
“Dünyada və Azərbaycanda yaşıl iqtisadiyyat” mövzusunda
layihə işi
Bakı – 2021
“Yaşıl iqtisadiyyat” termini ilk olaraq 1989-cu ildə Böyük Britaniyanın hökuməti üçün hazırlanmış hesabatda qabaqcıl ətraf mühit mütəxəssisləri tərəfindən istifadə edilmişdir. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən “yaşıl iqtisadiyyat” termini insan rifahını və sosial ədaləti təmin edən, eyni zamanda ətraf mühit risklərini kəskin şəkildə azaldan iqtisadiyyat kimi müəyyən edilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və UNEP beynəlxalq təşkilatları “yaşıl artım” və ya “yaşıl iqtisadiyyat” ekoloji təhlükəsizliyi təmin edən mal və xidmətlərin istehsal və istehlakını, həmçinin yaşıl inkişafa yatırılan investisiyaları nəzərdə tutaraq bir anlayış olaraq müəyyən ediblər. Yaşıl iqtisadiyyat yeni iqtisadiyyat anlayışı olaraq da ifadə edilə və ya klassik iqtisadiyyatın təməllərinə insan və təbiət faktorlarının əsaslı bir şəkildə əlavə olunması kimi də müəyyən oluna bilər. İnsanın və təbiətin dəyərinin bilinməsi, insanların rifahını yüksəldib yoxsulluğun azaldılması, məhdud təbii ehtiyatların effektiv və optimal şəkildə istifadə edilməsi bu yeni iqtisadi anlayışın təməlini meydana gətirir. Hazırda yaşıl iqtisadiyyat anlayışının nəyi əhatə etdiyinin dəqiq olaraq müəyyənləşmiş və hamı tərəfindən qəbul edilən tərifi yoxdur. Bu səbəblə, ayrı-ayrı ölkələr özlərinin xüsusi şərtləri çərçivəsində fərqli təriflər ortaya qoyurlar. . Əslində bu günkü dövrdə yaşıl iqtisadiyyatın anlaşılması və ona müvafiq addımların atılmasının dövlətdən-dövlətə fərqlənməsi normaldır. Çünki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin (İEÖ) insan kapitalı ilə in kişaf etməkdə olan (İEOÖ) və ya yeni sənayeləşmiş ölkələrin (YSÖ) insan kapitalı arasında keyfiyyət baxımından böyük fərq vardır və bu fərq müvafiq ölkələrin yaşıl iqtisadiyyatla bağlı atdıqları addımlarda da özünü göstərir.
2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf Konfransındakı (Rio+20) danışıqlardan sonra hökümətlər qərar verdilər ki, yaşıl iqtisadiyyat davamlı inkişaf üçün çox mühüm alətdir. Rio+20 bəyannaməsi informasiya mübadiləsi və potensial imkanların reallığa çevirilməsi ilə yaşıl iqtisadi siyasətin həyata keçirilməsini də vurğuladı. Burada həmçinin maliyyə, texnologiya və elmin mübadiləsi zamanı İEÖ-in birləşərək İEOÖ-ə dəstəyi də nəzərdə tutulur. Buna əsasən beynəlxalq səviyyədə yaşıl iqtisadiyyatın həyata keçirilməsi üzrə təşəbbüslər əsasən aşağıdakı altqruplarda öz əksini tapir:
- beynəlxalq yaşıl iqtisadiyyat platformaları və forumları;
- beynəlxalq yaşıl iqtisadiyyat üzrə əsas iştirakçılar;
- əsas beynəlxalq yaşıl iqtisadiyyat proqramları;
- beynəlxalq yaşıl iqtisadiyyat üzrə fondlar/mexanizmlər/obyektlər.
Ümumi olaraq, yaşıl iqtisadiyyatın inkişafı naminə indiyə qədər və hazırda da davam edən 59 beynəlxalq təşəbbüsə cəhd olunmuşdur ki, onun 14-ü bu istiqamətdə olan beynəlxalq forumların payına düşür. Həmin platformaların əsas hədəfləri informasiya mübadiləsi, elmin və biliyin idarə olunması, qlobal iqlim dəyişkənliyidir və həmin platformalar aşağıdakılardır:
- Yaşıl İnkişaf Bilik Platforması (Green Growth Knowledge Platform - World Bank, Global Green Growth Institute- GGGI, Organisation for Economic Cooperation and Development- (OECD))
- Yaşıl Sənaye Platforması (The Green Industry Platform - UN Industrial Development Organisation- UNIDO, UNEP)
- Yaşıl İnkişaf Onlayn Tədris (The Green Growth online e-learning facility - UN Economic and Social Commission for Asia and the Pacific- ESCAP)
- Yaşıl Platforma (The WIPO Green platform - World Intellectual Property Organisation (WIPO))
- İqlim Dəyişikliyi Bilik Portalı (The Climate Change Knowledge Portal -World Bank)
- İqlim İnformasiya Platforması (Climate Information Platform - UNDP və bəzi partnyorlarla birgə)
- Riql (Reegle - REEEP və REN21)
- BMT Davamlı Bilik İnkişafı Platforması (UN Sustainable Development Knowledge Platform - UN Department of Economic and Social Affairs (UNDESA)) və s.
Yaşıl iqtisadiyyatla bağlı həyata keçirilməkdə olan proqramların əsas təşəbbüskarları yuxarıda adı çəkilən əsas təşkilatlarla yanaşı Norveç, Danimarka, Avtraliya, Almaniya, İspaniya və İsveç kimi fəal ölkələr vardır. Aşağıdakı cədvəldə isə dominant fondlar, qurumlar və onların yaşıl iqtisadiyyat uğrunda həyata keçirtdikləri və hətta, hazırda da bəzi davam edən proqramlar üzrə apardıqları maliyyələşmənin həcmi göstərilmişdir.
Bundan başqa 1997-ci ildə qəbul edilib, 2005-ci ildə qüvvəyə minən, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin daxil olduğu Kyoto Protokolu (UNFCCC) mövcuddur və o, istixana effekti yaradan qazların emissiyasını azaltmaq üçün sənayeləşmiş ölkələrin məcburi öhdəliklərini müəyyən edən beynəlxalq müqavilədir. Həmin müqavilənin möhləti 2012-ci ildə bitsə də, Qatarın paytaxtı Dohada keçirilən beynəlxalq konfransda onun müddəti 2020-ci ilə kimi uzadıldı. Təxminən 200 ölkənin təsdiqini alan bu qərar yalnız inkişaf etmiş ölkələri əhatə edir. Bu ölkələrdə qlobal səviyyədə istixana təsiri yaradan qazların emissiyası isə 15%-dən azdır. Atmosferi ən çox çirkləndirən ölkələrdən ABŞ 1997-ci il tarixli əsl protokolu heç bir zaman təsdiqləmədi. Hal-hazırda protokolda ABŞ, Çin və Hindistan kimi atmosferi ən çox çirkləndirən ölkələrin imzası yoxdur. Doha Konfransında 2015-ci ilə kimi bütün ölkələri əhatə edən və Kyoto Protokolunun əvəz edə biləcək daha geniş diametrli bir plan üzərində də işlərin görülməsi nəzərdə tutuldu. Azərbaycanın isə burada inkişaf etməkdə olan ölkə kimi ətraf mühitə buraxılan parnik qazlarının faizinin azalmasında hüquqi öhdəliyi yoxdur.
Cədvəl 1. Yaşıl iqtisadiyyat üzrə fəaliyyət göstərən dominant qurumlar.
Fondlar
|
Qurumların adı
|
Qiymətləndirilən həcm
|
Qlobal Ətraf Mühit İmkanı
(Global Environment
Facility)
|
Qlobal Ətraf Mühit
İmkanının qurumları:
Birləşmiş Millətlər
Təşkilatı Ətraf Mühit
Proqramı (UNEP), BMT
İnkişaf Proqramı (UNDP),
Dünya Bankı (World
Bank), digər çoxtərəfli
inkişaf bankları, BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO), Kənd
Təsərrüfatının İnkişafı
üzrə Beynəlxalq Fond
(IFAD), BMT-nin Sənaye
İnkişafı Təşkilatı (UNIDO)
|
10,5 milyard ABŞ dolları
qrant və 51 milyard
ABŞ dolları müştərək
maliyyələşdirmə üzrə
|
Ən Az İnkişaf Etmiş
Ölkələr Fondu (Least
Developed Countries
Fund-GEF)
|
QƏMİ (GEF) agentləri
|
|
Xüsusi İqlim Dəyişikliyi
Fondu (Special Climate
Change Fund-GEF)
|
QƏMİ (GEF) qurumları
|
|
Təmiz Texnologiya Fondu
|
Dünya Bankı və digər
çoxtərəfli inkişaf bankları
|
4,936 milyard ABŞ dolları
|
Strateji İqlim Fondu (Strategic
Climate Fund-SCF)
– İqlim Sabitliyi üçün Pilot
Proqram (Pilot Program
for Climate Resilience)
|
Dünya Bankı və digər
çoxtərəfli inkişaf bankları
|
1,1 milyard ABŞ dolları
|
SİF-Meşə İnvestisiya
Proqramı (SCF-Forest
Investment Program)
|
Dünya Bankı və digər
çoxtərəfli inkişaf bankları
|
639 milyon ABŞ dolları
|
SİF-Aşağıgəlirli
Ölkələrdə Bərpaolunan
Enerji Sahəsinin
Genişləndirilməsi
Proqramı (SCF-Program
for Scaling-Up Renewable
Energy in Low Income
Countries)
|
Dünya Bankı və digər
çoxtərəfli inkişaf bankları
|
392 milyon ABŞ dolları
|
Meşə Karbon
Əməkdaşlığı İmkanı (Forest
Carbon Partnership
Facility)
|
Dünya Bankı, İnter-
Amerika İnkişaf Bankı
(IADB), BMT-nin İnkişaf
Proqramı
|
385 milyon ABŞ dolları
|
Yaşıl iqtisadiyyatın inkişafında ayrı-ayrı ölkələrin təcrübəsindən danışarkən onların həyata keçirdikləri islahatları və istifadə etdikləri alətləri nəzərdən keçirmək lazımdır. Beləki, hər bir ölkənin bu sahədə özünəməxsus alətləri və islahatları vardır. Yaşıl iqtisadiyyatın inkişafında istifadə oluna biləcək alətlərin aşağıdakı variantlarının qeyd edə bilərik:
- ekoloji vergi islahatları və alətləri (məsələn, karbon vergisi, vergi
güzəştləri və ixtisarları);
- intensiv çirkləndirməyə görə cərimə;
- ekoloji performansın mükafatlandırılması üçün yaşıl subsidiyalar (məsələn, feed-in tarifi), qrantlar, kreditlər;
- ekoloji cəhətdən zərərli fəaliyyətlərə subsidiyaların verilməsinin aradan qaldırılması;
- birbaşa dövlət xərcləri (məsələn, ekoloji təmiz infrastruktur və ya təmiz texnologiya üçün tədqiqat və inkişaf (R & D) fəaliyyətinin təşkili);
- dolayı dəstək (məsələn, ictimai zəmanətlər və s.).
Böyük Britaniya yaşıl iqtisadiyyatın inkişafı üçün bu istiqamətdə FİT (Feed-in-Tarrifs scheme) adlı güzəştli tarifdən istifadə edir. Bu tarifin mahiyyətinə görə, əgər kimsə tutaq ki, öz evinin damında günəş paneli və ya külək enerjisi turbini yerləşdirərsə, həmin şəxslərə bu subsidiya növü tətbiq olunur. Yəni, həmin vətəndaşa müyyən məbləğdə pul ödənilir və üstəgəl abonent hər ay ödəməli olduğu enerji xərclərindən azad olur, çünki o artıq ekoloji cəhətdən həm təmiz, həm də bərpa olunan enerjidən istifadə edir.
Almaniyada isə yaşıl iqtisadiyyatın inkişafı üçün ekoloji vergi (Eco Tax) islahatından istifadə olunur ki, onun da nəticələri bunlardır:
- enerjiyə qənaət və ondan daha səmərəli istifadə;
- kükürd yanacağından pulsuz istifadə;
- bərpa olunan enerji mənbələrinə daha çox investisiya;
- enerjiyə qənaət edən məhsulların istehsalının inkişafı (məsələn, yanacaqdan səmərəli istifadə edən avtomobillərin istehsalı);
- yeni istehsal edilən avtomobillərin yanacaq istehlakının 20%-ə qədər azaldılması;
- yol çəkilişi xərclərinin daha da ixtisar edilməsi;
- ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayının artması;
- günəş enerjsi təsərrüfatının fəaliyyəti nəticəsində su qızdırıcılarının miqdarının iki dəfəyə qədər artımı və bu sektorda yeni iş yerlərinin yaradıması (məsələn, Almaniya Ətraf Mühit Agentliyinin (GEA) hesabatına görə 2003-cü ildə bu verginin tədbiqi nəticəsində Almaniyada 250 min yeni iş yeri açılmışdır);
- bu vergi növü Almaniyanın əsas məqsədlərindən olan 2020-ci ilə kimi CO2 emissiyasının 40%-ə qədər azaldılmasına (1990-cı illərlə müqayisədə) nail olmağa və iqlim mühafizəsi üzrə maarifləndirməyə yardım edir.
“Yaşıl” subsidiyalardan alət kimi istifadə edərkən xarici mühit amilləri (qloballaşma, beynəlxalq rəqabət, daxili bazar konyukturası, xüsusilə, istehlakçı psixologiyası və s.) nəzərə alınmalıdır, yoxsa nəticələri gözlənilməz ola bilər. Məsələn, İsveç son 3 il ərzində adambaşına “ekomobiley” (etanolla işləyən xüsusi nəqliyyat vasitələri) satışında vergi güzəştləri, belə avtomobillərin alıcıları üçün pul bonusları və avtomobil sığortası güzəştləri şəklində möhkəm dövlət subsidiyalarına görə dünya lideri olmuşdur. Buna baxmayaraq, 2010-cu ildə yalnız bu nəqliyyat sayəsində CO2 emissiyası 100 min ton artmışdır. Çünki hər avtomobilə düşən CO2 emissiyasının miqdarının azaldılmasına baxmayaraq, ümumi qət olunan kilometrlərin miqdarı artmışdır, yəni güzəştli şərtlər daxilində insanlar belə avtomobillərdə daha çox səyahət etmişdilər. Bu halı iqtisadi ədəbiyyatlarda Cevons paradoksu (rebound effect) adlandırırlar.
Dostları ilə paylaş: |