Müğənni Jozefina



Yüklə 20,12 Kb.
tarix26.12.2016
ölçüsü20,12 Kb.
#3443

Müğənni Jozefina

Bizim müğənninin adı Jozefinadır. Kim ona qulaq asmayıbsa, deməli, oxumağın qüdrətindən xəbəri yoxdur. Onun sənətinə qarşı laqeyd adam tapmaq çətindir, xüsusən də nəzərə almalıyıq ki, bizim camaat musiqini xoşlamır. Bizim camaatdan ötrü ən yaxşı musiqi əmin-amanlıq və rahatlıqdı: bizim günümüz-güzəranımız çox ağırdı, aradabir gündəlik həyatın qayğılarından azad olmağa çalışırıqsa, bizi musiqi kimi uzaq bir aləm çox az cəlb edir. Bunun bizi dilxor elədiyini də demək olmaz, qətiyyən: biz özümüzdə olan işgüzar fərasəti və bic yumoru daha çox qiymətləndiririk, yeri gəlmişkən, bunlar bizə hədsiz dərəcədə lazımdı, musiqinin verə biləcəyi nəşə - buna güman azdı – bizi yoldan çıxartsa belə bu məhrumiyyətlə də başqa məhrumiyyətlər kimi təbəssümlə barışardıq. Jozefina bizim aramızda istisnadı; o, həm musiqini sevir, həm də ifa etməyi bacarır; Jozefina belə Jozefinadı; onun yoxluğu ilə musiqi Allah bilir, həyatımızdan nə vaxta kimi qeybə çəkiləcək.

Mən musiqiyə belə münasibətimizi başa düşməyə dəfələrlə cəhd göstərmişəm. Axı biz musiqi duyumundan büsbütün məhrumuq; elə isə Jozefinanın oxumasını niyə anlayırıq. Yaxud da – Jozefinanın özü bunu qətiyyətlə inkar edir – niyə onun anlaşıqlı olduğunu hesab edirik? Ən asanı belə demək olardı: guya onun ifası elə məftunedici ki, küt adamı da cəlb edir, amma belə cavab bizi qane edə bilməz. Belə olsaydı, Jozefinanın oxumağı bizə qeyri-adi təsir göstərərdi, sanki onun boğazından gözəl, indiyəcən eşidilməmiş səslər axıb tökülür, sanki Jozefinanın oxumağı bizi həmin səslərə doğmalaşdırmasaydı, bizim üçün həyatda onları qavramaq da çətin olardı. Əslində belə bir şey yoxdu: mən özüm belə hissi yaşamamışam və başqalarında da diqqətimi cəlb etməyibdi. Əksinə, biz öz aramızda oxumaq kimi Jozefinanın oxumağının çox da dəyərli olmadığını bir-birimizdən gizlətmirik.

Ümumiyyətlə, bunu oxumaq adlandırmaq olarmı? Biz musiqiçi camaat olmasaq da, oxumaq əsrlərin ənənəsi kimi xalq yaddaşında yaşayır; qədimlərdə bizdə oxumaq olubdu; bundan əfsanələr də danışlır; mahnıların mətni də qalıbdı; amma bu mahnıları heç kim oxuya bilmir. Beləliklə də, oxumaq nədir anlayışı bizə yad deyil, amma Jozefinanın oxumağı qətiyyən buna uyğun gəlmir. Bir də ki, bunu oxumaq adlandırmaq olarmı? Bu, sadəcə olaraq ciyilti deyilmi? Doğrudur, biz hamımız ciyildəyirik və ciyildəmək bizim təbii istedadımızdı, hətta istedadımız da deyil, özümüzü ifadəmizdi. Bizim hamımız ciyildəyirik, amma heç birimizin ağlına gəlmir ki, ciyiltimizi sənət yerinə sırıyaq, biz düşünüb – daşınmadan, dərinə varmadan ciyildəyirik, çoxlarının yatsa yuxusuna da girməz ki, ciyildəmək bizim istedadımızdı. Əgər Jozefinanın oxuduğunu yox, ciyildədiyini və məncə, başqalarından heç də yaxşı ciyildəmədiyini həqiqət kimi qəbul etsək – Jozefina hətta səsinin gücünə görə çoxlarına uduzur, yadınıza salım ki, adi rəncbər ağır iş görə-görə ağına-bozuna baxmadan səhərdən axşama necə ciyildəyir – bunu həqiqət kimi qəbul etsək, Jozefinanın güman olunan sənətindən heç nə qalmayacaq; amma belə bir müəmmalı sual ortaya çıxacaq: eləsə onun dinləyicilərə qeyri-adi təsirini nə ilə izah etmək olar?

Əlbəttə, burada məsələ təkcə ciyildəməkdə deyil. Bir az uzaqda dayanın və qulaq asın, yaxud da bir halda ki, başlamısınız, onun səsini ümumi hay-küyün içindən seçməyə çalışın və siz adi ciyiltidən başqa heç nə eşitməycəksiniz. Uzaqbaşı Jozefinanın səsi başqalarının səsindən zəif və quru eşidiləcək. Amma onunla üzbəüz dayansanız, onun oxumağı sizə artıq təkcə ciyilti təsiri bağışlamayacaq: onun sənətini qiymətləndirmək üçün qulaq asmaq azdı, həm də özünü görmək lazımdı. Yəqin ki, siz lap adi ciyilti eşidəcəksiniz, eybi yoxdu, qeyri-adilik burasındadır ki, kimsə hansısa adi bir şeyi görməyə hazırlaşdığı halda, möhtəşəm poza alır. Qoz sındırmaq, Allah bilir, hansı sənətdi, çətin ki, kimsə camaatı bir yerə yığıb, onları əyləndirmək üçün qoz sındırmağa ürək eləsin. Kimsə bunu qəflətən edərdi və böyük gurultu qopardardı, doğrudur, biz də onun uğurunun səbəbini kənarda axtarardıq. Təsadüf elə gətirərdi ki, onun bu hoqqası hamının xoşuna gələrdi, bundan belə bir nəticə hasil olur ki, biz bu sənətin fərqinə varmamışıq, çünki uşaqlıqdan bu sənəti yaxşı mənimsəmişik, yalnız bizim bu qoz sındıranımız gözümüzü açdı, bu sənətin əsil mahiyyətini bizə göstərərdi. Digər tərəfdən, əgər o, ortabab qoz sındırandırsa və biz istənilən birimiz bu sənət sahəsində ondan üstünüksə, bu. Ancaq sənətin özünün xeyrinədir.

Eyni hal, görünür, Jozefinanın oxuması ilə bağlıdı: biz özümüzdə laqeyd qaldığımıza Jozefinada heyran kəsilirik və bu məsələdə Jozefina bizimlə tam razıdı. Bir dəfə mən iştirak elədiyim məclisdə kimsə mümkün dərəcədə nəzakətlə ciyildəməyin xalq arasında məşhur olması haqqında onunla hamıya bəlli bir məsələ kimi söhbət elədi. Jozefinaya bu da bəs idi. Məşhur müğənnimizin təkəbbürlə və iyrəncliklə özünü necə əzib-büzdüyünü görəydiniz! Sir-sifətdən əsil zəriflik mücəssəməsi idi, amma bu məqamda mənə bayağı göründü; doğrudu, Jozefina tez ayıldı və özünəməxsus taktla səhvini düzəltməyə çalışdı. Bunun özü bir daha göstərir ki, Jozefina oxumağı ilə ciyildəmək arasında müəyyən əlaqə olduğu fikrindən çox uzaqdı. Başqa fikirdə olanları müğənninin gözü götürmür, hətta, güman ki, daxilən onlara nifrət edir. Amma indiki məqamda onu adi şöhrət azarı danışdırmır – axı mənim özümün də daxil olduğum müxalifət onun heyranıdı; amma Jozefina heyranlıqla kifayətlənmir – adi heyranlıq onun üçün azdı; zəhmət olmasa, pərəstiş edin! Tamaşaçıların arasında oturub ona baxanda, siz bunları başa düşürsünüz; yalnız bizim məşhur müğənnidən uzaqda dayanmaqla müxalifətdə durmaq olar; amma tamaşaçıların arasında oturmaqla siz etiraf eləməyə hazırsınız ki, onun ciyildəməyi heç də ciyildəmək deyilmiş.

Bir halda ki, ciyildəmək bizim üçün təzə şey deyilmiş və necə ciyildəməyimizi özümüz də hiss eləmirik, belə fikirləşmək təbii olardı ki, Jozefinanın tamaşaçılarının arasında da ciyilti var. Axı onun sənəti bizi sevindirir, bizsə sevinə-sevinə ciyildəyirik. Amma Jozefinanın dinləyiciləri ciyildəmirlər, onlar süpürgə arxasındakı siçan kimi gizlənib otururlar; fikirləşmək olar ki, biz arzuladığımız sakitliyə nail olmuşuq və öz fitimizlə onu hürkütməyə qorxuruq. Bu konsertlərdə bizi daha çox nə cəlb edir – Jozefinanın oxumasını, yoxsa onun səsinin hiss olunmayacaq dərəcədə pozduğu təntənəli sükutmu? Bir dəfə yelbeyin siçan təsadüfən Jozefinanın oxumağını eşidib, onun səsinə səs verdi. Bu ciyilti də Jozefinanın bizi nəşələndirdiyi ciyiltinin eyni idi, ətalətə baxmayaraq, səhnədə müəyyən təmkin olsa da, dinləyicilər uşaqcasəına fədakarlıqla ciyildəyirdilər; bütövlükdə heç bir fərq yox idi; bununla belə, yazıq – siçanın yerə girməyə hazır olduğuna baxmayaraq, biz sükutu pozanı fitə basdıq, Jozefina isə qələbə himninə başladı; o, cuşa gəlib qollarını daha geniş açdı və gözəl boynu imkan versəydi, başını geriyə daha çox atardı.

Həmişə belədi: ən xırda şeylərdən, hər cüzi təsadüflərdən, istənilən maneçilikdən, parketin cırıltısından, dişlərin xırçıltısından, işıqlandırmanın pozuntusundan, bir sözlə, istənilən çətinliklərdən Jozefina oxumağına maraq oyatmaq üçün istifadə edir; axı o, belə güman edir ki, ona karlar qulaq asırlae; doğrudu, təkrar-təkrar səhnəyə qaytarılması və alqışlar baxımından onun gileylənməyə haqqı yoxdu, amma həqiqi başa düşülməyi guya tapa bilmir və buna olan ümidini çoxdan itiribdi. Buna görə də Jozefina hər bir əngəli alqışlarla qarşılayır; axı xarici aləmdə ifası ilə uyğun gəlməyən şeylərin öhdəsindən o, dava-şavasız, yalnız adicə qarşıdurma gücünə gəlir və bütün bunlar dinləyiciləri hərəkətə gətirməyə, anlamağı təlqin edə bilməsə də, onun sənətinə həssas hörmət oyatmaqla kömək edir. Bir halda ki, Jozefina ən xırda şeylərdən öz xeyrinə istifadə edir, bu cür şeylərdən heç danışmağa dəyməz! Bizim həyatımız təşvişlərlə doludu, hər gün özü ilə gözlənilməzliyini, qorxusunu, ümidini və dilxorçuluğunu gətirir, əgər gecə və gündüzün hər bir anında dostlarımızın köməyini hiss eləməsydik, bizim heç birimiz bu sınağa tab gətirə bilməzdik; hətta bu köməyi hiss etməkdə də biz bəzən çətinlik çəkirik; bir də görürsən ki, əslində bir nəfər üçün nəzərdə tutulmuş yükün ağırlığından minlərlə çiyin haldan düşür. Məhz belə vaxtlarda Jozefina vaxtının gəlib çatdığını hesab edir. Budur, bu zərif sizin qarşınızdadı və mahnı oxuyur: döşləri qarnından yuxarı əsim-əsim əsir, sanki Jozefina var gücünü mahnıya verir, oxumağında iştirak etməyən hər şeyi isə heysizləşibdi, tam tükənibdi, sanki müğənni çılçılpaqdı, bütövlükdə stixiyanın hökmünə və xeyirxah ruhların himayəsinə verilib, özünü bütün varlığı ilə oxumağa verdiyi məqamda küləyin ilk soyuq mehi onu öldürə bilər. Müğənnini haldan çıxmış gördükdə biz – onun xəyali rəqibləri deyirik: “Jozefina heç əməlli-başlı ciyildəyə də bilmir: hər bir adamın ciyildəyə biləcəyi kimi ciyildəmək üçün – oxumaq üçün yox, oxumaq nədi! – özünü belə zora salmağa dəyməz.” Bizim ilk və qaçılmaz təəssüratımız belə idi, amma deyildiyi kimi, ilk təəssürat keçicidi, tezliklə küləyə hakim kəsilən hiss bizə də sirayət edir: bir-birimizə qısılıb, onun hər həniri ilə isinib nəfəsimizi dərmədən qulaq asırıq.

Daimi hərəkətdə olan, qeyri-müəyyən məqsədlə irəli-geri qaçan bu kütləni yığmaq üçün Jozefinanın başını geri atması və gözlərini axıtması – bir sözlə, oxumağa hazırlaşdığını göstərən poza alması kifayətdi. Bundan ötrü istənilən yer yarayar, onu hətta səhnə də lazım deyil, onu təsadüfü seçilmiş ilk yer də qane edir. Jozefinanın oxuyacağı haqqında xəbər bir andaca hər tərəfə yayılır və camaat tökülüşüb gəlir. Bəzən maeələr ortaya çıxır, Jozefina narahat vaxtlarda çıxış etməyi xoşlayır, belə vaxtlar hərə öz ehtiyacı və qayğısı ilə yaşayır, hərə öz işinin dalınca düşür, hətta istəsək belə, Jozefinanın ürəyindən keçən tezliklə yığışa bilmirdik, bəzən o, xalq yığılana kimi özünün möhtəşəm pozasında dayanıb durur; aydındır ki, müğənni hiddətlənir, ayağını yerə döyür, qıza yaraşmayan söyüşlər işlədir və hətta dişləyir. Amma belə davranış da onun məşhurluğuna xələl gətirmir; tamaşaçılar müğənninin ifrat tələblərinin qarşısını almaq əvəzinə, onu təmin etməyə çalışır: hər tərəfə çapar göndərirlər (əlbəttə, Jozefinadan xəbərsiz) ki, çox dinləyici toplasınlar; yollar boyunca məntəqələr qoyurlar ki, gecikənləri tələsdirsinlər; kifayət qədər adam yığışmayana kimi bütün bunlar davam edir. Hamını Jozefinaya yarınmağa kim məcbur edir? Bu suala cavab vermək Jozefinanın oxumağı ilə bağlı suala cavab vermək qədər çətindi, bunlar bir-biri ilə bağlıdır. Əgər oxumağı naminə xalqın Jozefinaya qeyd-şərtsiz sədaqətli olduğunu təsdiq etmək mümkün olsaydı, ikinci tərəflə birləşdirib birinci tərəfi atmaq mümkün idi. Amma bu barədə söhbət də gedə bilməz. Bizim camaat heç kəsə qeyd-şərtsiz sədaqətli deyil, özünün qərəzsiz bicliyini, özünün uşaqvari şirin söhbətini, özünün günahsız boşboğazlığını - təki dil işləsin – çox istəyən xalq qeyd-şərtsiz sədaqətliliyə qadir deyil və Jozefina bunu hiss edir, özünün zəif boğazına yazığı gəlmədən buna qarşı mübarizə aparır.

Təbii ki, belə ümumi təsdiq bizi uzağa apara bilər, hər halda xalq qeydsiz-şərtsiz olmasa da, Jozefina sədaqətlidi. Məsələn, xalq heç vaxt Jozefinaya gülməz, halbuki Jozefinada gülməyə layiq cəhətlər var, xüsusən nəzərə almaq lazımdır ki, gülüş bizim arzulanan qonağımızdır; ehtiyatımıza baxmayaraq, bizim özümüz özümüzə gülürük, amma Jozefinaya gülmürük. Bəzən mənə elə gəlir ki, xalq Jozefinanı zəif, köməksiz, müəyyən mənada qeyri-adi məxluq (onun nəzərində qeyri-adi müğənni) – qayğısı ona etibar edilmiş məxluq kimi qəbul edir; bu təsəvvürün xalqda haradan yarandığını demək çətindir, sadəcə olaraq faktı qeyd etmək mümkündü. Amma sənə etibar edilənə gülməzsən, ona gülsən, deməli, öz borcunu tapdalamış olarsan; bizim ən yaman adamlarımız bircə bunu deməyə qadirdilər: “Biz onu görəndə, gülüş dodaqlarımızda donub qalır”.



Xalq, ata uşağının qayğısına qalan kimi Jozefinanın qayğısını çəkir; uşaq əl çalır, nəsə istəyir, ya da ki, nəsə tələb edir. Güman eləmək təbii olardı ki, belə borc bizim xalqın əxlaqına yaddı, amma öz borcunu nümunəvi şəkildə yerinə yetirir, ən azı indiki halda. Bütövlükdə xalqın qadir
Yüklə 20,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin