muhazirə 6. Neft və qaz yataqlarının işlənilməsinin son mərhələsində aparılan tədqiqatlar
Neft və qaz yataqlarının işlənilməsi olduqca uzun bir müddətdə həyata keçirilməsinə baxmayaraq onların ehtiyatlarının tam realizə olunması mümkün olmur. Geoloji mühit, işlənilmənin müddəti və intensivliyindən asılı olaraq yataqların neftvermə əmsalının səviyyəsi geniş diapazonda dəyişir. Onu da qeyd edək ki, bu əmsalın qiyməti neft-qaz elminin inkişafı və texnologiyasının təkmilləşməsi nəticəsində yüksəlməkdədir. Məsələn, XX əsrin ortalarına qədər olan müddətdə işlənilmə, yataqların yalnız təbii enerji mənbəyinin istifadəsi ilə aparıldığından onların ehtiyatlarının yalnız 30-40%-nin realizəsinə nail olunmuşdur. Bu dövrdən sonra yataqların işlənilməsində suvurma prosesinin tətbiqi, işlənilmə sistemlərinin aktiv tənzimlənməsi, işlək quyuların texnoloji rejimlərinin optimallaşdırılması və sair nəticəsində neft ehtiyatlarının realizə dərəcəsi yüksələrək, bəzi hallarda 50-60% çatmışdır. Neft-qaz yataqlarının işlənilmə effektivliyinin gələcəkdə də yüksələcəyini proqnozlaşdırmaq olar. Lakin belə vacib və mürəkkəb bir problemin həyata keçirilməsi yataqların işlənilməsinin son dövrlərində (IV və V mərhələlər) kompleks geoloji-mədən tədqiqatlarının həyata keçirilməsini tələb edir. Bu dövrdə məlum olduğu kimi yataq kəskin dəyişikliyə məruz qalır: lay təzyiqi enir, laylarda müxtəlif mənşəli suların hərəkəti müşahidə olunur, lay süxurlarının məsaməliyi və keçiriciliyi azalır, tektonik qırılmaların funksiyasında və lay temperaturunun qiymətlərində dəyişmələrə rast gəlinir. Neft ehtiyatlarının realizəsində də qeyri-bərabər formalar müşahidə olunur: qanunauyğunluqlar çox vaxt lokal zonalarla mürəkkəbləşmiş olur və sair. Odur ki, işlənilmənin son dövrlərində neft və qaz yataqlarına olduqca mürəkkəb bir dinamik sistem kimi baxmaq lazımdır. Bu sistemlərin təzahüründə ümumi oxşarlıq olmadığından onların səmərəli inkişafında xüsusi yanaşma prinsipi əsas götürülməlidir.
Beləliklə, neft-qaz yataqlarının işlənilməsinin son dövrlərində qalıq neft ehtiyatlarının maksimum səviyyədə mənimsənilmə yollarının təyini üsullarına nəzər salaq. Bu məqsədlə aparılan tədbirlər kompleksini aşağıdakı tədqiqat sahələrinə bölmək mümkündür.
Neft və qaz yataqlarının geoloji quruluşunun dəqiqləşdirilməsi. Yataqlara layihə sənədlərinə müvafiq qazılmış bütün quyulardan (o cümlədən, istismar, vurucu və sair) alınmış kompleks məlumatlar yenidən nəzərdən keçirilir, mədənin kəsilişində rast gələn layların daban və tavan qiymətləri müqayisəli təhlil əsasında təyin olunur. Sonra hər hansı bir məlum alqoritm və proqram əsasında struktur xəritələr tərtib olunur. Yatağın strukturunu mürəkkəbləşdirmiş tektonik qırılmaların yeri, amplitudları və funksiyaları (keçirici və ya ekran) müəyyənləşdirilir. Tərtib olunmuş xəritə və profillər onların ilkin variantları ilə müqayisə olunur. Mədəndə aşkar edilmiş hər bir yeni struktur elementinin etibarlılığı işlənilmə məlumatları ilə yoxlanılmalıdır.
Neft və qaz ehtiyatlarının dəqiqləşdirilməsi. Yataqların işlənilməsinin əsas göstəriciləri olan ehtiyatlar haqqında etibarlı məlumatlar vaxtaşırı əldə edilməlidir. Odur ki, hər hansı bir mədənin, yatağın və ayrı-ayrı işlənilmə sahələrinin qalıq balans və çıxarılabilən ehtiyatlarının təkrar hesablanması həyata keçirilməlidir. Bu problemi həll etmək üçün yataqların işə salınması ərəfəsində və bilavasitə işlənilmə prosesində alınmış hesablanma məlumatları bir daha nəzərdən keçirilir və sistemləşdirilir. Hesablanma nəticələrinin etibarlılığı bir daha qiymətləndirilir. Bu məlumatların əsasında işlənilmənin son dövrlərində yataqların potensial imkanlarını qiymətləndirmək üçün bir-biri ilə əlaqəli iki məsələ həll edilməlidir: ilk növbədə yatağın sahəsində, onun ayrı-ayrı tektonik blokları üzrə qalıq balans və çıxarılabilən ehtiyatların həcmi dəqiqləşdirilir. Təcrübələr göstərir ki, bu problemin həllini dinamik modelləşdirmədən, o cümlədən Hompers-Meykem əyrilərinin istifadəsi ilə təmin etmək daha doğru nəticələr verir. II mərhələdə isə hesablanmış ehtiyat həcminin həmin sahələrdə paylanılma xüsusiyyətlərinin aşkar edilməsini nəzərdə tutur. Bu məsələnin həllində krayqinq analizinə istinad edilərsə, nəticələr əyani olaraq xüsusi xəritələrdə öz əksini tapmış olur. Beləliklə, işlənilmədə olan yatağın neft ehtiyatı və onun yataq həcmində paylanılma arealları haqqında qiymətli məlumatlar əldə edilmiş olur. Neft ehtiyatlarının hesablanmasında yeni yanaşma yataqların xalq təsərrüfatı baxımından qiymətləndirilməsinə imkan verir. (B.Ə.Bağırov, S.Ə.Nəzərova, Ə.M.Salmanov, F.F.Məhərrəmov, 2005).