Nəriman Böyükkişi I e. n.,dos. Azərbaycan Universiteti



Yüklə 20,71 Kb.
tarix02.01.2022
ölçüsü20,71 Kb.
#37847
növüDərs
Bazar iqtisadiyyatı, yoxsa kapitalizm


Nəriman Böyükkişi i.e.n.,dos.

Azərbaycan Universiteti
Bazar iqtisadiyyatı, yoxsa kapitalizm?


            XX əsrin sonlarında sosializmin və planlı sosialist təsərrüfatının iflasa uğramasından sonra “kapitalizm”, “kapitalist” və bunlarla əlaqəli bir çox terminlərin iqtisadi və siyasi müzakirələrdə, dərsliklər və elmi əsərlərdə istifadəsi demək olar ki, aradan qalxdı. Əvəzində isə bu terminlərin sinonimləri kimi “bazar iqtisadiyyatı”, “sahibkar”, “biznesmen” və s. bu kimi anlayışlardan geniş istifadə edilməyə başladı.

İlk baxışdan bu söz əvəzləmələri köhnəlmiş və yeni cəmiyyətə xas olmayan həmin ifadələrin müasir və daha mütərəqqi anlayışlarla əvəz olunması kimi qəbul edilə bilər. Bu onunla izah olunur ki, adları çəkilən “köhnəlmiş” terminlər əhalinin böyük əksəriyyətində istismar, varlılar və kasıblar arasında əmlak bərəbərsizliyi, sosial ədalətsizlik və s. bu kimi neqativ fikirlər yaradırdı. Həmin dövrdə sosialist ideologiyasının hakimliyi və bütün iqtisadi biliklərin nəzəri cəhətdən siyasi iqtisad fənninə əsaslandığını nəzərə alsaq bunu tamamilə təbii qəbul etmək olar.

Məsələyə digər tərəfdən baxdıqda, bütün oxşarlıqlarına və sıx surətdə qarşılıqlı əlqələrinin olmasına baxmayaraq “bazar iqtisadiyyatı” və “kapitalizm” anlayışları və bunların arxasında duran nəzəri açıqlamaların eyni olmadığını və fərqli cəhətlərini qeyd etmək lazımdır.

Kapitalizm həqiqətən bazar iqtisadiyyatıdır, lakin hər bazar iqtisadiyyatı kapitalizm deyil. Bazar və şəxsi mülkiyyət kapitalizm olmadan da mümkündür.

Bazar iqtisadiyyatını şərtləndirən əsas amil bazar anlayışıdır. Bazar- istehsal, bölgü, mübadilə və istehlak prosesləri daxil olmaqla insanlar arasında iqtisadi münasibətlər sistemidir. Bazar min illər əvvəl, ictimai əmək bölgüsü nəticəsində meydana çıxmışdır və müxtəlif məhsulların sahibləri arasında mübadilə münasibətlərini əmələ gətirmişdir. İnsanların ehtiyacları, xüsusi mülkiyyətin mövcudluğu, əmək bölgüsü və ixtisaslaşması kimi amillərin təsiri altında əmək məhsulları digər məhsullar üçün ekvivalent mübadilə yolu ilə əldə edilə bilən bir əmtəəyə çevrilir.

Bazar mexanizmi aşağıdakı elementləri özündə birləşdirir:

• iqtisadi subyektlər (satıcılar, alıcılar, vasitəçilər, dövlət qurumları və s.);

• obyektlər (müxtəlif növ məhsullar, iş və xidmətlər);

• subyektlər arasındakı iqtisadi əməkdaşlıq və ya rəqabət münasibətləri;

• iqtisadi əlaqələrin qurulması üçün qəbul edilmiş qərarlar barədə məlumat;

• qiymət mexanizmi.

İctimai istehsal üsullarına uyğun olaraq, tarixən bazar iqtisadiyyatının aşağıdakı formaları olmuşdur.

-quldarlıq;

-feodal;

-kapitalist;

-sosialist.

Yuxarıda göstərilən hər bir bazar sistemi öz iqtisadi mexanizminə və istehal üsullarına görə bir-birindən fərqlənmişlər.Tarixə nəzər salsaq, bəşəriyyətin böyük əksəriyyətinin bazar iqtisadiyyatı şəraitində- xüsusi mülkiyyət və bazar mexanizmi şəraitində yaşadığını görərik.

Yeri gəlmişkən, sosialist bazar sistemi haqqında bir qədər açıqlama verək. İctimai şüurda belə fikir formalaşmışdır ki, sosializm və bazar iqtisadiyyatı ziddiyət təşkil edir və eyni zamanda eyni dövlətdə mövcud ola bilməz. Guya bazar iqtisadiyyatı qanunları sosializm təsərrüfatçılıq prinsiplərinə uyğun deyildir. Əslində isə rəqabət istisna olmaqla, bazar mexanizminin yuxarıda qeyd etdiyimiz bütün elementləri sosializm cəmiyyətində də mövcuddur. Əyani olaraq Çin Xalq Respubikası, Koreya Xalq Demokratik Respublikası və Kuba kimi sosialist ölkələrində bazar iqtisadiyyatı prinsipləri ilə təsərrüfatçılığı misal göstərə bilərik. Çin iqtisadiyyatının bu metodla əldə etdiyi uğurlar hamıya məlumdur.

Kapitalizm isə nisbətən daha gənc iqtisadi sistem və ictimai-siyasi formasiyadır. Onun yaranması orta əsrlərə təsadüf edir və 500 ilə yaxın bir müddətdə davam etmişdir.

Kapitalizm Avropaya tacirlər dövründən, istehsalın, nəqliyyatın, malların satılması və xidmətlərin ortaya çıxmasından sonra gəldi. Sonra güc və nüfuza sahib olan, bununla da birbaşa və ya dolayı yolla əmlak (kapital) əldə edən sənayeçilər və kapital qarşısında müdafiəsiz və seçim qarşısında qalan muzdlu işçilər meydana gəldi.

Kapitalizm- xüsusi mülkiyyətə, hüquqi bərabərliyə və azad sahibkarlığa əsaslanan iqtisadi sistemidir. Burada iqtisadi qərarlar qəbul etməyin əsas meyarı kapitalın artırılması, qazanc əldə etmək istəyidir. Bazar və şəxsi mülkiyyət olmadan kapitalizm həqiqətən ağlasığmazdır.

Kapitalizm bütün digər bazar sistemlərindən onunla fərqlənir ki, o, istehsalın əsas elementi olan iş qüvvəsini əmtəəyə çevirir. Digər sosial-iqtisadi sistemlərdən fərqli olaraq, müasir cəmiyyət iki əsas komponentdən- istehsal vasitələrinin sahiblərindən və əməyini əmlak sahiblərinə satan işçilərdən ibarətdir. Buna görə də, belə istehsal üsulunda "kapitalizm" ifadəsinin istifadəsi qəbulediləndir.

Kapitalizm üçün yalnız bazar və xüsusi mülkiyyətə sahib olmaq kifayət deyil. Kapitalizm şəxsən azad insanların bazar iqtisadiyyatıdır. Şəxsi azadlıq yalnız həqiqi təhlükəsizlik, şəxsi mülkiyyətin qanunla, adət və mədəniyyətlə qorunması, vətəndaşların bir-birinə və hakimiyyətə münasibətdə hüquqi bərabərliyi şəraitində mümkündür. Əgər bazar iqtisadiyyatı və özəl mülkiyyət varsa, lakin hüquqi nizam - fərdi azadlıq, əmlak zəmanəti, qanunun aliliyi yoxdursa onda kapitalizm də yoxdur.



Göründüyü kimi hər iki termin eyni iqtsadi sistemin fərqli xüsusiyyətlərini nəzərə almaqla əslində bir-birini tamamlayır və bunlardan hansının daha tam və dəqiq olmasını müəyyən etmək üçün daha dərin xüsusi araşdımalar aparılmasına ehtiyac vardır.

Bu gün dünya iqtisadi mexanizmi yeni qaydalarla fəaliyyət göstərir. İstehsalın, istehsal vasitələrinin və əməyin beynəlmiləlləşməsi nəticəsində qlobal iqtisadiyyat formalaşır. Qloballaşma prosesində xüsusi kapital ölkə sərhədləri nəzərə alınmadan dünya miqyasında tətbiq olunur.

Bütün bu proeslər nəticəsində yaxın gələcəkdə “kapitalizm” və “bazar iqtisadiyyatı” terminlərinə alternativ olaraq bir iqtisadi sistem kimi “qlobalizm” və ya “qlobal iqtisadiyyat” terminlərin iqtisadi və siyasi dərsliklər və elmi əsərlərdə istifadəsini heç də təəccüblü hesab etmirik.
Yüklə 20,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin