Nitq mədəniyyəti ümumi mənəvi mədəniyyətin tərkib hissələrindən biridir. Xalqımızın müstəqillik və suverenlik əldə etdiyi indiki dövrdə hərtərəfli inkişaf etmiş şəxslərin tərbiyə olunması tələbi dil mədəniyyətini də vacib məsələ kimi qarşıya qoyur. Azərbaycan dili hazırda sözün əsl mənasında dövlətimizin rəsmi dilidir, geniş və şəriksiz ictimai ünsiyyət vasitəsidir. Hər cür dəftərxana işləri, rəsmi sənədlər, mətbuat, radio və televiziya verilişləri və s. bu dildə aparılır. Xüsusən, radio və televiziya verilişlərində ayrı-ayrı ixtisas sahələrinə, müxtəlif dil duyumuna mənsub olan adamlar öz arzu və istəklərini, təklif və tövsiyələrini, xalqın ədəbiyyatı, tarixi, mədəniyyəti, dövlətimizin daxili və xarici siyasəti və s. ilə bağlı söhbətlərini öz ana dilində - Azərbaycan dilində şərh edir, söyləyirlər. Azərbaycan dili qrammatik quruluşuna görə türk dillərinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Hazırda Azərbaycanda və ondan xaricdə - İran, Rusiya, Gürcüstan, Orta Asiya, Avropa ölkələri və b. yerlərdə 40 milyondan artıq adam bu dildən ünsiyyət vasitəsi kimi istifadə edir. Azərbaycan dili sabit qrammatik quruluşa, zəngin söz və ifadə ehtiyatına, zərif səslənmə sisteminə malikdir. Elmi, siyasi, fəlsəfi fikirləri ifadə etmək, bədii, publisistik təfəkkürün gözəl nümunələrini yarada bilmək baxımından dilimizin imkanları başqa dillərlə müqayisədə xeyli genişdir. Bu dildə müasir elmi-texniki proqresin ən incə və mürəkkəb anlayışlarını ifadə etmək mümkündür.
Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək imkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacib sayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər, bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarından nümunə götürməlidirlər. Dilçilik ədəbiyyatında nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik, orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri axtarışlar və təcrübi tədbirlər kompleksidir”. Bu tərifi başqa bir şəkildə ifadə etmiş olsaq, deyə bilərik ki, nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına əməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir. Nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğun olaraq ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadə edə bilmə bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündə ehtiva edir:
1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını gözləməsi;
2) nitq məharəti.
Təkcə nitq normalarını deyil, həm də mövcud variantlardan məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən daha uyarlı dil vahidini seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika ilə üslubiyyatın vəhdətidir. Başqa bir mənbədə mədəni nitq, nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitq mədəniyyəti – nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadə vasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadə etmək bacarığı; dil səviyyələrinin və onlara daxil olan vahidlər sisteminin formalaşdırılması, təkmilləşdirilməsi problemlərini, dil hadisə və proseslərinin inkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsi”. Bu tərif nitq mədəniyyəti anlayışını ehtiva etmək baxımından daha dəqiq və əhatəlidir. Nitq mədəniyyəti insanın yüksək ictimai mədəniyyəti, təfəkkür mədəniyyəti, dilə şüurlu sevgisi, ən yüksək keyfiyyətdir. Böyük Britaniyada qadınların nitqi ilə bağlı aparılan sosioloji tədqiqatlar göstərmişdir ki, nə qədər nitq düzgündürsə qadın şəxsi və professional həyatda bir o qədər xöşbəxtdir. Bu nəticəni, şübhəsiz, dilin bütün daşıyıcılarına aid etmək olar. İnsanın nitqi onun iç dünyasını aşkarlayan başlıca vasitədir.
Nitqin əsas keyfiyyətləri haqqında yığcam bir şəkildə aşağıdakıları qeyd etmək olar: 1. Nitqin aydınlığı. Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt sayır və göstərirdi ki, nitq aydın deyilsə, demək, o öz məqsədinə çata bilməmişdir. Nitqin aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazanın) nitq obyekti haqqında mükəmməl məlumata malik olmasıdır. Natiq haqqında danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək üçün müvafiq dil vasitələri də tapa bilər. Bəhs olunan mövzular, hadisələr, əhvalatlar və s. barədə dərin, həm də ətraflı biliyə malik olan natiqlər daha maraqla dinlənilir, onların şərhində heç bir dolaşıqlıq, zidd fikirlər müşahidə olunmur. Belə adamlar sadə, aydın cümlələrlə, faktlarla, dəlillərə əsaslanaraq danışır və yazır, işlədilən hər bir sözün əhəmiyyətini, ifadə olunan fikir üçün onun nə dərəcədə yararlı olduğunu aydın təsəvvür edirlər. Firudin bəy Köçərli nitqin aydınlığını təfəkkürün düzgün işləməsi, fikrin düzgünlüyü ilə əlaqələndirir. “Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır. Doğru və salamat fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur” – deyirdi.
Nitq zamanı aydınlığın pozulmasının bir səbəbi də dili, sözlərin mənasını, işlənmə məqamını və s. yaxşı bilməmək, zəngin söz ehtiyatına sahib olmamaqdır. Danışıq zamanı qüsurlu cümlələrə tez-tez təsadüf edirik. Radio və televiziya verilişlərində nəzərə çarpan belə nöqsanlı cümlələrdən misal olaraq aşağıdakıları göstərmək olar: Türk xalqları həmişə əxlaqlı olublar. Müşavirədə xeyli qonaqlar çıxış etdilər. Təcili atəşin dayandırılması tələb olundu. Hadisə yerinə çıxılmış; Rəis mədəni (birinci hecadakı ə uzadılaraq tələffüz olunur) adamdır. O, bu işə məhsuldur. Dövlət film fondundan itmiş məşhur bəstəkar Müslüm Maqomayev haqda film tapılmışdır; Başımıza gətirilən ermənilər tərəfindən vəhşilikləri saymaqla qurtarmaz; Ona müvəffəqiyyət uğurları arzulayıram; Bu il havaların pis keçməsi ilə bağlı qəbahət yaranmışdır; Biz bunlara müdaxilə göstərməyə çalışırıq və s. Düzgün olmayan tələffüz – səslərin öz məxrəcində deyilməməsi, qarışdırılması, bəzən də səslərin, hecaların tələffüzdən düşməsi, məzmuna, məqsədə uyğun intonasiyaya əməl olunmaması və s. də nitqin aydınlığına xələl gətirən səbəblərdir. Normal nitq tempindən yavaş və ya əksinə, iti danışanlara təsadüf etmək çətin deyildir. Iti templə danışarkən sözlər yarımçıq tələffüz olunur. Belə nitqi eşitmək və qavramaq çətin olur. Sözlərin əvvəli və ya axırı “udulur”, səslər anlaşılmır. K.S.Stanislavski bu cür nitq haqqında demişdir: “Səsləri dəyişdirilmiş sözlər mənə ağzının yerində qulağı, qulağın yerində barmağı olan adam təsiri bağışlayır. Əvvəli aydın deyilməyən söz başı əzilmiş adam kimidir. Sonu eşidilməyən söz isə mənə ayaqları kəsilmiş adamı xatırladır. Ayrı-ayrı hərf və hecaların buraxılması əzilmiş burun, çıxarılmış göz və ya diş, kəsilmiş qulaq və bu kimi şikəstliklər təsirini bağışlayır.
Dilçilik elmi dilin qayda-qanunlarını, xüsusiyyətlərini, quruluşunu öyrənir. Dil müxtəlif baxımdan öyrənildiyi üçün ayrı-ayrı sahələrə bölünür. Dilçiliyin fonetika, leksikologiya, morfologiya və sintaksis kimi bölmələrindən başqa, etimologiya, lüğətçilik, dialektologiya kimi sahələri də vardır.
Etimologiya. Sözün mənşəyini, kökünü, nədən törəməsini öyrənən dilçilik sahəsinə etimologiya deyilir. Dilimizdə yaranma tarixi çox qədim olan elə sözlər var ki, indiki şəklində daşıdığı leksik məna anlaşılmır, yəni kökü, mənşəyi izah edilə bilmir. Bu halda etimologiya elminə üz tutmaq lazım gəlir. Sözün kökünü üzə çıxarmaq, onun başqa sözlərlə bağlılığım öyrənmək üçün aparılan dilçilik araşdırmasına etimoloji təhlili deyilir.
Lüğətçilik.Dilçiliyin praktik sahəsi olub, lüğətlərin tərtibi, yaranma qaydalarını öyrənir. Lüğətçilik Azərbaycan - türk dilçiliyinin qədim sahəsidir. Mahmud Kaşğarinin məşhur "Divanu lüğətit - türku (XI əsr) buna nümunə ola bilər. Hüsam Təbrizi (XIII əsr) Hinduşah Naxçivani (XIV əsr) kimi Azərbaycan alimləri də lüğət tərtib etmişlər. XX əsrin əvvəllərində Sultan Məcid Qənizadə, Üzeyir bəy Həcıbəyov, Əliağa Şıxlınski bir sıra lüğətlər tərtib etmişlər. 1964-1987-ci illərdə Əliheydər Orucovun müəllifliyi və rəhb ərliyi ilə nəşr olunmuş 4 cildlik "Azərbaycan dilinin izahlı lüğəti" son 50 ildə lüğətçilik sahəsində görülmüş ən böyük iş sayılır. Lüğətlərin bir neçə növü var: izahlı lüğətlər, tərcümə lüğətləri (məsələn, azərbaycanca - ərəbcə və ya ingiliscə -azərbaycanca lüğətlər və s.) və terminoloji lüğətlər (məsələn, dilçilik terminləri lüğəti).
Dialektologiya. Dialekt və ya şivəni öyrənən dilçilik sahəsidir. Yerli -məhəlli danışığa dialekt və ya şivə deyilir. Bir çox şivələrimizdə elə qədim sözlər qorunub saxlanmışdır ki, vaxtilə ədəbi dilimizdə işlənmiş, lakin indi unudulmuşdur. Bu baxımdan dialektlər dilimizin tarixini, onun inkişaf mərhələrini öyrənmək üçün çox əhəmiyyətlidir. Ayrı-ayrı ərazilərdə işlənən yerli - məhəlli söz və ifadələrə dialektizm deyilir. Bədii əsərlərin dilində dialektizmlərə rast gəlmək olur.
Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. Dilimiz tarixən türk dili, türki, türkcə adı ilə tanınmış, indi isə Azərbaycan dili kimi rəsmiləşdirilmisdir. Hazırda dünyanın müxtəlif yerlərində yaşayan 30 milyondan çox azərbaycanlı bu dildə danışır. Azərbaycan dili müstəqil respublikamızın dövlət dilidir.
Bir kökdən törəyən dillərə qohum dillər deyilir. Qohum dillərin hamısı birlikdə dil ailəsi adlanır.
Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Türk dilləri ailəsi bir neçə qrupa bölünür: oğuz qrupu, qıpçaq qrupu, qarluq qrupu. Dilimiz oğuz qrupuna daxildir. Türk (Türkiyə türkcəsi), türkmən, qaqauz dilləri də oğuz qrupuna daxildir. Qazax, qırğız, tatar, başqırd, qumuq dilləri qıpçaq qrupuna aiddir. Qarluq qrupuna isə aşağıdakı dillər daxildir: özbək, uyğur, salur və s.
Oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci minilliyində başa çatır. Deməli, bu qrupa daxil olan Azərbaycan dilinin də fonetik sistemi, əsas lüğət fondu (leksikası) və qrammatik quruluşu həmin dövrdə formalaşmışdır.
Azərbaycan-türk milli dili isə XVI əsrin sonlarından formalaşmışdır. Bu dövrdə çağdaş dilimizin əsas lüğət fondu (leksikası) və qrammatik quruluşu müəyyənləşir. Dillər qohumluq xüsusiyyəti ilə yanaşı, morfoloji quruluşuna görə də müəyyən qruplara ayrılır. Morfoloji quruluşuna görə dünya dilləri kök dillər, flektiv dillər və iltisaqi dillər kimi qruplara bölünür. Kök (amorf) dillərdə sözün kökü dəyişmir və sözdəyişdirici (leksik) şəkilçi olmur (məsələn, Çin dili). Flektiv dillərdə sözün kökü içəridən dəyişir və şəkilçi sözün əvvəlində, axırında gəlir (məsələn, ərəb dilində).
Azərbaycan dili morfoloji quruluşuna görə iltisaqi (aqqlütinativ) dillərə daxildir. Bu tip dillərdə sözün kökü dəyişmir və həmişə müstəqil leksik məna bildirir. Şəkilçilərin (həm leksik, həm də qrammatik), bir qayda olaraq, söz kökündən sonra gəlməsi üə iltisaqi dillərin əsas xüsusiyyətlərindən biridir. Bu xüsusiyyət dilimizdəki əsl Azərbaycan sözlərinə (türk mənşəli sözlərə) aiddir. Alınma sözlərdə isə bu qaydanın pozulması halları özünü göstərir, yəni şəkilçi söz kökündən əvvəl işlənir. Məsələn: na-insaf, na-məlum, bi-vəfa, bi-şüur, la-qeyd, ba-məzə və s. (Əsl Azərbaycan sözləri olan kişi və dinc sözləri də na şəkilçisi ilə işlənir: na-kişi, na-dinc). Məlum olduğu kimi, ahəng qanunu sözdə qalın və incə saitlərin bir-birini izləməsi deməkdir. Dilimizin əsas fonetik qanunu kimi, ahəng qanunu fonetikada öyrənilir. Lakin ahəng qanunu dilimizin morfoloji quruluşu ilə də birbaşa bağlıdır. Belə ki, dilimizdəki milli sözlərdə ahəng qanunu, əsasən, gözlənilsə də, bir çox alınma sözlərdə pozulur. Məsələn: kitab, alim, dünya, vəfa, radio və s. Bununla belə, bu kimi sözlərə öz dilimizə məxsus hər hansı bir şəkilçi artırdıqda həmin şəkilçi söz kökündəki son hecanın ahənginə mütləq uyuşmalıdır. Məsələn: kitab-lar, alim-lər-imiz, dünya-da, vəfa-lı, radio-ya və s. Deməli, ahəng qanunu köklə şəkilçi arasında daha möhkəm və dəyişməz olur. Köklə şəkilçi sözün morfoloji quruluşunu müəyyən edir. Ahəng qanunu isə köklə şəkilçi arasında nizamlayıcı amil rolunu oynayır. Deməli, ahəng qanunu fonetik hadisə olmaqla yanaşı, həm də morfoloji hadisədir. Məhz bu xüsusiyyətinə görə ahəng qanunu dilçilikdə morfonoloji (morfologiya və fonetikanı birləşdirən) hadisə sayılır.
Nitqin funksional üslublarından bəhs edərkən bir amili həmişə nəzərdə saxlamaq lazımdır ki, onlar məhz fərdi üslubun hüdudları çərçivəsində fəaliyyət göstərir və bu mənada obyektiv şəkildə mövcud olan müvafiq dil üslublarından fərqlənirlər. Dilçilik ədəbiyyatında onların bir sıra növündən bəhs olunur ki, bunları iki növ üzrə qruplaşdırmaq olar:
1) Kitab üslubu – bura daxildir: bədii üslub, elmi üslub, ictimaipublisistik üslub, rəsmi üslub, şəxsi yazışma – epistolyar üslub;
2) Danışıq üslubu – bura danışıq, məişət, əməli danışıq, sadə danışıq üslubları aiddir.
Birinci qrupa daxil olan funksional üslublar, əsasən, yazılı olur. Lakin onlar şifahi ifadə formasında da özünü göstərir. Məsələn, alimin öz elmi qənaətləri barədə yazdığı əsər, məqalə, şübhəsiz ki, yazılı formaya əsaslanır. 190 Başqa bir vəziyyətdə - auditoriyada, televiziya və radio verilişləri ilə həmin elmi nailiyyətlər haqda aparılan söhbət şifahi formada həyata keçirilir. Danışıq üslubu, adından məlum olduğu kimi, nitqin şifahi formasına aiddir. Bu üslubda əsas məqsəd ünsiyyət yaratmaq, müəyyən məlumat vermək və ya almaq, insanlara, şeylərə, hadisələrə, deyilənlərə və s. münasibət bildirməkdir. Azərbaycan dili tədrisinə dair yazılmış metodik ədəbiyyatda danışıq üslubunun aşağıdakı xüsusiyyətləri qeyd olunur:
1) Nitqin məzmunu konkret və müəyyəndir. Abstraksiya bu üslubun təbiətinə yaddır.
2) İfadə, şərhetmə sərbəstdir, sadə və təbiidir;
3) Nitqin predmetinə, deyilənlərə müəllifin (nitq sahibinin) subyektiv münasibəti ifadə olunur. Nitq, əsasən, dialoqlar şəklində qurulur. Müsahiblərdən hər biri söz və ifadələrin seçilməsində, cümlələrin qurulmasında sərbəstdir.
4) Danışıq nitqinin emosionallığı nitqin qurumuna təsir edir, beləliklə, bu üslub da özünəməxsus cümlə tipləri, sintaktik konstruksiyaların seçilib işlənməsini şərtləndirir.
Məsələn, danışıq üslubunda nidalar, ədatlar, ara sözlər, sual əvəzlikləri ilə işlənən sintaktik konstruksiyalardan bol-bol istifadə olunur. Xüsusilə, bu üsluba fikrin yarımçıq ifadəsi, ellipsis və yarımçıq cümlələr, sözcümlələr, sintaktik təkrarlar, sual və nida cümlələri, eləcə də ritorik sual cümlələrinin, bağlayıcısız tabeli və tabesiz mürəkkəb cümlələrin işlənməsi və söz sırasında inversiyanın olması daha çox xasdır.
5) Dil vasitələrinin işlənməsi baxımından müəyyən konkret şəraitdə standartlıq, şablon ifadələr seçilməsi də danışıq üslubunda özünü göstərən üslubi xüsusiyyətlərdən biridir. Bu xüsusiyyət ünsiyyət şəraitində, o cümlədən söhbət zamanı yaranır; belə ki, görüşmə, ayrılma zamanı həmişə eyni söz və ya ifadələr işlədilir. Məsələn, Salam! Görüşənə qədər! Təşəkkür edirəm! Üzr istəyirəm! Sabahınız xeyir! Axşamınız xeyir! və s. Belə standart, şablon ifadələr müəyyən hissi-halları ifadə etmək məqsədi ilə işlənir. Məsələn: Çox yaxşı! Əla! (bəyənmək, şad olmaq hissini, halını bildirir); Boş sözdür! Boş işdir! Belə de! Ay sağ ol! (həm razılıq, həm də narazılıq halını ifadə edə bilir).
“Ədəbi dilin üslubları ümumi və fərdi cəhətlərə malikdir. Onlarda insan fəaliyyətini ifadə etməsinə və eyni mənbəyə, ümumxalq dilinə əsaslanmasına görə ümumilik və eynilik var. Lakin üslublar həmin mənbədən, ümumxalq dilindən istifadə etməsinə, ifadə vasitələrinin və sözlərin seçilib işlədilməsinə, xüsusi cümlə konstruksiyalarını cəlb etməsinə, aralarındakı əlaqə və tiplərinə görə birbirindən fərqlənir”. Bu xarakterik cəhətlərin nəzərə alınması natiqlik sənətində mühüm əhəmiyyət kəsb edir.
Natiq, mühazirəçi öz nitqini şəraitə, məqsədə uyğun şəkildə qurmağı bacarmalıdır. Şübhəsiz ki, eyni mövzuda (məsələn, “Dövlətimizin iqtisadi siyasəti” mövzusunda) söhbət auditoriyadan asılı olaraq müxtəlif şəkillərdə aparıla bilər. Dinləyicilər ziyalıdırsa, mütəxəssisdirsə, belə auditoriyada nitq, əsasən, elmi üslubda, əgər həmin söhbət kütləvi auditoriyalarda aparılırsa, nitq sadə şəkildə qurulmalı, rəqəmlərə, elmi faktlara az müraciət olunmalı, uzun və mürəkkəb cümlələrə, qəliz termin və ifadələrə yol verilməməlidir. Nitq situasiyası söylənilən fikrin həm forması, həm də məzmununa öz təsirini göstəri. Hər hansı bir hadisə, əşya haqqında məlumat (məzmun) adi danışıq dilində bir cür (bir qədər səthi, rabitəsiz, təkrarlarla, subyektiv fikirlərlə və s.) söylənilirsə, digər üslublarda (məs.: elmi üslubda) həmin fikirlər daha dəqiq, yığcam, məntiqi, obyektiv, səbəb-nəticə münasibətləri əsasında ifadə olunur. Bu fərq fikrin ifadə formasında da özünü göstərir.
Birincidə fikirlər təbii şəkildə, sərbəst formada söylənilir, yarımçıq cümlələr işlədilir, deyilənlərə münasibət bildirilir, ara sözlər, xitablar, nidalar və sairədən istifadə olunur. İkincidə isə (elmi üslubda) fikirlər sübutlarla, faktlarla, məntiqi ardıcıllıqla şərh olunur, ümumiləşdirmələr aparılır. Burada hər cür termindən, anlayışdan, ölçülü-biçimli cümlələrdən istifadə olunur1 . Əgər həmin fikir başqa üslubda, məsələn, deyək ki, bədii üslubda ifadə olunursa, orada canlı təsvirə, təəssürat və duyğulara, bədiilik və emosionallığa, onları yaradan ifadə vasitələrinə, məcazi mənalı sözlərə, ifadələrə, nida, əmr və sual cümlələrinə, intonasiyaya və s. geniş yer verilir. Deyilənlərdən heç də belə bir nəticə çıxarılmamalıdır ki, natiq nitqini yalnız hər hansı bir üslub çərçivəsində qurmalı, digər üslublara məxsus ifadə tərzindən istifadə etməməlidir. Bu, heç də belə deyildir. Mühazirəçi öz nitqinin təsirini artırmaq, dinləyiciləri fəallaşdırmaq, onların marağını ələ almaq və s. məqsədi ilə digər üslublara da müraciət edə bilər. Məsələn, elmi mövzuda mühazirə oxunarkən ehtiyac hiss olunar və münasib məqam yaranarsa, obrazlı ifadələrdən, sözlərdən, atalar sözü və məsəllərdən, aforizmlərdən, şeir parçalarından və sairədən istifadə edilə bilər. Lakin bu müəyyən ölşüdə olmalı, ümumi üsluba xələl gətirməməlidir. Bu nöqteyi-nəzərdən zəmanəmizin görkəmli natiqi Heydər Əliyevin nitqləri mühazirəçilər üçün ən yaxşı nümunədir. “H.Əliyevin nitqlərində, çıxış-larında ədəbi dilin bütün funksional üslubları bir vəhdətdə götürülür, orada yeri gəldikcə bütün üslub növlərindən istifadə edilir. Bununa belə, nitqin mövzusun-dan, auditoriyanın tərkibindən və səviyyəsindən asılı olaraq onun nitqlərində həmişə üslub uyğunluğu gözlənilir və bu məsələ natiqin ciddi nəzarəti altında olur. H.Əliyev elmi işçilərin yığıncağındakı nitqində əksər elmi, ədəbiyyat və incəsənət xadimlərinin qurultaylarda və tədbirlərində bədii üslub ünsürlərinə daha geniş yer verirsə, dövlət və hökumət aparatı əməkdaşları ilə görüşlərində daha çox işgüzar, ictimai-siyasi üsluba əsaslanır. Xarici ölkələrdə səfərdə olarkən müxtəlif xalqların müxtəlif səviyyəli auditoriyalarında rəsmi üslub, diplomatiya əsas götürülürsə, kənd zəhmətkeşləri, qaçqınlar və məcburi köçkünlərlə söhbətlərində, onların qarşısındakı çıxışlarında, nitqlərində məişətdanışıq üslubu aparı-cı rol oynayır”.
Nitqin üslub baxımından müvafiqliyi ayrı-ayrı nitq üslublarında uyğun ifadə formalarına (söz, söz birləşməsi, qrammatik kateqoriya, sintaktik quruluşlar və sairəyə) və qanunauyğunluğa riayət olunmasını tələb edir. Bu tələbin gözlənilməməsi, məzmuna uyğun gəlməyən ifadə formasının işlədilməsi nitqin effektini və təsir gücünü azaldır. Kompüter texnikasının orta məktəbdə öyrənilməsi mövzusunda dissertasiya müdafiəsi idi. Sovetin üzvlərindən bir nəfərə söz verildi. O, çıxışına şeirlə başladı. Onun danışığı başdan-başa obrazlı sözlər, təmtəraqlı cümlələrdən ibarət idi. Çıxışının sonunu da şeirlə bitirdi. Bu çıxış elə təəssürat yaradırdı ki, sanki burada hər hansı bir ədəbi mövzuda yazılmış əsər haqqında rəy söylənilir. Zaldakılar bu danışıq tərzinə təəccüb etdilər, etirazlarını bildirdilər. Sədr bunu hiss edərək dedi: “Axı belə danışmaq, çıxış etmək kimə lazımdır. Siz ədəbi məclisdə, evdə, küçədə danışmırsınız. Elmi məclisdə, elmi əsər barədə rəyinizi bildirirsiniz. Ona görə də elmi dildə danışmalı, əsər barədə dəlillərlə, sübutlarla fikir söyləməli, münasibət bildirməlisiniz”. Gətirdiyimiz bu misal göstərir ki, natiq situasiyanı nəzərə almalı, nitqini həmin situasiyaya uyğun qurmalıdır. Antik dövrün görkəmli natiqlərindən Siseron bu məsələ ilə bağlı xatırladırdı ki, həyatda da, nitqdə də öz məqamına düşməkdən çətin bir şey yoxdur. Bunu bilməyəndə çoxlu səhvlərə yol verilir. Nitq üzərində apardığımız bir müşahidəni bu baxımdan nümunə göstərək. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Almaniyanın Avropa Məsələləri üzrə İnstitutu (İNEA) ilə birgə təşkil etdikləri “Körpülərin salınması” adlı Beynəlxalq Konfransda Millət vəkili E.Süleymanovun giriş nitqini dinləmək bu sətirlərin müəllifinə müyəssər olmuşdur. Ciddi, rəsmi üslubda qurulan bu çıxışda natiqin aydın diksiyası, gözəl intonasiyası, fərdi deyim maneraları, haqqında danışdığı məsələni özünəməxsus tərzdə mənalandırmaq bacarığı, daxili məntiq, elmi-fəlsəfi təhlil, dediklərini əsaslandırmaq üçün gətirdiyi faktlar, sübutlar, gəldiyi nəticələr və s. onu dinləyənlərdə qibtə doğururdu. Bu nitq sona qədər böyük maraqla dinlənildi. Həmin natiq başqa situasiyada – kollektiv üzvlərindən birinin yubiley şənliyində xeyli sərbəst danışırdı. Atmacaları, duzlu söhbətləri, məzəli xatirələri, replikaları, incə yumoru ilə həm yubilyara, həm də orada iştirak edənlərə xoş ovqat gətirir, tədbirinin təsirini artırırdı.
Ədəbiyyat siyahısı
Adilov M.N. və b. İzahlı dilçilik terminləri. Bakı, “Maarif”, 1989.
Axundov A. Ümumi dilçilik. Bakı, 1973
Abdullayev N.Ə., Tahirov Q.İ. Düzgün yazı təliminin bəzi məsələləri. Bakı, 2004.