Nizami Gəncəvi. Fitnə
Bəhram şahın ayüzlü, çöhrəsindən minbir gözəllik yağan bir kənizi var idi.
Bu kənizin adı Fitnə idi.
Fitnə zirək, qıvraq, ağıllı-kamallı qız idi. Sifəti cənnət yazı kimi təzə və
zərif, yerişi göy zəmi üzərindən süzən yel kimi aram, xoş idi. Üzündən,
gözündən məlahət yağırdı. Fitnə yaxşı kaman çalar və rəqs edərdi. Bülbül kimi
şirin, təsirli səsi var idi. Kaman ilə səs-səsə verib oxuyanda quşları göydən
endirərdi. O, şaha vurulmuşdu. Şah da ona aşiq idi.
Çalğı və içki məclisində, ovda şah Fitnəni dinləməkdən ləzzət alar,
rahatlanardı. Fitnənin çalğısı çəng, şahın çalğısı ox idi. Fitnə çəng vurardı, şah
ov vurardı. Bir gün şah çöldə, dağ-dərədə ov etmək istədi. Fitnəni də özü ilə
götürdü, maral dırnaqlı qara atını çölə çapdı.
Şah ov gördükcə nərə çəkib dağa-daşa səs salır, ox ilə ceyranları vurub
yıxırdı. Şahın atlıları da hər tərəfdən çölü əhatə etmişdilər, ceyranları şah olan
səmtə qovurdular.
Bəhram şah şir kimi pusquda durmuşdu. Atı altında oynaqlayırdı, əli isə
ceyranların başına ox yağdırırdı. Tez-tez kirişi boşaldıb, kamanını doldururdu.
Oxun polad ucu gah ceyranları yerə sərirdi, gah daşa dəyib od qoparırdı. Sanki
bu od ceyran ətini kabab bişirmək üçün lazım idi. Doğrudan da, şah oxu dəyən
ovu kabab edirdi. Şah qabağına çıxan heç bir ovu buraxmırdı: ya vurur, ya
tuturdu. Birdən çöldən ceyran qalxdı. Şah qızmış şir kimi kamanı əlinə aldı, atın
başın buraxdı, ceyranlara çatdıqda hədəfi tuşlayıb atdı, ox ceyranın buduna
sancıldı, ceyran ağzı üstə yıxılıb torpağı öpdü. Beləliklə şah ceyranların bir
neçəsini öldürdü, bir neçəsini tutdu. Onun bu şücaəti aləmi heyrətə salır,
bədnəzərlərin isə gözünü tökürdü. Fitnə şahın bu igidlik və qoçaqlığına susurdu,
nazındanmı, hiyləsindənmi, nədənsə şaha tərif demirdi. Şah bunu hiss edirdisə
də, gözləyirdi.
Birdən uzaqdan bir ceyran qaçmağa başladı. Şah qıza dedi:
-
Deyəsən bizim ovçuluq şücaətimizi görmürsən. Elə olar, bizim məharətimiz
tərifdən yüksəkdir. Dar gözlər onu seçməz... Budur bir ceyran gəlir, təpədən-
dırnağa qədər – harasını deyirsən nişan alım.
Fitnənin incə dodaqları tərpəndi:
-
Gərək, - dedi, - məharət göstərəsən, bu ceyranın dırnağını başına tikəsən.
Şah onun dediyini yerinə yetirmək istədi, tez kaman tələb etdi, ağır və yuvarlaq
mazını kamana qoydu, atdı. Mazı ceyranın beynini qızışdırdı. Yazıq ceyrann
dırnağını başına qaldırdı ki, ağrıyan yerini qaşısın, bu zaman şahın ildırım kimi
aləmi işıqlandıran oxu ceyranın dırnağını başına tikdi. Ceyran üzü üstə yıxıldı. Şah
Fitnəyə tərəf döndü:
-
Necə atıram?
Qız dedi:
-
Şah bunu vərdiş etmişdir. Adət edilən heç şey çətin olmaz. Adam vərdiş ilə
hər bir işi edə bilər. Şahın düz vurması güc və məharətdən deyil, ancaq
vərdişdəndir.
Fitnənin cavabı şaha çox ağır gəldi, iti balta ağacı kəsən kimi onu kəsdi və
qəzəbləndirdi. Şahın ürəyində Fitnəyə qarşı dərin bir kin doğdu.
Şahlar ürəklərindəki intiqam hissini qan ilə söndürürlər, ova acıqlandıqda atın
üzəngisini qoparar və itin dərisini soymaq istərlər. Bəhram şah ürəyində deyirdi:
“Bu hayıfı kənizdə qoymaq olmaz, onu cəzalandırmaq lazımdır”. Ancaq kənizi
öldürməyə şahın əli gəlmirdi, çünki qadın öldürməyi özü üçün əskiklik sayırdı.
Onun fikrincə qadın kişiyə tay deyil.
Şahın böyük sərkərdəsi var idi. Şah onu yanına çağırdı.
-
Get, - dedi, - bu kənizin başını bədənindən üz. Bu bizim dövlət sarayımızın
fitnəsidir. Fitnəni dəf eləmək ağıllı işdir.
Sadə və adil xasiyyətli sərkərdə Fitnəni qabağına salıb öz evinə apardı, onun
başını bədənindən ayırmaq istədi. Qız ağladı və dedi6
-
Ey sərkərdə, belə çirkin işi özünə layiq bilmə. Öz şərəfinə düşmən
deyilsənsə, mənim kimi günahsız bir qızın nahaq qanını boynuna götürmə. Mən
şahın ən yaxın adamı, müsahibi, kənizlərin seçilmişiyəm. O, məclislərində
məndən başqası ilə maraqlanmazdı. Ərköyünlük məni aldatdı, şeytan məni
yoldan çıxartdı. Kiçik bir hərəkətim şaha xoş gəlmədi. O, mənə qəzəbləndi və
ölümümə hökm verdi. Sən gəl məni öldürməyə bu qədər tələsmə. Bir neçə gün
səbr et, döz. Şaha de ki, onu öldürdüm. Şah bu xəbərdən sevinsə qayıt məni
öldür, qanımı sənə halal edirəm, əgər mənim ölüm xəbərimdən şah qüssələnsə
sən məni öldürmədiyindən qorxma, sənə heç nə olmaz. Sən şahın qəzəbindən
qurtararsan, mən də ölümdən xilas olaram. Doğrudur, layiqli bir adam deyiləm,
lakin bir gün gələr ki, bu yaxşılığının əvəzini verərəm. Sənin yanında xəcalətli
olmaram.
Qız bunu deyib balaca düyünçə açdı. Sərkərdənin qabağına yeddi ləl qoydu.
Bu daşların hər birinin qiyməti bir ölkənin gəlirinə bərabər idi. Ümman dənizinin
bütün gəliri o daşların yarı qiyməti qədər olmazdı.
Sərkərdə o gözəlin ağıllı məsləhətini dinləyib qanından keçdi və dedi:
-
Amandır, söz burada qalsın. Heç kəsin yanında şahın adını çəkmə. Qoy səni
mənim evimdə qulluqçu bilsinlər. Öz işində ol, bəxtim kömək eləsə, mən hər
şeyi düzəldəcəyəm.
Onlar bu şərtləşməyə söz verib and içdilər. Sərkərdə zülm əməlindən, qız isə
zəncirdən qurtardı.
Bir həftə sonra şah sərkərdəni gördü, ondan Fitnənin işini soruşdu:
-
Ay necə oldu?
Sərkərdə cavab verdi:
-
Ayı əjdahaya tapşırdım, ancaq qan bahasını göz yaşımla verdim.
Şah Fitnənin ölüm xəbərindən qüssələndi, gözü yaşardı. Sərkərdə şahın bu
halını görüb sevindi, qızı öldürmədiyi üçün ürəyi sakit oldu.
Şəhərdən uzaq, kənar yerdə sərkərdənin abad bir kəndi və göyün bir qatına
yüksəlmiş köşkü var idi. Sərkərdə altmış pilləli sarayın eyvanında Fitnəyə yer
eləmişdi. Fitnə həmişə orada yaşardı. Həmin günlərdə sərkərdənin inəyi qəşəng
bir buzov doğmuşdu. Fitnənin buzovdan xoşu gəlirdi. Hər gün onu boynuna
alıb ayaqları döşünə sıxar, pilləkənlərdən qaldırıb, eyvana aparardı. Buzov isə
get-gedə böyüyürdü, kökəlirdi. Fitnə də öz adətindən əl çəkmirdi. Gün o gün
oldu ki, buzov altı yaşlı böyük bir öküz oldu. Fitnə yenə onu yerdən dama
qaldırardı, buna adət etdiyi üçün əziyyət çəkmir, ağırlıq hiss etmirdi. Öküz
kökəlib ağırlaşdıqca, Fitnənin də qüvvəti artırdı.
Günlərin birində Fitnə ilə sərkərdə əyləşib dərdləşirdilər. Qız qulağındakı
cavahirlərdən dörd dənəsini açıb sərkərdəyə verdi.
-
Apar, - dedi, - bunları sat, puluna gülab ilə suvarılan kök qoyunlar al.
Dünyanın naz-nemətindən ürəyin nə istəyirsə al: şam, şərab, şirni, noğul.
Cənnət bağı kimi gözəl və böyük bir qonaqlıq məclisi düzəlt. Şahın bu tərəflərə
yolu düşəndə üzəngisindən asıl, onu qonaq çağır. O, mehriban və nəcib
adamdır. Sənin xahişini yerə salmaz, bizə gələr və başımızı ucaldar. Bu yüksək,
qonaq sarayımızda qonaqpərəstlik edib şaha süd və şərbət içirdərik. Belə tədbir
baş tutsa, hər iş düzələr.
Sərkərdə Fitnənin məsləhətini bəyəndi. Ancaq cavahirləri götürmədi, çünki
onun min o qədər dövləti var idi. O, gizli xəzinəsinin ağzını açdı, qonaqlıq
dəstgahının hamısını düzəltdi – özü də şaha layiq şeylər düzəltdi: quş, balıq,
erkək, quzu ətindən bişirilmiş növbənöv ləzzətli xörəklər, şərbətlər, ətirli
şirnilər, məclis bəzəyən gül və çiçəklər...
Bəhram şah adəti üzrə ova çıxmışdı. Çox gəzdi, çox ov vurdu, ancaq görün
Fitnə qız onun özün necə ovladı.
Şah sərkərdənin sarayı olan kənddən ötəndə çox münasib bir istirahət yeri
gördü. Hər yan başdan-başa yaşıllıq və kölgəlikdi. Şah soruşdu ki, bu yer
kimindir. Sərkərdə baş əyib şahın üzəngisindən tutdu və dedi:
-
Şahım sağ olsun, qulunuz bağışladığınız kənddir. Şahın o kəndi xoşlasa
qulunun başını ucaldar, uğurlu qədəmini bu qulun evinə bassa məni dünyanın
başı ucalarından edər. Sayənizdə başı göylərə dəyən bir köşküm var. Ətrafı sıx
bağlar, gülər, çiçəklər və meyvə ağacları ilə örtülmüşdür. Sarayımın yanında
cənnət bağları və behişt otaqları yalandır. Şah bu sarayda şərab buyurarsa,
ulduzlar mənim astanamı öpər. Şahın qədəmi evimə ənbər iyi səpər, bəxtim
açılar, milçəyim bal, öküzüm süd verər.
Şah sərkərdənin xahişini qəbul edib dedi:
-
Get hazırlaş, ovdan qayıdanda sənin sarayına düşəcəyəm.
Sərkərdə baş əyib sevincək qayıtdı. Sarayını qiymətli fərşlərlə döşətdirdi,
rum parçaları, çin qumaşları ilə bəzədi. Sarayın hər tərəfi par-par parıldayırdı.
Ev sahibi şahın qədəmlərinə cavahirat səpdi. Şah altmış pilləli eyvana
çıxanda başı göylərə dəyən, kainata şəfəq salan, xəvərnəqin bütün gözəlliklərini
əks edən bir eyvan gördü. Sarayda şadlıq məclisi quruldu. Yemək-içməklə
məşğul oldular.
Şah bir-iki qədəh içəndən sonra qəmi dağıldı, kefi açıldı, üzünü ev sahibinə
tutub dedi:
-
Ey mənim qızıl eyvanlı, qonaqcıl sərkərdəm! Sarayın genişdir və yeri çox
xoşdur. Lakin de görüm, göylərin bir qatına qalxan bu eyvana necə çıxıb
düşə bilirsən? Sənin ki, yaşın altmışı keçmişdir.
Sərkərdə dedi:
-
Şahın ömrü uzun olsun, mənim çıxıb düşməyim təəccüblü deyildir. Mən
kişiyəm, bu pillələrdə yorulmuram. Təəccüblü mənim ayüzlü qızımdır ki, özü
qumaş kimi zərif və incə ola-ola, hər gün dağ boyda öküzü başına götürüb
yemləmək üçün bu eyvana çıxarır. Öküz nə öküz, fil kimi! And içə bilərəm ki,
bu qoşundan heç kəs onu birnəfəsə yerdən qaldıra bilməz. Qız isə bu altmış
pilləni yaydan qurtarmış ox kimi çıxır, pillələrin birində dayanıb nəfəsini
dərmir. Əsil təəccüblü iş budur!
Sərkərdənin sözündən şah heyrətə gəldi:
-
Bu necə ola bilər, gözümlə görməsəm buna inanmaram.
Şah sərkərdədən tələb etdi ki, dediyini isbat eləsin. Sərkərdə aşağı enib
əhvalatı Fitnəyə söylədi.
Ayüzlü
qız fürsətdən istifadə edib qabaqcadan hazırlanmışdı. Çinli qızlara
məxsus bəzək-düzəyini taxdı, üzünə seyqəl verdi, gözünə sürmə çəkdi, müşk
iyli tellərini ay üzünə haşiyə çəkdi, sərv boyuna qırmızı don geydi, lalə kimi
göründü, ay kimi gümüş gərdəninə dürdən boyunbağı taxdı, xoş bir vəziyyət
aldı, dodaqlarında təbəssüm oynatdı, sədəf dişləri göründü. Ənbər saçlarını
çiyninə tökdü, zənci rəngli saçı hindi xalı ilə sanki vuruşmaq üçün qarşı-qarşıya
dayandı. Fitnənin xurma dodağının üstündəki qara xal gözəlliyini bir qat daha
artırdı. Başındakı daş-qaş ulduz kimi parıldayırdı. Qulağının gövhər sırğası
aşiqlər bazarının ən qiymətli matahı idi. Ay üzünü yasəmən arasındakı gül kimi
ağ örtüdə gizlətdi. Yeddi bəzəklə yaraşığını tamamlayandan sonra nazla hərəkət
edərək öküzə doğru getdi. Başını əyib öküzü boynuna götürdü. Fitnə ildırım
kimi pillələri çıxdı. Bəhram şahın taxtı qarşısına yeridi, ayaq üstə ədəblə
dayandı.
Bəhram şah öküzü görüb heyrətindən ayağa qalxdı. O, öz kənizini tanımadı.
Fitnə öküzü boynundan yerə qoydu və dedi:
-
Mən sənin və bütün məclisin hüzurunda bu hünəri göstərdim. Əgər
bacarırsınızsa dünyada bir güclü igid tapın ki, bu öküzü eyvandan aşağıya apara
bilsin.
Şah dedi:
-
Bu sənin güclü olduğunu göstərmir, əvvəldən adət etdiyin üçün bacarırsan.
Bu hünər deyil, uzun illər yavaş-yavaş vərdiş etmisən, odur ki, bir əziyyət
görmürsən.
Ayüzlü, gümüşbədənli Fitnə baş əyib şaha dua oxudu və dedi:
-
Çox qəribədir ki, öküz adət ilə olur, ceyran isə hünər ilə. Nədəndir mənim
öküz götürməyim adət sayılır, şahın ceyran vurmağına adət deyənlər
cəzalanırlar?
Şah kinayəli sözündən Fitnəni tanıdı. Qızın yanına gəldi, rübəndini açdı,
onun gül camalına baxdı, qucaqlayıb ağladı. Göz yaşları ay üzünə mirvari kimi
səpildi. Şah qızdan üzr istədi. Fitnə isə nərgiz gözlərindən gülab yağdırdı. Şah
evi xəlvət edib gözəl pərisinə gileylənirdi:
-
Səni zindana saldırmağıma min dəfə üzr istəyirəm. Bağışla məni, ağılsızlıq
edib, yandırdığım odda özüm qovruldum, sən isə şükür ki, salamatsan.
Şah Fitnəni öz yanında əyləşdirib qolunu boynuna saldı, Fitnə də ürəyinin
sözünü dedi:
-
Sevimli şahım, ey məni ayrılığı ilə öldürən, mehribanlığı ilə dirildən
sirdaşım, ayrılıq məni şam kimi əritdi. Qəm dağı yerindən qoparar. Sənə olan
məhəbbətim sayəsində az qaldı həyatım getsin. Sən ovlaqda ceyranın dırnağını
qulağına tikəndə hünərinə yerlər deyil, göylər də afərin dedi. Mən şahı
tərifləməkdə qəsdən gecikdim, səbr elədim. Bədnəzəri şahdan uzaqlaşdırmaq
üçün tərifə dil açmadım. Tərifli şeyə hər zaman bədnəzərin gözü dəyə bilər.
Lakin nə edim ki, fələk məhəbbətim əvəzində mənə əziyyət və töhmət qismət
elədi.
Fitnənin bu sözü şaha çox xoş gəldi. Şah dedi:
-
Haqqın var! Sənin vəfana inanıram. Bu hünərə sahib olan qızın dünyada
əvəzi yoxdur. Sərkərdəm qorumasaydı, mənim bu gövhərimi daşlar
parçalamışdı.
Şah sərkərdəni çağırıb razılıq etdi, qolunu onun boynuna salıb, şaha layiq
xələt və bəxşişlər verdirdi, yaxşılığına birə-min əvəz elədi, onu çox əzizlədi və
Rey mülkünü tamam ona bağışladı.
Şah böyük şadyanalıqla öz şəhərinə qayıdıb məclisinə şirin sözlü şairlər
çağırdı. Ruhani başçılarını çağırıb, Fitnənin kəbinini özünə kəsdirdi. Hər ikisi
kef-ləzzətlə gün keçirməyə başladı.
Dostları ilə paylaş: |