Paleocoğrafiyada genetik tədqiqat üsulu



Yüklə 0,58 Mb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#39864
  1   2   3   4
Fasial və paleocoğrafi xəritələr


Paleocoğrafiyada genetik tədqiqat üsulu

Ümumiyyətlə, qədim geoloji dövrlərin fiziki-coğrafi şəraitinin bərpa edilməsi çox mühüm və mürəkkəb məsələdir. Paleocoğrafi tədqiqat üsulları bu və ya digər dövrün paleocoğrafi şəraiti haqqında ancaq məhdud məlumat verir. Qədim fiziki-coğrafi şəraitin tam və dəqiq bərpa edilməsi məlum tədqiqat üsullarının kompleks tətbiqini tələb edir.

Qeyd etmək lazımdır ki, ancaq fasial təhlil, genetik tədqiqat əsasında tərtib olunan paleocoğrafi xəritələr günün tələbinə cavab verir. Məhz bu üsul ilə Rus plitasının və SSRİ-nin litoloji-paleocoğrafi atlası tərtib edilmişdir. İndii ayrı-ayrı neftli, kömürlü vilayətlər və iri struktur vahidləri üçün regional tipli, yüksək səviyyəli litoloji-paleocoğrafi xəritələrin tərtib olunması tələb olunur. Belə litoloji-paleocoğrafi xəritələrin əsasını fasial və genetik təhlil təşkil etməlidir.

Məlumdur ki, fasial və genetik təhlil terminini bir sıra litoloqlar enyi mənada başa düşürlər. Həqiqətdə bunların son nəticələri eyni olsa da, məzmunlarına görə bir qədər fərqlənir. Fasial təhlil termininin məzmunu eyni yaşlı horizontun fasiyalarının paragenezinin qarşılıqlı münasibətini aşkar etmək və onların genetik mahiyyətini aydınlaşdırmaqdır. Fasial təhlilin stratiqrafiyada rolu çox böyükdür. Çünki eyni yaşlı horizontun, lay dəstəsinin sahədə fasial dəyişməsinin qaranlıq qalması, onun stratiqrafiyasında bir sıra anlaşılmazlıqların meydana çıxmasına səbəb olur. Ona görə də stratiqrafik tədqiqat işlərində fasial xəritələrin tərtibi vacib məsələ olub, həmin işlərin yekunu hesab edilir.

Paleocoğrafi şəraitin bərpa olunmasında və başqa litoloji işlərdə də fasial təhlilin rolu böyukdür. Bununla yanaşı olaraq paleocoğrafi tədqiqat çökmə süxur qatlarında tam mənası ilə genetik təhlil aparılmasını bir daha tələb edir. Çünki fasial təhlil, təklikdə süxur qatının mənşəyinin tam aydınlaşdırılmasına imkan vermir.

Hər bir çökmə süxur qatı baş vermiş paleocoğrafi şəraitin bir fraqmenti, hissəsi kimi özünü göstərir. Çox vaxt bu və ya digər süxur qatı dərində yatır və onlara ancaq dərin quyular vasitəsilə çatmaq olur. Keçmiş paleocoğrafi şəraitin müəyyən dövr üçün tam bərpa edilməsi həmin süxur qatının hərtərəfli öyrənilməsini tələb edir. Çünki bizə çatmış süxur qatında keçmiş fiziki-coğrafi mühitin dərin izləri qalmışdır. Həmin izləri aşkar etmək, görmək və oxumağı bacarmaq lazımdır. Bu izlər genetik əlamətlər adlanır (genetik xüsusiyyət daşıyan əlamətlərə genetik əlamətlər deyilir). Genetik əlamətlərin çökmə süxurlarda aşkar edilməsinə və hərtərəfli öyrənilməsinə genetik təhlil üsulu deyilir.

Q.F.Kraşeninnikov (1971) haqlı olaraq genetik təhlili geniş mənada işlətməyi təklif edir. Buraya süxur qatını və onu təşkil edən süxur paragenezinin üfüqi (fasial təhlil) və şaquli (ritmik təhlil) istiqamətdə hərtərəfli öyrənilməsi daxildir. Deməli, fasial təhlili genetik təhlililin vacib bir bəndi kimi başa düşmək lazımdır.

Genetik təhlilin məqsədəuyğun və məhsuldar aparılması üçün iki mühüm şərt nəzərdə tutulmalıdır:

1. Tədqiqat aparılan rayonun geoloji quruluşu. Məlumdur ki, fasiyanın paylanmasında tektonikanın böyük rolu vardır. Ərazidə mövcud əsas tektonik elementlərin yerləşməsi fasial komplekslərin mümkün yayılması haqqında ilkin və əsaslı məlumat verir.

2. Tədqiq olunan horizontun, lay dəstəsinin aydın stratiqrafik sxemi. Sxemdə mümkün olan fasial keçidlərin yerinin məlum olunmasının genetik tədqiqatın məhsuldar aparılmasında böyük əhəmiyyəti vardır.

Çox vaxt eyni tipli süxurlar (qumlar və qumdaşları) müxtəlif fiziki-coğrafi şəraitdə (çay dərəsində, deltada, dənizkənarı və dəniz cərəyanı zonasında) yaranır; bəzən də eyni şəraitdə (dənizin litoral və sublitoral zonalarında) müxtəlif tip süxurlar (əhəngdaşı, mergel, qumdaşı, alevrolit, gil süxurları və s.) əmələ gəlir. Bu da genetik təhlilin hərtərəfli və kompleks aparılmasını tələb edir.

Hazırda çökmə süxurlarda xeyli genetik əlamətlər aşkar edilmişdir. Gələcəkdə dəqiq tədqiqatlar nəticəsində onların sayı daha da artacaqdır. Məlum genetik əlamətlər üç qrupa ayrılır: litoloji, paleontoloji, mineraloji-geokimyəvi.

I. Litoloji genetik əlamətlər. Litoloji genetik əlamətlər çökmə süxurların quruluşu, teksturası və maddi tərkibi ilə əlaqədardır. Bunlar aşağıdakılardan ibarətdir:

1. Süxur laylarının strukturu (süxuru təşkil edən dənələrin ölçüsü, morfoloji forması, hamarlığı, çeşidlənməsi və s.).

2. Çökmə süxur laylarının teksturası (laylanma, layçıqların morfoloji forması, yatım şəraiti, üfüqi laylanma, cəp laylanma, fasiləli laylanma və s., cəp seriyalar, onların qalınlığı, cəp seriyada olan laycıqların yatım bucağı, azimutu, çökmə materialların cəp seriyalarda çeşidlənmə xüsusiyyətləri və s.).

3. Çökmə süxur laylarının təmas xətti (uyğun və qeyri-uyğun təmas xətti).

4. Çökmə süxur qatlarında mineral möhtəvilər (konkresiyalar, jeoidlər, pizolitlər, onların yatım şəraiti, süxur qatının vahid həcmində konkresiyaların mütləq miqdarı, onların ətraf süxurlara münasibəti və s.).

II. Paleontoloji əlamətlər.

1. Paleosenoz və tanatasenozlar, paleontoloji assosiasiyanın mürəkkəbliyi, müxtəlif üzvi qalıqlara zənginliyi, paleontoloji qalıqların ətraf süxura eyni vaxtda toplanması, yaxud dalğa axın və s. təsiri ilə tədqiq etdiyimiz sahəyə gətirilməsi.

2. Süxur qatında evriqalin və stenoqalin formaların olması. Xarici mühitin dəyişməsinə həssas olan formalara stenoqalin formalar deyilir. Evriqalin formalar isə müxtəlif mühitdə yaşama qabiliyyətinə malikdir. Stenoqalinlərə misal mərcanları, dəniz kirpilərini, krinoidləri, braxiopodları və s. göstərmək olar.

3. Stenobat və evribat formaların olması. Elə formalar var ki, onlar ancaq müəyyən dərinliklərdə yaşayır. Məsələn, qlobigerinalar və radiolariyalar ancaq dərin sularda yaşayır.

4. Rütubətli tropik iqlimə məxsus bitki qalıqlarının olması (mezofit bitkilər).

5. Quru iqlimə aid bitki qalıqlarının olması (kserofit bitkilər).

III. Mineraloji-geokimyəvi əlamətlər.

1. Kəşfiyyat quyularından götürülmüş «təzə» gil süxurlarında Cl və B-un miqdarı. Gillərdə Cl-un miqdarı 0,1-1% olması həmin süxurların dəniz şəraitində, 0,01-0,1% olması subkontinental, <0,01% olması kontinental şəraitdə əmələ gəldiyini göstərir.

2. Çökmə süxur qatlarında müşahidə olunan karbonat konkresiyaları və onların mineraloji tərkibi. Konkresiyaların kalsitdən ibarət olması süxurun dəniz şəraitində, kalsit-siderit, kalsit-ankerit, kalsit-maqniosideritdən ibarət olması ətraf süxurların subkontinental şəraitdə, siderit və ankeritdən ibarət olması isə kontinental şəraitdə əmələ gəlməsinə dəlalət edir.

3. Konkresiyalarda Ca/Mg, Ca/Fe-un geokimyəvi modullarının təyin edilməsi. Ca/Mg indeksi iqlim şəraitinin temperaturu, Ca/Fe isə iqlim həraitinin rütubətliliyini göstərir (Ç.Xəlifəzadə, 1972).

4. Gil süxurlarında kaolinit mineralının miqdarı. Kaolinit, isti-rütubətli iqlimin göstəricisidir.

5. Dəniz süxurlarında maqnezial silikatların miqdarı (sepiolit və palıqorskit). Həmin minerallar quraqlıq iqlim (semiarid) şəraitinin göstəriciləridir.

6. Qlaukonit, fosforit minerallarının olması. Bunlar çökmə süxurların ancaq dəniz şəraitində əmələ gəlməsini göstərən əlamətlərdir.

Bu əlamətlərə əsaslanaraq aparılan tədqiqatlar nəticəsində fasial xəritələr tərtib edilir. Əvvəlcə fasial nəticələr xəritəyə köçürülərək faktiki material xəritəsi düzəldilir. Xəritəyə aşağıdakı məlumatlar köçürülür: kəsilişin, yaxud quyunun nömrəsi, horizontun qalınlığı, yatım şəraiti (stratiqrafik və tektonik qeyri-uyğun yatım) və nəhayət, həmin kəsilişdə horizontun orta litoloji tərkibi.

Faktiki material xəritəsi düzəldildikdən sonra əsaslı fasial xəritə tərtib edilir.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin