«Azerbaijan Focus».-2009.-№1(1).-S.137-142.
AZƏRBAYCAN BEYNƏLXALQ FOKUSDA
Cem Oğuz
"Turkish Daily News" qəzetinin siyasi analitiki
1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti müstəqillik bəyannaməsini qəbul etdi. Sovet lideri Mixail
Qorbaçova qarşı Moskvada uğursuz dövlət çevrilişindən iki ay sonra qəbul edilən bu bəyannamə dekabrda
ümumxalq referendumunda təsdiq olundu. Postsovet məkanında gərgin tarixi hadisələrlə zəngin keçid dövründə
Azərbaycanın qazandığı azadlıq nədənsə dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilmədi. Lakin
Ermənistanla müharibə nəticəsində ərazisinin təqribən 20 faizi işğal altında qalan Azərbaycanın adı xüsusilə Qərb
mediasında cəbhə xəttindən gələn xəbər başlıqlarında önə çıxdı. Ümumiyyətlə, ötən əsrin sonuncu onilliyində enerji
məsələlərinin beynəlxalq siyasətin prioritetinə çevrilməsi Azərbaycanı daha da məşhurlaşdırdı.
Əslində Azərbaycanın hamıya yaxşı bəlli olan zəngin neft və qaz ehtiyatlarına malik olmasını xüsusi
vurğulamağa ehtiyac da yoxdur. Bu sərvətlərin əhəmiyyəti hətta pop mədəniyyətində etiraf olunur. 1999-cu ildə
Ceyms Bond silsiləsindən "Dünya kifayət etmir" adlı bədii filmdə məşhur Bakı-Ceyhan boru kəməri layihəsi
ətrafında cərəyan edən hadisələrə də toxunulmuşdur. Filmin çəkilişi Xəzər dənizindən neft ixracı üçün zəruri
marşrutların müzakirələrilə üst-üstə düşmüşdür. Təbii ki, müasir dünyada enerji təhlükəsizliyi və enerji təchizatı
baxımından Azərbaycanın əhəmiyyətinin qeyd edilməsi vacibdir. Müəyyən ölkələr Avropanın artan enerji
ehtiyaclarını bütünlükdə AB dövlətlərinə təsir etmək üçün yeni siyasi alət kimi sınaqdan keçirməyə başladılar.
Həmçinin Yaxın Şərq və xüsusilə İran körfəzi kimi nəhəng bir regionda davam edən qeyri-sabitlik Azərbaycanı
Qərbin etibarlı tərəfdaşına çevirir.
Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri
Əlbəttə, hər bir ölkənin xarici siyasətində mühüm rol oynayan ciddi amillər mövcuddur. Məhz Azərbaycan
timsalında belə amillərdən ən mühümü və problemlisi bu dövlətin Ermənistan tərəfindən işğal olunmuş əraziləridir.
Əslində bu, yalnız münaqişəli tərəflərin problemi deyil. Onun ciddi regional fəsadları var. Ən başlıcası da odur ki,
bu problem ən yaxşı halda Şərqlə Qərb, yaxud Avropa ilə Asiya arasında faydalı körpü kimi Cənubi Qafqazın
strateji əhəmiyyətini azaldır.
Təəssüf ki, 15 ildən artıq davam edən erməni işğalına beynəlxalq ictimaiyyətin laqeyd və bəzən də riyakar
yanaşması Ermənistanın mövqeyindəki barışmaz inadkarlığı daha da artırır. Zənnimcə, bu laqeyd və ikiüzlü
davranışın bəzi təzahür formalarını burada nəzərdən keçirməyimiz vacibdir. Çünki hər hansı fərdlər və dövlətlər
arasındakı istənilən münaqişə yalnız güzəşt əsasında həll edilə bilər.
Hazırda erməni xalqının dəyişiklik və kompromis arzusu aydın sezilir. Fevralda keçirilmiş prezident
seçkilərindən sonra küçə nümayişləri bu fenomeni dəqiq əks etdirir. Nəticələr elan olunandan bir neçə gün sonra
Levon Ter-Petrosyanın başçılığı altında erməni müxalifəti seçkilərin saxtalaşdırıldığını elan etdi. Seçkilərin
həqiqətən saxtalaşdırılıb-saxtalaşdırılmadığı barədə fikir yürütmək, müəllif də daxil olmaqla heç bir kənar şəxsin işi
deyil. Bu məsələni qaldırmaqla diqqətinizi səslənən bəyanatların, təşkil edilən küçə nümayişlərinin beynəlxalq
ictimaiyyət tərəfindən necə qarşılandığına yönəltmək ümidindəyəm.
İlk günlər hadisələr həm Qərb mediasının, həm də Qərb dövlətlərinin özünün diqqətini cəlb etsə də bu maraq
tezliklə yoxa çıxdı. Halbuki, seçkiqabağı təbliğat kampaniyası ərəfəsində Ter-Petrosyanın səsləndirdiyi fikirlər
böyük əhəmiyyət kəsb edirdi. Çünki ilk dəfə erməni siyasətçisi açıq şəkildə özünütənqid və özünütəhlil təşəbbüsü
ilə çıxış edirdi. Onun regionun gələcəyi, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri haqqında bəyanatları
həqiqətən ümidverici səslənirdi. O, müsahibələrində belə bir fikri müdafiə edirdi ki, "mövcud (erməni) hökumətin
cinayətkar siyasəti Azərbaycanın mövqeyini daha da sərtləşdirdi və o, kompromis axtarmayacaq". Bu prosesin
beynəlxalq ictimaiyyət və xüsusilə Qərb ölkələrinin dəstəyinə ehtiyacı var idi. Ən azı bu, ermənilərin kompromisə
razılığına vacib işarə idi.
Aradan xeyli vaxt keçdi. Zaman dəyişdikcə siyasi hadisələrə də dəyişkən qiymətlər verilir. İndi o vaxtdan bəri
nə baş verdiyini kimsə mənə izah edə bilərmi? Kim indi heç olmasa ədalət naminə Ter-Petrosyanın etirazını yada
sala bilər? Azad və ədalətli seçkilərlə bağlı olaylara həssaslıqla yanaşan beynəlxalq ictimaiyyət Ermənistandakı
dramatik hadisələrə niyə gözlərini yumdu və qulaqlarını da qapadı? Bu məqamda icazənizlə çox bəsit və sadəlövh
bir sual vermək istəyirəm: əgər bu, Ermənistan yox, hər hansı digər keçmiş sovet respublikası olsaydı, əziz qərbli
dostlarımız hadisələrə qədim çin fəlsəfəsinin "eşitmədik, görmədik, bilmədik" prinsipi ilə yanaşa bilərdilərmi?
Düşünürəm ki, mənim məyusluğumu azərbaycanlı siyasətçilər daha gözəl başa düşür və mənə şərik də
çıxırlar. Region firavanlıq məkanı əvəzinə, qeyri-sabitlik zonasına çevrilmişdir. İcazə verin, bununla bağlı sizə bir
əhvalat danışım. Yanvarda Azərbaycana səfərim zamanı bir Azərbaycan rəsmisi ilə söhbətdə Ermənistanda
Bu məqalədəki fikirlər əsasən 23 may 2008-ci ildə Bakıda keçirilmiş "Azərbaycan-2008: modemləşməyə doğru gedən yollar" mövzusuna
həsr edilmiş beynəlxalq konfransdakı çıxışdan qaynaqlanır.
prezident seçkiləri və xüsusilə də Levon Ter-Petrosyanın seçilmə ehtimalı haqqın- da nə düşündüyünü bilmək
istəyirdim. Çox sadə, qısa və aydın bir cavab aldım: - "İstərdim ki, o seçilsin". Sonra o, Azərbaycan büdcəsinin
təqribən onda birinin hərbi məqsədlərə xərcləndiyini, lakin bu pulların azərbaycanlıların hər gün üzləşdikləri
problemlərin çözülməsinə sərf olunması istədiyini əlavə etdi. Bu, ümidverici düşüncə tərzi deyilmi?
Tam əminəm ki, sağlam düşüncəli erməni dostlarımız da eyni fikirdədirlər. Bir düşünün: Ermənistanın əhalisi
3 milyondur, amma bu insanların 1,2 milyonu xaricə köçüb. Bu gün Türkiyədə qanunsuz işləyən ermənilərin
sayının 60 mini keçdiyi söylənilir. Görəsən, bu tənəzzülün arxasında hansı səbəblər dayanır? Bu, barışmaz erməni
mentalitetinin qaçılmaz nəticəsi deyilmi?
Türkiyənin mövqeyi
ABŞ-ın hörmətli strateqlərindən biri xarici siyasətdə dəyişikliyi bir dəfə belə təsvir etmişdi: "xarici siyasətdə
radikal dəyişiklik hərbi təyyarə daşıyan nəhəng gəminin qəfil manevrini xatırladır. Nə qədər tələssə də, onun
dönməsi uzun vaxt tələb edir. Bunun o qədər də tez baş verəcəyini gözləməyin".
Bildiyiniz kimi, Ankaranın Ermənistanla sərhədlərini bağlamasını qərbli dostlarımız davamlı olaraq tənqid
edirlər. Bu məqam hətta üzvlük ərizəsilə bağlı Avropa Birliyinin hər bir sənədində öz əksini tapır. Soruşurlar ki, nə
üçün Türkiyə Azərbaycanı israrla dəstəkləyir və Azərbaycanla Dağlıq Qarabağ Türkiyə siyasətinin tərkib hissələrini
təşkil edir. Onların dediyinə görə, xüsusilə Türkiyənin Avropa Birliyinə üzv olmağa can atdığı bir vaxtda
Ermənistanla sərhədləri açmaq daha real olmazdımı?! Mən belə suallarla tez-tez rastlaşsam da, onların çox sadəlövh
olduğunu düşünürəm. Bu, bir növ nə üçün ABŞ İsraili dəstəkləyir sualına bənzəyir. Bizim erməni dostlarımız isə öz
növbəsində canfəşanlıqla Türkiyənin rəsmi orqanlarını "Avropada son qapalı sərhədi saxlamaqla ermənilərin öz
hüquqlarını müdafiə etdiklərinə və keçmişlərini danmadıqlarına görə Ermənistana qarşı təzyiq və cəza aləti kimi
istifadə etməkdə " ittiham edirlər. Buna görə onlar Ermənistanla sərhədlərin açılması üçün Qərb ölkələrinin təzyiq
göstərməsini istəyirlər.
Türkiyə baxımından erməni təcavüzü öncə və başlıca olaraq bir əxlaq məsələsidir. Bundan başqa yaddan
çıxarmayaq ki, Ankara 1993-cü ilin aprelində sərhədləri bağlamaq qərarı ilə həm Ermənistanın Türkiyə ilə
sərhədlərinin tanınmasındakı iddialı mövqeyinə, həm də ki, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana qarşı
təcavüzünə birmənalı cavab verdi. Türkiyənin birtərəfli qaydada gözlənilmədən belə addım atması Ermənistan üçün
Günəşin qəfil tutulmasından və nə vaxt açılacağının isə naməlum sonsuzluğadək uzanmasından xəbər verən üzücü
bir məqam idi.
Türklərin böyük əksəriyyəti Türkiyənin birtərəfli qaydada sərhədləri açmasını kiçik Kipr adasındakı vəziyyəti
xatırladan və keçmişdə yunan kiprlilərinin lideri Tasos Papadopulosun barışmaz yanaşma kimi səciyyələndirdiyi bir
vəziyyətlə nəticələnəcəyindən ehtiyat edirlər. Onlar düşünürlər ki, Türkiyə-Ermənistan münasibətlərinin
normallaşması ilə səciyyələnəcək belə bir qərar Qarabağ münaqişəsinin həlli, yaxud ermənilərin işğal etdiyi
Azərbaycan ərazilərinin qaytarılması baxımından erməni rejiminin kompromisə ehtiyac olmadığı inamını daha da
möhkəmlədəcəkdir. Odur ki, türklərin əksəriyyəti Qərb ölkələrindən - Avropa Parlamentində, yaxud ABŞ
Konqresində əyləşənlərdən ermənilərin "soyqırım" iddialarında özlərini fədakar tərəfdaş kimi göstərdikləri
həssaslıq və çılğınlığı Azərbaycan torpaqlarının işğalı məsələsində də nümayiş etdirəcəklərini gözləyirlər. Onlar
soruşurlar ki, nə üçün bizim qərbli müttəfiqlərimiz "işğal", yaxud "Böyük Ermənistan" kimi yasaq mövzuların
sərbəst müzakirə oluna biləcək şəraitin yaradılmasında nə erməni ictimaiyyətinə kömək edə, nə də erməni
siyasətçilərini "hər iki tərəf üçün əlverişli" variantın tapılmasına cəhd göstərməyə məcbur edə bilmədilər?
Demokratiya
Fikrimi yekunlaşdırmazdan öncə istərdim ki, demokratiya sahəsində nailiyyətlərlə bağlı əksər qərbli
dostlarımızın Azərbaycan da daxil olmaqla bir çox inkişaf etməkdə olan ölkələrə yanaşma tərzləri üzərində
dayanım. Bu məsələ dərhal ABŞ-ın İraq təcrübəsini yada salır. Buş hökumətindəki mühafizəkarlar İraqla bir
laboratoriya, yaxud istədikləri kimi yaza biləcəkləri ağ kağız kimi rəftar edə biləcəklərini zənn etmişdilər. Onlar elə
düşünürdülər ki, İraq xalqının həqiqi daxili dinamikası ilə hesablaşmayaraq qısa bir vaxtda İraqda demokratiya və
azad bazar iqtisadiyyatını yuxarıdan inqilabla, yaxud sosial mühəndisliyin bir hissəsi kimi həyata keçirmək olar.
L.Pol Bremerin "İraqda bir ilim" başlıqlı memuarlarında ABŞ işğalının çoxsaylı, unudulmaz epizodlarından biri
haqqında məlumat verilir.
2003-cü ilin mayında Bremer ABŞ prezidentinin nümayəndəsi kimi İraqa gəlir və iyulda Prezident Buş onu
konsulun müavini vəzifəsinə - müvəqqəti koalisiya hökumətinin başçısı təyin edir. O, bir qrup gənc, həvəskar
köməkçiləri ilə birlikdə dərhal "İraqı yenidən bir yerə toplamaq" işinə başlayır.
Bu, çətin iş idi. Gündəlik təsərrüfat işləri və xüsusilə təhlükəsizlik məsələləri təcili tədbirlərin görülməsini
tələb edirdi. Yeni İraqa müasir iqtisadiyyat gərək idi. O, iqtisadi məsələlər üzrə baş məsləhətçisi Piter
MakFersondan nüfuzlu iraqlılara azad bazar iqtisadiyyatının əsaslarını öyrədə bilib-bilməyəcəkləri barədə rəyini
soruşur. Onun Miçiqan ştatının universitetindən olan dostu Piter hər halda bir maarifçi idi. Beləliklə, iraqlılar
arasında kifayət qədər məşhurlaşan ikiaylıq iqtisadiyyat seminarları başladı.
Sizcə, bu seminarların nəticəsi nə oldu? Mən sadəcə inanıram ki, İraq həqiqətən azad bazara - ən azı növbəti
hücumlarını həyata keçirmək üçün terrorçuların lazım olan hər bir şeyi ala biləcəkləri bazara çevrildi.
Mən qərbli müttəfiqlərimizin demokratik normalar, yaxud insan hüquqları ilə bağlı həssaslığına da hörmətlə
yanaşıram. Başa düşürəm ki, bu problemlərin heç birinə inkişaf etməkdə olan ölkələrin liderlərinin etdikləri kimi,
bəhanələrlə, yaxud boyun qaçırmaqla yanaşmaq olmaz. Bununla belə, hər hansı bir ölkədə təkamül pro- sesini də
unutmaq olmaz.
Bir tərəfdən bəhanələr, digər tərəfdən müvafiq ölkələrin həqiqi daxili dinamikası arasında incə fərq xəttini
necə çəkəcəklər? Bu müstəsna əhəmiyyətli sual dərhal adamın yadına jurnalistika sahəsində ədəbiyyatdakı qədər
mühüm və valehedici iz buraxmış britaniyalı yazıçı Corc Orvelin İkinci Dünya Müharibəsi dövrünə aid
pamfletlərini salır. O, 1944-cü ildə "Tribun" üçün yazdığı baş məqalədə bu sənədlərlə bağlı çox sanballı bir faktı
qeyd etmişdi. Əslində onun pamfletlər toplusu siyasi baxışın bütün tərəflərini, eyni təfəkkürlə əhatə edirdi. Əfsus
ki, heç kim həqiqət axtarışında deyildi. Hər kəs problemləri ədalət, yaxud düzgünlüyə məhəl qoymadan ortaya
qoyurdu. Ən sadə və açıq-aydın görülən amillərə belə onları görmək istəməyənlər əhəmiyyət vermirdilər. Belə
təfəkkür tərzi insanları qərəzli fikirlərə sövq edirdi. Məsələn, elə düşünülürdü ki, pasifistlər müharibəyə əngəl
törətməklə obyektiv olaraq nasistlərə kömək etmişdilər. Yaxud bir halda ki, Sovet İttifaqını tənqid etmək nasist
Almaniyasına kömək etmək anlamına gəlir, trotskiçilər bu məntiqlə obyektiv olaraq Hitlerin agentləri kimi ittiham
olunurdular. Pasifistlərin, yaxud trotskiçilərin faşizmə qarşı çıxması faktı isə mətləbə aid edilmirdi.
Orvel əvvəl-axır xəbərdarlıq etmişdi ki, "əgər siz insanların motivlərinə məhəl qoymursunuzsa, onların
əməllərini əvvəlcədən görməkdə böyük çətinlik çəkəcəksiniz". Axı opponentlər də necə olursa-olsun, ədalətli
şəkildə eşidilməyə layiqdir. Orvelə görə ən vacibi kimlərin dürüst olub-olmadığını aydınlaşdırmaq idi.
Mən 1993-cü ildən bəri Azərbaycana səfərlər edirəm və etiraf etməliyəm ki, indi baş verən intensiv
dəyişikliyin əvvəllər heç vaxt şahidi olmamışam. Ölkə hər cəhətdən dəyişir. Hər bir dövlətdə olduğu kimi,
Azərbaycanda da tənqid olunmalı problemlər var. Eyni zamanda tənqid edərkən yadda saxlamaq lazımdır ki,
Azərbaycan Respublikası hələ gəncdir və daha çox vaxta ehtiyac duyur. Bununla bağlı Prezident İlham Əliyevin
yaxşı bildiyi və Orvelin də vaxtilə qeyd etdiyi dəlillər məndə Azərbaycanın gələcəyi ilə bağlı nikbinlik hissi yaradır.
O, həqiqətən də, ədalətli şəkildə eşidilməyə layiqdir...
Dostları ilə paylaş: |