Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri Azərbaycan Respublikasının milli sərvətidir və xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə malikdir.
Bu Qanun Azərbaycan Respublikasının ərazisində xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilinin və mühafizəsinin, xüsusi mühafizə olunan təbiət obyektlərinin qorunmasının hüquqi əsaslarını müəyyən edir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında anlayış
Xüsusi mühafizə olunan təbiət əraziləri – xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır.
Xüsusi mühafizə olunan təbiət obyektləri – elmi, mədəni, estetik və sağlamlaşdırma dəyəri olan nadir, nəsli kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi mühafizə rejimi zooloji, botanik, dendroloji, hidroloji, geoloji, geomorfoloji, hidrogeoloji, meşə, landşaft və torpaq obyektləridir.
Maddə 2. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericilik
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericilik bu Qanundan, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilinin, mühafizəsinin və istifadəsinin əsas prinsipləri
Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, mühafizəsi və istifadəsi aşağıdakı prinsiplərə əsaslanır:
bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması;
xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən məqsədli istifadə, habelə elmin, mədəniyyətin, təhsilin və maarifin inkişafı üçün səmərəli istifadə edilməsi;
sosial-iqtisadi amillərin və yerli əhalinin maraqları nəzərə alınmaqla, turizmin və rekreasiyanın inkişafı;
xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində dövlət tənzimlənməsi və nəzarət;
xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadənin qanunla nəzərdə tutulmuş hallarda ödənişli olması;
xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı;
beynəlxalq əməkdaşlıq.
Maddə 4. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üzərində mülkiyyət
Azərbaycan Respublikasının ərazisində beynəlxalq, respublika və bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz.
Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin bələdiyyələrin mülkiyyətinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahələri olan fiziki və hüquqi şəxslər xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri yarada bilərlər.
II fəsil
XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİNİN TƏŞKİLİ
Maddə 5. Xüsusi mühafizə olunan təbiət ərazilərinin növləri
Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri aşağıdakı növlərə ayrılır:
dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları;
milli parklar;
təbiət parkları;
ekoloji parklar;
dövlət təbiət yasaqlıqları;
təbiət abidələri;
zooloji parklar;
nəbatat bağları və dendroloji parklar;
müalicə-sağlamlaşdırma yerləri və kurortlar.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin digər növləri nəzərdə tutula bilər.
Bu maddənin birinci hissəsinin 2-ci, 3-cü, 4-cü, 8-ci və 9-cu abzaslarında göstərilən xüsusi mühafizə olunan təbiət ərazilərinin növlərinə onların kateqoriyasından asılı olmayaraq təbiəti mühafizə və elmi tədqiqat idarələri statusu verilir. Statusu olan xüsusi mühafizə olunan təbiət ərazilərinin rəmzləri (bayraq, emblem və sair) ola bilər.
Bu maddənin birinci hissəsinin 2-ci, 3-cü, 4-cü və 6-cı abzaslarında göstərilən xüsusi mühafizə olunan təbiət ərazilərinin növləri üzrə ümumi əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 6. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kateqoriyaları
Azərbaycan Respublikasında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri beynəlxalq, respublika, bölgə və yerli əhəmiyyətli kateqoriyalara bölünür.
Dövlət təbiət qoruqlarının və milli parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilir.
Dövlət təbiət yasaqlıqları, təbiət parkları, təbiət abidələri, zooloji parklar, nəbatat bağları və dendroloji parklar, müalicə-sağlamlaşdırma yerləri və kurortlar respublika əhəmiyyətli və ya bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilə bilər. Təbiət parkları, zooloji parklar, müalicə-sağlamlaşdırma yerləri və kurortlar yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri kimi elan edilə bilər.
Azərbaycan Respublikasının ərazisində müvafiq icra hakimiyyəti orqanı tərəfindən beynəlxalq əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri müəyyən edilə bilər.
Respublika və ya bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, onların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi elmi təşkilatların və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla, müvafiq dövlət orqanın təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.
Maddə 7. Xüsusi mühafizə olunan təbiət ərazilərinin istifadəsi və icarəsi
Dövlət təbiət qoruqlarının və yasaqlıqlarının, milli parkların, təbiət abidələrinin, zooloji parkların, nəbatat bağlarının və dendroloji parkların fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.
Yerli əhəmiyyətli təbiət parkları, zooloji parklar, müalicə-sağlamlaşdırma yerləri və kurortlar bütövlükdə və ya qismən, qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilə bilər.
Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri idarəçiliyə, istifadəyə və icarəyə verilərkən onların hüquqi statusu, rejimi və məqsədli təyinatı saxlanılır, istifadəsi və mühafizəsi bu Qanunla, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.
Maddə 8. Xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı və yerləşdirilməsi sxemləri və onların yaradılması
Xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı və yerləşdirilməsi sxemləri sosial-iqtisadi tələblər və ətraf mühitin vəziyyəti nəzərə alınmaqla, onların yaradılması üçün perspektiv tələbatı müəyyən edir.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xüsusi mühafizə olunan təbiət ərazilərinin sxemləri müvafiq ehtiyat torpaq fondunda saxlanılır və həmin ərazilərdə torpaqların istifadəsinə məhdudiyyətlər qoyulur.
Xüsusi mühafizə olunan təbiət əraziləri elmi və texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yaradılır.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin hər biri üçün pasport hazırlanır və bu ərazilərin və obyektlərin pasportu müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmaqla müəyyən olunmuş qaydada saxlanılır.
Maddə 9. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin torpaqları
Məqsədli istifadəsinə və hüquqi rejiminə görə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin torpaqlarına təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı torpaqlar daxildir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili məqsədi ilə başqa kateqoriyalara aid edilmiş torpaqların istifadəyə verilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir.
Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada geri alına bilər.
Üzərində xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri yerləşən torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmadan, onların razılığı və ya məhkəmənin qərarı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə olunur.
Maddə 10. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsi
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üçün xüsusi mühafizənin hüquqi rejimi, yaxud təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir.
Xüsusi mühafizənin hüquqi rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə ətraf mühitin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə, həmçinin digər fəaliyyətlərə qadağalar nəzərdə tutur.
Təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və olbyektlərində və ya xüsusi ayrılmış sahələrdə təbii ehtiyatların təsərrüfat istifadəsinə məhdudiyyətlər nəzərdə tutur.
Xüsusi mühafizəni təmin etmək üçün xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə bitişik olan torpaq və su sahələrində mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalar müəyyən edilə bilər. Bu zonaların torpaqlarında xüsusi mühafizə olunan təbiət ərazilərinin təbiət komplekslərinə və obyektlərinə zərərli təsir göstərən hər cür fəaliyyət qadağan edilir.
Maddə 11. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadə
Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş tələblərə əməl etmək şərti ilə aşağıdakı məqsədlərlə istifadə edilə bilər:
təbiəti mühafizə;
elmi tədqiqat;
ətraf mühitin monitorinqi;
sağlamlaşdırma;
təlim-tərbiyə;
turizm və istirahət (rekreasiya).
Xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində onların məqsədli təyinatına və təbiət komplekslərinin və ayrı-ayrı obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan şərtlərlə başqa fəaliyyət növləri həyata keçirilə bilər.
Maddə 12. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı və monitorinqi
Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı bu ərazilərin statusu, onların coğrafi mövqeyi və sərhədləri, həmin ərazilərin və obyektlərin xüsusi mühafizəsinin rejimi, təbiət istifadəçiləri, ekoloji, elmi, iqtisadi, tarixi və mədəni əhəmiyyəti barədə zəruri məlumatların məcmusudur.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazilərin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə aparılır.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının və monitorinqinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
I I I fəsil
XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİ
VƏ OBYEKTLƏRİ SAHƏSİNDƏ İDARƏETMƏ
Maddə 13. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində idarəetmə sistemi
Xüsusi mühafizə olunan təbiət obyektləri sahəsində idarəetmə sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr daxildir.
Maddə 14. Xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini idarəetmə sahəsində dövlətin səlahiyyətləri
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərini idarəetmə sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır:
dövlət siyasətini həyata keçirmək və müvafiq normativ hüquqi aktlar qəbul etmək;
dövlət proqramlarını hazırlayıb təsdiq etmək;
dövlət nəzarətini həyata keçirmək;
xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsi üzrə tədbirlərə dövlət yardımı;
beynəlxalq əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini müəyyən etmək;
respublika və ya bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və ləğv edilməsi barədə qərar vermək;
xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı və yerləşdirilməsi sxemlərini təsdiq etmək;
xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət qeydiyyatının və kadastrının aparılması qaydalarını müəyyən etmək;
beynəlxalq əməkdaşlığı həyata keçirmək;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək.
Maddə 15. Xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini idarəetmə sahəsində bələdiyyələrin səlahiyyətləri
Xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini idarəetmə sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:
elmi təşkilatların və müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və ləğv edilməsi barədə qərar qəbul etmək;
yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili üçün yerli büdcələrin tərkibində xərclər müəyyənləşdirmək və təsdiq etmək;
yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsi və istifadə üzrə qərarlar qəbul etmək;
özlərinin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada təbiət parkları, zooloji parklar, müalicə-sağlamlaşdırma yerləri və kurortlar yaratmaq, habelə bu kimi ərazilər məqsədli təyinatı üzrə istifadəyə və icarəyə vermək, yaxud götürmək;
xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı və yerləşdirilməsi sxemləri üzrə təkliflər irəli sürmək;
yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə və istifadəsinə nəzarəti həyata keçirmək;
öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
Maddə 16. Xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini idarəetmə sahəsində fiziki və hüquqi şəxslərin və ictimai birliklərin iştirakı
Fiziki və hüquqi şəxslərin və ictimai birliklərin xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini idarəetmə üzrə tədbirlərdə iştirak etmək üçün aşağıdakı hüquqları vardır:
xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektldərinin mühafizəsi üzrə ictimai fondlar yaratmaq;
xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, onların inkişafı və yerləşdirilməsi sxemlərinin hazırlanması üzrə təkliflər vermək;
xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üzrə ictimai ekspertizanın keçirilməsində iştirak etmək;
özlərinin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada təbiət parkları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar yaratmaq, habelə bu kimi əraziləri məqsədli təyinatı üzrə istifadəyə və icarəyə götürmək;
xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada ictimai nəzarəti həyata keçirmək;
müəyyən edilmiş qaydada dövlət orqanlarından xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında məlumatlar almaq;
qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olmaq.
Fiziki və hüquqi şəxslər və ictimai birliklər xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirməyə borcludurlar.
Dövlət orqanları xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində fiziki və hüquqi şəxslərin və ictimai birliklərin rəy və təkliflərinə baxmalıdırlar.
I V fəsil
DÖVLƏT TƏBİƏT QORUQLARI
Maddə 17. Dövlət təbiət qoruqları və onların təşkili
Dövlət təbiət qoruqları – səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədi ilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
Dövlət təbiət qoruqları xüsusi ekoloji, elmi və mədəni dəyərə malik olan təbiət obyektlərinin (səciyyəvi və nadir landşaftlar, nadir geoloji törəmələr, bitki və heyvan növləri və sair) yerləşdiyi ərazilərdə (torpaq və su məkanı (akvatoriya) sahələrində) yaradılır.
Dövlət təbiət qoruqlarının əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir.
Dövlət təbiət qoruqları elmi təşkilatların və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla, müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.
Dövlət təbiət qoruqlarının təşkili üçün ayrılmış torpaq sahələri onların daimi istifadəsinə verilir.
Dövlət təbiət qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağan edilir.
Hər bir dövlət təbiət qoruğunun əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 18. Dövlət təbiət qoruqlarının vəzifələri
Dövlət təbiət qoruqlarının vəzifələri aşağıdakılardır:
genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin və təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədi ilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək;
elmi tədqiqatları təşkil etmək və aparmaq, “təbiət salnaməsi” tərtib etmək;
ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi çərçivəsində ekoloji monitorinqi həyata keçirmək;
təsərrüfat obyektlərinin və digər obyektlərin yerləşdirilməsi layihələrinin və sxemlərinin dövlət ekoloji ekspertizasında iştirak etmək;
ətraf təbii mühitin mühafizəsi sahəsində elmi kadrların və mütəxəssislərin hazırlanmasına kömək etmək.
Maddə 19. Dövlət təbiət qoruqlarında xüsusi mühafizə rejiminin xüsusiyyətləri
Dövlət təbiət qoruqlarında xüsusi mühafizənin vacib ümumi tədbirlərindən başqa, aşağıdakılar qadağan edilir:
bina və qurğuların, ümumi istifadə üçün yolların, boru kəmərlərinin və digər kommunikasiyaların tikintisi;
geoloji-kəşfiyyat və müxtəlif axtarış işlərinin aparılması;
kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və yeraltı sulardan istifadə edilməsi;
oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadə;
bitki aləmindən təsərrüfat məqsədi ilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;
ov və balıq ovu, habelə ov və balıqçılıq obyektlərinə aid edilməyən heyvanların təsərrüfat məqsədi ilə istifadə edilməsi və ovlanması;
ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi;
kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və heyvanların təbii mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi;
xüsusi icazə olmadan qoruqların ərazisində olmaq.
Maddə 20. Dövlət təbiət biosfer qoruqları
Qlobal ekoloji monitorinqin həyata keçirilməsi üçün fəaliyyət göstərən və ya yenidən təşkil edilən dövlət təbiət qoruqlarının əsasında dövlət təbiət biosfer qoruqları yaradıla bilər.
Hər bir dövlət təbiət biosfer qoruğu haqqında əsasnamə beynəlxalq müqavilələr nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
V fəsil
MİLLİ PARKLAR
Maddə 21. Milli parklar və onların təşkili
Milli parklar – xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
Milli parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir.
Milli parkların hüdudlarına ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri daxil edilə bilər.
Milli parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.
Hər bir milli park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
Maddə 22. Milli parkların əsas vəzifələri
Milli parkların əsas vəzifələri aşağıdakılardır:
təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq;
turizm və istirahət (rekreasiya) üçün şərait yaratmaq;
təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;
əhalinin ekoloji maarifləndirmək;
ekoloji monitorinqi həyata keçirmək;
zədələnmiş təbiət və tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.
Maddə 23. Milli parkların zonalaşdırılması
Milli parkların ərazilərində onların təbiət, tarix-mədəniyyət və digər xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:
xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;
təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar;
turizm və istirahət (rekreasiya) zonaları;
turist və başqalarına xidmət göstərilən zonalar;
milli parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.
Turizm və istirahət (rekreasiya) zonalarında turizm və istirahət (rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı- ayrı növlərinə (ov, idman və həvəskar balıq ovu və sair) yol verilir.
Milli parklarda müəyyən edilmiş qaydada elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilir.
VI fəsil
TƏBİƏT PARKLARI
Maddə 24.Təbiət parkları və onların təşkili
Təbiət parkları - xüsusi ekoloji və estetik dəyərə malik olan,təbiəti mühafizə və istirahət (rekreasiya) məqsədləri üçün ayrılmış təbiət komplekslərinin yerləşdiyi təbiəti mühafizə idarələri statuslu ərazilərdir.
Təbiət parklarının ərazisindəki torpaq sahələri onların daimi istifadəsinə verilir. Digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaqları ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada təbiət parklarının istifadəsinə verilə bilər.
Təbiət parkları respublika və ya bölgə əhəmiyyətli ola bilər. Bu ərazilər yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri kimi elan edilə bilər.
Yerli əhəmiyyətli təbiət parkları məqsədli təyinatı üzrə fiziki və hüquqi şəxslərin idarəçiliyinə, habelə istifadəsinə və icarəsinə verilə bilər.
Hər bir təbiət parkının əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 25. Təbiət parklarının vəzifələri
Təbiət parklarının vəzifələri təbii mühiti, təbii landşaftları və rekreasiya resurslarını mühafizə etmək, istirahət üçün şərait yaratmaq, təbiəti mühafizənin effektli metodlarını hazırlamaq və tətbiq etmək, habelə rekreasiya istifadəsi şəraitində ekoloji tarazlığı qoruyub saxlamaqdır.
Maddə 26. Təbiət parklarının zonalaşdırılması
Təbiət parklarının ərazilərində təbii sahələrin ekoloji və rekreasiya əhəmiyyətindən asılı olaraq xüsusi mühafizənin və istifadənin ayrı-ayrı rejimləri müəyən edilir.
Təbiət parklarının ərazilərində təbiəti mühafizə, istirahət (rekreasiya), tarix-mədəniyyət komplekslərinin və obyektlərinin mühafizə zonaları və digər fəaliyyət zonaları müəyyən edilə bilər.
Təbiət parklarının ərazilərində onların ekoloji, istirahət (rekreasiya) və estetik keyfiyyətinə mənfi təsir göstərən, tarix-mədəniyyət abidələrinin qorunub saxlanılması rejimini pozan fəaliyyət qadağan edilir.
Təbiət parklarının sərhədlərində onların ekoloji, mədəni, istirahət (rekreasiya) və estetik əhəmiyyətini aşağı salan fəaliyyət qadağan edilə və ya məhdudlaşdırıla bilər.
VI I fəsil
DÖVLƏT TƏBİƏT YASAQLIQLARI
Dövlət təbiət yasaqlıqları – təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazilərdir.
Dövlət təbiət yasaqlıqları torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən torpaq sahələri alınmadan qanunvericiliklə müəyyən edilmiş qaydada onların torpaq sahələrində təşkil edilə bilər.
Dövlət təbiət yasaqlıqları respublika və ya bölgə əhəmiyyətli ola bilər.
Dövlət təbiət yasaqlıqları müxtəlif profilli, o cümlədən kompleks, bioloji, paleontoloji, hidroloji və geoloji profili ola bilər.
Dövlət təbiət yasaqlıqları müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.
Maddə 28. Dövlət təbiət yasaqlıqlarının xüsusi mühafizə rejimi və onlardan istifadə
Dövlət təbiət yasaqlıqlarında təbiət komplekslərinə və onların komponentlərinə zərər vura bilən hər hansı fəaliyyət qadağan edilir.
Dövlət təbiət yasaqlıqlarının vəzifələri və xüsusi mühafizə rejiminin xüsusiyyətləri onların hər biri haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.
Dövlət təbiət yasaqlıqları müəyyən edilmiş qaydada elmi, mədəni, tədris və məhdud təsərrüfat məqsədləri üçün istifadə edilə bilər.
Torpaq mülkiyyətçiləri və istifadəçiləri dövlət təbiət yasaqlıqlarında təsərrüfat fəaliyyətini müəyyən edilmiş məhdudiyyətlərə əməl etməklə həyata keçirə bilərlər.
VI I I fəsil
TƏBİƏT ABİDƏLƏRİ
Maddə 29. Təbiət abidələri
Təbiət abidələri xüsusi ekoloji, elmi, mədəni və estetik əhəmiyyəti olan təbiət obyektləridir.
Təbiət abidəsi obyektlərinə konkret coğrafi zona üçün səciyyəvi olan nadir landşaftlar və yaxud ayrı-ayrı ünsürlər, yerli ağac qruplarının etalonunu təşkil edən və nadir növ tərkibinə görə seçilən qiymətli meşə sahələri, endemik və məhv olmaq təhlükəsinə məruz qalan bitkilərin yayıldığı yerlər, çox yaşlı ayrı- ayrı ağaclar, həmçinin geoloji açılışlar, mağaralar, paleontoloji və paleonəba qalıqlarının çoküntüləri, bulaqlar, nadir göllər və digər yerlər aid edilir.
Təbiət abidələri yerləşən ərazilərdə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir və onların təbii vəziyyəti qorunub saxlanılır.
Təbiət abidələri respublika və ya bölgə əhəmiyyətli ola bilər.
Maddə 30. Təbiət abidələrinin təşkilinin, mühafizəsinin və onlardan istifadənin xüsusiyyətləri
Təbiət abidələri torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən torpaq sahələri alınmadan qaqanunvericiliklə müəyyən edilmiş qaydada onların torpaq sahələrində təşkil edilə bilər.
Təbiət abidələrinin və onların yerləşdiyi ərazilərin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Təbiət abidələrinə aid edilən obyektlər və onların yerləşdiyi ərazilər təsərrüfat istismarından çıxarılır və orada təbiət abidələrinin təbii vəziyyətini pozan hər hansı fəaliyyət qadağan edilir.
Təbiət abidələrindən müəyyən edilmiş qaydada elmi, mədəni və tədris məqsədləri üçün istifadə edilə bilər.
VI I I I fəsil
ZOOLOJİ PARKLAR
Maddə 31. Zooloji parklar – heyvanlar aləminin mühafizəsi, törəyib artması və onlardan istifadə üçün ayrılmış təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan xüsusi mühafizə olunan təbiət əraziləridir.
Zooloji parklar respublika, bölgə və ya yerli əhəmiyyətli ola bilər.
Maddə 32. Zooloji parkların təşkili, zonalaşdırılması və mühafizəsinin xüsusiyyətləri
Zooloji parkların təşkili üçün torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada onların daimi istifadəsinə verilir.
Zooloji parklarda heyvanların saxlanılması və artırılması, habelə ora gələn adamlara göstərilməsi üçün – ekspozisiya, elmi tədqiqatların aparılması məqsədi ilə – elmi, gələn adamlara xidmət göstərilməsi üçün – ictimai, inzibati və təsərrüfat-istehsalat zonaları ayrılır.
Zooloji parklarda onların vəzifələrinin həyata keçirilməsi ilə bağlı olmayan və orada saxlanılan heyvanların məhvinə səbəb ola bilən hər hansı fəaliyyət və hərəkət qadağandır.
Maddə 33. Zooloji parklarda heyvanların artırılması
Zooloji parklar Azərbaycan Respublikası və dünya faunasının heyvan kolleksiyalarını formalaşdırır və onların qorunub saxlanılmasını təmin edir.
Zooloji parklar müəyyən edilmiş qaydada heyvanların idxalını və ixracını, başqa zooloji profilli idarələrlə onların dəyişdirilməsini həyata keçirir.
Zooloji parklarda baytarlıq və zootexniki xidmət, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin nəsil verməsi üçün məntəqə yaradılır.
Maddə 34. Zooloji parklardan istifadənin xüsusiyyətləri
Zooloji parklardan elmi, mədəni və tədris məqsədləri üçün istifadə edilir.
Zooloji parklarda elmi tədqiqatlar heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılması və yetişdirilməsi sahəsində aparılır.
Zooloji parklar elmi məlumat bankları, fondlar, muzeylər, kitabxanalar və arxivlər yarada, onların fəaliyyəti ilə bağlı elmi, elmi-populyar və başqa ədəbiyyatlar nəşr edə, habelə mədəni-maarif, baytarlıq təbabəti, seleksiya-damazlıq işləri sahəsində əhaliyə ödənişli xidmətlər göstərə bilər.
Zooloji parklarda bu idarələrin profilinə uyğun olaraq təsərrüfat fəaliyyəti üçün zəruri olan yardımçı təsərrüfatlar, emalatxanalar, zooloji mağazalar və başqa obyektlər ola bilər.
X fəsil
NƏBATAT BAĞLARI VƏ DENDROLOJİ PARKLAR
Nəbatat bağları və dendroloji parklar – bitki aləminin müxtəlifliyini qoruyub saxlamaq və onu zənginləşdirmək məqsədi ilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
Nəbatat bağları və dendroloji parklar respublika və ya bölgə əhəmiyyətli ola bilər.
Maddə 36. Nəbatat bağlarının və dendroloji parkların zonalaşdırılması və mühafizəsinin xüsusiyyətləri
Nəbatat bağlarının və dendroloji parkların təşkil üçün torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada onların daimi istifadəsinə verilir.
Nəbatat bağlarında və dendroloji parklarda bitkiləri yetişdirmək və onları ora gələn adamlara göstərmək üçün – ekspozisiya, elmi tədqiqatlar aparmaq üçün – elmi, gələn adamlara xidmət göstərmək üçün – ictimai, inzibati və təsərrüfat-istehsalat zonaları ayrılır.
Nəbatat bağlarında və dendroloji parklarda onların vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar olmayan və orada yetişdirilən bitkilərin məhvinə səbəb ola bilən hər hansı fəaliyyət və təsir qadağandır.
Maddə 37. Nəbatat bağlarında və dendroloji parklarda bitkilərin yetişdirilməsi
Nəbatat və dendroloji parklar Azərbaycan Respublikası və dünya florasının bitki kolleksiyalarını formalaşdırır və onların qorunub saxlanılmasını təmin edir.
Nəbatat bağları və dendroloji parklar müəyyən edilmiş qaydada bitkilərin idxalını və ixracını, onların başqa botaniki profilli idarələrlə dəyişdirilməsini təmin edir.
Nəbatat bağlarında və dendroloji parklarda kolleksiya və təcrübə sahələri, tingliklər, herbarilər və toxum fondları yaradılır.
Maddə 38. Nəbatat bağlarından və dendroloji parklardan istifadənin xüsusiyyətləri
Nəbatat bağlarından və dendroloji parklardan elmi, mədəni-maarif və tədris məqsədləri üçün istifadə edilir.
Nəbatat bağlarında və dendroloji parklarda elmi tədqiqatlar qiymətli, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki növlərinin yetişdirilməsi, seleksiyası və artırılması sahəsində aparılır.
Nəbatat bağları və dendroloji parklar elmi məlumat bankları, fondlar, muzeylər, kitabxanalar və arxivlər yarada, onların fəaliyyəti barədə elmi, elmi-populyar və başqa ədəbiyyatlar nəşr edə, habelə seleksiya, toxumçuluq və tingçilik sahəsində əhaliyə ödənişli xidmətlər göstərə bilər.
Nəbatat bağlarında və dendroloji parklarda bu idarələrin profilinə uyğun olaraq təsərrüfat fəaliyyəti üçün zəruri olan yardımçı təsərrüfat, emalatxanalar, bitkilərin satışı üçün ixtisaslaşdırılmış mağazalar və başqa obyektlər ola bilər.
XI fəsil
MÜALİCƏ-SAĞLAMLAŞDIRMA YERLƏRİ VƏ KURORTLAR
Maddə 39. Müalicə-sağlamlaşdırma yerləri və kurortlar
Müalicə-sağlamlaşdırma yerlərinə xəstəliklərin müalicəsinin və profilaktikasının, habelə əhalinin istirahətinin təşkili üçün yararlı olan və təbii müalicəvi resurslara (mineral sular, müalicəvi palçıqlar, şor göllər, müalicəvi iqlim, çimərliklər və sair) malik olan ərazilər aid edilə bilər.
Müalicə-sağlamlaşdırma yerləri və kurortlar onların səmərəli istifadə edilməsi və təbii müalicəvi resursların və sağlamlaşdırma xassələrinin qorunub saxlanılması məqsədi ilə yaradılır.
Müalicə-sağlamlaşdırma yerləri və kurortlar beynəlxalq, respublika, bölgə və yerli əhəmiyyətli ola bilər.
Yerli əhəmiyyətli müalicə-sağlamlaşdırma yerləri və kurortlar məqsədli təyinatı üzrə fiziki və hüquqi şəxslərin idarəçiliyinə, habelə istifadəsinə və icarəsinə verilə bilər.
Ərazilərin müalicə sağlamlaşdırma yerlərinə və kurortlara aid edilməsi qaydası, mühafizəsi və onların fəaliyyəti qanunvericiliklə müəyyən edilir.
Maddə 40. Müalicə-sağlamlaşdırma yerlərinin və kurortların mühafizəsi
Təbii müalicə amillərinin və təbii resursların mühafizəsi məqsədi ilə müalicə-sağlamlaşdırma yerlərinin və kurortların ətrafında sanitariya mühafizə zonaları müəyyən edilir.
Müalicə-sağlamlaşdırma yerlərinin və kurortların ərazisində, eləcə də onların ətrafında yaradılan sanitariya mühafizə zonalarında xəstəliklərin profilaktikası və müalicəsi, əhalinin istirahəti, habelə təbii müalicəvi resursların mühafizəsi müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
Müəyyən edilmiş sanitariya rejimi ilə əlaqədar, torpaq sahələrinin təsərrüfat dövriyyəsindən tam çıxarılması nəzərdə tutulduğu hallar istisna edilməklə, sanitariya mühafizə zonalarının hüdudlarında olan torpaq sahələri torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən geri alınmır.
XI I I fəsil
XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİNİN VƏ OBYEKTLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ VƏ İQTİSADİ TƏNZİMLƏNMƏSİ
Maddə 41. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin maliyyələşdirilmə mənbələri
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri dövlət büdcəsindən yerli bücdələrdən, büdcədənkənar vasitələrdən, ətraf mühitin mühafizəsi üçün fondların vasitələri hesabına və qanunvericilikdə qadağan edilməyən digər maliyyə mənbələrindən maliyyələşdirilir.
Respublika və ya bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsi və bərpası, onların inkişafı və yerləşdirilməsi üzrə respublika sxeminin hazırlanması, dövlət kadastrının aparılması, elm mədəni-maarif və tədris tədbirləri dövlət büdcəsinin və ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri hesabına maliyyələşdirilir.
Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin saxlanılması və təşkil edilməsi, onların inkişafı və yerləşdirilməsi üzrə sxemlərin hazırlanması, elmi, mədəni-maarif, tədris tədbirləri yerli büdcələrində büdcədənkənar vəsaitlərin hesabına maliyyələşdirilir.
Maddə 42. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən ödənişli istifadə
Fiziki və hüquqi şəxslər elmi, mədəni, tədris, turizm, istirahət (rekreasiya) və məhdud təsərrüfat məqsədləri ilə xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadəni ödənişli əsaslarla həyata keçirirlər.
Xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində elmi, mədəni, maarif, tədris, turizm, xidmət və istirahət (rekreasiya) fəaliyyətini həyata keçirmək üçün bina və qurğuların fiziki və hüquqi şəxslərə verilməsinə, bu Qanunla nəzərdə tutulan hallar istisna olmaqla, müəyyən edilmiş qaydada və ödəmli əsaslarla yol verilir.
Maddə 43. Xüsusi mühafizə olunan təbiət əraziləri üçün xüsusi vəsaitlər və fondlar
Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin iqtisadi stimullaşdırılması sahəsində məqsədli investisiya, kredit və vergi siyasəti həyata keçirilir.
XI I I fəsil
XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİNİN VƏ OBYEKTLƏRİNİN MÜHAFİZƏSİNƏ VƏ İSTİFADƏSİNƏ NƏZARƏT
Maddə 45. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə, qorunmasına və istifadəsinə dövlət nəzarəti
Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə, qorunmasına və istifadəsinə dövlət nəzarətinin məqsədi bu ərazilərin və obyektlərin vəziyyətinə, onların mühafizəsi, qorunması, bərpası və istifadəsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasını təmin etməkdir.
Bu sahədə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində müəyyən olunmuş qaydada həyata keçirirlər:
Dövlət nəzarəti məqsədi ilə aşağıdakılar həyata keçirilir:
dövlət təbiət qoruq fondunun mühafizəsi və bərpası üzrə tədbirlərin yerinə yetirilməsini yoxlamaq;
xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadə hüququna dair sənədləri yoxlamaq, nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrini və başqa əşyaları yoxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək;
xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyi pozmuş, cinayət və ya inzibati hüquqpozma törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq, onları hüquq mühafizə orqanlarının sərəncamına vermək;
xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsi və istifadəsi sahəsində inzibati hüquqpozma haqqında protokollar tərtib etmək;
xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifəni yerinə yetirərkən xüsusi geyim forması daşımaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silahı saxlamaq və gəzdirmək hüququ verilir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin vəzifəli şəxslərinin hüquqları müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamə ilə müəyyən edilir.
Maddə 46. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə və istifadəsinə ictimai nəzarət
Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə və istifadəsinə ictimai nəzarət Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
XIV fəsil
XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİ VƏ OBYEKTLƏRİ HAQQINDA QANUNVERİCİLİYİNİN POZULMASI GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
Maddə 47. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.
Maddə 48. Mübahisələrin həlli
Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsi və istifadəsi sahəsində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
XV fəsil
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
Maddə 49. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikasının ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikası ilə başqa dövlətlər arasında bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normaları əsasında həyata keçirilir.
Maddə 50. Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 24 mart 2000-ci il
№ 840-İQ
Dostları ilə paylaş: |