Plan: Fənnin keçilməsinin məqsəd və vəzifələri



Yüklə 47,67 Kb.
tarix04.10.2022
ölçüsü47,67 Kb.
#64508
Mövzu 1


Turizm anlayışı və onun əhatə dairəsi
Plan:

  • Fənnin keçilməsinin məqsəd və vəzifələri.

  • Turizmə aid əsas anlayış və terminlərin izahı

  • Turist anlayışı və onun xüsusiyyətləri

  • Turizmin əhəmiyyəti və xüsusiyyətləri

  • Turizmin inkişaf tarixi

  • Tomas Kuk və təşkil olunmuş turizmin formalaşması



Turizm müasir dövrdə bütün dünyaya özünün tükənməz potensialını təqdim edən, ölkənin daxilində olduğu kimi ümümdünya səviyyəsində də sosial və iqtisadi inkişafını konkret özünəməxsus qanunlar çərçivəsində müəyyən edən qlobal hadisədir. Turizm artıq bir çox ölkələrin xidmət göstərməklə təsərrüfat həyatında əhəmiyyətli rolu olan iqtisadiyyatın bir sahəsinə çevrilmişdir. “Turizmə giriş” fənninin predmeti turizm və turizmlə əlaqədar olan hər şeydir. Fənnin məqsədi – tələbələrə turizm sahəsində nəzəri və praktik bacarıqlara yiyələndirmək, dünya iqtisadiyyatımda turizmin rolunu dərk etdirmək və xidmət sənayesi haqqında dünya görüşü formalaşdırmaqdır. Fənnin vəzifəsitələbənin öyrəndiyi nəzəri bilgiləri praktikada tətbiq etmək bacarığını təmin etməkdir.
Müasir elmi ədəbiyyatlarda “turizm” anlayışının müəyyən edilməsinə çoxsaylı yanaşmalar mövcuddur. Qeyd edək ki, coğrafi, iqtisadi, marketinq və sənaye-istehsal yanaşmaları daha geniş yayılmışdır.
“Turizm” (tourism) terminini ilk dəfə olaraq V.Jemko 1830-cu ildə istifadə etmişdir. “Turizm” – fransız sözü olan “tour”dan götürülüb, mənası “gəzinti”, “səfər” deməkdir. Son illərə kimi hər bir ölkədə “turizm” və “turist” anlayışları özünəməxsus şəkildə müəyyən edilmişdir. Belə ki, bəzi ölkələrdə sanatoriya, pansionat və istirahət evlərində istirahət edənlərin səyahət edən turistlərdən ayrı götürülməsi qəbul olunmuşdur. Turizmin, xüsusilə beynəlxalq turizmin inkişafı və beynəlxalq turizm təşkilatlarının yaradılması “turizm” anlayışına ümumi qəbul olunmuş yanaşmanın formalaşmasına gətirib çıxartdı.
1954-cü ildə BMT-nin qəbul etdiyi rəsmi anlayışa görə turizm – insanın sağlamlığı və fiziki inkişafının möhkəmləndirilməsinə təsir edən, həmçinin daimi yaşayış yerindən kənara hərəkətlə əlaqəli aktiv istirahətdir.
1993-cü ildə BMT-nin Statistika Komissiyası, ÜTT tərəfindən dəstəklənən və beynəlxalq təcrübədə geniş istifadə edilən “turizm” anlayışı qəbul etmişdir. Qəbul olunmuş anlayışa görə turizm – yaşayış mühitindən kənarda yerləşən yerlərə bir ildən artıq olmamaq şərtilə, istirahət, işgüzar və digər məqsədlərlə səyahət edən şəxslərin fəaliyyətidir. Bu “turizm” anlayışında 3 meyar mövcuddur: daimi yaşayış mühitindən kənara yerdəyişmə; hərəkətin müvəqqəti xarakteri; səyahətin məqsədi.
Klassik anlayışa görə isə turizm – daimi yaşayış yerindən başqa ölkəyə və ya öz ölkəsi daxilində digər əraziyə, asudə vaxtda zövq almaq, istirahət, müalicə-sağlamlıq, dərketmə, dini, işgüzar və digər məqsədlərlə, həmçinin gəlinən ərazidən haqqı ödənilən fəaliyyətlə məşğul olmadan insanların hərəkətidir.
Turizmin müxtəlif funksiyaları da vardır ki, onlara aşağıdakılar aiddir:

  • bərpaedici – şəraitin və fəaliyyət növlərinin dəyişdirilməsi yolu ilə insanın yorğunluq hislərindən azad olunması;

  • inkişaf etdirici – şəxsiyyətin inkişafı üçün imkanların (əhatə dairəsinin, yaradıcılıq və təşkilatçılıq fəaliyyətinin genişləndirilməsi) verilməsi;

  • əyləncə - istirahət edənlərə əylənmək üçün imkanların (yerli ərazi, onun sakinləri ilə tanışlıq, konsert, idman və digər tədbirləri təşkil etmək, aktiv istirahət) verilməsi;

  • iqtisadi – turistin tələb və təklifləri əsasında meydana gələrək, əhalinin əmək qabiliyyətini, məşğulluq səviyyəsini və gəlirlərini təmin edir;

  • sosial - əhalinin həyat səviyyəsinin artımı, büdcənin paylaşdırılması və asudə vaxtın səmərəli istifadəsi.

Səyahət və turizm bir-birinə çox yaxın anlayışlardır. Ayrı-ayrı şəxslər, vahid maraq və məqsəd altında birləşən qruplar, tərkibində bir neçə yüz və ya min mütəxəssis olan hərbiçilər, diplomat, miqrant və qaçqın-köçkünlər səyahət edirlər. Ayrı-ayrı xalqlar üçün səyahət - əsrlərlə formalaşmış və yaşayış yerinin iqlim xüsusiyyətlərinə müvafiq olaraq həyat tərzidir ki, bunlara da köçəri tayfalar aiddir. Özlərinin heyvan sürüləri ilə birlikdə köçəri tayfalar hər il otlaq sahələrinin mənimsənilməsi üçün yerlərini dəyişirlər ki, dövlət sərhədləri də bu yerdəyişmənin qarşısının alınmasında iştirak edə bilmir.
Turizmi səyahətdən fərqləndirən və aydın seçilən 5 əsas əlamət vardır:

  1. müvəqqəti yerdəyişmə, destinasiyaları görmək və geri qayıtmaq;

  2. destinasiya – müəyyən xidmət dəstini təqdim edən, turistin tələbatlarına cavab verən, onun gecələmə, daşınma, qida, əyləncə və s. təkliflərinin təminini reallaşdıran ərazi;

  3. humanitar tərkibi və istiqaməti ilə seçilən turizmin məqsədi;

  4. asudə vaxtda turist səfərinin həyata keçirilməsi;

  5. destinasiyalarda turistin yerli mənbədən haqqı ödənilən fəaliyyətlə məşğul olmasının qadağan edilməsi.

Beləliklə, turizm – dəqiq müəyyən edilmiş məqsədi ilə səyahətin xüsusi və kütləvi halı olmaqla, turistlər vasitəsilə həyata keçirilir. Turizmin təşkili və reallaşması isə turizm fəaliyyətidir. Turizm sənayesinin və müxtəlif sahələrin müəssisələri tərəfindən turizm reallaşır. Səyahət – məkan və zaman çərçivəsində insanın yerini dəyişməsi, səyahətçi isə məqsəd, istiqamət və hərəkət vasitəsindən asılı olmayaraq, qısa müddət ərzində səyahət edən şəxsdir.
Dövlətlərin müəyyən iqtisadi maraqları çərçivəsində normativ aktlarda əks olunan çoxsaylı “turist” anlayışları vardır. “Turist” anlayışı ilk dəfə olaraq Millətlər Liqasının Statistika Məsələləri üzrə Xüsusi Ekspertlər Komitəsi tərəfindən 1937-ci ildə irəli sürülmüşdür. Xüsusi Ekspertlər Komitəsinə görə müəyyən əraziyə əmək fəaliyyəti və məşğulluqdan kənar, müvəqqəti gələn şəxslər turist sayılırdı. “Turist” anlayışının ı4 əsas meyar irəli sürülmüşdür: səyahətin məqsədi; nəqliyyat vasitələrinin istifadəsinin tipi; ərazidə qalmağın davamlılığı; qət edilən məsafə. Ümumi qəbul olunmuş qaydaya görə sonuncu 2 meyar əsas götürülür. Ərazidə qalmağın davamlılığı – BMT-nin tərtib etdiyi anlayış olub, burada turistin getdiyi yerdə 24 saatdan çox və 12 aydan az bir müddətdə olması vacibdir.
1963-cü ildə Romada keçirilən BMT-nin “Beynəlxalq turizm və səyahətlərə dair” konfransında “səyahətçi”, “turist” və “ekskursiyaçı” terminlərinin istifadəsi təklif edilmişdir. Konfransda “daimi yaşamayan və məbləği ödənilən professional fəaliyyətlə məşğul olmayan ölkəyə gələn, boş vaxtını müalicə, əyləncə, təhsil, istirahət, dini, idman və ya işgüzar məqsədlərlə keçirən şəxsin turist adlanması” qəbul olunmuşdur. Yaşayış mühitindən kənarda yerləşən ərazilərə 12 aydan artıq olmayan müddətdə, eləcə də məvacibi həmin yerli mənbədən ödənilən fəaliyyətlə məşğul olmamaq məqsədilə səfər edənlərə “səyahətçi” deyilir. BMT-nin konfransında “səyahətçi” anlayışının istifadəsi statistik məqsədlər üçün tövsiyə edilmişdir. “Səyahətçi” anlayışının tərkibinə həm “turist”, həm də “ekskursiyaçı” anlayışları daxildir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş “turist” anlayışı “ekskursiyaçı” anlayışından fərqlənir. Belə ki, turist – daimi yaşayış yerindən kənarda sutkadan artıq, ekskursiyaçı isə daimi yaşayış yerindən kənarda sutkadan az vaxt keçirir.
ÜTT-nin tövsiyələrinə görə xarici hava və dəniz gəmilərinin heyət üzvləri də turist kateqoriyasına daxildir ki, onlar da səfər edilən ölkədə yerləşmə vasitələrində bir gecədən az olmamaq şərtilə qalırlar. Ekskursiyaçı kateqoriyasına dəniz və çay kruizlərinin sərnişinləri (gəminin göyərtəsində yaşayan), xarici hava və dəniz gəmilərinin ölkəyə bir gündən artıq olmayaraq müvəqqəti gələn heyət üzvləri, həmçinin birgünlük tranzit səyahətçilər aiddir.
Turist anlayışı və onun xüsusiyyətləri
Turist – müvəqqəti olaraq ərazini, yaşayış məntəqəsini, ölkə və ya regionu zövq almaq və ya müalicə, işgüzar, dərketmə məqsədilə səyahət edən, vətəndaşlığından, milliyətindən, cinsindən, dil və dinindən asılı olmayaraq həmin yerə 24 saatdan az və 12 aydan çox olmayan müddətə gələn, öz ölkəsindən və ya yaşayış mühitindən kənarda qalan və bunu fərdi və ya kollektiv yerləşmə vasitələrində ən azı bir gecələmə ilə reallaşdıran, bu zaman yerli mənbədən haqqı ödənilən fəaliyyətlə məşğul olmayan şəxslərdir.
“Turizm haqqında” Azərbaycan Respublikasının 1999-cu il 4 iyun tarixli qanunu “turist” anlayışını aşağıdakı kimi müəyyən etmişdir:
Turist – sağlamlaşdırıcı, dərketmə, tanışolma, professional, işgüzar, idman, dini və digər məqsədlərlə, haqqı ödənilən fəaliyyətlə məşğul olmamaq şərti ilə 24 saatdan 12 aya qədər müddətdə müvəqqəti olaraq ölkəyə gələn vətəndaşdır.
Turist hesab edilməyən səyahətçiləri aşağıdakı xüsusiyyətlərinə görə ayırırlar:

  • daimi yaşayış yerini dəyişən miqrantlar;

  • müəyyən yaşama yeri olmayan köçərilər, küçə sərsəriləri (tüfeyli həyat sürənlər);

  • qaçqın və məcburi köçkünlər;

  • məvacibi müvəqqəti olaraq gəlinən ərazidən ödənilən fəaliyyətlə məşğul olmaq üçün səyahət edən şəxslər;

  • qastarbayterlər və frontalyerlər (sərhədyanı rayonların sakinləri);

  • diplomatik strukturların nümayəndələri;

  • hərbi xidmət məqsədilə səyahət edən hərbiçi və onların ailə üzvləri;

  • qeyri-leqal miqrantlar;

  • müəyyən ölkə və regiondan vətəninə təhvil verilən məhbuslar;

  • turist səfərlərində qatarlarda gecələyən qrup üzvləri;

  • turist səfərlərində avtobus salonlarında gecələyən qrup üzvləri;

  • kupe və kayutlarda gecələyən gəmi və qatarların heyət üzvləri;

  • gələn yerdə gecələyən hava gəmilərinin heyət üzvləri.

Turistlər səyahətdə aktivliyindən və həyat tərzindən asılı olaraq təsnif edilir. Turistlərin səyahətdə aktivliyindən asılı olaraq 6 qrupa bölünməsi qəbul olunmuşdur:
1. Sakit istirahəti sevən turistlər – gündəlik stressdən azad olmaq və sakit şəraitdə dincəlmək üçün səyahət edən şəxslər olmaqla, günəş, qum və dənizə üstünlük verirlər;
2. Zövq almaq istəyən turistlər – istirahət zamanı müxtəlif zövq axtarışı ilə məşğul olmaqla, yüksək təbəqənin yaşayışına üstünlük verirlər;
3. Aktiv istirahət edən turistlər – ətraf mühit və təbiəti sevməklə, bədən quruluşlarına əlavə ağırlıq və güc verir, təmiz havada gəzmək və hərəkəti üstün tuturlar;
4. İdmanla məşğulluğa üstünlük verən turistlər – aktiv istirahət edənlərdən fərqli olaraq əsas diqqəti yarışlara verir, onlar üçün idman əsas xobbi sayılır;
5. Dərketmə və öyrənmə məqsədilə istirahət edən turistlər – özlərinin təhsil səviyyələrinin yüksəldilməsi və yeni məlumatların öyrənilməsində maraqlı olmaqla, əsasən görməli yerləri səyahət edirlər;
6. Macəra həvəskarı olan turistlər – təhlükə, qorxu, qeyri-adi həyəcan hiss etmək arzusu ilə daima risk altında olmağa üstünlük verirlər.
Turistin motivlərinə aşağıdakılar aiddir:

  • yeni mədəniyyət və həyat tərzi, qida və adət-ənənə ilə tanışlıq və öyrənmək;

  • əyləncə, gecə həyatı ilə tanışlıq, yaxşı kafe və restoranları görmək imkanı əldə etmək;

  • həyatın digər obrazlarında olmaq, vəsait xərcləmək, özünü yüksək səviyyədə hiss etmək;

  • ümumi şəraiti dəyişmək, stressi atmaq, istirahət etmək;

  • teatr, tamaşa, festival və karnavalların iştirakçısı olmaq;

  • yeni və maraqlı insanlarla görüşmək;

  • ölkədə biznes üçün potensial şəraiti öyrənmək;

  • şoppinq etmək, suvenir və hədiyyə almaq;

  • dənizdə istirahət etmək, idmanla məşğul olmaq;

  • müalicə almaq;

  • dini-zəvvarlıq etmək;

  • qohum və dostlarla görüşmək.

Turistin məqsədlərinə aşağıdakılar aiddir:

  • zövq almaq və istirahət – uzunmüddətli dövr ərzində iş fəaliyyətində yaranan stressin götürülməsi, fiziki və mənəvi gücün bərpası;

  • müalicə və sağlamlıq – kurort, sanatoriya, müalicə-sağlamlıq müəssisələrinə səyahət, mineral sular, iqlim, müalicəvi palçıq və digər vasitələrlə müalicə;

  • işgüzar – konfrans, iclas, sessiya, idman tədbirlərində, konqres, ticarət yarmarkaları, sərgilərdə iştirak, leksiya oxumaq, konsert vermək, saziş imzalamaq, təhsil və elmi-tədqiqat fəaliyyəti.

Turizmin əhəmiyyəti
Turizmə bir sıra xarici amillər təsir etməklə yanaşı, turizm özü də inkişaf etdiyi ölkə və regionlarda iqtisadi, siyasi, ekoloji, sosial-mədəni şəraitə təsir etmək qabiliyyətinə malikdir. Həmçinin, bu təsirin müsbət və mənfi tərəfləri mövcuddur. Turizmin siyasi, tərbiyəvi, mədəni, ictimai, bioloji və iqtisadi əhəmiyyətini ayırırlar:
Turizmin siyasi əhəmiyyəti. Turizmin siyasi, xüsusilə beynəlxalq əhəmiyyəti dedikdə müxtəlif qitə və dövlətlərin sakinlərinin dünyagörüşü və fikirlərinin mübadiləsi, onların bir-birinə yaxınlaşması başa düşülür. Xalqlar arasında əlaqələrin yaranmasına şərait yaradan turizm, sülh əməkdaşlığının əsasını qoyaraq, sülhün möhkəmləndirilməsi yolları və vasitələrindən biri kimi çıxış edir. Hər hansı bir ölkə və onun vətəndaşları haqqında kitab, radio, kino, internet, televiziyadan alınan və bəzən doğru olmayan informasiyadan fərqli olaraq turizm, ölkə barəsində daha dolğun fikir bildirməyə imkan yaradır. Müvafiq olaraq ölkəyə səyahət zamanı yerli sakinlərlə turistlər arasında fikir mübadiləsi doğru olmayan informasiyanı dəyişə bilər.
Turizmin tərbiyəvi əhəmiyyəti. Turizmin tərbiyəvi əhəmiyyəti müxtəlif ölkələrin ərazisinə səyahət edərək, oradakı ictimai həyatı müşahidə edən, iqtisadiyyat və mədəniyyət sahəsində uğurlarla tanış olan səyahət iştirakçılarının dərketmə qabiliyyətlərinin artmasından ibarətdir.
Turizmin mədəni əhəmiyyəti. Turizmin mədəni əhəmiyyəti dedikdə yeni şəhərlər və onların əhalisi, tarixi, adət-ənənələri, incəsənəti, memarlığı, teatr, ədəbiyyat, kino, musiqi sahəsində uğurları ilə tanışlıqdan sonra turistin şəxsi mədəni səviyyəsinin yüksəlməsi, həmçinin xarici dillər üzrə biliklərin təkmilləşdirilməsi başa düşülür.
Turizmin ictimai əhəmiyyəti. Turizmin ictimai əhəmiyyəti dedikdə səyahət iştirakçılarının həmrəyliyi, yoldaşlıq və qarşılıqlı qonaqpərvərlik, özünü sərbəst aparmaq, məsuliyyətli, dəqiq olmaq, istənilən vəziyyətdə özünüidarəetmə, təbiətə və yerli əhaliyə həssas və qayğı ilə münasibət başa düşülür.
Turizmin bioloji əhəmiyyəti. Turizmin bioloji əhəmiyyəti əlverişli iqlim şəraitində fiziki gücün bərpasında özünü göstərir ki, bunun da nəticəsi olaraq sağlamlığın yaxşılaşması, əla əhval-ruhiyyə, əmək qabiliyyətinin yüksəlməsi və çalışmaq arzusu əmək məhsuldarlığının artımını şərtləndirir.
Turizmin iqtisadi əhəmiyyəti. Dövlət üçün turizmin iqtisadi əhəmiyyəti xüsusi önəm daşıyaraq, nəinki göstərilən xidmət rolunda, həmçinin xidmətin ayrı-ayrı elementlərinin tələbatçısı kimi çıxış edir. Turizm iqtisadi həyatın müxtəlif sahələrinə dolayı yolla təsir göstərir. Turizmin əsas təsir istiqaməti iqtisadiyyat olmaqla, turizm – ölkə və regionların iqtisadi inkişafında katalizator funksiyası daşıyır, daha perspektiv və güclü artım tempinə malik sahədir.
Müəlliflərin əksəriyyəti turizmin 4 təsir sahəsini – iqtisadi, sosial, ekoloji və humanitar istiqamətləri ayırırlar.
Turizmin iqtisadi əhəmiyyəti turistin tələb və təklifi sahəsində özünü göstərir. Tələbat 3 qrupa bölünür: əsas, spesifik və əlavə. Əsas tələbata nəqliyyat vasitələri ilə hərəkət, yerləşmə və qida tələbatları aiddir. Spesifik tələbatda müalicə, zövq almaq, ünsiyyət, əyləncə və s. əsas götürülür. Əlavə tələbatlar xidmət və ticarət müəssisələri, mədəni və əyləncə qurumları tərəfindən təmin edilir.
Tələbat vasitəsilə turizm ölkə və ya regionun təsərrüfat fəaliyyətini stimullaşdırır. Belə ki, turizm sahəsindəki müəssisələrin gəlirləri artır, xidmət sferasının inkişafı stimullaşır, müəyyən bir regionun mal və xidmətlərinə təklif yüksəlir, nəqliyyatın yük dövriyyəsi çoxalır. Turizm yerli infrastrukturu inkişaf etdirərək, əlavə iş yerləri yaradır, ona xidmət edən sahələrə stimullaşdırıcı təsir göstərir.
Turizmin ölkə və ya regionun iqtisadiyyatına birbaşa və dolayı təsirləri də mövcuddur. Turizmin iqtisadiyyata birbaşa təsiri turistin mal və xidmətlərə sərf etdiyi məsrəflərin nəticəsi olaraq, ölkə və regionun gəlirlərini çoxaldır, vergi və turizm sənayesinin digər müəssisələri hesabına dövlət büdcəsinin artımını təmin edir. Turizmdən gələn gəlirlər turistlərin sərf etdiyi məsrəflər nəticəsində yaranır ki, bunlara da istirahətdə xidmət paketi, yerləşmə, qida, nəqliyyat, rekreasiya, mədəni və idman növlü fəaliyyət, səhiyyə xidmətinə sərfiyyatlar aiddir. Gəldiyi ərazidə turistin xərclədiyi vəsait nəinki region, həmçinin ümumilikdə ölkə üçün böyük gəlir formalaşdırır.
Turizmin iqtisadiyyata dolayı təsiri müəyyən zaman və məkanda turistin mal və xidmətlərə sərf etdiyi məsrəfin təkrarlanması effektində özünü büruzə verir ki, bu da multiplikasiya effekti və ya multiplikator adlanır. Başqa sözlə, turistin xərclədiyi vəsait regionun iqtisadiyyatına xidmət edir, mal və xidmətlərdən alınan gəlirlər hesabına işçilərin əmək haqqı ödənilir, digər ərazilərdə istehsal olunan məhsulların alınmasına sərf olunur.
Turizmin regional inkişafda əhəmiyyəti durmadan artır. Turizm müəssisələrinin müxtəlif regionlarda yaradılması iqtisadi inkişafın gücləndirilməsi və bərabərləşdirilməsinə şərait yaratmaqla, əlavə iş yerlərinin meydana gəlməsini, yerli təbii abidələr və mədəni-tarixi irs nümunələrinə diqqətin artırılmasını, onların mühafizəsini, yerli məhsul istehsalına tələbin yüksəlməsini şərtləndirir.
Turizmin sosial əhəmiyyəti cəmiyyətin psixofizioloji ehtiyatlarının və insanların əmək qabiliyyətinin bərpasından (asudə vaxtın səmərəli istifadəsi, iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun artırılması, yerli əhalinin mədəni səviyyəsinə təsir edilməsi, müəssisələrdə çalışanlar və xüsusi mülkiyyətçilərin gəlirlərinin təmin edilməsi, turizmin ekoloji təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə nail olunması) ibarətdir.
İnkişaf edən turizm sənayesi əhalinin məşğulluğu problemini həll etmək imkanına malikdir. Belə ki, turizmin inkişafı işsizlik səviyyəsinin azalmasına şərait yaradır. Dünya təcrübəsi göstərir ki, turizm sənayesi digər regionlardan əlavə əmək ehtiyatlarını əraziyə cəlb edir, bu da əhalinin sayının artması ilə nəticələnir. Turizm sahəsində əmək ehtiyatları əsasən otel və restoran təsərrüfatında, nəqliyyat şirkətləri və turizm müəssisələrində (turoperator və turagentlik) cəmlənib. Turizmdə əmək fəaliyyəti və məşğulluq aydın hiss olunan xüsusiyyətlərə malikdir. Belə ki, turizmdə natamam məşğulluq, qeyri-normal iş günü, iş yerlərinin mövsümü xarakteri, istedadsız işçi qüvvəsinin xüsusi çəkisi mövcuddur. Turizm sferasında işləmək üçün yerli sakinlər, yeniyetmələr, tələbələr, evdar xanımlar cəlb olunurlar.
Əhalinin həyat səviyyəsinin yüksəlməsinə turizm birbaşa və dolayı yolla təsir edir. Birbaşa təsir nəticəsində turfirmaların gəlirləri artır və onların işçilərinin yaşayış səviyyəsi yüksəlir. Dolayı təsir nəticəsində həm gələn turistlər, həm də yerli əhali üçün nəzərdə tutulan geniş xidmət şəbəkəsi formalaşır. Digər sahələrlə müqayisədə turizmdə iş yerlərində məvacib yüksəkdir ki, bu da tələb və təklifin çox olmasına gətirib çıxartmışdır. Qeyd edək ki, turizm əməktutumlu sahə kimi avtomatlaşdırma və mexanikləşdirmənin təsirinə məruz qalmır.
Turizmin ekoloji əhəmiyyəti dedikdə onun ekoloji şəraitə ikitərəfli təsiri başa düşülür. Turizm ətraf mühitə ziyan vuraraq, insan, eləcə də fauna və floranın təbii həyat şəraitini dəyişdirir. Turizmin ətraf mühitə mənfi təsirləri arasında nəqliyyat vasitələri ilə atmosfer havasının çirkləndirilməsi və torpaqların həddən artıq səviyyədə istifadəsi xüsusilə fərqlənir.
Turizmin ətraf mühitə müsbət təsiri kimi onun təbiətin mühafizəsində maraqlı olması çıxış edir. Təbii və mədəni-tarixi obyektlərin istismarı zamanı turizm onlara ziyan dəyməməsi üçün olduqca maraqlıdır. Qulluq olunan park və meydanlar, təbiət qoruqları yaxşı istirahətə xidmət edir və turizm müəssisələrinin reytinqinin yüksəlməsini şərtləndirir.
Turizm təbii tarazlığı əksər hallarda pozduğundan, təbii və tarixi-mədəni obyektlərin göstərişi onların saxlanılması və bərpasını tələb edir. Ona görə də yerli vergi formasında turfirmadan götürülən vəsaiti ümumilikdə səmərəli şəkildə istifadə etmək lazımdır. Belə ki, həmin vəsaitin regionun təbii obyektləri, tarixi abidələri, park və meydan komplekslərinin saxlanılması üçün istifadəsi daha məqsədəuyğundur.
Turizmin humanitar əhəmiyyəti dedikdə hərtərəfli inkişaf edən şəxsiyyətin formalaşması üçün turizmin imkanlarından istifadə başa düşülür. Turizm insanın əhatə dairəsini genişləndirir, onun intellektual səviyyəsini qaldırır, istirahəti ətraf dünyanı dərketmə, ölkə və regionun tarixini, mədəniyyətini, yerli adət-ənənələrini öyrənmək ilə birlikdə reallaşdırmağa imkan verir. Turizmin təsiri ilə cəmiyyətin humanitar inkişafının 4 istiqaməti mövcuddur: istirahətin dərketmə ilə birlikdə aparılması, sülhə nail olmaq, turizm və ekskursiyanın intellektual tərkibi, cavan nəslin tərbiyəsi.
Ölkə və regionun görməli yerlərinə baxış turistlər üçün böyük əhəmiyyət daşıyır. Belə ki, səyahətdə göstərilən obyekt və eşidilən informasiya turistin yaddaşında uzun müddət qalmaqla, müxtəlif ölkələrdə yaşayan xalqların mədəniyyəti və adət-ənənəsi ilə tanışlıq insanı mənəvi cəhətdən zənginləşdirir. Kiçik yaşdan başlayaraq uşaqlara mədəni-tarixi və adət-ənənələrə dair biliklərin verilməsi onların əhatə dairəsinin genişlənməsində, estetik zövqlərin formalaşmasında, cəmiyyət və ətraf mühitə həssas yanaşmada, yaradıcılıq qabiliyyətinin inkişafında böyük əhəmiyyət daşıyır.
Turizmin inkişaf mərhələləri
Turizmin kökləri lap qədimlərə getsə də, kütləvi sosial təzahür kimi yalnız İkinci dünya müharibəsindən sonra təşəkkül tapmağa başlamışdır. Turizmin inkişaf tarixində dörd mərhələ fərqləndirilir:
Birinci mərhələ - qədim dövrlərdən XIX əsrin əvvəllərinə qədər.
İkinci mərhələ - XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər.
Üçüncü mərhələ - XX əsrin əvvəllərindən İkinci dünya müharibəsinə qədər.
Dördüncü mərhələ - İkinci dünya müharibəsindən sonra bu günə qədər.
Bu dövrləşmə texniki-iqtisqadi və sosial zəminə, həmçinin müxtəlif inkişaf mərhələlərində turizmin məqsədli funksiyalarəna əsaslanır.
Turizmin inkişafının Birinci mərhələsini turizmin tarixdən əvvəlki dövrü adlandırırlar. Bu mərhələnin başlanğıcı antik dövrə (Qədim Yunanıstan və Roma) aid edilir ki, bu zaman səyahətlərin əsas motivləri ticarət, ziyarət, müalicə və təhsil idi. Bu dövrdə idmanla bağlı səfərlər təşəkkül tapır. Məsələn, Yunanıstanın ucqarlarından Olimpiya oyunlarının iştirakçıları və azarkeşlər yarış yerinə axışırdılar. Sonralar, orta əsrlərdə səyahətin stimulu dini amillər idi. İnsanlar xristianların və müsəlmanların müqəddəs yerlərini ziyarət etmək üçün səfərə çıxırdılar. İntibah dövründə(XV-XVI əsrlər) səyahətlərin dini motivləri zəifləyir və fərdi xarakter güclənir.
Maarifçilik dövründə səyahətlər təhsillə bağlı idi. Məsələn, gənc zadəganlar siyasi və ya ictimai fəaliyyətlə məşğul olmaq hüqüqu verən nüfuzlu təhsil almaq üçün Avropaya özünəməxsus “qrand-tur”lara gedirdilər. Böyük Britaniyada bu marşrut Londondan başlayar, sonra tələbələr Parisə gələr, daha sonra isə təhsillərini Genuya, Milan, Florensiya və Romada davam etdirər, geriyə yol isə İsveçrə, Almaniya və Niderlanddan keçərdi.
XIX əsrin ortalarına kimi səyahətlər bir sıra fərqləndirici cəhətlərə malik idi: əvvala, hərəkət vasitəsi primitiv idi; ikincisi, səyahət başlıca məqsəd deyildi, sadəcə olaraq hansısa məqsədə çatmağın (məsələn, ticarət, müalicə, təhsil və s) mühüm şərti və vasitəsi idi. Manufaktura istehsalının inkişafı və qabaqcıl Avropa ölkələrində XVIII-XIX əsrlərin sənaye çevrilişləri cəmiyyətin iqtisadi həyatında dəyişikliklər etdi. Cəmiyyətdə istehsal qüvvələrinin inkişafı nəticəsində işçilərin iş və istirahət saatları arasında sərhəd müəyyənləşir. Bu isə Turizmin inkişafının ikinci mərhələsi üçün zəmin yaradır.
Turizmin inkişafının ikinci mərhələsi elitar turizm adlanır. Məhz bu dövrdə turizm xidmətləri istehsal edən ixtisaslaşmış müəssisələrin yaradılmasına başlanır. Turizmin inkişafının bu mərhələsində nəqliyyatdakı inqilabi dəyişikliklər mühüm rol oynayır. Hərəkət və çatdırılma vasitələri dəyişir. 1807-ci ildə ixtiraçı Fulton tərəfindən buxar gəmisi yaradılır. 1814-cü ildə Stefanson ilk paravoz yaradır. Poçt göndərişlərinin çatdırılması vasitələri təkmilləşdirilir, yollar şəbəkəsi genişlənir. Bütün bunlar isə daşımaların daha inamlı və sürətli olmasını şərtləndirdi. Eyni zamanda iqtisadi cəhətdən daha səmərəli hərəkət vasitələri hesabına səyahətin məsrəfləri azalmağa başladı. XIX əsrin ortalarından köçkünləri Köhnə dünyadan Şimali və Cənubi Amerika sahillərinə daşıyan ilk gəmi şirkətləri yaranır.
Elmi-texniki tərəqqi və zəhmətkeşlərin öz hüquqları uğrunda sosial mübarizəsi, həmçinin cəmiyyətin rifahının yüksəlməsi bir çox sadə adamlar üçün səyahət imkanı yaradır. Nəqliyyat daşımalarının keyfiyyətinin və təhlükəsizliyinin yüksəlməsi ilə yanaşı qiymətlərinin aşağı düşməsi səyahət edənlərin sayını nəzərə çarpacaq sayda artırdı. Müvəqqəti gələnlərə xidmət edən ilk ixtisaslaşmış müəssisələr yaranır. Sadə pansionları ilk mehmanxanalar əvəz edir.
XVIII əsrin sonu - XX əsrin əvvəllərində Almaniyada– Hayligendemdə, Norderndə və Travemyunde ilk mineral su kurortları meydana gəlir. Bu dövrdə çoxlu dəbdəbəli mehmanxanalar inşa edilir ki, onlar da zadəganların nümayəndələrinə xidmət edirdi. XIX əsrin ortalarından etibarən istirahət sənayesi genişlənməyə başlayır. Mehmanxana təsərrüfatı müəssisələrinə ilk səyahət büroları əlavə olur ki, onların da vəzifəsi turizm səfərlərinin təşkili və onun istehlakçılara satışı idi.
İlk təşkil olunmuş səyahət ingilis keşişi Tomas Kukun adı ilə bağlıdır. Bu 1841-ci ilə təsadüf edir. Sonrakı 20 il ərzində İngiltərədə çoxlu səyahət büroları yaranır. Almaniyada ilk səyahət bürosu 1863-cü ildə Breslau şəhərində yaradılır. O, gəmi şirkətləri ilə sıx əlaqədə idi və XX əsrin əvvəllərində aktiv sürətdə dəniz kruizləri reklam edir və satışını təşkil edirdi. Bununla belə XIX əsrin sonu-XX əsrin əvvəllərində heç də hamı uzaq səfərlərə gedə bilmirdi.
Üçüncü mərhələ sosial turizmin formalaşmasının başlanması ilə xarakterizə olunur. Birinci Dünya müharibəsi, XX əsrin 30-cu illərinin iqtisadi tənəzzülü və İkinci Dünya müharibəsi turizmin inkişafına mənfi təsir etdi. Bununla belə, məhz həmin dövrlərdə kütləvi turizmin elementləri meydana gəlir. Məsələn, İsveçrədə “Otelplan” firması meydana gəlir və bu gün ən iri şirkətlərdən birinə çevrilmişdir. 1935-ci ildə firmanı yaradarkən Q.Dutvayler belə bir ideya irəli sürmüşdü ki, “kiçik adamın” turizmə cəlb edilməsi mehmanxana təsərrüfatına çox böyük yardım etmiş olar. Kütləvi ucuz səfərlər firmanın əsas məhsuluna çevrilir. Elə ilk ildə firma 50 mindən çox turizm yollayışı satdı.
Dördüncü mərhələ kütləvi turizm adlanır. Məhz bu dövrdə turizm kütləvi hal alır. O, dəbdəbə predmetindən sənayecə inkişaf etmiş ölkələrin əhalisinin bir çoxu üçün tələbata çevrilir. Öz institutu, məhsulu, istehsal dövriyyəsi, istehsalın təşkili və idarəedilməsi metodu olan istirahət və əyləncə sənayesi formalaşır.
Qərbi Avropa ölkələrində bu dövrdə yeni-yeni turizm firmaları, mehmanxanalar, attraksion və əyləncə müəssisələri yaranır. Ötən əsrin 50-ci illərində Avropa turizmi əsasən Amerika turistlərinə istiqamətlənmişdi və dollar mənbəyi idi. 60-70-ci illərdə isə həm getmə turizm, həm də gəlmə turizm sürətlə inkişaf edir.
Kütləvi turizmin formalaşması prosesinin sona çatmasının mühüm göstəricisi bu və ya digər ölkədə turizmin intensivliyidir. Turizmin intensivliyi ölkə əhalisinin hansı hissəsinin ildə heç olmasa bir dəfə turizm səfərində olmasını göstərir və səyahət edənlərin sayının əhalinin 14 yaşdan yuxarı olan hissəsinə nisbəti ilə müəyyənləşir. Turizmin intensivliyi 50%-i ötərsə kütləvi turizmin formalaşmasından danışmaq olar.
İkinci Dünya müharibəsindən sonra turizm bazarında tələb və təklif arasında köklü dəyişikliklər baş verdi ki, bu da onu deməyə əsas verir ki, kütləvi konveyer turizmi kütləvi differensiallaşmış turizmə transformasiya etmişdir. Hər iki halda söhbət kütləvi turizmdən gedir ki, onda nəinki elita, həm də orta təbəqə, XX əsrin 80-ci illərindən etibarən isə əhalinin az təminatlı təbəqəsi iştirak edir.
Konveyer turizmi turistlərin tələb və motivlərinin nisbətən primitiv və yekcinsliliyini nəzərdə tutur, buna görə də istehsal edilən xidmətlər eyni olmaqla konveyer xarakteri daşıyır.
Differensiyalaşdırılmış turizm turistlərin tələb və motivlərinin müxtəlifliyi, müxtəlif seqmentlərin, təklif edilən xidmətlərin müxtəlifliyi və turizm təkliflərinin kəskin ixtisaslaşması ilə seçilir. Differensiyalaşmış turizm üçün xidmətlərin geniş çeşidi səciyyəvidir. Bir qayda olaraq turizm firması müəyyən miqdar turizm məhsulu növü təklif edir ki, onların hər birinin çox variantlı seçimi olur.
Konveyer turizmindən differensiyalaşmış turizmə keçid istehsalçılar bazarından istehlakçılar bazarına keçidlə eyni zamanda baş verir. Bu dövrdə turizm xidməti istehlakçılarının davranış motivlərini müəyyənləşdirən turizmin rekreasiya cəhəti idi. İstirahət işləmək üçün fiziki qüvvənin bərpası vasitəsi kimi hesab edilirdi. Turizm bazarında tələb artıqca turizm şirkətləri də sürətlə artırdı. Turizm xidmətləri standartlaşır və “paket turlar” şəklində təklif edilir.
XX əsrin 60-70-ci illərində maddi rifah istehlakçıları, yəni istehlak naminə istehlak cəmiyyəti formalaşır. İstehsalçı bazarı istehlakçı bazarı ilə əvəz olunur. Turizm tələbatıının motivləri mürəkkəbləşir. Rekreasiya turizmi ilə yanaşı, turizmin təhsil, kommunikasiya və investisiya cəhətləri mühüm əhəmiyyət kəsb etməyə başlayır.
Turizm təklif və tələbinin genişlənməsi ilə əlaqədar turizm sahəsinə xalq təsərrüfatının digər sahələrindən maliyyə axını başlayır. Xüsusilə nəqliyyat şirkətləri və ticarət firmaları fəallıq nümayiş etdirirlər. Beləliklə, XX əsrin 70-ci illərinin ikinci yarısından etibarən konveyer turizminin çiçəklənməsindən danışmaq olar ki, hazırda tədricən differensiyalaşmış turizmə transformasiya olunmaqdadır.

Tomas Kuk və təşkil olunmuş turizmin formalaşması


Kasıb ingilis ailəsindən çıxmış Tomas Kuk əsl kəşf etmişdir. O. elə bir gəlirli biznes növü fikirləşmişdir ki, bu gün nəinki ayrı-ayrı firmalar, hətta dövlətlər də onun köməyi ilə varlanırlar. T.Kuk turizmi və bununla bağlı fəaliyyəti – marşrut, bilet, mehmanxana, bələdçi kitabları, yol çeklərini kəşf etmişdir. Bütün bunlar isə təsadüfən baş vermişdir. Son dərəcə kasıb olan və baptist kilsəsində keşişlik edən Tomas əyyaşlara və siqaret çəkənlərə qarşı müharibə elan etmişdi. Məhz bu insanlar üçün o, ilk turizm səfəri təşkil etmişdir.
Tomas Kuk Mərkəzi İngiltərənin kiçik Melburn şəhərində 1808-ci ilin 22 noyabrında anadan olmuşdur. Onun atası Con Kuk şəhərin digər sakinləri kimi meyvə və tərəvəz yetişdirib satmaqla ailəsini güc-bəla ilə dolandırırdı. Bir neçə ildən sonra Con ailəni səfalət içərisində qoyaraq vəfat edir. Arvadı onun üçün başdaşı düzəltməyə belə pul tapmır. Kasıblıq cavan dul qadını yenidən ərə getməyə məcbur etdi. Tomasın atalığı Ceyms Smitxard nəzakətli insan olmaqla onunla mehriban davranırdı və onu təhsil almaq üçün monastr nəzdindəki məktəbə göndərdi. İnanılmaz olsa da, bu gələcək turizm sənayesinin yaradılması yolunda ilk addım idi.
1826-cı ilin fevralında Tomas Kuk xaç suyuna salınır və baptist kilsəsinin tam hüquqlu üzvünə çevrilir. O, Melburndan Lafboro şəhərinə köçür və yerli baptist jurnalına məqalələr yazmağa başlayır. Bu jurnalı onun anası Elizabet Smitxard meyvə və tərəvəz satdığı köşkdə alıcılarına verirdi. Lakin enerjili və işgüzar Tomas jurnala məqalə yazmaqla və bazar günü məktəbində dərs deməklə kifayətlənmirdi. Çox güman ki, babasından ona miras qalmış missioner fəaliyyətinə hədsiz həvəs onu kəndlərdə baptizm ideyalarını yaymağa sövq etmişdir.
1829-cu ildə Kuk öz gündəliyində yazırdı ki, keçən il missioner kimi 2692 mil yol keçmiş, bunun da 2106 milini piyada etmişdir. Çox qısa zamanda gənc vaiz böyük hörmət qazanır. Bunun nəticəsidir ki, yerli əhali müxtəlif məişət məsələləri ilə bağlı məsləhət üçün onu dəvət etməyə başlayırlar. Həmin ilin sonunda Kuk hesabladı ki, bu fəaliyyət nəinki ona mənəvi zövq verir, həmçinin həftədə 10 şillinq olmaqla yaxşı gəlir gətirir. Heç kimin, hətta Kukun özünün də dərk etmədiyi bu hal turizm sənayesinin yaradılmasında ikinci addım idi.
Alkoqolizmə qarşı mübarizə T. Kukun 1 yanvar 1836-cı ildə masa arxasındakı nitqinin əsas mövzusu idi. O, “mən spirtli içkilərdən imtina edir və alkoqolizmə qarşı mübarizə aparmağa razıyam” deməklə öz yaxınlarını heyrətləndirdi. Tamamilə aydın idi ki, bu problem onu tamamilə cəlb etmişdir. Həmin ilin sonunda onu Xarboraf şəhərində yenicə yaradılmış Ayıqlıq cəmiyyətinin katibi seçdilər. Eyni zamanda tədricən Kukun emalatxanasındakı işləri də uğurlu olmağa başladı və ailəsinin həyatı firavanlaşmağa başladı. Lakin Kuk üçün başlıcası o idi ki, o, artıq köməkçilər və şagirdlər götürə bilər və sağlam həyat tərzi uğrunda daha geniş mübərizə apara bilərdi. Xarborafda və onun ətrafında ayıqlığı təbliğ etməklə Kuk bir çox insanları ətrafına yığa bildi, bunula belə ona elə gəlirdi ki, o lazımi qədər çalışmır.
1839-cu ilin noybar ayından Kuk aylıq Ayıqlıq xəbərləri jurnalını nəşr etməyə başladı. Burada alkoqolun ziyanı barədə elmi məqalələr və mühazirələrlə yanaşı assosiasiya üzvlərinin şerlərini də çap edirdi (şerlərdən biri «xahiş edirəm mənim atama içki satmayın» adlanırdı). Bir ildən sonra Kuk İngiltərədə ilk dəfə olaraq uşaq jurnalı dərc etməyə başladı ki, onun səhifələrində də alkoqoldan imtina təbliğ edilirdi. Bütün bunlarla yanaşı o, hiss edirdi ki, insanlar üçün daha böyük işlər görə bilər.
1840-cı ildə Derbi şəhərini Raqbi ilə birləşdirən dəmiryolu xətti çəkildi. Bu barədə informasiyanı oxuyan Tomas Kuk qəflətən anladı ki, dəmiryolu kimi gözəl ixtiradan ayıq həyat tərzini reklam etmək üçün istifadə mümkündür. Bax budur böyük iş! Kuk Ayıqlıq cəmiyyətindəki dostlarını Mərkəzi İngiltərənin cənub qraflıqlarının ayıqlıq assosiasiyalarının rüblük qurultayına aparmaq üçün Leysterdən Lafboraya qatar kirayələməyi qərara alır. O, öz planını dəmir yolu cəmiyyətinin katibi Con Foks Bellə elə canlı təsvir etdi ki, Bell ilkin xərclər üçün Kuka xeyli pul verdi. Tədbirin hazırlanmasına iki həftə vaxt lazım gəldi. Bu iki həftə Lafborada mədəni proqramın və qidalanmanını təşkilinə, reklam plakatlarının çapına və yayılmasına, biletlərin alınmasına sərf edildi. Nottinqem, Derbi və digər şəhərlərə xüsusi dəvətnamələr göndərildi.
Beləliklə təşkil olunmuş turizm yarandı. Bu 1841-ci ilin 5 iyulunda, bazar ertəsi baş verdi. Ayıqlıq dostları olan 570 nəfər 9 açıq vaqona doluşdu. Müsafirlər ayaq üstə getməli idilər. Lakin bu o dövrün 3 dərəcəli ənənəvi səyahət üsulu idi. Lakin nəfəsli orkestrlə yola salınan və bayraqlarla, transparatlarla silahlanmış bu böyük kütlə Kuk tərəfindən əla təlimatlanmışdı, heç nədən qorxmadan yırtıcı alkoqolizmi darmadağın etməyə hazır olduğunu nümayiş etdirirdi. Lafborodakı vağzalda müxtəlif şəhərlərdən olan dostlar böyük bir yürüşdə cəmlənərək şəhər parkına üz tutdular. Burada onlar üçün yemək (çay, vetçinalı sendviç), rəqs, kriket oyunu, həmçinin 3 saatlıq mitinq təşkil edilmişdi. Qatar Leysterə axşam 11-də qayıtdı – vaqzal sərxoşluğa qarşı mübarizləri salamlayan şəhərlilərlə dolmuşdu.
Bu hadisəni yada salan Kuk gündəliyində yazırdı: İngiltərə tarixində ilk kütləvi dəmiryolu ekskursiyasına rəhbərlik etmək mənə nəsib olmuşdur. Uğur özünü çox gözlətmədi və bundan ruhlanan Kuk böyüklər üçün bir şillinqə, uşaqlar üçün isə 6 pens olmaqla (bu qiymət əhalinin ən yoxsul təbəqəsi üçün də qəbul edilən idi) bir neçə ekskursiya təşkil etdi. Növbəti sensasiya Leysterdən Derbiyə uşaqlar üçün təşkil olunmuş xüsusi səfər oldu. Bu səfərdə bazar günü məktəbinin 3 min şagirdi iştirak edirdi.
Kukun şəxsi qənaətinə və həmçinin onun agentliyinin xidmətindən istifadə edən müştərilərin fikrinə görə bütün uğurların səbəbi məhz Kukun şəxsən turistləri müşayət etməsində idi. Uğur formulası sadə idi: ilk dəfə dəmir yolu ilə səfərə çıxan bir çox turistlər sağlamlıqlarının və yüklərinin təhlükəsizliyinin qeydinə qaldıqlarından özlərini çox narahat hiss edir və əsəbiləşirdilər. Belə turistlər üçün Kuk, doğma ata kimi idi, onları təlimatlandırır, öz inamını nümayiş etdirməklə sakitləşdirirdi. Norfolkdan olan yepiskop Bencamin Amstronq qeyd edir ki, 14 il ərzində Kukun şirkəti ilə səyahət etmiş, bir dəfə də olsun xoşagəlməz hadisə ilə üzləşməmiş və bu barədə eşitməmişdir.
Kukun növbəti hədəfi siqaret oldu. 1841-ci ilin noybrında onun ailəsi Leysterə köçdü və Tomas burada nəşriyyat yaratdı. Nəşriyyatda sağlam həyat tərzi haqqında kitablar nəşr olunurdu. Elə o zaman Kukun arvadı mehmanxana açdı. Mehmanxanada spirtli içkilər əvəzinə şirələr satılırdı. Eyni zamanda hər tərəfdə «Siqaret çəkmək qadağandır» yazılmış lövhələr asılmışdı. Mehmanxanada «Siqaretin düşməni» adlı jurnal yayılırdı. Onun səhifələrində siqaret çəkənlərə tənbəki əvəzinə alkoqoldan imtina etmiş insanlarla birlikdə maraqlı səyahətlər təklif edilirdi.
Müştərilər sürətlə artırdı və Kuk dəmir yolu idarəsi ilə müntəzəm sərnişinlər verəcəyinə dair müqavilə imzaladı. Onun fikirləşdiyi «Dəmir yolu-milyonlar üçündür» şüarı mağazaların vitrinlərini, hasarları və işıq dirəklərini bəzəyirdi. Buna görə də dəmir yolu Kuka biletlərin qiymətində böyük güzəştlər etdilər, bundan istifadə edən Tomas hətta məhdud maliyyə imkanları olanlar üçün də maraqlı səyahətlər təşkil edirdi. Ona görə də müştərilərin sayı yüzlərlə deyil minlərlə idi. Onun ekskursiya və səfərləri əməli prinsipə əsaslanırdı: minimum qiymətlə maksimum sayda müştərilərdən daha çox fayda əldə etmək. Bir hadisə də onun uğuruna təsir etdi. 1840-cı ildə həmkarlar təşkilatları fəhlələr və orta sinfin aşağı təbəqələri üçün illik məzuniyyət verilməsinə nail oldular. Lakin insanlar boş vaxtlarını nəyə sərf edəcəklərini bilmirdilər. Kuk bunun yolunu göstərdi: məzuniyyət vaxtı turizmlə məşğul olmaq və əylənmək lazımdır.
1845-ci ilin yayında Tomas Kuk xüsusi qatarla Leysterdən Liverpula və geriyə moizələrdən uzaq, ilk sırf əyləncə xarakterli səyahət təşkil etdi. Bu səyahəti hazırlayarkən Kuk üçüncü dərəcəli vaqonlardan imtina etmək qərarına gəlir və rahatlıq və təhlükəsizliyi ön plana keçirir. Arzu edənlərə bilet satmamışdan öncə Kuk şəxsən marşrutu keçdi və turistlərin dayanacaqları şəhərlərdə oldu. İlk dəfə olaraq səyahətçilərə oğurluqdan təminat verən yol çekləri təklif etdi.
Əsas çətinlik ondan ibarət idi ki, bu dəfə eyni zamanda 700 dən çox turistin gecələməsini və qidalanmasını təmin etməli idi. Hazırlıq mərhələsi mehmanxanalarla bağlanmış müqavilə ilə bitmədi. Özünün ilk səyahəti və ümumilikdə sonrakı hər bir səyahəti üçün Kuk turistlərin görə biləcəkləri maraqlı yerlər barədə söhbət açan kiçik bələdçi kitabları nəşr etdi. Uğur gözləniləndən də artıq oldu. Elə reklam kompaniyası zamanı biletlərə tələbat o qədər yüksək oldu ki, bir qatar əvəzinə ikisini icarəyə götürmək lazım gəldi.
Sonra isə əsl menecer möcüzələri başlandı. 1846-cı ildə Valter Skottun və Robert Bernsin yaradıcılığını sevənlər üçün marşrut hazırlamaq üçün Kuk Şotlandiyaya getdi. O zaman İngiltərədə demək olar ki, hamı onların əsərlərini oxuyur və sitatlar gətirirdi. Kuk hər şeyi çox düzgün hesablamışdı. Fanatik oxucu sevimli əsərlərin sirli dünyasına öz əli ilə toxunmağı istəyəcək. Kuk bunu dərk edən və gələcək turizm biznesinin ən gəlir gətirən ideyasını həyata keçirən ilk şəxs oldu. Şotlandiya haqqında bələdçi kitabını nəşr etdikdən sonra ilk qatarla Kuk oraya 350 nəfəri apardı.
Şotlandiya, İrlandiya, Şimali Uels, Men adalarına marşrutlar açan Kuk yeni ideyalar fikirləşdi. O, Mərkəzi İngiltərənin iri torpaq sahiblərinə təklif etdi ki, öz qəsr və parklarını sadə adamların baxa bilməsi üçün açsınlar. Kuk düşünürdü ki, bu zəhmətkeşlər üçün çox maraqlı olacaqdır. Onun təklifinə hersoq Ratlendşirski ilk olaraq cavab verdi və öz şəhərkənarı qəsrini turistlərə verdi. Onun arxasınca digər hersoqlar və mülkədarlar da, bu işə qoşuldular.
Turistlərin əyləncəsinin təşkili ilə bağlı problemlərin həlli ilə yanaşı Kuk əvvəlki kimi alkoqolizmin və siqaretin əleyhinə yazdığı məqalələri jurnallarda dərc etdirirdi. O, 1850 –ci ildə Leysterdə öz vəsaiti ilə Ayıqlıq sarayının tikintisinə başladı. İki ildən sonra memar Castin Medlend Qloçesterski tikintini tamamladı və burada şəhər kitabxanası, mühazirə auditoriyaları, rəqs və digər tədbirlər üçün otaqlar nəzərdə tutulmuşdu. Bu ideya Kuka 3500 funta başa gəldi. Lakin o, xeyriyyə üçün xərclədiyinə təəssüflənmirdi.
Xeyriyyəçiliklə bağlı növbəti bir hadisə çox böyük gəlir gətirdi. 1851-ci ildə Londondakı Hayd-parkda ticarət-sənaye sərgisi üçün çox böyük pavilyon inşa edildi. Bu barədə eşidən T.Kuk dərhal düşündü ki, sərgi nəinki sənayeçilər və tacirlər üçün, həm də orada nümayiş etdirilən məhsulların bilavasitə istehlakçıları üçün də maraqlı ola bilər. Kuk əhalinin az təminatlı təbəqəsinin sərgidə iştirakını təmin etmək üçün yollar aramağa başladı. Üç ay ərzində o, bütün İngiltərəni gəzərək fəhlələr üçün xüsusi klublar təşkil etməyə başladı. Həftədə kiçicik üzvülük haqqı ödəməklə klub üzvü Londona və geriyə bilet (bu işdə Kuka köhnə dostu və şəriki olan mərkəzi İngiltərə dəmir yollarının direktoru Con Ellis kömək etdi), həmçinin gecələməyə yer və yemək alırdı.
Möhtəşəm plan Kuk tərəfindən yenicə nəşr olunmağa başlayan «Ekskursiyaçı» jurnalında (İkinci dünya müharibəsi başlanana qədər nəşr olunurdu) çox geniş reklam edildi. Tomasın cəhdləri nəticəsində sərgini Leyster, Nottinqem və Derbidən olan 3 min məktəbli görə bildi. Uşaqlar üçün paytaxta ekskursiya təşkil edən Kuk daha diqqətcil idi. Stansiyada məktəbliləri və onların müəllimlərini Hayd-parka və geriyə aparan saysız-hesabsız faytonlar, furqonlar və keblər gözləyirdi. Məlumatlara görə məhz Kukun fəaliyyəti nəticəsində sərgini ümumilikdə 165 min adam görə bildi.
Londondan sonra belə bir sərgi Dublində, 1855-ci ildə isə Yelisey çölündə təşkil edildi. Paris səfəri Tomas Kukun ilk beynəlxalq marşrutu idi. Bu dəfə də hər şeyi çox dəqiqliklə ölçüb-biçmişdi. Otel və nəqliyyat vasitələri sahibləri ilə bağlanmış saysız müqavilələr turistlərə arxayınçılıq və rahatlıq üçün təminat verirdi. Həmişə olduğu kimi Kuk bələdçi kitabları nəşr etməyə başladı. Lakin bu dəfə kitablarda şəhərin görməli yerləri ilə yanaşı tanış olmayan ölkədə necə davranmaq barədə xeyli məsləhətlər də var idi. Kukun məsləhətlərindən biri xanımlara ünvanlanmışdı: ledilər ədəb qaydalarını pozmadan ən yaxşı kafeyə daxil ola və ya küçədə qoyulmuş masalar arxasında otura bilərlər. Lakin ledilər bulvarın şimal tərəfindəki, Qrand- Opera və Sen-Deni küçələri arasındakı kafeyə girməkdən çəkinməlidirlər. Uğur gözlənildiyindən də artıq oldu. Mövsüm qurtarandan sonra Üçüncü Napaleonun şəxsi katibi Tomas Kuka imperatorun təşəkkürünü çatdırdı.
Parisi fəth edən Kuk Avropanın digər ölkələrinə marşrutlar hazırlmağa başladı. 1865-ci ildə o, həmvətənliləri üçün Amerikaya, amerikalılar üçün isə babalarının vətəninə turlar təşkil etməyə başladı. Firmanın Amerikadakı şöbəsinə Kukun oğlu, bütün yeni işlərdə atasının sadiq köməkçisi Con Meyson rəhbərlik etdi. «Tomas Kuk və oğlu» adlanan agentlik Amerika turistlərinə eyni ilə ingilislərə göstərilən xidmətləri, o cümlədən ticarət-sənaye sərgilərində iştirakla bağlı xidmətləri göstərirdi. Firmanın ilk amerikalı müştərilərindən biri Mark Tven idi. O, firmanın işindən elə vəcdə gəlmişdi ki, yorulmadan prezident Qranta firmanın xidmətindən yararlanmağı tövsiyyə edirdi.
1868-ci ilin dekabrında Kuk və oğlu ingilislərə Müqəddəs torpağa ziyarət imkanı yaratdılar. İdeya dahiyanə idi- mövcud marşrutu sadəcə olaraq qaydaya salmaq. İlk dəfə olaraq xristianlar öz baş ziyərətgahlarına rahatlıqla və təhlükəsiz gedə bildilər. 60 nəfər səhranı çox böyük karvanla keçdi. 65 at turistləri, 87 at, saysız ulaq və qatırlar lazım olan əşyaları və ərzağı daşıyırdı. Zəvvarları firmanın 77 əməkdaşı müşayət edirdi . Onların arasında silahlılar və gözətçi itləri də var idi. Zəvvarlar belə xidmətdən riqqətə gəlmişdilər. Avropanın adlı-sanlı ailələri belə ziyarətlərin təşkili üçün Kuka saysız-hesabsız müraciətlər etməyə başladı. Serbiya kralının və bir neçə rus knyazlarının Fələstindən qayıdışından sonra İngiltərə taxtının varisi şahzadə Uelski (gələcək kral VII Eduard) Kuka müraciət edərək oğlanları Albert və Georqun (gələcək kral V Georq) Müqəddəs torpağa ziyarətini təşkil etməyi tapşırdı.
Növbədə Böyük Britaniyanın baş naziri Qladston idi. O, Kuka xüsusi tapşırıq verdi: varlı ingilislər üçün Hindistana, varlı hindlilər üçün isə İngiltərəyə ekskursiya marşrutları təşkil etsin. Baş Nazir inanırdı ki, turizm vasitəsilə metropoliya və müstəmləkələrin əhalisi arasında dostluq münasibətləri yaratmaq mümkündür. Qladstonun ümüdləri doğruldu – Kukun Hindistandakı ofisində müştərilərin əlindən tərpənmək mümkün deyildi. 1878-ci ildə Hindistanın general-qubernatoru qraf Dafferin Kuka müraciət edərək regionun müsəlmanlarının Məkkəyə ziyarətlərinin təşkilini xahiş etdi. Dafferin bilirdi ki, baptist olmasına baxmayaraq Kuk dini dözümlülüyü ilə fərqlənir. Doğrudan da xristianlığın çoxsaylı təriqət üzvlərini Müqəddəs torpağa aparan Kuk onlar arasında heç bir fərq qoymurdu. Xristianlar üçün bağlı olan Məkkəyə şəxsən gedə bilmədiyi üçün Tomas Kuk öz agentlərinin xidmətindən yararlandı və yenə də böyük uğur qazandı. Bundan sonra «Kuk və oğlu» firmasının Londondakı ofisində zəvvarlar üçün xüsusi bölmə açıldı. «Kuk və oğlu» firması 2019-cu ilə qədər fəaliyyət göstərsə də həmin ilin sentyabrında öz iflasını elan etdi.
1892-ci ildə Turizmin banisi vəfat edərkən varidatı 2497 funt idi. Bu bir zamanlar həftədə 6 pens qazanan şəxs üçün kiçik məbləğ deyildi. Atasının yolunu davam etdirən Con Meyson Kuk 7 ildən sonra vəfat edərkən isə 660534 funt dəyəri olan əmlak var idi. Kukun varisləri 1920-ci ilin axırlarına kimi firmanı idarə etdilər. Bu dövrdən sonra firmanı sahibkarlar assosiasiyası idarə etməyə başladı və beləliklə turizm biznesində bir ailənin inhisarına son qoyuldu.
Yüklə 47,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin