Mövzu-1
PSİXALOGİYANIN PREDMETİ, PSİXİ HADİSƏLƏRİN MAHİYYƏTİ
1. Psixologiyanın predmeti
Müasir dövdə insanı 200 dən artıq elm sahəsi öyrənir. Onlardan biri psixologiyadır. Digər elmlərdən fərqli olaraq psixologiya nəyi tədqiq edir? Bir elm kimi onun başlıca xüsusiyyətləri nədir? Həmin suallara cavab vermək üçün, ilk növbədə psixologiya elminin obyektini və predmetini (mövzusunu) aydınlaşdırmaq lazımdır.
Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur. Bu baxımdan heyvanları və insanları öyrənən müxtəlif elmlərin (anatomiya, biologiya, neyrofiziologiya, təbabət və s.-nin o cümlədən psixologiyanın) obyekti eynidir.
Elmlər bir-birindən, adətən, öyrəndikləri obyektlərə görə deyil, predmetinə (mövzularına) görə fərqlənir. Hər bir elmin, o cümlədən, heyvan və insanı öyrənən elm sahələrinin özünəməxsus ayrıca predmeti (mövzusu) vardır.
Elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdə yanaşması nəzərdə tutulur. Elmin predmeti onun öz obyektinə yanaşma tərzini, başqa sözlə, tədqiqat metodlarını müəyyən edir və müvafiq anlayışlar sisteminin köməyilə şərh olunur. Psixologiya elminin predmetini nə təşkil edir? Daha konkret desək, psixologiya elmi nəyi öyrənir?
Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə Aristotelin (eramızdan əvvəl IV əsr) “Ruh haqqında” məhşur traktatında şərh olunmuşdur.
Traktatın adına diqqət edin: o, psixologiya deyil, “Ruh haqqında” adlanır. Bu, təsadüfi deyildir. Uzun müddət (XIX əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə (və ya ilahiyyata) aid fənn hesab olunmuşdur. Avropa ədəbiyyatında bəzən onu mental (“mental” –latın sözü olub, psixi olan deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatologiya (pnevma –yunan sözü olub, nəfəs, ruh deməkdir) adlandırmışlar. XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənməmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Volfun (1679-1754) 1734-cü ildə “Empirik psixologiya” və 1734-cü ildə “Rasional psixologiya” kitabları nəşr olunandan sonra məlum olmuşdur. XVIII əsrin sonu –XIX əsrin əvvəllərindən başlayaraq psixologiya termini Amerika, Avropa və rus ədəbiyyatında vətəndaşlıq hüququ qazanmış və böyük evristik əhəmiyyət kəsb etmişdir. Azərbaycanda psixologiya termini XIX əsrin sonu –XX əsrin əvvəllərində rus psixoloqlarının əsərləri vasitəsilə işlənilməyə başlanılmışdır.
Psixologiya termini iki yunan sözündən –“psyuxe” –ruh ruhi aləm -“loqos” –bilik öyrənmək elm sözlərindən əmələ gəlmişdir, “psixika haqqında elm deməkdir” Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya psixika haqqında elmdir. Bu ilk (və ən sadə) tərifdə cəmi 4 söz işlənsə də, onun mənası hələ tam aydın deyildir. Psixologiyanın predmetini başa düşmək
üçün biz əvvəlcə əsas anlayışla –psixika anlayışı ilə tanış olmalıyıq. Psixika anlayışına nələr daxildir ? Psixika nədir ?
Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər:
Psixi proseslər
Psixi hallar (və ya psixi hadisələr vəziyyətlər)
Psixi xassələr (və ya xüsusiyyətlər)
Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. İdrak proseslərinə (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyül), iradi proseslərə və emosional proseslərə birlikdə psixi proseslər deyilir.
Başqa sözlə, psixi proseslər özləri də üç yarım qrupa bölünür: idrak prosesləri, hissi proseslər və iradi proseslər.
Psixi hadisələrin ikinci qrupunu təşkil edən psixi hallar və ya vəziyyətlər də müxtəlifdir. Şən əhval, affektlər, ehtiraslar dalğınlıq, inamsızlıq, şübhə və s. psixi hallara misal ola bilər.
Psixi xassələr də psixologiya elminin kateqoriyaları içərisində mühüm yer tutur. Temperament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın onun üçün səciyyəvi olan əqli keyfiyyətlərini (ağlın tənqidiliyini və ya müstəqilliyini), emosional xassələrini (tez özündən çıxma, emossionallıq), və s. də psixi xassələrə aid edirlər.
Psixi proseslər hallar və xassələr bir-birilə üzvi sürətdə əlaqədradır. Onlardan biri, adətən, o birisinin əsasında əmələ gəlir. Psixi halətlər və ya vəziyyətlər ayrı-ayrı psixi proseslərin, məsələn, əhvallar, affektlər hisslərin, dalğınlıq diqqətin, iradənin şübhə təfəkkürünün təzahürü kimi özünü göstərir. Onlar isə möhkəmlənib bir adamı başqasından fərqləndirən psixi xassə kimi təzahür edə bilər.
“Proses”, “hal” və “xassə” nə deməkdir? Nə üçün duyğuları, qavrayışı, diqqəti, hafizəni, təfəkkürü, nitqi və təxəyyülü, iradəni və hissləri psixi proses adlandırırlar. Halbuki, şübhəni və ya dalğınlığı psixi hallar, temperament, xarakter və ya qabiliyyətlərə psixi xassələr deyilir?
Proses latın sözü olub, hər hansı bir hadisənin başlanması, gedişi və inkişaf mərhələlərini əks etdirir. Bu baxımdan bütün psixi hadisələr –istər psixi proseslər, istər də psixi hal və xassələr prosesual xarakter daşıyır. Məsələnin belə qoyuluşuna diqqəti ilk dəfə olaraq görkəmli rus alimi İ.M.Seçenov cəlb etmişdir.
Onun fikrincə, psixi olan, ancaq proses kimi dərk oluna bilər. Yəni hər bir psixi aktın “müəyyən başlanğıcı, gedişi və sonu” vardır. Psixologiya bu cəhəti zəruri sürətdə nəzərə almalı, “psixi fəaliyyətin bütün cəhətlərini proses, hərəkət anlayışı” əsasında izah etməlidi. Psixi olan hər şeydən əvvəl, canlı, plastik, fasiləsiz təşəkkül və inkişaf edən proses kimi mövcuddur. İnsanın real fəaliyyətini (daha geniş mənada həyat fəaliyyətini) ancaq bu baxımdan düzgün və hərtərəfli təhlil etmək olar. Bu sözlər nəinki psixi proseslərə, həm də eyni dərəcədə psixi halların və xassələrin öyrənilməsinə aiddir.
Gəlin nəzərdən keçirdiyimiz terminlərin mənasını dəqiqləşdirək: klassik psixologiya ancaq duyğuları, qavrayışı, diqqəti, hafizəni, təfəkkürü, nitqi, təxəyyülü, iradəni və hissləri psixi proses kimi xarakterizə edir.
Müasir psixologiyada isə proses sözü əslində geniş və dar mənalarda işlənir. Biz geniş mənada psixi olan proses kimi nəzərdən keçirəcək, bütün psixi hadisələri
(psixi proseslər, hallar və xassələri) eyni dərəcəli proses kimi təhlil edəcəyik. Dar mənada isə psixi proses dedikdə duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül, iradə və hissləri nəzərdə tutacayıq.
Deməli psixi proses ənənəvi termindir. Müasir psixologiyada psixi proses, hallar və xassələr terminlərinin hər birinin özünəməxsus evristik mənası vardır.
Psixi proses termini psixi faktın prosesuallığını, dinamıkasını nəzərə çatdırır. Misal: əlimə tikan batdı. Ağrı duyğusu əmələ gəldi. Ağrı davam etdi və müəyyən müddətdən (10 saniyədən, 5 dəqiqədən, bir və ya bin neçə saatdan) sonra kəsdi.
Psixi halət termini psixi faktın nisbi davamlılığını bildirir. Misal: tələbə qız küçədə yoldaşları ilə şit hərəkət edirdi. Bir də gördü ki, əmisi o biri küçədən keçir, o, - utandı və tez özünü yığışdırdı. Ancaq hiss etdi ki, əmisi onun küçədə şit hərəkətini gördü. Qızın nə isə qanı qaraldı və bir neçə gün davam etdi.
Psixi xassə və ya psixi xüsusiyyət termini isə psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir. Misal: iki şağird təsəvvür edin. Biri tənbəldir, digəri əməksevərdir. Biri oturduğu yerdən ayağa qalxmaq istəmir, o biri isə işdən doymur. Yaxud biri sakit, digəri coşqundur, biri ünsiyyətli digəri isə qaradinməzdir. Psixi proseslər, psixi hallar və psixi xassələrin hamısına birlikdə psixika və ya psixi hadisələr deyilir. 1 №-li şkildə bu cəhət öz əksini tapmışdır.
Dostları ilə paylaş: |