Qarabağın azad edilməsi bizim fəaliyyətimizin ana xətti olub və olacaq



Yüklə 17,78 Kb.
tarix01.04.2017
ölçüsü17,78 Kb.
#13035
Dnepropetrovskdakı diaspor üzvünün Laçın həsrəti
Eldar Tağıyev: “Qarabağın azad edilməsi bizim fəaliyyətimizin ana xətti olub və olacaq”
Ukraynada məlum hadisələr baş versə də, Azərbaycan diasporu bu ölkədə öz aktivliyini saxlayır. Bu baxımdan Ukraynanın Dnepropetrovsk şəhərindəki soydaşlarımızın da fəaliyyəti diqqəti çəkir. Elə müsahibimiz Eldar Tağıyev də Dnepropetrovskdakı diasporumuzun pionerlərindəndir. Qeyd edək ki, E. Tağıyev 1955-ci ildə Laçın şəhərində anadan olub. 1972-ci ildə ADU-nun Tarix fakültəsinə daxil olub. Universitetdə o dövrdə baş verən siyasi hadisələrin iştirakçılarından olub. 1977-ci ildə ADU-nu bitirib. Qısa pedaqoji fəaliyyəti olub. 1983-cü ildə Laçında ailə qurub. 1985-ci ildən Ukraynanın Dnepropetrovsk şəhərində yaşayır. 3 oğlu var və hamısı təhsillidir.

- Laçını necə xatırlayırsınız? Ümumiyyətlə, Laçında sonuncu dəfə nə vaxt olubsunuz?

- Laçının işğalı günü. 1992-ci ildə mayın 8-də artıq radiostansiyalardan təzadlı məlumatlar gəlirdi. Şuşanın işğalı barədə xəbərlər yayıldı. Bu xəbəri həzm etməyə güc tapmaq insanın dözümlü, canlı olmamasına əyani sübutdur. O vaxtlar Dnepropetrovskdan Bakıya həftədə 3 dəfə təyyarə uçurdu. Növbəti reys 10 mayda idi. Həmin gün şəhərimizdə böyük nüfuza malik ziyalı Abdülrəhimovun dəfn mərasiminə toplaşmışdıq. Əslən Gəncədən olan bu nurani kişinin ailəsi yerli millətdən olduğu üçün burada dəfn etdilər. Onu bəhanə edib Şuşaya ağladıq. Dostlarım axşam Bakıya uçacağımı bildilər, mənə 2-3 gün gözləməyi təkid edirdilər. Evdəkilər bunu onlardan xahiş edibmişlər. Qalası oldum. Mayın 12-si Bakıya uçdum. Səhəri Sumqayıta getdim. Vəziyyət aydın oldu. Döyüşmək üçün Laçında qalanlardan başqa, əhali bölgəni tərk etmişdi. Təbii ki, mənim rayondakı evimin qapısı bağlı qalmışdı. 2 gün sonra dayımın işlədiyi müəssisənin yük maşını ilə Laçına yollandıq. Yol boyu iri maşınlar Bakıya doğru ev əşyaları üstündə oturmuş insanları daşıyırdı. Zəngilan ərazisində əhali tərəfindən qarşısı kəsilmiş hərbi texnika karvanı ilə rastlaşdıq. Onlar xüsusi tapşırıqla döyüş bölgəsini tərk etdiklərini söyləyirdilər. Qubadlı ərazisində də belə mənzərə ilə rastlaşdıq. Tankların üzərində oturanlar peşəkar döyüşçülər təsiri bağışlayırdılar. Geri çəkilmənin tapşırıq xarakterli olması ifadələrindən də görünürdü. Qorxub qaçana bənzəmirdilər. Laçının ilk kəndinə- Güləbirdə çatdıq. Çoxlu tanışıma rast gəldim. Dedilər ki, dinc əhali rayonu tərk edib. Yolumuza davam etdik. Gecəyə yaxın Laçının “Poçt” deyilən yerinə çatdıq. Şuşa yolu üstə dayanan tank, Yaqub bulağı üstündəki gənc əsgərlər, yüklü maşınlar, bir sözlə silah səsi gəlməsə də, döyüş bölgəsinə yaxınlıq hiss edilirdi. Şəhərdən işıq gəlmirdi. Hər yer qaranlıq idi. Maşından düşüb insanlara yanaşdıq. Ümumi məlumatları dinlədikdən sonra, maşına qayıdarkən yerimizdə 2 əsgərin əyləşdiyini gördük. Təcili sursat dalınca getmək üçün onlara maşın lazım olduğunu dedilər. Biz öz köməyimizi təklif edərək, onlarla birgə getməyimizi təklif etdik. Dedilər: “Yox, siz burada gözləyin”. Dayımla mən ordu qərargahı yerləşən internat məktəbə yollandıq. Hamı yorğun və əsəbi idi. “Maşınımız sursat dalınca getdi” - deyəndə, gülümsədilər. Demə, maşını ələ keçirib, boş evlərdəki əşyaları toplamaqla məşğul olanlara rast gəlibmişik.Təəssüf ki, belələri də var idi...

Çiskinli havada rayon mərkəzindəki evimizə yollandıq. Yol kənarları ölmüş heyvan cəsədləri ilə dolu idi. Zənciri açılmış itlər bizi sakit müşahidə edirdilər. Laçın can verirdi. Evlərindən işıq gəlməyən, bəzi binaları mərmi dəyib uçan şəhərimiz... Yaşlı dayım çətinliklə yerisə də, gəlib evimizə çatdıq. Açarla evimin qapısını açdım. Hər şey yerində idi. Kitablarım da. O zamana görə, qiymətli kitabxanam var idi. Qayıtdıq şəhərin çıxacağına. Xarab bir yük maşınında Zəngilana tərəf yollandıq. Səhərə yaxın sürücü bizi öz evlərinə gətirdi. Bir neçə saat yatdıq. Yenidən başqa bir maşınla Laçına qayıtmaq istədik. Qubadlı ilə sərhədimizdəki qərargaha çatdıq. Artıq hərbiçilər də burada idi. Dedilər ki, rayonu tərk ediblər. Laçın ermənilərdədir. Geriyə, Bakıya qayıtmalı olduq. Yaxşı ki, doğma yurdumun ölüm ayağında oranı ziyarət edə bildim. Amma heç özünə yaraşan tərzdə ölmədi Laçın... Yiyəsiz, tənha öldü Laçın.



- Siz nə vaxtdan diaspor fəaliyyətinə qoşulubsunuz?

-1988-ci ildən diaspor fəaliyyətinə qoşulmuşam. Doğrusu, Dnepropetrovskda onu yaradanlardan biri olmuşam. Səhvlərlə dolu uzun bir yol keçmişik. Amma heç də az iş görməmişik. Ən əsası, bizdən əvvəl gedilməmiş yolda cığırlar salmışıq. Qarabağ müharibəsi dövründə yaşadığım şəhərin azərbaycanlılarının fəaliyyəti diaspor tarixinə qızıl həriflərlə yazılacaq. Kifayət qədər ziyalı gücünə malik olmağımız və hakimiyyət çəkişmələrindən kənarlığımız, lazım olan an bizi mütəşəkkil qüvvəyə çevirməyə imkan yaradır. Əsas mübarizə hədəfi-Qarabağın azad edilməsi bizim fəaliyyətimizin ana xətti olub və olacaq.

- Azərbaycanlılar Ukraynanın dövlət orqanlarında yetərincə təmsil olunurmu?

- Ermənilərin ali məclislərdə və hakimiyyət orqanlarında bizə nisbətən çox təmsil olunmasını qabartmaq oxucuda bir növ azərbaycanlıların zəifliyi təsəvvürü yaradır. Səbəb başqadır. Özlərini ateist sanan (az da olsa, rast gəlinir ) azərbaycanlı belə, məişətindəki islami qaydalar ilə seçilir. Qadını da azərbaycanlı olan ailələr heç vaxt yerlilərlə ermənilər qədər ünsiyyətdə ola bilmir. Hakimiyyət pillələrinə aparan yollar isə şəxsi münasibət formalaşdıran ünsiyyətdən asılı olduğundan, birinci nəsil köçənlər siyasi həyata tam atıla bilmir. Eyni zamanda bizlər sıfırdan başlayan məişət problemlərinin həllinə xeyli zaman və güc sərf etmək məcburiyyətində idik. 2-ci nəsil ölkənin siyasi həyatında millətimizə layiq yer tutmaq məsələsinin öhdəsindən asanlıqla gələcək. Bizlər buralarda ata və anasız (valideynləri də Azərbaycanı tərk edənlər istisnalıq təşkil edir), erməni isə bütün nəsli ilə köçüb gələrək yaşayır. Əvəzində biz Azərbaycanın üzünü qara etməyən övladlar, erməni isə bazara lazım məhsul (heç nədən utanmayan) istehsal edir.

- Ukrayna Azərbaycanlıları Konqresinin Ukraynadakı azərbaycanlıların birləşməsində hansı rolu var?

- Bu gün UAK adlandırılan qurum fəaliyyət göstərmir. Formal olaraq 2 yerə parçalanan Ukrayna azərbaycanlılar icması, ölkədə baş verən məlum hadisələrlə əlaqədar vahid mərkəzləşməyə doğru atdığı uğurlu addımları dayandırmağa məcbur oldu. Bununla belə, ölkənin bütün vilayətlərində yaşayan fəal həmyerlilərimiz milli maraqlarımızın sadiq keşikçisi rolunun öhdəsindən ləyaqətlə gəlirlər. Son illərdə təhsil almaq üçün Ukraynanı seçən azərbaycanlı gənclər də, ümumi işimizə layiqli töhfələr verdilər. Bugünkü fəaliyyət kütləvilikdən çox, fərdilik üzərində qurulub. İllərcə kifayət qədər təcrübə toplamış icmamız, hələlik üzərinə götürdüyü məsuliyyətin öhdəsindən gələ bilir. Dövlət orqanlarındakı vaxtaşırı dəyişikliklər siyasi çevrilişlərə marağı az olan və sabitliyə meyilli azərbaycanlıları vəzifə tutmaq həvəsindən uzaq salıb. Ölkədəki siyasi qütbləşmə və korrupsiya, əhalidə dövlət məmurlarına qarşı etimadsızlıq yaradıb və şükürlər ki, siyasət meydanında bizimkilər yoxdur. Sadə xalqla yaxın təmas boşluğu doldurmaqla bərabər, bizlərə qarşı olan dostluq münasibətlərinə daha güclü dayaqlar verir. Bir sözlə, Ukraynada bizlər istismarçılar yox, istismar olunanlar təbəqəsindənik. Bu isə azlıqda olan xalqın çoxluqla münasibətinin sağlam təməlini qoyur. Övladlar böyüdükləri mühitdə özlərinə qarşı ayrı-seçkilik görmədən, buranı Vətən kimi qəbul edə bilirlər. Lakin idarəetmənin 2-3-cü eşelonunda kifayət qədər gücə malikliyimiz, istənilən siyasətçini azərbaycanlıları qüvvə kimi qəbul etməyə məcbur edir.



-Bəs, diaspor qurumları arasında koordinasiya varmı?

- Unutmayaq ki, insanların vahid komanda və nizamnaməyə tabe olması, ordudan başqa heç bir halda mümkün deyil. 1988-ci ildən başlayaraq Ukraynanın müxtəlif şəhərlərində yaranan Azərbaycan cəmiyyətləri ermənilərə qarşı fəaliyyətdə vahid ideoloji əsasa söykəndiklərindən fikir ayrılıqları nəzərə çarpmırdı. Əsrin axırlarında real qüvvəyə malik olmayan kağız üzərindəki cəmiyyətlərin də iştirakı ilə UAK yaradıldı. Dövlət dəstəyi görən icma sədrlərində "ulduz xəstəliyi" nin mikrobları görünməyə başladı. Bir sözlə, kütləvilikdən fərdiləşməyə dönüş başladı. Bu təbii prosesi faciə kimi qəbul edən bizlər, uzun zaman "birliyi qorumaq" adı ilə yeniliyə qarşı çıxdıq. Gəmisini bütün heyət tərk edən və yeni komanda yığmaqda aciz qalan kapitanlar, yəni uzun illər sədrlik iddiasından əl çəkmək istəməyənlər belə, islahatların vaxtı çatdığını başa düşdü. Artıq, bizim fəaliyyətdə olan təşkilatlarımız konkret layihələrlə çalışır. Peşəkarlıq ön plana keçir və gənc nəsil idarəetməni öz əlinə alır. Bacarıqlı insanlar isə lazım gələndə mübahisə etməyi də bacarırlar və ümumi iş naminə şəxsi anlaşılmazlıqları kənarlaşdıra bilirlər.


Fuad Hüseynzadə

Palitra.-2014.-17 may.-S.6.
Yüklə 17,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin