Qatarla uçmaqdan yorulan durna



Yüklə 403,93 Kb.
tarix02.01.2022
ölçüsü403,93 Kb.
#44059
ARİF ABDULLAZADE 80




Qatarla uçmaqdan yorulan durna”
Yaşasaydı, bu ilin aprelin beşində 80 yaşı olacaqdı. Yaşasaydı, əsərləri yetim qalamyacaqdı. Yaşasaydı, yazacaqdı, bəlkə hələ də deməyə macal tapmadığı sözünü deyəcəkdi? Amma yox, o yetərincə çox söz demişdi. Haldan anlayan, sözü duyanlarçün demişdi. Onun sözünü anlayanlar, duyanlarsa, yəqin ki, az oldu.

Öz tənhalığına sığınan, iti görən, dərin düşünən, sözə vurğun, qəribə, qəribə, qəribə Arif Abdullazadə.

Şair, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Arif Abdullazadə 5 aprel 1940-cı ildə Şəkidə anadan olmuşdu. Özünün dediyi kimi, “küçələri gül-çiçəkdən döşəməli” Şəkidən oxumaq üçün 1956-cı ildə Bakıya getmiş, ADU-nun Filologiya fakültəsinə qəbul olmuşdu və həmişəlik söz yolçuluğu başlanmışdı. Bu yolçuluqda 1966-cı ildə müdafiə etdiyi namizədlik, 1977-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyaları kimi dərin dəryaları, Azərbaycan ədəbiyyatşünaslığında günümüzdə də dönə-dönə isnad olunan bir neçə monoqrafiya adında çayları üzüb keçmişdi. Yolçuluğunda qarşısına çıxan neçə-neçə sahmanlı, işıqlı küçələr də olmuşdu, heç kimin iz salmadığı daşlı-kəsəkli, ot basmış, kimsəsiz, unudulmuş, tərk edilməyə məhkum olunmuş cığırlar da. Həm də “Ömür adlı ağır yük”ü çiyinlərində çəkə-çəkə keçmişdi bu yolu. Bu yol boyunca özünü yaratmışdı, özündən yazmışdı, İNSANdan yazmışdı:
İnsansan!

Dünyaya gəlmisən,

Yaxşı,

xoş gəlmisən –

Daha nə deyək,

Gələnə


“get” demək olmaz ki...

Gəlmisən – yaşa,

Ye, iç, dincəl

nə qədər istəsən.

Dünya böyük,

yollar genişdir.

İstəsən tək gəz,

İstəsən qoşa.

Ancaq bir de görək

Kimsən?


Adın nədir?

Məramın, sənətin,

Dünyaya gəlməkdə niyyətin

nədir?
Arif Abdullazadəyə görə, məqsədsiz həyatlar, əqidəsiz yaşam heç nədir. İnsan mövcudluğu və varlığı arasındakı fərq duyulmursa, ən azından o özü niyə var olduğunu anlamırsa, “yaşayıram” deməyə haqqını itirmiş olur:


Bir-bir seçilməsə ömürdə qış,yaz,

Bəxtinin dərsinə adi bir “üç” yaz,

Ulduz tək yanmasan, işığın uçmaz,

Özünə nur saçmaq çıraq işidir.


Parçadan da göründüyü kimi, sadəcə özünə işıq saçan çıraq olmaq şairi özünə cəlb etmir, göylərdəki ölçüyəgəlməz uzaqlıqlardan parlamağı bacaran əlçatmaz ulduzlarla müqayisə edir insan yaşamını. Əslində böyük, əbədi, fərqli və əlçatmaz hər şey şairi cəlb edir. Baxdıqca, heyrətləndikcə, arzuladıqca, əlçatmaza can atdıqca özü də fərqlinə varır ki, insan ömrü kainatın yaşıyla müqayisədə çox kiçikdir, insan yaşantılarıysa, dünyanın axarında boşuna alınan nəfəs kimidir:
Bu dünyanın havası bol, suyu bol,

bu dünyanın yollarında quyu bol,

istəyirsən suya qarış,

istəyirsən göyə dol,

dünya sənlə dolmayacaq, igidim.
Bu dünyada bir dünyalıq olmasan,

zaman olub zamanına dolmasan,

istəyirsən ərşə bağır,

istəyirsən oda yan,

dünya bunu bilməyəcək, igidim.

Bir ürəkçün çox ağır və qarışıq hisslərin içində “bir dünyalıq olmaq”, “zamana dolmaq”dı Arif Abdullazadəni özünə çəkən. Bütün iti zəkalar, həssas qəlblər kimi onu da dünyanı bürüyən haqqla nahaqqın mübarizəsində sonuncunun qalibiyyəti, şərin təntənəsi, “yalanın hikməti” ümidsizləşdirir, bəzən küsür, bəzən üsyan edir, ancaq özü demiş “gücü sözünə çatır”:


Elə dolmuşam ki, daşdan keçərəm,

Bölünüb bir gilə yaşdan keçərəm,

Gözlərim tutulsa, qaşdan keçərəm,

Dəryanı damlaya yığa bilmirəm.


Dan yeri saralan ümid kimiyəm,

Qürubda qaralan bulud kimiyəm,

Tufandan əvvəlki sükut kimiyəm,

Sinəmə dolmuşam, yağa bilmirəm.


Şair bilir ki, dünyanın əbədi nizamında rast gəlinən, insanlığı yaranışın ta başından bəri əbədi, çözülməz suallar qarşısında qoyan bir sıra məqamların, həyat hadisələrinin bir səbəbkarı var. O səbəbkar şairin məqamından asılı olaraq “ilahi”, “ey uca Allah”, “Ulu Tanrım”, “ay Allah”, “Ulu Yaradanım”, “Tanrım”, “Ulu göylər”, “Ulu Tanrımız”, “Allahım”, “Uca Allahım” və başqa şəkillərdə xitab etdiyi Yardandır:
Ulu Yaradanım, burax, qoy gedim,

Bilirəm yazdığın pozulan deyil,

Sənin yazdığına iz qatmaq üçün

Töküldü ömrümdən neçə dolan gün,

neçə solan il.
...Ulu Yaradanım,

əlini qaldır çiyinlərimdən

Bəlkə öz yükümü qalan gücümlə

daşıya bildim,

Bəlkə əl götürsən beş-on günümü

Mən də adam kimi yaşaya bildim.


Və yaxud:
Tanrım, məni lap əvvəldən,

başdan yarat,

nə bu ömrü

damarından su çıxınca

sıxıb-sıxıb belə qısalt,

nə də onu

boş günlərin hesabına

dartıb uzat.

Qismətimə adi insan

ömrü düşsün,

təki ömür gələcəyin qürubuna

öz adını daşımağa layiq olan

insanlarla yola düşsün.
Şairin qədim türk düşüncəsinin mükəmməl abidəsi “Kitabi Dədə Qorqud” dastanının motivləri əsasında yazılmış “Ulu Qorqud” poemasında Tanrıya münasibət məsələsinə diqqət yetirsək görərik ki, o, Yardanı həm vəsf edir, həm təsvir edir, həm də sanki sorğulayır:
Ulu Qorqud,

bilmirəm, allahmı deyim,

xaliqmi, fələkmi,

sənin Tanrı dediyinə,

yoxsa inammı, talemi, son pənahmı?

Nə fərqi var ki,

qəlbinin ən dərin yerindən

gələn səsə də

Allah deyənlər var,

ən çılğın bir arzuya,

ən sonsuz bir ümidə də,

yırtıcı bir həvəsə də.

Vətənə də Allah demək olar,

bir ömrə həyat verən

doğma bir nəfəsə də -

anaya da,

sevgiyə də,

günəşə də,

suya da...

Yenə də fərqi yoxdur,

hərədə bir adla yaşayır

bu inam.


Verilmiş nümunədən aydın görünür ki, şairə görə, insanın inandığı, tapındığı hər şey onunçün müqəddəsləşə, tanrılaşa bilər. Ədib Tanrının varlığını inkar etmir, lakin eyni zamanda onu sabitləşmiş dini təsəvvürlərdən və ehkamlardan kənarda axtarır, Tanrını müqəddəs məfhumlarla eyniləşdirdiyi kimi, “çılğın arzu”, “yırtıcı həvəs” kimi fərdin yaşantıları və xarakterindən irəli gələn daxili təlabatlarda da görür. Ümumiyyətlə, insan xarakterlərindəki fərqlilik ətrafda baş verən hər şeyə münasibətdə üzə çıxdığı kimi Tanrıya münasibət və inamda da əks olunur. Və biz poemadakı müraciətin yuxarıda göstərdiyimiz girişindən sonra artıq müəllifin dünyasındakı Tanrıya müraciətini, ya ittihamını görürük. Dünyada, kainatın düzənindəki ziddiyyətlərdə haradasa Tanrının ədaləitsizliyi, yaratdığına qarşı biganəliyi və məsuliyyətsizliyi şairdə inamsızlıq yaradır:
Bu necə allahlıqdır?

Insanı dünyaya gətirdin,

həyat verdin,

çörəyini, duzunu qazan dedin,

səni mən yaratmışam,

taleyini özün axtar, söylədin.

Birinə al geyimli sərvət verdin,

birinə çılpaq ümid...

Çobanlara cızma-qara elm öyrətdin,

alim etdin,

anadan alim doğulanların

əl-qolunu, dür tökülən dilini

qatlayıb çobanlığa göndərdin.

Şaxta, çovğun həvəsliyə

bolluca günəş verdin,

günəş-işıq həsrətliyə

qatı zülmət....
Görüründüyü kimi, şair çox nigarandır, barışa və sadəcə şükranlığını ifadə edə bilmir. Bu ardıcıllıqla biz poemada dünyanın əbədi nizamında rast gəlinən, lakin hamını narahat edən bir sıra məqamların, həyat hadisələrinin təsvirini də görürük. Eyni zamanda özünün imansız və allahsız kimi bilinməsini də istəmir şair:

Düşünmə ki, inamsızam,

inamım da var, vəcdəm də,

ilhamım da,

ilhamımdan allahım da.

Sənə də inanardım,

tapınardım da,

hər gecə səcdənə qapılardım da,

əgər bircə dəfə, tək bircə dəfə

rəhmini, zülmünü, qanunlarını

hamıya bir qabda, eyni ölçüdə

paylaya bilsəydin,

dünyada bərabər yaya bilsəydin,

işığı da, zülməti də,

sevinci də, kədəri də,

həsrəti də...


Poemanın şairin Tanrıya müraciətinin ən maraqlı hissəsi bu müraciətin son misralarında yer alır. Şair sanki öz yazdığına, ziddiyyətli fikirlərinə, inamsızlığına, şübhələrinə, hər şeyə məhz son misralarda yenə “Kitabi Dədə Qorqud”dan götürülmə fikirlərlə son qoyur və Ulu Qorquda güvənərək yazır:
Ulu Qorqud,

Özünə də “ulu” dedin, Tanrıya da,

“ucalardan ucasan” da söylədin,

nə yaxşı ki,

“heç kəs bilməz necəsən” də söylədin.
Deməli, müəllif nə yazsa da, qiyam etsə də, barışmasa da, “heç kəs bilməz necəsən” fikrini söyləməklə Yaradanın dərkedilməzliyi qənaətinə varır. Yenə də daha əvvəl qeyd etdiyimiz kimi, şair bu müraciətdə bir fərdin düşüncəsi və inancını ifadə etməkdən uzaqdır, o həm tanrısını axtarır, həm onu “sorğualyır”, həm güvənir, eyni zamanda da dərkediləzliyi qənaətini ifadə edir.

Arif Abdullazadə yaradıcılığına aid ayrı-ayrı poetik nümunələrdə Tanrıya, Yaradana olan münasibət müxtəlif zamanlarda insanlığın inanc və əqidə baxımından keçdiyi, yaşadığı bütün inam və tərəddüdünü özündə əks etdirir. Ədibin misralarında Tanrıya qəlbən, bütün varlığı ilə iananan, Yaradanını sevən və ona sığınan, tapınan, dua edən bəndə ilə yanaşı, hələ inancını tapa bilməyən, içində tərəddüdlər, şübhələr olan, eyni zamanda Tanrının varlığına həm də üsyan edən bir insanı görürük. Deməli, A.Abdullazadə qələminə aid olan ayrı-ayrı nümunələrdə Tanrıya münasibətdə qarşımıza çıxan ziddiyyətli fikirlərdə (yalvarış, heyrət, tapınma, ittiham, şükranlıq və s.) hardasa müəllifin Tanrıya subyektiv münasibətindəki fərqlilik yox, İnsan düşüncəsi və qəlbində Yaradana olan çoxsaylı yanaşmalar ifadə olunmuşdur və bu rəngarəngliyi və ziddiyyəti fərqli formalarda ədəbi materialda ifadə etmək bacarığı müəllifin İNSANdan yazarkən peşəkarlığından və bədii istedadının gücündən xəbər verir. Əslində o, həmişə sadəcə İNSANdan yazırdı. “Qəfəsə salınmış ilan”lardan, “boz ilanlar”dan,“üç zolaqlı qara qarğa”dan, “tikansız doğulan kirpilər”dən yazanda da İNSANı yadından çıxarmırdı.

Şairin özü yaşlandıqca, “böydükcə”, qarşısına çıxan daşlı-kəsəkli yolları keçdikcə qəhrəmanı da onunla bərabər bərkdən-boşdan çıxır, böyüyür, dəyişir və ömrün sonuna yaxın artıq onun xəyalını bir vaxtlar yazdığı kimi parlaq ulduzlar oxşamır, əksinə “çiynindəki ömür adlı ağır yük”dən çox yorulmuş, üzülmüş, küskünləşmiş və artıq başqa dünyalara can atan tamamilə tənhalaşmış birinə çevrilir. Onu bu dünya ilə sanki heç nə bağlanmır:
Elə bezmişəm ki, mən bu dünyadan,

Ona bir də dönüb başdan-binadan,

Keçirib ömrümü bu lal röyadan,

Sonra həmişəlik sönməyim gəlir...


Beləcə, yorulmuş, tənhalaşmış şair (özünün “Durna” adlı gözəl bir şeirində dediyi kimi, “Qatarla uçmaqdan yorulan durna” ) 62 yaşında bu dünyaya göz yumur, əbədiyyətə qovuşur. Əslində “Mən dünyaya həmişəlik gəlmişəm” deyən şair onsuz da çoxdan özünə misralarıyla əbədiyyət qazanmışdı. İndi sağ olsaydı, 80 illik yubileyini qeyd edə bilərdi. Şeirlərində özü qeyd edirdi ki, dünyaya gəlişi, uşaqlığı dünyanın qanlı-qadalı vaxtına düşmüşdü. 50 yaşı 1990-cı ilə, 60-ı iki əsrin qovuşağına düşəndə də şair yazdığı şeirlərdə bundakı tale qismətinə toxunmuşdu. 70-ini görmədi. Görən, indi sağ olsaydı, bütün dünyanı caynağına alan bu dəhşətli fəlakətlə bir vaxta düşən 80 illik yubileyinə necə bir şeir qoşardı?!

Artıq bir müddət idi ki, dərs dediyim ADPU-nun Şəki filialının tələbələri ilə birlikdə Şəki ziyalılarının ən layiqli təmsilçilərindən Arif Abdullazadənin 80 illik yubiley tədbirinin keçirilməsinə hazırlaşırdıq. Təəssüf olsun ki, ölkədə, dünyada baş qaldıran qorxunc fəlakət təhlükəsi ilə bağlı ali məktəblərdə tədris müvəqqəti olaraq dayandırıldı, kütləvi tədbirlərin keçirilməsi qadağan olundu. Və yubiley tədbirini təxirə salmalı olduq. Ümid edirəmki, bu bəla tezliklə sovuşacaq və şairin ruhu qarşısında mənəvi borcumuz olan həmin yubileyi sonrakı aylarda reallaşdıra biləcəyik.

PS: Arif Abdullazadə ruhu qarşısında bir şəkili, bir ziyalı, onun yaraıcılığını araşdıran bir tədqiqatçı kimi az da olsa mənəvi borcumu yerinə yetirmək üçün onun şeirlərindən ibarət “Qatarla uçmaqdan yorulan durna” adlı kitab tərtib etdim. Həmin kitab bu günlərdə “Mücrü” nəşriyyatında işıq üzü görmüşdür.

Sinəsində bir zamanlar böyük ürək daşıyan və o ürəyi hər misrada, hər kəlmədə vərəqlərə köçürən, özü getsə də, sözü qalan böyük şairə, ədəbiyyatşünasa Allah rəhmət eləsin!


Pakizə Əliyeva


Yüklə 403,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin