A zərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Sərbəst iş
Qrup: 110A23
Kurs: 1
Tələbə: Nuriyev İmaş İlqar
Müəllim: Mamayeva Nailə
Fənn: pisixologiya
İdmançılarda psixoloji vəziyyəti öyrənmək, onun idarə olunması metodikasına yiyələnmək xüsusi əhəmiyyət kəsb edən məsələdir. Əvvəlcə səy göstərilməlidir ki, psixi vəziyyətlərin diaqnostik metodu düzgün müəyyənləşdirilsin. Sonra idmançıların yarışlara hazırlıq və yarış mərhələlərində fərdi xüsusiyyətlərinin dinamikası öyrənilməlidir. Sonra onların vəziyyətlərinin optimallaşdırılması metodu işlənib hazırlanmalıdır.
İdman mübarizəsində üç fəaliyyət üslubu özünü qabarıq göstərir: hücum, əks-hücum və müdafiə. Müşahidələr göstərir ki, əksər hallarda hücum üslubu üstünlük təşkil edir. Bu da təbiidir. Yarış qaydaları tələb edir ki, idmançı müntəzəm olaraq fəal hərəkətdə olsun. Lakin onu da qeyd etmək lazımdır ki, hücum üslubu da, fəaliyyətin özü də fərdi cəhətlərə malik olur. Bu, birinci növbədə, sinir tipinin təzahür dərəcəsi ilə əlaqədardır.
Yarışlarda hücum üslubunun xüsusiyyətləri idmançının maskalanma hallarında (aldadıcı hərəkətlərlə) daha qabarıq meydana gəlir. Güclülər bunu aldadıcı hücumlarla, zəiflər isə yerdəyişmə ilə ifadə edirlər.
Yüksək ixtisaslı idmançıların tərbiyə olunması seçimdən, təlimdən, məşqlərdən, yarışlarda iştirakdan və bərpadan ibarət vahid prosesdir. Müasir idmanda buna sistemli yanaşma deyilir.
İdmançıların hazırlanmasına pedaqoji iş kimi baxılmalıdır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün hər bir idman növünün vəzifələri düzgün anlaşılmalı - idmançı modelinin yaradılmasına səy göstərilməlidir.
Yüksək ixtisaslı idmançıların psixoloji hazırlığında üç mühüm amilin nəzərə alınması zəruridir. Bunlar aşağıdakılardır: müvafiq idman fəaliyyəti şəraitində psixoloji dözümlülüyün təmin olunması; psixi funksiyaların və mənəvi-əxlaqi keyfiyyətlərin təkmilləşdirilməsi, əsas məqsədə nail olmaq və rəqiblə qarşılaşmanın müsbət nəticəsi; fərdi mübarizə üslubunun təşəkkülü, təkmilləşdirilməsi və düzəlişləri.
Hər bir idmançı bu amilləri özünün daxili və xarici imkanlarına istinadən həyata keçirir. “Xarici imkanlar” deyildikdə, böyük turnirlər, əsas rəqiblərin xüsusiyyətləri və onların ustalıq səviyyəsi, yarışın qaydaları, proqramı və s. nəzərdə tutulur.
İdman həyatı, yalnız fiziki qüvvə sərf etməyi deyil, eyni zamanda, psixoloji baxımdan da tələb olunan səviyyəni kəsb etməyi qanunauyğun hal hesab edir. Lakin psixoloji hazırlıq necə olmalıdır, onun meyarı və məqsədəmüvafiqliyi nədən ibarətdir? Bu və ya digər psixi proses və fərdi xassələrin tərbiyə olunması, eləcə də idman növünün özünəməxsus xüsusiyyətləri ilə əlaqələndirilməsi kimi məsələlər tam həll olunmamış qalır. İdmançının yarışlara psixoloji hazırlığı, onun temperament, xarakter, yaş, idman fəaliyyətindəki təcrübəsi, yarışların miqyası, əhəmiyyəti və keçirildiyi şərait və mühitlə əlaqədardır.
Məlum olduğu kimi, fəaliyyət insanların fiziki və psixoloji fəallıqlarının cəmidir. İdman da bir fəaliyyət olaraq, bu iki amili ehtiva edir. İdmançı təlim və məşq gedişində hər iki amili inkişaf etdirir, fiziki və psixoloji hörgülərin əhatəsində taktiki və texniki hazırlığın parametrlərini işləyir, mübarizə yolları və icra proseslərini müəyyən edir.
İdmançının psixoloji hazırlığı haqqında belə fikirlər tez-tez səslənir: “Qələbənin səbəblərindən biri də psixoloji hazırlığın yüksək səviyyədə olması idi”; “Psixoloji hazırlıq zəif olduğundan uduzduq” və s.
Bəs konkret olaraq, psixoloji hazırlıq nədir? Əlbəttə, ümumi şəkildə deyilsə, bu, sarsılmaz inamdır, emosiyaları tənzimləmə qabiliyyətidir, sürətli reaksiyaya malik olmaqdır, analitik təfəkkürdür (qələbə yalnız ağılla qazanılır) və s. Lakin bunlar, həmin keyfiyyətlərin formalaşması yolları, dəqiq təsəvvür edilsə belə, psixoloji hazırlığın hamısı deyildir. Daha nələrə diqqət yetirmək lazımdır?
Öncə, onu qeyd edək ki, məşqçilərimizin çoxu psixologiyaya dair nəzəri biliklərini müntəzəm artırmaq qayğısına qalmır. Əlbəttə, burada söhbət yalnız nəzəri biliklərin toplusundan deyil, həm də onların tətbiqi yollarının, əməli əhəmiyyətinin aydın təsəvvür edilməsindən gedir. Unutmaq olmaz ki, məşqçi üçün qaranlıq olan bir məsələ, idmançı üçün zülmətə çevrilir. Yeri gəlmişkən, Bədən Tərbiyəsi və İdman Akademiyasının pedaqogika və psixologiya kafedrası bu məqsədlə öz qapılarını daim açıq saxlayır, hər hansı problemlə bağlı məsləhət verməyə hazırdır.
Təlim-məşq gedişində aparılan psixoloji hazırlıq motivləşdirmə prinsipinin müəyyən olunmasından başlanmalıdır. Motiv nədir? İnsanlar hər hansı bir qüvvənin yönəldici təsirinə məruz qalırlar. İdmançı bu fəaliyyətə gəlişinin səbəbini aydın dərk etməlidir. Məşqçi də öz məşqlərinə bundan başlasa, nəticənin səmərəli olacağına şübhə qalmaz.
Hər hansı bir idmançı öz fəaliyyəti ilə nəyə nail olacağını qabaqcadan müəyyənləşdirməlidir. Bu məqsəddir. Məqsəd aydınlığı olmayan yerdə fəaliyyətə başlamaq düzgün deyil. Nəticənin necə olacağına biganəlik göstərmək fəaliyyətin məhsuldarlığına yanlış təsir edir. Burada tələbat və maraqların da rolu, təsir gücü və əhəmiyyəti xüsusilə nəzərə alınmalıdır. Həm tələbatın, həm də marağın ictimai mahiyyəti ön plana çəkilməli, şəxsi tələbat və maraqlar ictimai ruhla həmahəng olmalıdır. Belə olduqda, idmançının diqqəti daha da güclənər, yarışlarda məsuliyyət hissi artar, o öz kollektivi, mənsub olduğu idman cəmiyyəti və dövləti qarşısında borcunu daha yaxşı dərk edər.
İdmançının psixoloji hazırlığında psixi proseslərin, duyğular, qavrayış, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, iradə, hafizə, nitq və hissin, eləcə də fərdi psixi xassələrin - temperament, xarakter və qabiliyyətlərin inkişafına dair fərdi və kollektiv planların tərtibi zəruri sayılır. Burada diffensasiya və inteqrasiya prinsiplərindən də istifadə edilə bilər. Yəni hər bir idmançı fərd kimi hərtərəfli öyrənilər, sonra onun imkanları vahid məqsəd naminə ümumiləşdirilər. Güman edirik ki, bu sahədə “Azərreyl” voleybol klubunun baş məşqçisi Faiq Qarayevin iş üslubu, qazandığı təcrübə bu gün örnək ola bilər. Onun keçirdiyi təlim-məşqləri müşahidə etmək, taktiki, texniki, psixoloji planlarla tanışlıq belə bir qənaətə gəlməyə əsas verir. Adama elə gəlir ki, F.Qarayev hər bir idmançının həm dostudur, həm də düşməni. Elə bil ki, idmançılarını onların özündən yaxşı tanıyır.
İdmançının psixoloji hazırlığı həm də: hərəki fəaliyyətə mükəmməl yiyələnməkdə, məşq və yarışlar zamanı idmançının sabit çıxışını təmin etməkdə, yüksək səviyyədə işgüzarlıq göstərməkdə və ən çətin anlarda fərdi fəaliyyəti davam etdirməkdə, eləcə də şəxsi keyfiyyətlərin bərqərar olunmasında psixoloji funksiyaların əhəmiyyətli rolu nəzərdə tutulur.
Sinir sisteminin düzgün tənzimlənməsi psixoloji finksiyaların tərbiyə olunmasına imkan yaradır. Ona görə ki, əksər hallarda mənfi iradi keyfiyyətlər vegetativ sinir sisteminin fəaliyyətində şərti reflekslərin pozulması ilə əlaqədar olur.
Yuxarıda göstərilənlərin nəzərə alınması idmançıların psixoloji hazırlığına əsaslı təsir edir və onu gücləndirir. Bu gün böyük idmanda o idmançılar qələbə qazana bilərlər ki, onların psixoloji, texniki, taktiki, fiziki, həm də yüksək səviyyədə nəzəri hazırlığı olsun. Nəzəri hazırlıq beynin və ağlın inkişafına gətirib çıxarır ki, bu da idmançının əsas qüvvəsindən biridir. Bu deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, idmançının ağlının gücünü artırmaq üçün onun nəzəri biliyini çoxaltmaq gərəkdir. Belə ki, idmançının seçdiyi idman növünün bütün sirlərinin və incəliklərinin nəzəri cəhətdən öyrənilməsinə nail olmaq lazımdır.
İdmançının psixoloji qüvvəsini artırmaq üçün isə onun ruhu yüksəldilməlidir. Başqa sözlə desək, yüksək psixoloji hazırlıqdan ötrü idmançıdan əxlaqi, mənəvi və iradi cəhətdən möhkəmlik tələb olunur. İdmanın əsas komponentlərindən olan nəzəri və psixoloji hazırlıq bir-birinə daha yaxındır. İdmançılarımızın müəyyən dərəcədə texniki, taktiki və fiziki hazırlığı var. Daha çox çatışmayan cəhətlər isə psixoloji və nəzəri hazırlıqla bağlıdır. Əgər biz idmançılarımızda bu sahələri artıra bilsək, onlarda paralel surətdə texniki, taktiki və fiziki hazırlığın da yüksəldiyini hiss edəcəyik.
Məşhur idmançılar təsdiq edirlər ki, qələbə mübarizədə yox, mübarizəyə psixoloji hazırlıqda müəyyənləşdirilir. Bəzi məşqçilər elə başa düşürlər ki, başqa ölkədə hazırlıq, təlim məşqi keçmək yarışlara dünya səviyyəsində hazırlaşmaq deməkdir. Əslində, belə deyil. Hazırlığın səviyyəsi məşqin harada keçilməsindən deyil, sanballı məşq planının olmasından, məşqin təşkilindən və yüksək səviyyədə keçilməsindən asılıdır. Bununla məşqçilərimizə demək olar ki, idmançıları çox da ora-bura yollarda yormasınlar. Öz torpağımızda keçirilən səviyyəli məşqlərlə də dünya idmanının zirvələrinə qalxmaq mümkündür.
Bu gün bütün dünyada birinci olmaq, idman göstəricilərini artırmaq məqsədilə müasir elmin və texnikanın mövcud nailiyyətlərindən istifadə edirlər və idmançıların hazırlıq metodları daim təkmilləşdirilir. İdman nailiyyətlərinin yüksəldilməsinə yönəlmiş bu axtarışların məqsədi idmançının çıxışında öz imkanlarından maksimum dərəcədə istifadə etmək bacarığının artırılmasına nail olmaqdır. Belə ki, idmançıların hazırlaşdırılması metodlarında tətbiq olunan təkmilləşmələr, əsasən, idmançının psixoloji durumunun gücləndirilməsi məqsədilə aparılır.
Tədqiqatlar göstərir ki, idmançıların psixoloji hazırlığının mühüm amillərindən biri yüksək mənəvi-əxlaqi keyfiyyətlərə yiyələnməyin təmin edilməsidir. Respublikamızın idman həyatından çoxsaylı nümunələr gətirmək mümkündür ki, böyük nəaliyyətlər qazanmış idmançılar həm də yüksək mənəvi keyfiyyətlərin təcəssümü kimi tanınırlar.
İkinci mühüm amil idman komandalarında qarşılıqlı anlaşmanın olması, psixoloji ab-havanın sağlamlığı, oyunçuların bir-birinə, məşqçilərə, hakimlərə olan möhkəm inamıdır. Bu baxımdan qızlardan ibarət voleybol və həndbol komandalarımız əsl örnəkdir.
Üçüncü amil idmançıların şəxsi keyfiyyətləri ilə bağlıdır. Məhs genişmiqyaslı məsul yarışların ekstremal şəraitlərində bu keyfiyyətlər özünü daha qabarıq şəkildə büruzə verir. Burada fərdi səciyyə daşıyan hər bir cüzi xətanın da həlledici əhəmiyyəti vardır.
İdman mütəxəssisləri belə bir amilə diqqət yetirirlər ki, idmançıların hafizə, diqqət, iradə və təfəkkür kimi psixiprosesləri sabit səviyyəli və sarsılmaz olmalıdır. Diqqətin yayınmasının qarşısını almaq, onun mərkəzləşməsini tam təmin etmək hər bir idmançı üçün çox mühüm vəzifədir.
Dostları ilə paylaş: |