Şahid ifadələrinin formalaşması



Yüklə 132,5 Kb.
səhifə1/2
tarix08.12.2022
ölçüsü132,5 Kb.
#73077
  1   2
Mühazirə 13. Şahid ifadələrinin formalaşma mərhələləri (Автосохраненный)


MÜHAZİRƏ 13: ŞAHİD İFADƏLƏRİNİN FORMALAŞMASI MƏRHƏLƏLƏRİ



  1. Şahid ifadələrinin formalaşma mərhələləri

  2. Şahid ifadələrinin formalaşmasına təsir edən amillər



1.Şahid ifadələrinin formalaşması mərhələləri
Elmi ədəbiyyatda şahid ifadələrinin formalaşması prosesinin müxtəlif mərhələləri ayır edilir. Bəzi müəlliflər hesab edir ki,şahid ifadələri 3 mərhələdə formalaşır:
1. Müəyyən faktı şahidin qavraması
2. Qavranılmış faktı şahidin yadda saxlaması
3. Dindirmə zamanı şahidin həmin faktı canlandırması və ya yada salması


Digər qism müəlliflər bu zaman 4 mərhələni fərqləndirir:


1.Cisim və hadisələrin qavranılması
2.Qavranılan cisim və hadisələrin yadda saxlanılması
3.Yadda saxlanılan cisim və hadisələrin xatırlanması (və ya tanınması)
4.Qavranılmış cisim və hadisələrin ifadələrdə əks olunması


Son zamanlar bəzi müəlliflər hesab edir ki, şahid ifadələrinin formalaşmasının ilk mərhələsi kimi qavrayış mərhələsini deyil, duyğu mərhələsini ayırd etmək zəruridir. Bundan başqa, qavrayış, yaddasaxlama və yada salma şahid ifadələrinin formalaşmasının əsas mərhələlərini təşkil etsə də, onların hər birinin daxilində kriminalistikada kifayət qədər nəzərə alınmayan, lakin şahid ifadələrinin düzgün qiymətləndirilməsi üçün xüsusi əhəmiyyətə malik olan bir sıra başqa mərhələləri ayırd etmək lazımdır. Bu baxımdan son dövrlər şahid ifadələrinin formalaşmasında aşağıdakı mərhələləri fərqləndirirlər:



  1. Duyğu mərhələsi

  2. Qavrayış mərhələsi

  3. İnsanın öz qavrayışından sonrakı hərəkət və təcrübəsində istifadə etməsi mərhələsi

  4. Qavranılan cismin və hadisənin əxlaq və hüquq düşüncəsi baxımından qiymətləndirilməsi mərhələsi

  5. Yaddasaxlama mərhələsi

  6. Dindirilən şəxsin növbəti dindirmə üçün öz davranış planını müəyyənləşdirmə mərhələsi

  7. Dindirilən şəxslə kontaktın yaradılması mərhələsi

  8. Dindirilən şəxsə fikri məsələnin təklif olunması mərhələsi

  9. Xatırlama mərhələsi

  10. Müstəntiqin təsiri ilə xatırlama mərhələsi

  11. Əvvəllər qəbul edilmiş iradi qərarın müstəntiqin təsiri ilə dəyişdirilməsi mərhələsi

  12. Yadasalma mərhələsi

Lakin istənilən halda ifadələrin formalaşmasının əsas mərhələlər qavrayış, yaddasaxlama və yadasalma hesab edilir.
Şahid ifadələrinin qiymətləndiriləməsi zamanı duyğuların qanunauy­ğunluq­la­rı­nın nəzərə alınması vacibdir.
Belə ki, bir sıra hallarda məsələn, avtmobil zərbəsi, bıçaq zərbəsi və ya başqa predmetlərin zərbəsi nəticəsində şüurunu itirmiş zərərçəkənin dindirilməsi zamanı ifadənin formalaşması məhz duyğu mərhələsindən başlayır. Bu zaman zərərçəkmiş öz qavrayışı haqqında deyil, yalnız duyğuları haqqında danışa bilər. Təcrübə göstərir ki, duyğu mərhələsinin ayırd edilməsi zərər­çəkmişin ifadələrini düzgün təhlil etmək üçün xüsusi əhəmiyyətə malikdir.
Bəzən müstəntiq eyni bir hadisənin iki şahidinin müxtəlif ifadələrinə heç bir əsas olmadan şübhə ilə yanaşa bilər. Əgər şahidlərdən birincisi qaranlığa tamamilə alışmış, ikincisi isə həmin şəraitdə cəmi bir neçə saniyə olmuşdursa, o zaman aydındır ki, ikinci şahidin verdiyi ifadə dəqiq və tam olmayacaq. Bu isə onun ifadəsinə şubhə ilə yanaşmaq üçün əsas ola bilməz.
Bəzən də ifadə verən şəxs yarım saat müddətində hadisə yerində olduğuna baxmayaraq istintaqı yanıltmağa çalışaraq qaranlıq olduğu üçün heç bir şey görmədi­yini iddia edir. Halbuki bu qaranlığa adaptasiyanın qanunauyğunluqlarına ziddidir. Çünki qaranlıq otağa daxil olduqdan 3-5 dəq sonra yavaş yavaş oradakı predmetləri fərləndirmək mümkün olur. 20-30 dəqiqə kifayət qədər bir intervaldır ki, qaranlıqda bir çox əşyaları fərqləndirək və yaxşı bələdləşək.
Bir sıra hallarda isə şahidlər duyğunun təzadı(kontrastlığı) qanunauyğunluğu ilə əlaqədar olaraq qeyri-dəqiq ifadələr verir. Məsələn, bir cinayət hadisəsinin şahidi iddia edirdi ki, cani ağ kostyum geyinmişdi və xeyli hündür boylu idi. Halbuki o qara vaqonun fonunda boz rəngli kostyum geyinmiş orta boylu adamı görmüşdü. Buna görə də cisim və hadisələrin ayrı-ayrı xassələrinin əks olunduğu şəraitin, duyğuların əsas qanunauyğunluqlarının müstəntiq tərəfindən nəzərə alınması bir çox hallarda şahid ifadələrini düzgün qiymətləndirmək imkanı verir.
Proses iştirakçılarının ifadələrində cisim və hadisələrin qavranılması-obyektlərin müşahidəsi, hadisələrin və ya müxtəlif şəxslərin hərəkətlərinin dinamikası, şəxsin özünün hərəkətlərinin qavranılması və s. mühüm yer tutur. Məhz buna görə də qavrayışın tamlığına və düzgünlüyünə təsir göstərən bütün amillərin müstəntiq tərəfindən dəqiq öyrənilməsinin əhəmiyyəti böyükdür.
Hər şeydən əvvəl məkan və zaman qavrayışının mürəkkəbliyini qeyd etmək lazımdır.
Cisimlərin böyüklüyü adətən müqayisə yolu ilə müəyyən edilir. Məlum olduğu kimi orta boylu Adam kiçik boylu adamın yanında hündür, hündür boylu adamın yanında isə kiçik görünür. Bir sıra hallarda isə istinad edilən etalon dəqiq olmadığından qavrayış tam, dəqiq və olmur. Şahid ifadələrindəki bir sıra səhvlər bununla bağlı olur.
Bir cinayət işi üzrə istintaqın gedişində atəş açmış adamın dayandığı yerdə meyidin olduğu yer arasındakı məsafəni müəyyənləşdirmək lazım idi. Həmin iş üzrə dindirilmiş iki şahid məsafəni müxtəlif kəmiyyətdə göstərirdilər:
I-si məsafənin 200 m, II – si isə 400 m olduğunu qeyd edirdi. Ekspertizanın nəticəsinə görə məsafə 200-300 m-dən artıq deyildi. Məsafənin 200 m olduğunu göstərən şahid didirmə prosesində izah edirdi ki, məsafəni yol boyu qoyulmuş telefon dirəklərinin miqdarını və onların arasındakı məsafəni nəzərə alaraq müəyyənləşdirmişdir. İkinci şahid isə sadəcə öz təcrübəsinə istinad etmişdir.
İnsanın insan tərəfindən qavranınlması ilə bağlı məsələlər şahid ifadələrində mühüm yer tutur. Normal görməyə malik insanlar yaxşı görmə şəraitində ondan 2 km aralı məsafədə olan insanın ümumi konturlarını görürlər. 700 m məsafədə başqa adamın əl və qol hərəkətlərini qavrayır. 400 m məsafədə adamın baş geyimini, 300 m məsafədə başın və çiyinin, sifət dairəsinin, geyimin rəngini, 60 m məsafədə gözlərin, burnun və barmaqların, 20 m məsafədə bütün xüsusiyyətləri əks etdirir.
Aparılmvş təcrüblər göstərir ki, boy, gözlərin rəngi, burun və dodaqlar yaşlı müşahidəçi üçün fiziki görkəmin ən mühüm fərqləndirmə elementi olub, istintad əlamətləri rolunu oynayır.təsadüfi deyildir ki, kriminalistlərin bir çoxu şifahi portretlərdə 6-10 əlaməti o cümlədən bəzi xüsusi əlamətləri (xal, çapıq yeri vəs.) ayırd etməyi məqsədəuyğyn hesab edir.
Qavrayışda illüziyaların təsiri də ifadələrin təhrifinə səbəb olur. Məlum olduğu kimi illyuziyalar müxtəlif analizatorların fəaliyyətində müşahidə olunur. Görmə qavrayışında isə daha çox nəzərə çarpır. cisimlər təhrif olunmuş halda da əks olunmasıq iki amildən : a) cisimlərin hansı əhatədə olmasından, b) analizatorların sağlamlıq vəziyyətindən asılıdır.
Zaman qavrayışı ilə bağlı da bəzən ifadələrdə təhriflər müşahidə olunur. Zamanın qavranılması həmin zamanın məzmunu ilə də şərtlənir. Adətən qısa zaman intervalları düzgün qiymətləndirilmir. Olduğundan çox qiymtləndirilir. Böyük zaman intervalları isə olduğundan az qiymətləndirilir.
Qavradığımız zaman rəngarəng və maraqlı hadisələrlə zəngindirsə, bizi özünə cəlb edirsə, bizə elə gəlir ki, vaxt əslində olduğundan surətlə keçir. Əgər həmin zaman kəsiyi ndə baş verənlər maraqsızdırsa, biz vaxtın çox uzandığını və ya ağır surətlə keçdiyini zənn edirik.
Hadisəyə münasibətmiz, keçirdiyimiz hisslər də zamanı qavramağımıza təsir edir. hadisə bizi cəlb edirsə, bizdə pozitiv emosiyalar yaradırsa vaxtın surətlə, əksinə mənfi emosiyalara səbəb olursa vaxtın yavaş keçdiyini zənn edirik.
Bizi maraqlanlıran sevindirici hadisəni gözləyəndə vaxtın ağır keçdiyini, xoşagəlməz hadisəni gözləyəndə isə çox surətlə yaxınlaşdığını zənn edirik.
Zamanın qavranılmasına yaş xüsusiyyətləri də təsir edir. Belə ki, yaşlı insanlar üçün zaman sanki olduğundan tez keçir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, zaman intervalının qiymətləndirilməsində fərdi fərqlən də mövcuddur. Bu baxımdan Ernvald insanların 2 tipini fərqləndirir:
-Bradixronik
-Taxixronik
Birinci tip zaman intervalının davam etmə müddətini olduğundan artıq, II tip isə olduğundan az qiymətləndirir. Bu cəhəti maniakal və depressiv şəxslərdə görmək mümükündür. Maniakallarda zamanı uçan kimi qiymətləndirmə olduğundan az, depressivlərdə isə olduğundan artıq qiymətləndirmə meyli müşahidə edilir.
Bir çox hallarda istintaq prosesində atılmış atəşlər arasındakı zaman intervalını müəyyənləşdirmək tələb olunur. Bu zaman belə bir məqamı nəzərə almaq lazımdır ki, zaman intervalı 0.5 saniyəni aşmırsa beləqısa zaman intervalı qavranılmır. Zaman intervalı 1 saniyədən artıq olanda qavranılır.
Nəzərə almaq lazımdır ki, 2 atəş səsi arasındakı qısa intervallar olduğundan çox, uzun intervallar isə olduğundan az qiymətləndirilir. Əgər iki atəşdən ilki daha güclü olubsa, 2 atəş arasında interval daha qısa qiymətləndirilir.
Və əksinə ikinci atəş daha güclü olubsa interval daha uzun qiymətləndirilir.
Bir cinayət işi üzrə ifadə verən şahid iddia edirdi ki, 2 atəş arasındakı interval 20-30 san olmuşdur. Bunu dəqiqləşdirmək üçün ondan xahiş etmişlər ki, həmin eşitdiyi səsləri müvafiq intervallar stola döyəcləməklə göstərsin. Bu zaman məlum olmuşdur ki, əslində interval 5 saniyə olmuşdur.
Hərəkətin qavranılması məqamı ilə bağlı da ifadələrdə təhriflər müşahidə edilir. Bir çox hallarda avtomobil qəzaları ilə bağlı olan hadisələrin araşdırılması zamanı verilən ifadələrdə yanlışlıqlar müşahidə edilir. Belə ki, hadisə yerindəki cəsədlər, qan, deformasiyaya uğramış avtomobil, güclü zərbələr, sürətin qavranılmasında təhriflərə səbəb olur. Buna göər müstəntiq aydınlaşdırmalıdır ki, şahid konkret sürət haqqında fikir söyləyərkən nəyə əsaslanır. Bunu dəqiqləşdirmək üçün istintaq eksperimenti zamanı şəxsə həmin yolu əvvəlcə saat 10, sonra 20, 30, 40 və s. km sürətlə getməyi təklif etmək olar. Bu hərəkət sürətlərini müqayisə edərək şahid əvvəl hansı surətlə getməsi haqqında dəqiq fikrə gələ bilər.
Qavrayışın tamlığı və dəqiqliyi bir sıra obyektiv və subyektiv amillərdən də asılıdır. Aşağıdakı obyektiv amillər qavrayışın kifayət qədər tam və dəqiq olmasını şərtləndirir:

  • qavrayış obyektinə qədərki məsafənin yaxın olması

  • vaxtın kifayət qədər olması

  • meteoroloji şəraitin əlverişli olması

  • işığın normal olması

  • güclü səsin olması

  • qıcığın kifayət qədər orta qüvvəyə malik olması

  • informasiyanın həcminin çox da geniş olmaması

  • qavrayışın fonunun müxtəlif olması və s.

Qavrayış prosesinə mənfi təsir göstərən obyektiv amillərə isə bunları aid etmək olar:

  • qavarınlan hadisənin qısa müddətli olması

  • meteoroloji şəraitin əlverişli olmaması

  • qavrayışın obyektinin qaranlıqda olması və ya həddindən artıq güclü işıqlandırılması

  • qavrayış obyekti ilə qavrayış fonunun yekcins olması

  • qavrayışın obyektinin uzaqda olması

  • qıcıqlayıcının həddindən artıq böyük və kiçik qüvvəyə malik olması

  • informasiyanın həddindər artıq çox olması

  • cani tərəfindən tətbiq olunan maskirovka tədbirləri və s.

Qavrayış zamanı subyektiv amillər də az rol oynamır aşağıdakı hallarda subyektiv amillər qavrayışın tam və dəqiq olmasını şərtləndirir:
-hiss üzvlərinin normal vəziyyətdə olması, yorğunluq və ya güclü oyanıqlığın olmaması

  • diqqətin yönəlişliyi

  • qavranılan hadisəyə maraq

  • peşə vərdişləri (sürücü maşının sürətinin, dərzi geyimin modasını və s. daha yaxşı qavrayır)

  • baş vermiş hadisənin anlaşılması, mənalandırılması və s.

Bəzi subyektiv amillər isə əksinə qavrayışın tam və dəqiq olmasına mənfi təsir göstərir:

  • Qavrayışın seçiciliyi (zərərçəkmiş bəzən cismin xarici görünüşündəki cəhət­ləri, başqalarından fərqlənən və yeni cismləri və s. ayrıd etdiyi üçün onları daha ay­dın qavrayır) digər cəhətlərə diqqət yetirmir)

  • Güclü emosiyalar və hisslər

  • Mənfi əhvalların olması (qəm, kədər və s.)

  • Baş verən hadisəyə laqeyd münasibət

  • Qavranılan cisim və hadisənin başa düşülməməsi

Müstəntiq şahidin ifadələrinin formalaşmasında qavrayışın tamlığı və dəqiqliyini şərtləndirən obyektiv və subyektiv amilləri ayırd etməli, zərərçəkmişin qavrayışının məzmun və istiqamətinə onların təsir dərəcəsini müəyyənləşdirməlidir. Həm də bu zaman qavrayışın tamlığı və dəqiqliyini şərtləndirən obyekti və subyektiv amilləri obyekti və subyektiv qavrayış tipindən fərqləndirmək lazımdır.
Şahidin qavrayış tipi onun ifadələrində də öz əksini tapır. Sintetik qavrayış tipinə mənsub olan şahid təfərrüata diqqət yetirmir. Analitik qavrayış tipinə mənsub olan şahid isə daha çox təfərrüatı ayırd edir. Qarışıq qavrayış tipi isə analitik-sintetik qavrayış tipi kimi fərqlənir.
Obyektiv qavrayış tipinə mənsub olan şahid qavradığı cism və hadisələri olduğu kimi, heç bir əlavə etmədən təsvir edir. Subyektiv qavrayış tipinə mənsub olan şahid isə, əksinə, ifadə verərkən cism və hadisələri qavradığı zaman keçirdiyi hisslərə, aldığı təəssürata, özünün münasibətlərin xüsusi diqqət yetirir. Bunun da nəticəsində istintaqa həqiqətəwn kömək etmək arzusunda olan şahidlər belə qavradıqları hadisələr haqqında itstintaqa düzgün olmayan, birtərəfli və ya səthi məlumat verirlər.
Qavranılan cism və hadisənin əxlaq və hüquq düşüncəsi baxımından qiymət­ləndirilməsinə də diəqqət yetirmək lazımdır. Bu şahidin qavra­dığı hadisələrə əxlaq və hüquq dünücəsi baxımından verdiyi qiymətlər onun qavrayışının məzmun və istiqamətini, eləcə də qavradığı hadisəni anlama səviyyəsini və ona münasibətini aydınlaşdırmaq üçün olduqca əhəmiyyətlidir.
II- yaddasaxlama mərhələsi- şahidin ifadələrinin formalaşmasının çox mühüm mərhələlərindən biridir. Yaddasaxlamanın səmərəli olması, şübhəsiz ki, qav­rayışın səmərəli olmasından çox asılıdır. Bununla belə, hafizənin və onun əsas pro­seslərindən biri olan yaddasaxlamanın öz qanunauyğunluqları vardır. Hər şey­dən əvvəl qeyd etmək lazımdır ki, şahidin istintaq orqanına cinayətlə bağlı qav­radığı faktları bilavasitə qavradığı anda deyil, müəyyən müddət keçdikdən sonra ifa­də verir. Başqa sözlə, qavrayış anında müşahidə olunan fakt indiki zamana məxsus idisə, yaddasaxlama mərhələsində o, keçmişə çevrilir. Həm də bu dövr ərzində o, şahid tərəfindən yenidən işlənib mənalandırılır.
Çox vaxt şahid hadisələri ekstremal şəraitdə stress vəziyyətində qav­rayır. Hadisənin birdən-birə baş verməsi və stress vəziyyəti ilə müşayiət olunması yaddasaxlamanın da məzmununa təsir göstərir.
Hadisənin şahid tərəfindən yadda saxlanılması adətən qeyri-ixtiyari xarak­ter daşıyır. Belə hallarda hadisənin gedişi, davametmə müddəti, yeniliyi yaddasax­lama­nın məzmununa, həcminə və s. təsir göstərir. Bundan başqa, şahidin məruz qaldığı hadisədən əvvəl və sonra qavradığı oxşar hadisələr də onda yad­da­saxlamanın məzmununu başa düşmək üçün çox əhəmiyyətlidir.
Bu zaman kütləvi mnemik effekt haqqında da unutmaq olmaz. Belə ki bəzən həyətdə, qəsəbədə uzun müddət qonşular və başqa sakinlər hadisəni bilavasitə yaxından və uzaqdan müşahidə etmiş və ya müşahidə etməmiş, ancaq özünü kütləyə şahid kimi təqdim edən adamlar spontan qruplar şəklində olmuş hadisə ətrafında fikir mübadiləsi edir, onun ayrı-ayrı təfərrüatlarını aydınlaşdırır. Bir sıra hallarda bəzi şahidlər baş vermiş hadisənin təfərrüatlarını özü üçün belə spontan qrupların təsiri altında aydınlaşdırır. Təbii ki, belə kütləvi mnemik effekt şahid ifadələrinin formalaşmasına mənfi təsir göstərir.
Hadisənin şahid tərəfindən yadda saxlanılması adətən qeyri-ixtiyari xarakter daşıyır. Belə hallarda hadisənin gedişi, davametmə müddəti, yeniliyi yaddasaxlamanın məzmununa, həcminə təsir göstərir. Eyni zamandan şahidin şahidlik etdiyi hadisədən əvvəl və sonra qavradığı oxşar hadisələr də ondan yaddasaxlamanın məzmununu başa düşmək üçün çox əhəmiyyətlidir.
Şahidin mənsub olduğu hafizənin tipi də çox əhəmyyətlidir- əyani-obrazlı, sözlü məntiqi, emosional, görmə, eşitmə, hərəkət və qarışıq hafizə tipi və s. məsələn, filosoflarda, hüquqşünaslarda sözlü-məntiqi, idmançılarda, rəqqaslarda hərəkət hafizəsi, aktyorlarda eşitmə, emosional, rəssamlarda, mühəndislərdə görmə, müsiqiçilərdə eşitmə, kimyaçılarda iybilmə və s. hafizəsi daha yaxşı inkişaf edib.
Bəzi insanlarda isə eydetik hafizə üstünlük təşkil edir. Eydetik insanlar şahidi olduqları cism və hadisələri dəqiqliklə yadda saxlayırlar.
Bəzi şahidlər tarixləri, rəqəmləri, digərlər adları yaxşı yadda saxlayır.
Hafizənin həcmi gəldikdə yaxşı hafizəyə malik şəxslər qavranılan 10 obyektdən 7-9-nu, pis hafizəyə malik olanlar isə 4-5 obyekti yadda saxlaya bilir.
Burada Zeyqarnik effektini də nəzərə almaq vacibdir. Bu effektə görə yarımçıq qalmış iş yaddan çıxmır. İfadə verən şəxs müəyyən məqamı yada salmaqda çətinlik çəkdikdə, ona həmin gün hansı fəaliyyətlə məşğul olduğunu yada salmaq olar. Bəzən yarımçıq qalmış işlə bağlı asosiasiyalar digər detalların yada düşməsinə gətirir.
Yaddasaxlamaya neqativ təsir edən amillər içərisində unutmanı qeyd etmək lazımdır. Bununla bağlı avtomobil qəzaları zamanı baş beyin travmalarından danışmaq olar. Nəticədə travmaya qədərki və travma­dan sonrakı hadisələr unudulur.
Retroqrad amneziya zamanı qəzaya qədərki, anteroqrad amneziya zamanı isə qəzadan sonrakı hadisələr unudulur.
Unutma zamandan da asılıdır. Vaxt keçdikcə hadisəylə bağlı bəzi cəhətlər unudulur.
Bir qayda olaraq zərərçəkmiş cinayəti şahiddən daha yaxşı yadda saxlayır. Çünki baş vermiş hadisə bilavasitə onun maraqlarına toxunur. Zərər­çək­mi­şin ifa­də­lə­rinin dəqiqliyi onun hafizəsinin tipindən (əyani-obrazlı, sözlü-məntiqi və emosio­nal, eləcə də görmə, eşitmə, hərəkət və qarışıq hafizə tiplərinin), eləcə də cinayətin törədildiyi andan nə qədər müddət keçməsindən çox asılıdır. Ona görə də, zərər­çəkmişi hadisə baş verdikdən dərhal sonra dindirmək tövsiyə olunur. Lakin bə­zən din­dirməni bir qədər sonrakı vaxta təxirə salmaq lazım gəlir. Çünki baş vermiş hadi­sənin təsiri ilə zərərçəkmişdə qorxu, dəhşət, psixi gərginlik halları mühafizə edil­di­yin­dən, bütün bunlar onun verdiyi ifadələrin mötəbərliyinə təsir edir. Bu zaman reminisensiya hadisəsini də diqqətdən qaçırmaq olmaz. Belə ki, qüvvətli xarici təsir dərin daxili həyəcan zərərçəkmişin beyində ləngimə prosesini artırır, yada salma prosesini çətinləşdirir. Müəyyən müddət keçdikdən sonra həmin təsirin zəifləməsi obyekt və hadisələrin nisbətən dəqiq yada salınmasını asanlaşdırır. Bu baxımdan 2-3 gün intervalla təkrar verilən ifadələr xüsusi əhəmiyyət kəsb edir. Bu ifadələr yeni asosiasiyaların yaranması və ilk vaxt unudulmuş obyektlərin xatır-lanması üçün əlverişli şərait yaradır.
III- yadasalma mərhələsi-yadasalma da mürəkkəb pro­ses­dir. Yadasalma «avtomatik» tanımadan tutmuş unudulmuş təfərrüatın və ya hadisənin çətinliklə xatırlanmasına qədər müxtəlif formalarda təzahür edir. Psixologiyada yadasalmanın aşağıdakı növləri ayırd edilir: tanıma, xalis yadasalma, xatırlama və xatirə.
Tanıma tam və aydın olduqda adətən bir anlıq qeyri-ixtiyari akt kimi cərəyan edir. Lakin bir çox hallarda tanıma qeyri-tam və qeyri –müəyyən olur. bu zaman «tanışlıq hissi» yarana bilər, lakin «tanışlıq hissinin» əmələ gəlməsi hələ tanıma demək deyildir. Bəzən isə zərərçəkmiş adamın özünü tanıyır, lakin onu əvvələr hansı şəraitdə qavradığını xatırlaya bilmir. tanıma üçün təqdimetmə zamanı yadasalmanın bu növünün xüsusiyyətlərinin nəzərə alınması son dərəcə vacibdir.
Şahidin ifadələrinin formalaşmasında xalis yadasalma xüsusi yer tutur. Onun iki növünü-qeyri-ixtiyari və ixtiyari növlərini fərqləndirirlər. Şahidin ifadələrinin forma­laş­ması prosesi ixtiyari yadasalmaya istinad edir. Bu zamn qeyri-ixtiyari yada­salma da müəyyən rol oynaya bilər. Lakin zərərçəkmişin ifadələrinin formalaşma­sında qeyri-ixti­ya­ri yadasalmanın rolu əsasən söz assosiasiyalarının canlanması ilə bağlıdır. Söz assosia­siyalarının əsasını qavrayış prosesində qonşuluq, oxşarlıq və əksilik assosiasiyaları­nın for­ma­laş­ması təşkil edir. sözlərarası əlaqə assosiasiyaların canlanmasında mühüm rol oynayır. Buna görə də dindirmə zamanı sualın qoyuluşu, bu zaman işlədilən sözlər şahiddə yadasalma prosesini aktuallaşdırmaq üçün olduqca zəruridir.
İstintaqa həqiqətən kömək etmək istəyən şahid öz qarşısına müəyyən reproduktiv vəzifə qoyur: qayradığı hadisəni ixtiyari surətdə yadına salır və ifadə verir. Lakin yaddasaxlama və unutmanın məlum qanunauyğunluqları ilə əlaqədar olaraq bəzən hər hansı bir zəruri vaktı istənilən anda xatırlamaq mümkün olmur. Bunun üçün müəyyən çətinlikləri aradan qaldırmaq, iradi səy göstərmək və aktiv axtarışlar aparmaq lazımdır. Belə yadasalma xatırlama adlanır.
Xatırlama assosiasiyalar zəncirinin ixtiyari surətdə canlanması prosesidir. Bu prosesə müstəntiq də təsir göstərə bilər. Xatırlama zamanı şahidə köməklik gös­tər­məyi nəzərdə tutan taktiki tərzlər də assosiasiya qanunauyğunluğuna əsasla­nır.
Xatırlama prosesinin səmərəli olması müxtəlif şərtlərdən asılırdır ki, bunlardan da ikisini xüsusilə qeyd etmək lazımdır:

  1. Xatırlamanın müvəffəqiyyəti reproduktiv tapşırığın məzmununun dəqiq və aydın dərk edilməsi ilə şərtlənir.

  2. Xatırlama o zaman dəqiq olur ki, o, reproluktv tapşırıta uyğun olaraq nisbətən ümumi biliklərdən daha çox dar biliklərə doğru gedir. Bu zaman assosiasiyaların qarşılaşdırılması və tutuşdurulması zəruridir.

Dindirmə zamanı müstəntiq xatırlama prosesinə təsir etmək üçün qonşuluq, oxşarlıq, əksilik, səbə-nəticə assosiasiyasının qanunauyğunluqlarından elə istifa­də etməlidir ki, zəruri assosiasiyaları aktuallaşdırsın, kənar assosiasiyaların təsir gücünü mümkün qədər zəiflətsin.
Yadasalmada dindirmə şəraiti, şahidin baş vermiş hadisəyə, onda iştirak edən adamlara münasibəti böyük rol oynayır. Yadasalmanın məzmun və formasına başqa amillər də təsir göstərir. Zərər­çəkmişin işlə maraqlı olub-olmaması, qavradığı hadisəni hansı səviyyədə təsvir etmək istəməsi, özünün baş vermiş hadisədə hətta zərərçəkmiş kimi rolunu arxa plana çəkmək və ya pərdələmək meyli və s. onun qavradığı hadisəni seçici surətdə yadasalması üçün zəmin yaradır. Bundan başqa, bəzən zərərçəkmişin inkişaf səviyyəsinin aşağı olması ona öz ifadlərinin məntiqi ardıcıllıqla nəql etmək, qavradığı və yadında saxladığı hadisələri sözlərlə düzgün ifadə etmək imkanı vermir. Belə hallarda müstəntiqin psixoloji səriştəsi böyük əhəmiyyət kəsb edir.

Yüklə 132,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin