DUBLYONKA
Səfərə hazırlaşan Fərman kişi iri zənbilinə nə yığmamışdı: yağlı fətir, toyuq soyutması, ərik qurusu, qoz-fındıq ləpəsi, nar, heyva, alma... Bunları Bakıya institutda oxuyan oğluna və onun dostlarına bayram sovqatı aparacaqdı.
Səhər hava şaxtalı idi. Qoca isti kürkünü geydi, qulaqlı papağını qoyub, zənbilini götürdü.
- Salamat qal, Tükəzban! mən getdim.
- Yaxşı yol. Uşağı əvəzimdən öpərsən. Denən dərslərinə yaxşı fikir versin. O, gödəktuman qızlarla çox gəzib hərlənməsin.
Həyətdən çıxanda arvadın onun dalınca baxdığını bilən Fərman kişi qamətini düzəəltdi, addımlarını yeyinlədərək, qıvraq görünməyə çalışdı. Tükəzban ərinin çevikliyini bəyənsə də, kürkü heç xoşuna gəlmədi. Lap köhnəlmişdi.
- A kişi, sənə neçə kərə tapşırmışam, qulaq ardına vurmusan; bu dəfə Bakıdan əməlli bir paltun alarsan özünə. Əynindəkinin ta hay-hayı gedib, vay-vayı qalıb, - deyə arxadan ona eşitdirdi. – Yadından çıxmasın.
Qoca geri dönmədən başını tərpətdi:
- Alaram.
***
Zənbildəki sovqat həmin axşam yataqxanada tələbələr arasında bölüşdürüldü...
- Payın artıq olsun, əmi, - deyə qocaya dönə-dönə təşəkkür etdilər.
Sabahısı kəndə yola düşəndə Fərman kişi yenə yataqxanaya gəlmişdi. Oğlu ilə bir otaqda qalan dostu zarafatla ona sataşdı:
- Əmi, əsl müasir formadasan, ha!.. Bığ... saqqal... kürk...Bunlar hamısı indi moddadır. Arvadının gözündən uzaq, şəhərdə qızlar sənə aşiq olacaqlar.
Kişi qımışdı:
- Qorxma mən öz Tükəzbanımı onlara dəyişmərəm. – Sonra oğluna müraciətlə əlavə etdi: - Anan tapşırdı qayıdanda özümə bir paltun alım. Deyir, əynindəkinin ta geyilməlisi qalmayıb.
Qocaya sataşan tələbə yerindən dikəldi:
- Bəs onda bu kürkü neyləyəcəksən?
- Ə, neyləyəcəm, rəhmətliyin oğlu! Tərsinə çevirib atacağam qapı ağzında ayaq altına. Çəkmələrimizin palçığını silməyə...
Oğlan yenə nəsə demək istədi, ancaq utandı, dinmədi.
***
Bayram qabağı şəhərdəki mağazalara yaxın düşmək mümkün deyildi, hər yer adamla dolu idi. Fərman kişi bu dəfə də palto almaq fikrindən vaz keçdi.
Hava qızmışdı. Qoca tələsmədən mərkəz küçələrdə bəzəkli vitrinlərə tamaşa edə-edə avtobus vağzalına gedirdi. Kürkünü çıxarıb zənbilə qoymuşdu. Yol boyu fikirləşirdi: “Paltun almadım özümə, Tükəzbanın yenə açığı tutacaq. Deyəcək, bu kürkdən nə vaxt əl çəkəcəksən? Azından on ildir geyirsən, bəs deyil? Arvad haqlıdır. Həyət-bacada, tövlədə əlləşdiyimdən hələ ətəklərindən şaqqıldaqlar da sallanıb...” Qoca bu xəyalda ikən qarşıdan gələn qəşəng qızla cavan bir oğlan qəfildən sanki yerə mıxlandılar.
- Əmi!!!
Fərman kişi başını qaldırıb ayaq saxladı:
- Bəli.
- O zənbildəkini satırsan? – deyə birinci olaraq qız həyəcanla xəbər aldı.
- Zənbildə bəyəm nə var ki?
Bu dəfə oğlan qabağa keçdi:
- Qorxma, əmi, kürkü soruşuruq.
Kişi nə cavab verəcəyini bilmədi. Çal, pırpız qaşlarını çatdı. Acıqlı-acıqlı bir cavan oğlana, bir qəşəng qıza, birdə köhnə kürkə baxdı.
- Gedin özünüzü ələ salın! Üstümü unlu görüb, adımı dıyirmançı qoyursuz? Mən dolamalı adam deyiləm!
Oğlan qocanı dilə tutmağa çalışdı:
- Doğru sözümdür, əmi, sat onu alaq. Biz müştəriyik.
Saçları çiyinlərinə qədər uzanmış bu cavanın Fərman kişininki kimi ucları sallaq topa bığları, gödək saqqalı vardı. Düymələri təzə abbasılığa oxşayan bozumtul, təzə palto geymişdi. Boğazına qara-sarı zolaqlı tüklü şərf dolamışdı.
Qız icazəsiz kürkü götürüb açdı; o üz-bu üzünə çevirərək baxmağa başladı. Birdən nə gördüsə gözləri işıqlandı:
- Con, əsl sən axtarandır! Üstündə yamağı da var! – deyə şadlıqla səsləndi.
Qoca ələ salındığına heç şübhə etmirdi. Ancaq övladı yaşında olan bu cavanlara ağır söz deməyə dili gəlmirdi. Zahirən dələduz adama oxşamırdılar. Saçları sarı, qaşları, kirpikləri qapqara, ala gözləri sürməli, dodaqları qıpqırmızı boyalı gombul qız elə bil yekə kukla idi. Hündür taxta daban ayaqqabısı, enlibalaq yaşıl şalvarı, üstü əlvan saplarla çəkilmiş, lakin Fərman kişininkindən də çox çirklənmiş uzun kürkü vardı.
Yoldan ötənlərin dayanıb onlara baxdıqlarını görən qoca özünü abırdan salmaq istəmədi. Kürkü hirslə qızın əlindən aldı və çiyninə ataraq uzaqlaşanda, oğlan cumub onun qabağını kəsdi:
- Buraxmayacam, əmi canı!
Fərman kişinin gözləri bərəldi:
- Ə, yeri get işinə! Mən kəndçi adamam, ağına-bozuna baxmaram, yanındakı zənəndən həya eləyirəm. Başınçün, sənə bir yağlı şapalaq ilişdirərəm, yırtıq motal kimi küçənin ortasına yapışarsan!
Qız araya girdi:
- Əmi, dava yox!
- Dublyonka! - deyə oğlan onun sözünə əlavə etdi. Qoca, mənasını bilmədiyi bu kəlmədən cin atına mindi:
- Ə, dublyonka sənin dədəndir! Məndən beşbətər özün meymuna oxşayırsan, hələ bir atan yaşında kişini təhqir də edirsən?! Əl çəkin yaxamdan! Yoxsa, bu saat milis çağıracağam!
Oğlan onun dediklərini sanki eşitmirdi. Qız pişik kimi qocanın kürkünü tumarlayırdı.
- Hirslənmə... hirslənmə, əmican!.. Biz elə adamlardan deyilik...
Təzəcə həyat qurduğu cavan qadın neçə vaxtdı Canmuradı məzəmmət edirdi: “Con, haçanacan köhnə modada gəzəcəksən? Mən sənninlə yanaşı gedəndə əynindəki paltodan xəcalət çəkirəm”. Indi belə fürsəti əldən buraxmaq istəmirdilər. Axtardıqlarını tapmışdılar. Özü də qoyun dərisi, köhnə, çirkli, yamaqlı... hamısı bugünkü dəbə uyğun idi. Qocanı nəyin bahasına olursa-olsun yola gətirməliydilər.
Başqa əlacı qalmayan oğlan yaltaqlığa keçdi:
- Əmi, sənə qurban, qiymətini de, bu kürkü mən alacağam!
- Satmayacağam!
- Bəlkə dəyişək mənim paltonumla?
- Dəyişməyəcəyəm!
Qız da yalvardı:
- Qəşəng əmi, gəl mənim sözümü yerə salma: üstündə pul da verərik.
- Madam xanım, müsəlmanca başa düşürsüz: istəmirəm! İstəmirəm!..
Ər-arvad çox çənə döydülər. Fərman kişinin hövsələsi tükənmişdi. Böş zənbili qaldırıb oğlanın sifətinin qabağında əsdirdi:
- Ayə, ay qanmaz” Yamaqlıdır ey kürküm! Anladın?!
Qız sözlərinə şirinlik qatdı:
- Onu görmüşük, əmi, Conun paltosunu verək, üstündə əlli manat da yamaqları üçün. Razısan?
Qoca başını yırğaladı:
- Pah atonnan! Bunlar necə məxluqdur! Ə bəs kürkün üstündəki bu çirkə nə deyirsən?
- Yaxşı, bir əlli manat da çirki üçün artırarıq. Bəsindir? – deyə oğlan onun bəhanəsini kəsmək istədi.
Fərman kişi karıxıb qalmışdı. Ayrı əlacı yox idi. Sərt bir hərəkətlə o biri səkiyə qaçdı. Qızda ardınca yüyürub arxadan onu qucaqladı.
- Getmə, əmi can! Bizi əliboş qaytarma!.. Conun paltosu lap təzədir...Özü də yuqoslavski...
Qoca başa düşmədi:
- Nəyski?
- Yuqoslavski.
Oğlan özünü qabağa verdi:
- Yəni Yuqoslaviya malı... Yüz yetmiş manata almışıq...
Qocanın susduğunu görən qız, əlini uzadıb kürkün boynunda yarlığını axtardı.
- Madam, neyləyirsən?
- Bəs səninki hara malıdır, əmi?
- Əlini dinc saxla! – deyə Fərman kişi onun üstünə bozardı. – Hara malı olacaq, Quba!
Qızın sevinci bir az da çoxaldı?
- Con eşitdin? Made in Kuba!
Cavan ər-arvadın çox canfəşanlıq elədiyini görən qocanın ürəyinə rəhm gəldi. İstər-istəməz yumşaldı, həm də avtobusa gecikirdi. Kürkünü çiynindən endirib oğlanın üstünə atdı.
- Al, gey! Sağlığına qismət olsun! Ancaq yaxamdan əl çəkin.
Hər ikisi şadlandı. Oğlan tez paltosunu çıxarıb ona uzatdı. Qoca götürmək istəmirdi. Yalvar-yaxarla paltonu kişinin əyninə keçirdilər. Yaxasını düymələdilər. Ancaq çirki və yamaqları üçün vəd olunan pulu qocanın cibinə basanda o, qəti etiraz elədi.
Oğlan sevincək kürkü geydi. Fərman kişi onun ətəyindən sallanmış şaqqıldaqlardan bir-ikisini qoparıb yerə atdı.
Qız təəccüblə soruşdu:
- Əmi, neyləyirsən? O nə idi?
- Şaqqıldaq
- Nə?
Qız yerə atılanları götürüb diqqətlə baxdı
Sonra oğlana göstərərək ovcunda gizlətdi.
- Con! Beləsindən şəhərdə heç kimdə olmayacaq! Şaqqıldaqlı dublyonka!
Və təşəkkürünü bildirməyə ayrı yol qalmadı. Boyalı dodaqlarını qocanın tüklü üzünə yapışdırıb onu öpdü. Oğlanla qol-qola girərək götürüldülər. Qorxdular ki, birdən kürk sahibi fikrini dəyişər.
Fərman kişi düymələri təzə abbasılıq kimi parıldayan boz paltoda kəndə qayıtdı.
Dostları ilə paylaş: |